Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcək

Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcək

23.04.2009 [17:07]

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
2009-cu il yeni inkişaf dövrünün başlanması ilidir
İclası giriş nitqi ilə açan dövlət başçısı İlham Əliyev 2009-cu ilin Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ili olduğunu söyləyib: “Son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir. ölkəmiz son beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bilmişdir. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq”.
Cari il dövlətimiz üçün Xüsusi il olacaq...
2009-cu ilin dövlətimiz üçün xüsusi il olacağını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, qlobal böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı cari ilin birinci rübündə uğurlu olub: “Bütün dünyanı bürümüş böhran artıq hər bir ölkəyə öz təsirini göstərir. Hər bir ölkə bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi inkişaf dayanıb, yaxud da iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür, tikinti dayanır. ölkələrin milli valyutasının qiymətdən düşməsi nəticəsində kütləvi şəkildə müflisləşmə prosesi gedir, kütləvi şəkildə işsizlik yaranır. Yəni, bütün bu xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verir. Azərbaycanın iqtisadi inkişafı isə 2009-cu ilin birinci rübündə uğurlu olmuşdur. Bütün çətinliklərə baxmayaraq, böhrana baxmayaraq, birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da son beş il ərzində aparılan islahatların nəticəsidir. Onun nəticəsidir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əməli-praktik addımlar ata bilmişdik və bunların nəticələrini artıq görürük. Keçən dövr ərzində əsas istiqamətlərimiz iqtisadiyyatımızın neft amilindən asılılığının aradan götürülməsi idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən 14 faiz artmazdı. Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaradılmışdır. Yüz minlərlə yeni iş yerləri açılmışdır, minlərlə yeni müəssisə açılmışdır. Demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasətimiz çox gözəl nəticələr vermişdir. Yəni, bunlar əsas amillərdir ki, 2009-cu ildə də bizə iqtisadi inkişafı təmin etməyə imkan verir”.
Azərbaycan iqtisadi inkişaf baxımından istənilən məsələni həll edə bilər...
Dövlət başçısı ölkəmizin nailiyyətlərinin ancaq ümumi daxili məhsulun rəqəmləri ilə ölçülmədiyini deyib: “Birinci üç ayda bizim ixracımız 20 faizdən çox artmışdır. Azərbaycana qoyulan investisiyaların həcmi 15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20 faizdən çox artmışdır. Orta əmək haqqı 20 faizdən çox artmışdır. Yəni bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır. Azərbaycan iqtisadi inkişaf baxımından istənilən məsələni həll edə bilər. Bizim əsas uğurlarımızın səbəbləri neft-qaz deyil, bizim əsas uğurlarımızın səbəbləri güclü iqtisadi siyasətdir, iqtisadi və siyasi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən də görünür və qəbul edilir. Əgər belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Əgər belə olmasaydı, Azərbaycan şəffaflıq sahəsində əldə edilmiş uğurlara görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təltif edilməzdi. Yəni bu, bir daha onu göstərir ki, bizim uğurlarımızı ancaq neft və qaz amili ilə bağlamaq istəyən dairələrin bütün təbliğatı heç bir səmərə vermədi, heç bir nəticə vermədi”.
özəl sektorun inkişafı üçün lazımi tədbirlər gücləndirİləcək...
Dövlətimizin əldə etdiyi uğurların səbəbləri kimi iqtisadi-siyasi islahatları, ölkəmizdə hökm sürən sabitliyi, əmin-amanlığı, ölkə daxilində yaranmış vətəndaş birliyini, xalqla iqtidar arasında olan birliyi və xarici investorların Azərbaycana çox etibarlı ölkə kimi baxmalarını göstərən Prezident İlham Əliyev vurğulayıb ki, biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik: “Bunun növbəti əlamətini biz bu yaxınlarda Bakıda 300 milyon avrodan çox dəyərində yeni sement zavodunun təməlqoyma mərasimində gördük. İndiki durumda bütün sənaye müəssisələri dayanır, ixrac dayanır, investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda likvidlik, demək olar ki, çox aşağı səviyyədədir. Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik. Eyni zamanda, yerli sahibkarlığın inkişafı üçün də əməli-praktik işlər görürük. Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq. Azərbaycanın gəlirlərinin müəyyən hissəsini biz neftin ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar dünyada neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədi ilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər. Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir. Bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı təsdiq edilibdir. Bu proqram çox ciddi sənəddir. Orada inkişafın əsas istiqamətləri müəyyən olunub, lazımi tədbirlərin görülməsi təmin edilibdir. Proqramda hər şey açıq-aydın göstərilibdir - kim, nə vaxt, necə, hansı işi görməlidir. Beləliklə, mən şübhə etmirəm ki, növbəti beşillik proqramın icrası nəticəsində Azərbaycanın qarşısında duran əsas, ciddi sosial və iqtisadi problemlər tamamilə öz həllini tapacaqdır”.
“Biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik”
“Biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın”, - deyən Prezident İlham Əliyev söyləyib ki, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik: “Biz iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, əlbəttə ki, sosial məsələlərin həlli ilə də ciddi məşğuluq. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunu etmək üçün, əlbəttə ki, keçən beş il ərzində dəfələrlə maaşlar artırılmışdır, minimum əmək haqqı, minimum pensiyanın səviyyəsi dəfələrlə artırılmışdır. Bunu biz növbəti illərdə də edəcəyik. Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bizim bugünkü müzakirəmizin, demək olar ki, əsas mövzusu iqtisadi məsələlərlə bərabər, sosial məsələlər olacaqdır. Xüsusilə böhranlı vəziyyətdə bunun əhəmiyyəti artır. çünki böhranlı vəziyyətdə bəziləri daha çox iqtisadi imkanlar barədə düşünürlər, bəziləri daha çox maliyyə resurslarının qıtlığı haqqında düşünürlər. Əlbəttə ki, bu, bizi də düşündürür və bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Ancaq bu, ona gətirib çıxarmamalıdır ki, sosial məsələlər yaddan çıxsın. Ona görə bu il və növbəti illərdə bu istiqamətdə bütün qəbul edilmiş proqramlar, layihələr icra olunmalıdır və beləliklə, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik”.
“Bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir”
Qlobal iqtisadi və maliyyə böhranının Azərbaycana təsirinin minimum səviyyədə olduğunu söyləyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq: “Bizim uğurlu siyasətimiz artıq özünü göstərdi, özünü sübut etdi. Həm bölgədə yaşanan siyasi qarşıdurmalar, həm bu gün yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycana ən az səviyyədə təsir edə bilmişdir. Bunun da səbəbləri aydındır. Bu barədə mən öz fikirlərimi söylədim. Əminəm ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq, Azərbaycanın bölgədəki mövqelərini daha da möhkəmləndirəcək, bizim təsir imkanlarımız daha da artacaqdır. Bu barədə keçən beş il ərzində mən müxtəlif tədbirlərdə öz fikirlərimi söyləmişdim. Bu gün də bunu vurğulamaq istəyirəm, xüsusilə ona görə ki, həyat bizim sözlərimizi təsdiq etdi. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq. Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcəkdir. Bizim xarici ölkələrlə çox səmərəli əməkdaşlığımız var və dünyada Azərbaycanın dostları artır. Biz bunu beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda əməkdaşlıqda görürük. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin. Bir sözlə, bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir”.
İclasda İqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri qurumların ilin birinci rübündə gördüyü işlər barədə məlumat veriblər.
Sonra Prezident İlham Əliyev iclasda yekun nitq söyləyib.
Növbəti illərdə də sosial sahə diqqət mərkəzində olacaq...
Dövlət başçısı İlham Əliyev sosial problemlərin həllinin Azərbaycan üçün önəmli olduğunu söyləyib: “Bugünkü iclasda biz daha çox sosial problemlərin həlli ilə məşğul oluruq. çünki bir daha demək istəyirəm ki, bu problemlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox önəmlidir. Sosial problemlərin həlli, ümumiyyətlə, ölkənin inkişaf imkanlarını göstərir. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir və əlbəttə ki, bizim artan maddi imkanlarımız sosial məsələlərin həllinə çox müsbət təsir etmişdir. Növbəti illərdə də bu sahə diqqət mərkəzində olmalıdır. Təhsil, səhiyyə, mədəniyyət problemləri, ailə problemləri, uşaqların tərbiyəsi - bütün bu məsələlər diqqət mərkəzindədir. Bütün istiqamətlər üzrə konkret tədbirlər planı, proqramlar, icra mexanizmləri və maliyyə resursları var. Məhz bunun hesabına biz son beş ildə 2 minə yaxın məktəb tikdirə bilmişik. Yüzlərlə tibb, mədəniyyət ocaqlarının tikintisi, təmiri - bütün bunlar, əlbəttə ki, maliyyə resursları tələb edir. Eyni zamanda, siyasi iradə tələb edir. Azərbaycanda bu istiqamətdə görülmüş işlər onu göstərir ki, sosial məsələlər, sözün əsl mənasında, bizim üçün prioritetdir”.
“Bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir”
Azərbaycanın dünya birliyinə inteqrasiya etdiyini və ümumbəşəri dəyərləri bölüşdüyünü söyləyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir: “Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil  ki, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmişdir. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Əlbəttə ki, dünyada gedən qloballaşma prosesləri bizdən də yan keçmir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
İnfrastruktur layihələrinin icrası davam etdiriləcək...
