Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tariximizin 15 oktyabr Zirvəsi!

Tariximizin 15 oktyabr Zirvəsi!

15.10.2025 [11:32]

15 oktyabr 2003 - 15 oktyabr 2023...

Qərinələrə bərabər 22 il!

Heydər Əliyev: Mən ona özüm qədər inanıram...

Bu gün müstəqil Azərbaycan zirvələrdədir, xalqımız öz keşməkeşli tarixinin ən qüdrətli dönəmini yaşayır. Ölkəmiz xarici siyasətində ardıcıl uğurlara imza atır. Bu gün dünyada Azərbaycana və onun Lideri Prezident İlham Əliyevə böyük hörmət bəslənilir, bayrağımız ən mötəbər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır.  Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən əsas amillərdən biri qismində isə ölkənin güclü potensialı, hər cəhətdən müsbət olan reallıqları çıxış edir. Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, nümunəvi inkişaf modelinə malikdir və yüksək vətəndaş məmnunluğu yaradan dərin məzmunlu sosial siyasət həyata keçirir, ədalətli resurs bölgüsünü təmin edir. Respublikamız ən böyük uğuruna - ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasına da sırf öz gücünə nail olub. Belə uğurlu siyasətin təməli isə tarixin bu günündə - 15 oktyabr 2003-cü ildə qoyulub. Həmin gün  müstəqil Azərbaycanda növbəti  Prezident seçkiləri keçirilib. Seçkilərdə İlham Əliyev mütləq səs çoxluğu ilə - seçicilərin 76,86 faizinin səsini qazanmaqla ilk dəfə ölkənin dövlət başçısı seçilib. Artıq iyirimi ildən çoxdur ki, müstəqil Azərbaycan müdrik Liderinin rəhbərliyi ilə özünün uğur hekayəsinin yeni-yeni səhifələrini yazır.

Niyə məhz İlham Əliyev?

Hər bir uğur bünövrədən başlayır. Əgər özül möhkəm qoyulubsa, onun üzərində ucalan bina da dayanıqlı və uzunömürlü olacaq. Bəs 22 il bundan əvvəl ölkədə baş tutan növbəti Prezident seçkilərində seçicilər nə üçün öz səslərini məhz İlham Əliyevə veriblər?

2003-cü il 15 oktyabr seçkilərinin nəticələrini şərtləndirən iki mühüm amili xüsusi qeyd edə bilərik.  Seçkilərdə yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin böyük üstünlüklə qalib gəlməsinə təsir göstərən mühüm məqamlardan biri kimi, Azərbaycan xalqının özünün böyük oğlu, ulu öndər  Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. İdeoloji cəhətdən iki fərqli formasiyada respublikamıza rəhbərlik edən Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın  siyasi rəhbərliyinə gəlməklə ölkəni xaos, anarxiya vəziyyətindən çıxardaraq sabitliyə və inkişafa istiqamətləndirib.

Heydər Əliyevin Özü və xalqımız yaxşı başa düşürdü ki, Azərbaycanın nicatı, müstəqilliyimizin qorunması, gələcək inkişafımız məhz bu siyasətin ardıcıllığının təmin edilməsindən asılıdır. Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl-2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirib və seçiciləri Prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıb. Həmin tarixi müraciətdə oxuyuruq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan xalqı Heydər Əliyevin bu çağırışını məmnuniyyətlə qəbul etdi. Seçkilərin təyin olunduğu gün seçki məntəqələrində, sözün əsl mənasında, böyük qələbəlik yaşanırdı. İnsanlar sübh tezdən dəstə-dəstə seçki məntəqələrinə gəlir və burada öz iradələrini ifadə edirdilər.

22 il bundan əvvəl baş tutan seçkilərin nəticələrini şərtləndirən ikinci mühüm amil bilavasitə İlham Əliyevin Özünün həmin dövrədək daşıdığı  müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Bu gün narahat, ziddiyyələrlə dolu dünyada Azərbaycanın qazandığı uğurlar əyani şəkildə təsdiqləyir ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi Onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi. Onun keçdiyi yol qürurverici idi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olmuşdu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində çalışmışdı. Azərbaycanlı seçicilər Onun Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurları yaxşı xatırlayırdılar. İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən etibarən), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik yolu keçmişdi. İlham Əliyev 1999-cu ildə  Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının Sədr müavini, 2001-ci ildə isə Sədrin 1-ci müavini seçilmişdi. Bütün sadalanan vəzifələrdə İlham Əliyev Ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmuşdu. Bu da seçicilərin İlham Əliyevin namizədliyini dəstəkləməsi üçün əsas oldu.