Dövlət başçısı həmçinin vurğulayıb ki, növbəti aylar ərzində bütün istiqamətlər üzrə aparılan işlər çox fəal şəkildə davam etdiriləcək: “Bütün infrastruktur layihələri icra olunur. Dövlət investisiya proqramı xətti ilə aparılan işlər bu il və növbəti illərdə Azərbaycanda infrastruktur layhələrinin yaranmasına xidmət göstərəcəkdir. Artıq Azərbaycan cəmiyyəti də açıq-aydın görür ki, bunun nə dərəcədə böyük əhəmiyyəti var. İnfrastruktur layihələri biznes imkanlarını genişləndirir, insanların normal yaşamasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir və ölkəmizdə aparılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinə də böyük dəstəkdir. Növbəti aylarda yol tikintisinə diqqət göstərilməlidir və bütün layihələr icra olunmalıdır. İndi bütün istiqamətlərdə yol tikintisi geniş vüsət alıbdır - həm magistral, həm şəhərlərarası yollar, həm də kənd yolları. Demək olar ki, indi əsas nəqliyyat istiqamətləri yaradılır və resurs mənbələri də mövcuddur. Bəzi hallarda daxili imkanlar, büdcə hesabına, bəzi hallarda kreditlər hesabına.
Onu da qeyd etmək istəyirəm ki, indi dünyada maliyyə resurslarının çox azalmasına və banklarda likvidliyin çox ciddi problemə çevrilməsinə baxmayaraq, yenə də Azərbaycana kreditlərin verilməsində heç bir problem görmürük. Beynəlxalq maliyyə qurumları, kommersiya bankları Azərbaycana çox böyük həvəslə və məmnuniyyətlə kreditlərin verilməsini təklif edirlər. Mən hesab edirəm ki, biz bu imkanlardan imtina etməməliyik. çünki infrastruktur layihələrinin həyata keçirilməsi üçün müxtəlif mənbələrdən maliyyə resursları cəlb olunmalıdır.
Elektroenergetika sahəsində, demək olar ki, son beş ildə əsas problemlər öz həllini tapdı. çoxsaylı elektrik stansiyalarının tikintisi, elektrik xətlərinin və yardımçı stansiyaların tikintisi bu sahədə vəziyyəti tamamilə yeni müstəviyə qoydu. Hazırda Azərbaycanın 5000 meqavatdan çox ehtiyat enerji gücü var ki, biz ondan bu gün istifadə etmirik. çünki buna ehtiyac yoxdur. İndi Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilibdir. Əvvəllər biz məcbur olub xaricdən elektrik enerjisini alırdıq, buna böyük vəsait gedirdi. Ancaq indi biz elektrik enerjisini ixrac edirik. Hazırda tikilən Sumqayıt elektrik stansiyası, “Cənub” elektrik stansiyası və Quba elektrik stansiyasının ümumi istehsal gücü 1500 meqavata yaxın olacaqdır. Yəni bütün bunlar həm Azərbaycanın uzunmüddətli inkişafına dəstək olacaq, - çünki bizim iqtisadiyyatımız artıb, tələbat da artıb, - həm də ixrac imkanlarımızı da xeyli dərəcədə genişləndirəcəkdir.
İndi bölgədə Azərbaycanın elektrik enerjisinə olan tələbatı artır. Biz Xəzər hövzəsində yerləşən ölkələr arasında bəlkə də, ən az neft-qaz hasil edən ölkəyik. Ancaq buna baxmayaraq, uğurlu islahatlar və düşünülmüş enerji siyasəti nəticəsində indi biz qonşu ölkələrə həm neft, həm qaz, həm də elektrik enerjisi ixrac edirik. Bu tələbat getdikcə artır. İndi təkcə şimal, cənub, qərb istiqamətlərində deyil, eyni zamanda, Naxçıvan Muxtar Respublikasından qonşu ölkələrə elektrik enerjisi ixrac edilir. Vaxtilə işığın, qazın olmamasından əziyyət çəkən, qışda soyuqdan əziyyət çəkən Naxçıvan indi özünü tam şəkildə həm qazla, həm elektrik enerjisi ilə təmin edir. Görülən tədbirlər, işlər nəticəsində artıq elektrik enerjisini qonşu ölkələrə ixrac edir və beləliklə, əlavə maddi imkanlar əldə edir.
Energetika sektorunda görülən işlər sayəsində, eyni zamanda, bu gün biz Azərbaycanda qazlaşdırmanın səviyyəsini 85 faizə çatdırmışıq. Halbuki, bizdən qat-qat çox qaz hasil və ixrac edən ölkələrdə bu səviyyə daha aşağıdır.
Növbəti illərdə, Azərbaycanda, - bu, Dövlət Proqramında da öz əksini tapıb, - içməli su, meliorasiya, suvarma və kanalizasiya problemləri həll edilməlidir. Yəni, tam həll olunmalıdır. Bunu etmək üçün bütün imkanlar var. Əvvəllər başladığımız layihələr icra olunur, Oğuz-Qəbələ-Bakı su kəməri tikilməkdədir, onun böyük hissəsi artıq tikilibdir. Samur-Abşeron kanalında iş gedir, Taxtakörpü su anbarı tikilir, digər lazımi tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Kür-Araz boyu yerləşən kəndlərin su ilə, yəni Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə içməli su ilə təmin olunması prosesi gedir. Əvvəllər bulanıq sudan istifadə edən yüz minlərlə soydaşlarımız indi ən təmiz su alırlar. Bütün proqramın icrası nəticəsində 800 minə yaxın əhali təmiz içməli su ilə təmin olunacaqdır. Bu istiqamətdə əgər hansısa əlavə tədbirlər görmək lazımdırsa, bu məsələ də qaldırılsın. Su probleminin həlli işində biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik. Düzdür, bu layihənin icrası məncə çox gecikibdir. Son beş il ərzində biz bu barədə danışırıq. Bəlkə də bundan əvvəl də bu məsələ müzakirə olunurdu. Ancaq 2003-cü ildən sonra ki, mən bu işlərlə bilavasitə məşğulam, bu haqda məlumatlar eşdirəm - o layihə hazırlanır, bu layihə hazırlanır, Dünya Bankı ilə bu məsələ razılaşdırılmalıdır, o məsələ razılaşdırılmalıdır. Bu vaxt ərzində biz böyük əhəmiyyətli layihələri icra etmişik. Yenə də deyirəm ki, yüz minlərlə əhaliyə təmiz su vermişik. Oğuz-Qəbələ-Bakı kəməri kimi nəhəng layihəni icra etməyə başlamışıq, bu layihənin əhəmiyyəti neft-qaz kəmərlərindən heç də az deyil və texniki məsələlər də təxminən eynidir. Necə ola bilər ki, biz öz imkanımız hesabına qısa müddət ərzində bu layihələri icra edə bilmişik, amma Dünya Bankı ilə ən azı 5 il ərzində davam edən razılaşmalar, danışıqlar heç bir nəticə vermir. Mənə vaxtaşırı məruzələr edilir ki, o məsələ razılaşdırıldı, bu məsələ razılaşdırıldı. Ola bilər, amma mən nəticə gözləyirəm. Bizim tərəfimizdən görülən bütün işlər çox operativ şəkildə icra olunur. Məsələ təhlil olunur, qərar qəbul edilir, icra mexanizmləri, maliyyə resursları təmin olunur, vaxtlı-vaxtında icra edilir. Kim icra etmirsə, cəzalandırılır.
Eyni vəziyyəti biz elektrik energetikası sahəsində də görürük. 2005-ci ildə Sumqayıtda 500 meqavat gücündə elektrik stansiyasının təməli qoyuldu. İndi 2009-cu ildir. Stansiya hələ tikilməyibdir. Nəyə görə? çünki yenə də bu stansiyanın tikintisində biz həm maliyyə qurumlarından asılıydıq, xarici podratçıdan asılıydıq və beləliklə də, bu proses yubanır. Bu, bizə lazımdır. Xarici podratçı onu 1 il də uzada bilər, 2 il də uzada bilər. Biz bu məsələyə aydınlıq gətirməliyik. Mən bir daha demək istəyirəm ki, xarici maliyyə qurumları ilə biz işimizi qurmuşuq, Azərbaycan etibarlı tərəfdaşdır. Baxmayaraq ki, öz maliyyə imkanlarımız kifayət qədərdir, biz kreditlərdən istifadə etməliyik. Amma elə olmamalıdır ki, ölkə üçün lazım olan, təxirəsalınmaz layihələr illərlə uzansın və hər dəfə mən məruzələri və müxtəlif izahatları eşidim. Xahiş edirəm, bu məsələyə ciddi diqqət göstərilsin və qısa müddət ərzində Azərbaycan rayonlarının hamısını əhatə edən və rayonların su problemlərini həll edən layihələr başlanmalıdır”.
Bundan sonra da özəl sektorun inkişafına hərtərəfli dəstək veriləcək...
Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatına və özəl sektorun inkişafına da toxunub: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq. Aqroservislər yaradılır. Bildiyiniz kimi, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum verilir, subsidiyalar verilir. Xüsusilə buğda əkən fermerlərə hər hektara 80 manat vəsait verilir. Bunun hesabına biz son illər ərzində ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik.
Bu gün Azərbaycanda istehlak olunan məhsulların tam əksəriyyəti, yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu böyük nailiyyətdir, həm ölkədə biznesin, sahibkarlığın inkişafına, regionların inkişafına böyük xidmət göstərir, eyni zamanda, biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik.
Hesab edirəm ki, növbəti bir-iki il ərzində görüləcək əlavə tədbirlər hesabına biz taxıl istehsalında da tam şəkildə özümüzü təmin etməliyik. özəl sektorun bu işlərdə fəaliyyətinə çox böyük ehtiyac var. Azərbaycan dövləti bundan sonra da çalışacaq ki, özəl sektorun inkişafına həm siyasi, həm mənəvi, həm maddi dəstək versin. Keçən illərdə hər il 80 milyon manat məbləğində güzəştli kreditlər verilirdi. Bu il kreditlərin məbləği 130 milyon manat olacaqdır. Baxmayaraq ki, neftin qiymətinin düşməsi ilə əlaqədar maliyyə imkanlarımız nisbətən azalıb, ancaq kreditlərin verilməsi təxminən 70-80 faiz artmışdır. Nəyin hesabına? 80 milyon manat ənənəvi məbləğdir ki, dövlət büdcəsindən ayrılır. Əlavə 50 milyon manat isə əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına əldə edilir. Bu da çox müsbət haldır, yəni fermerlər, sahibkarlar o kreditləri vaxtlı-vaxtında qaytarırlar. Bu isə həm dövlətin imkanlarını genişləndirir, eyni zamanda, qaytarılan vəsait yenə də sahibkarlığın inkişafına yönəldilir. Yəni biz o vəsaitdən hansısa başqa məqsədlər üçün yox, yalnız sahibkarlığın inkişafı üçün istifadə edirik. Növbəti illərdə, əlbəttə ki, daha da böyük həcmdə vəsaitlər qayıtdıqca, bu istiqamətə yönəldilmiş kreditlər daha da artacaqdır”.
Milli valyutamızın məzənnəsi sabit olaraq qalır...
Azərbaycanın milli valyutasının sabit olaraq qaldığını diqqətə çarpdıran dövlət başçısı İlham Əliyev bildirib ki, elə edirik ki, Azərbaycan xalqı bu böhrandan əziyyət çəkməsin: “Hesab edirəm ki, əgər bölgənin mənzərəsinə nəzər salsaq və böhranlı vəziyyəti nəzərə alsaq, bizim xüsusilə böyük, təqdirəlayiq nailiyyətimiz ondan ibarətdir ki, milli valyutamızın məzənnəsi sabit olaraq qalır. Demək olar ki, bütün qonşu ölkələrdə, postsovet məkanında, Şərqi və Mərkəzi Avropada milli valyutalar çox böyük dərəcədə tənəzzülə uğrayıbdır: haradasa 10 faiz, haradasa 30 faiz, haradasa 50 faiz. Beləliklə, o ölkələrin iqtisadiyyatına çox böyük zərbə dəymişdir. Düzdür, bəzi hallarda ixracın təşviqi üçün bu, müsbət hal kimi qiymətləndirilir. Ancaq biz adi insanların vəziyyətini nəzərə almalıyıq. 50 faiz ucuzlaşan milli valyuta o deməkdir ki, hər bir vətəndaş 50 faiz kasıblaşıbdır.
Əgər əvvəllər müəyyən qiymətə istehlak mallarını ala bilirdisə, indi o imkanlar 50 faiz azalıbdır. Siz də yaxşı bilirsiniz ki, Azərbaycanda da müxtəlif dairələr tərəfindən ortaya atılmış şayiələr gəzirdi ki, manat devalvasiyaya uğrayacaq, manatın məzənnəsi düşəcək və guya ki, bu referendumdan sonra baş verəcəkdir. Birincisi, onu demək istəyirəm ki, referendumun bizim iqtisadi, yaxud da siyasi addımlarımıza, xarici siyasətimizə heç bir aidiyyəti yoxdur. Heç vaxt biz hansısa siyasi niyyət, yaxud da seçkilər naminə nə populist vədlər vermişik, nə addımlar atmışıq. Bizim üstünlüyümüz məhz ondadır ki, heç vaxt yalançı vədlər verməmişik və nəyi demişiksə, onu da etmişik. O vaxt, mart ayında da mən bu barədə öz fikirlərimi söyləmişdim ki, manatın məzənnəsi sabit olaraq qalacaqdır. Bu gün artıq hər kəs onu görür ki, həqiqətən, Azərbaycan manatının məzənnəsi sabitdir, güclü milli valyutamız var. Biz manatı sabit saxlamaqla, ilk növbədə, insanların həyat səviyyəsini düşünürük. Elə edirik ki, Azərbaycan xalqı bu böhrandan əziyyət çəkməsin. Onu da qeyd etmək istəyirəm ki, büdcədən maliyyələşən təşkilatlarda işləyən vətəndaşlar, bəlkə də, bu böhrandan hansısa daha da üstünlüklər əldə ediblər. çünki milli valyuta sabitdir, maaşlar, pensiyalar vaxtlı-vaxtında verilir, istehlak qiymətləri də aşağı düşür. Bu gün bizdə inflyasiya müşahidə olunur, bu da xoşagələn hal deyildir. Yəqin ki, biz müəyyən addımlarla imkan verə bilmərik ki, Azərbaycanda böyük dərəcədə inflyasiya baş versin. çünki, bu, ümumi iqtisadi potensialımıza mənfi təsir göstərir. Ancaq, eyni zamanda, ərzaq məhsullarının, tikinti məhsullarının qiymətinin aşağı düşməsi Azərbaycanda sosial məsələlərin, sosial rifahın həll olunmasına, yüksəlməsinə müsbət təsir göstərir. O ki qaldı böhrandan əziyyət çəkən müəssisələrə və şirkətlərə, əlbəttə ki, Azərbaycan dövləti onları darda qoymamalıdır, biz onları dəstəkləməliyik. Xüsusilə böyük müəssisələrə dövlət dəstəyi verilməlidir. Bu gün dünyada yaranmış vəziyyətlə əlaqədar dünyada alıcılıq qabiliyyəti aşağı düşür, istehsal sahələri dayanır, beləliklə, bəzi məhsulların ixracında bizim müəyyən problemlərimiz var. Misal üçün, indi alüminiumun istehsalı üçün sərf olunan vəsait, yəni maya dəyəri satış qiymətindən yuxarıdır. Belə vəziyyətdə zavodun fəaliyyəti tam zərərlidir. Ona görə elə etməliyik ki, alüminium sahəsində, metallurgiya sahəsində, kimya sahəsində bizdən asılı olmayan səbəblər üzündən yaranmış çətinliklər aradan qaldırılsın, orada işləyən insanlar, fəhlələr əmək haqlarını bir neçə ay ərzində alsınlar. Yəni, Azərbaycan dövləti öz yardımını göstərməlidir ki, insanlar əziyyət çəkməsinlər. Əlbəttə ki, bu böhranlı durum başa çatandan sonra, - böhran əbədi hökm sürə bilməz, - qiymətlər, əlbəttə ki, qalxacaq, o zaman biz bütün strateji müəssisələrimizi, xüsusilə böyük müəssisələri daha da böyük səmərə ilə işlədəcəyik. Eyni zamanda, Azərbaycanda bu gün yeni sənaye müəssisələrinin yaradılması üçün dövlət öz köməyini göstərməlidir. çünki biz elə fikirləşməməliyik ki, bu gün böhrandı, gəlin hər şeyi dayandıraq, müəssisələr tikməyək, kreditlər verməyək. Böhran qurtaracaq, başa çatacaq, ancaq biz bu müddətdə fəal olmalıyıq, bu ayları, illəri itirməməliyik”.
Qəbul edilmiş növbəti beşillik proqram icra olunmağa başlayıb...
Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki, regionların və bütövlükdə ölkə iqtisadiyyatının gələcəyi üçün qəbul edilmiş növbəti beşillik proqram icra olunmağa başlayıb: “Biz çalışmışıq ki, proqramda bütün məsələlər əhatə olunsun, nəzərə alınsın. Ancaq əvvəlki proqramın icrası onu göstərir ki, bütün məsələləri nəzərə almaq çətindir. Əgər əvvəlki proqramın ilkin və sonuncu variantına baxsaq görərik ki, ona edilən əlavələr, bəlkə də, proqramda əvvəl nəzərdə tutulmuş tədbirlərdən daha da üstündür. Yəni həyat davam edir, yerində durmur. Ona görə də qəbul edilmiş bu proqram bir istiqamətdir, düzdür, orada icra mexanizmləri də, maliyyə resursları da var. Amma lazım gələndə, biz bu proqrama əlavələr də edəcəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində qarşıda duran bütün vəzifələri icra edibdir. Biz enerji təhlükəsizliyi baxımından özümüzü tam arxayın hiss edirik. Azərbaycan nefti, qazı və elektrik enerjisi müxtəlif istiqamətlərdə dünya bazarlarına ixrac edilir. Nə qədər çox istiqamət olarsa, bizim üçün o qədər də yaxşıdır. Bizim təşəbbüsümüzlə bölgədə həyata keçirilmiş transmilli layihələr uğurla fəaliyyət göstərir. Azərbaycanın enerji resurslarına həm bölgədə, həm qonşu ölkələrdə, həm də dünyada böyük ehtiyac var və tələbat artır. Bəzi hallarda tələbat artdıqca, maraq da artır. Maraq artdıqca, Azərbaycanın ətrafında gedən rəqabət də artır. Bütün bunlar reallıqlardır.
Biz bu vəziyyəti özümüz yaratmışıq ki, indi enerji əməkdaşlığı sahəsində Azərbaycan çox önəmli ölkəyə çevrilmişdir. İstehlakçılar üçün ölkəmizin enerji resursları daha vacibdir ki, nəinki bizim üçün yeni bazarlar. çünki biz, bir daha demək istəyirəm ki, bu istiqamətdə öz düşünülmüş siyasətimizlə tam şəkildə şaxələndirməyə nail ola bilmişik. Azərbaycanın nefti də, qazı da müxtəlif istiqamətlərdə ixrac edilir, dəyişdirilir. Nə qədər çox bazarımız olarsa, bizim üçün bir o qədər sərfəlidir, əlverişlidir. Azərbaycan bütün dövrlərdə öz enerji siyasətini çox açıq, aydın şəkildə aparıbdır. Bu siyasət, ilk növbədə, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Biz məsələyə yalnız bu nöqteyi-nəzərdən yanaşırıq. Eyni zamanda, xarici tərəfdaşlar üçün də Azərbaycan həmişə çox etibarlı tərəfdaş olubdur. İmzaladığımız bütün anlaşmalar, bütün müqavilələr bizim tərəfimizdən tam dəqiqliyi ilə icra olunur. Bir dəfə də elə hal olmayıb ki, biz hansısa müqaviləyə əlavələr təklif edək. çünki, əlbəttə ki, indi Azərbaycan zəngin ölkəyə çevrilir və biz öz imkanlarımızı müxtəlif istiqamətlərdə təmin edirik. Ancaq Azərbaycan dövləti və dövlət qurumları bütün tərəfdaşlarla - həm yerli şirkətlərlə, həm də xarici şirkətlərlə həmişə çox etibarlı tərəfdaş kimi davranmalıdır. Bu, bizə olan inamı daha da artırır. Məhz bunun nəticəsində Azərbaycanın enerji potensialına bu gün tələbat var. çünki hamı bilir ki, həm resurslar var, həm nəqliyyat imkanlarımız var, həm də ki, Azərbaycana inanırlar, bizim sözümüzə inanırlar. Bizim sözümüz də imzamız qədər dəyərlidir. Növbəti aylarda, illərdə enerji təhlükəsizliyi və enerji əməkdaşlığı istiqamətində Azərbaycan özünə sərf edən addımları atacaqdır.
Bir daha demək istəyirəm ki, bölgənin və Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün bizim imkanlarımız da var, iradəmiz də var. Qarşılıqlı surətdə faydalı əməkdaşlığın dərinləşməsi bizə də və tərəfdaşlarımıza da lazımdır.
Bu gün mən bir daha ekoloji tədbirlər haqqında bir neçə kəlmə demək istəyirəm. Bu sahəyə çox böyük diqqət göstərilir və bu da təbiidir. Bu, elə sahədir ki, buraya qoyulan vəsaiti, bəlkə də, Azərbaycan iqtisadiyyatı da, vətəndaşları da görmürlər. Amma bunu həm indiki nəsillər, həm də gələcək nəsillər görəcəklər. çünki ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir. Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, nəticəni, bir daha demək istəyirəm ki, gələcək nəsillər görəcəkdir. Bir neçə il bundan əvvəl qəbul edilmiş böyük ekoloji proqram icra olunur. Hesab edirəm ki, bu proqrama müəyyən əlavələr də edilməlidir. Artıq bu əlavələr edilir. Qeyd etdiyim kimi, proqram qəbul ediləndə çay sularının təmizlənməsi layihələri yox idi, bu vaxta qədər görülmüş digər tədbirlər də nəzərdə tutulmurdu. Hesab edirəm ki, bu proqramın icrası ilə bağlı əlavə tədbirlər də görülməlidir. Nəzarət gücləndirilməlidir və bütün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, biz xüsusilə ağacların əkilməsi işində daha da fəal olmalıyıq. Bu yaxınlarda mənə məruzə edildi, artıq Bakının və ətraf qəsəbələrin ekoloji xəritəsi də hazırlandı. Bir neçə, 10-dan çox yer müəyyən edildi ki, orada kütləvi şəkildə ağacların əkilməsi nəzərdə tutulur. Mən bu layihəni dəstəklədim, onu bəyəndim. Nazir tərəfindən mənə edilən məruzəni bəyənirəm və hesab edirəm ki, biz dərhal bu işlərə başlamalıyıq. Məqsəd qoyuram ki, qısa müddət ərzində Bakıda və Bakının ətrafında ən azı 3 milyon ağac əkilməlidir. Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verirəm ki, təkliflər planı hazırlayıb, o ekoloji xəritəni təsdiq etmək lazımdır.
Bütün bu proqramın icrası üçün, konkret tədbirlər planı hazırlanmalıdır. Burada, əlbəttə ki, həm texniki, həm də maliyyə məsələləri həll olunmalıdır. Ağacların müasir texnologiyaya uyğun şəkildə suvarılması, qorunması, onlara xidmətin göstərilməsi - bütün bu işlər kompleks şəkildə görülməlidir. Beləliklə, biz Bakıda və Abşeron yarımadasında ekoloji sağlamlıq üçün çox böyük, bəlkə də, tarixi bir iş görəcəyik. Yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik”.
Kəsilən ağacların yerində tikilən binalar səhərisi gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaq...
Dövlət başçısı İlham Əliyev Bakı şəhərində ağacların kəsilməsi məsələsinə də münasibət bildirib: “Bir məsələyə də toxunmaq istəyirəm. Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olubdur. Mən Hacıbala Abutalıbova göstərişlər vermişdim. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər, əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud da ki, hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün, məsələnin həlli üçün əgər bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər. özü də maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneçilik törədən ağaclar məhv edilməsin. İndi xüsusi maşınlar da alınıbdır. Bu maşınların alınmasına böyük vəsait ayrılıbdır. Bu maşınlarla ağacı kökü ilə bərabər çıxarıb başqa yerdə əkmək mümkündür. Düzdür, bütün ağacları bu yolla biz başqa yerdə əkə bilmərik. çünki bütün ağaclara bunu tətbiq eləmək çətindir. Əgər hansısa bir dövlət əhəmiyyətli iş ilə, layihəsi ilə əlaqədar ağaclar kəsilməlidirsə, bir kəsilən ağac əvəzinə on ağac əkilməlidir və buna nəzarət olmalıdır. Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də şəhər, rayon icra hakimiyyətləri bu işlərdə ciddi dönüş etməlidir. Bu, son xəbərdarlıqdır. Əgər bundan sonra da mən eşidəm, biləm ki, haradasa, hansısa iş adamı, yaxud da, vəzifəli şəxs və ya başqa hansısa adam gedib yeri hasarlayıb, ağacları kəsib özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhərisi gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaqdır”.
Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir...
Prezident İlham Əliyev yekun olaraq söyləyib ki, növbəti aylarda və ilin sonuna qədər biz nəzərdə tutulmuş bütün məsələləri həll edəcəyik, doğma vətənimizi daha da möhkəmləndirəcəyik: “Biz həmişə maliyyə intizamının möhkəmlənməsinə fikir vermişik. İndiki şəraitdə bunun daha da böyük əhəmiyyəti var. çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi istər-istəməz bizim maddi imkanlarımızı məhdudlaşdırır. Düzdür, biz başqa imkanları işə salmaqla, qeyd etdiyim kimi, iqtisadiyyatın digər sahələri hesabına o boşluğu doldurmağa çalışırıq. Amma bunu etmək, əlbəttə ki, çətin olacaqdır. Ona görə maliyyə intizamı, maliyyə resurslarının xərclənməsinə nəzarət - bu, həmişə diqqət mərkəzində olmalıdır, indi, isə buna daha da böyük ehtiyac var. Ancaq bununla bərabər, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkədir və əlbəttə ki, dünyada gedən proseslər bizdən yan keçə bilməz. Buna baxmayaraq, zaman göstərib və sübut edibdir ki, biz böhranlı durumda da normal yaşaya, inkişaf edə bilərik. Bizim bütün gördüyümüz işlər bir daha onu göstərir ki, artıq bu gün Azərbaycanda dayanıqlı inkişaf üçün möhkəm əsaslar var. Bu böhran bir daha göstərdi ki, kim nəyə qadirdir, hansı ölkə hansı imkanlara malikdir. Normal durumda hesab oluna bilər ki, bu ölkə də, o ölkə də uğurlu inkişaf edir. Amma böhranlı günlərdə bilinir ki, kim nəyə qadirdir. Bizim ətrafımızda yerləşən ölkələr faktik olaraq dilənçi vəziyyətinə düşüblər, gedirlər oradan-buradan pul xahiş edirlər. Xarici maliyyə yardımı olmadan o ölkələr yaşaya bilmir. Onlar, əslində, həmişə başqalarının hesabına yaşamışlar və buna alışmışlar. Ancaq bu vəziyyət çox çəkə bilməz. Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir, Azərbaycan xalqının istedadına, imkanlarına, Azərbaycan iqtisadiyyatının gücünə, öz siyasi gücünə arxalanır, bölgədə əldə edilmiş mövqelərə və müstəqil siyasətə arxalanır. Bu yol uğurlar yoludur, bu yol artıq bütün dünyaya, xüsusilə bölgədə yerləşən ölkələrə sübut edib ki, bu yolla gedən ölkələr həmişə uğur qazanacaq, bu yolla gedən insanların həmişə üzü ağ, alnı açıq olacaqdır.
Mən növbəti aylar ərzində hamıdan fəal işlər tələb edirəm. Hesab edirəm ki, növbəti aylarda və ilin sonuna qədər biz nəzərdə tutulmuş bütün məsələləri həll edəcəyik, doğma vətənimizi daha da möhkəmləndirəcəyik”.

Paylaş:
Baxılıb: 1378 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30