Verilən vədlər, yüksək səviyyədə doğrulan etimad

“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirdə göstərilən hədəflərin hər biri bu gün real həyatda öz əksini tapıb. İlham Əliyevin andiçmə mərasimində verdiyi vədlər məzmunca taleyüklü olduğu kimi, son 22 ildə keçilən yol da qərinələrə bərabərdir, Azərbaycan xalqı Ona bəslənən etimadın yüksək səviyyədə doğrulduğuna şahidlik edir və bundan qürur duyur. Prezident İlham Əliyevin vəd verdiyi kimi, Ulu Öndərin əsasını qoyduğu siyasətə sadiq qalması Azərbaycanın ən böyük uğuru və xalqımızın ən böyük xoşbəxtliyidir. Siyasi varisliyin təmin edilməsi ölkəmizi bəzi dövlətlərin timsalında müşahidə etdiyimiz pis nümunələrdən - geri dönmələrdən qoruyub və davamlı inkişafa istiqamətləndirib.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas leytmotivini təşkil edib. Dövlət başçısının imzaladığı sənədlər əsasında aparılan islahatlar, müvafiq Dövlət proqramlarının uğurla reallaşdırlması, regionların tarazlı inkişafına nail olunması, sahibkarlıq mühitinin optimallaşdırılması, ölkə boyunca infrastruktur təminatının yüksək səviyyəyə çatdırlması, qanuvericilik bazasının möhkəmləndirlməsi, investisiyaların qorunmasına təminatlar verilməsi, qeyri-neft sektorunun inkişafının davamlı təşviqi və digər belə tədbirlər respublikamızda rəqabətə davamı iqtisadiyyatın formalaşması ilə nəticələnib. Prezident İlham Əliyev son 22 ildə Azərbaycanı iqtisadi cəhətdən tam müstəqil dövlətə çevirib. Bugünkü kataklizmlərlə dolu olan dünya reallığında suverenlik anlayışını heç də bütün dövlətlərə şamil etmək mümkün deyil. Bəzi dövlətlərin iqtisadi resursları zəifdir, digər bir qism dövlətlərin liderləri müstəqil siyasi iradəyə malik deyillər. Bu və başqa amillərə görə də həmin ölkələr digər dövlətlərin forpostu qismində çıxış edirlər. Belə dövlətlərin müstəqilliyi və suverenliyi şərti səciyyə daşıyır. Azərbaycanın nümunəsi isə fərqlidir. Güclü iqtisadi-maliyyə dayaqlarına malik olan respublikamız hansısa bir məsələni həll etdikdə kənardan, xarici ölkələrdən və beynəlxalq qurumlardan kömək ummur, öz problemlərini özü həll edir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi cəhətdən də müstəqil ola bilməz. Biz qürur duyuruq ki, son iyirimi ildən artıq müddətdə dövlətimizin başçısının müdrik siyasətinin nəticəsi olaraq Azərbaycanın iqtisadi müstəqilliyi və bu əsasda siyasi müstəqilliyi tam təmin olunub. Bu gün ölkəmizin qərarları hansısa paytaxtlarda deyil, məhz Bakıda, məhz Prezident İlham Əliyev tərəfindən verilir.

Prezident İlham Əliyevin tarixi missiyası

İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-“Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində  soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Dövlət başçısı seçildiyi vaxtdan Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Dövlətimizin başçısı yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Beləliklə də, özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.

Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü. Vətən müharibəsində qazanılan Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin olundu.

Liderlik fenomeni, milli gücün konsolidasiyası

Dünya tarixindən liderlərin ölkələrin, xalqların taleyində müstəsna rol oynadıqlarına aid çoxlu sayda nümunələr gətirmək mümkündür. Bizim tariximizdə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın güclü iqtisadi, siyasi və ideoloji əsaslarını yaradan Lider kimi əbədi qalacaq. Son 22 ildə isə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Azərbaycan Prezidentinin liderliyi mücərrəd deyil, əksinə konkret məzmuna malikdir və real məqsədləri hədəfləyir. Dövlətimizin başçısı zamanın nəbzini tutur, yaranan yeni çağırışlara uyğun prioritetlər müəyyənləşdirir, milli gücün yenilənən ideyalar ətrafında konsolidasiyasını təmin edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. İlham Əliyev isə ona görə fateh Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var. Bu vəhdət Vətənimizi zəfərlərdən zəfərlərə daşıyır. İlk baxışda elə təsəvvür yarana bilər ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə hədəflərinə çatıb, daha gərgin fəaliyyətlərə, qüvvələrin səfərbər edilməsinə ehtiyac yoxdur. Ancaq İlham Əliyevin liderliyi ilə Azərbaycan dayanmır. Dövlət başçısı cəmiyyəti yeni strateji mərhələdə yeni ideyalarla silahlandırır və Özü qabaqda gedərək ölkəni arxasınca aparır.

Son 22 ildə ölkədə xalq-iqtidar həmrəyliyini təmin etməsi, respublikamızı “idarə olunan xaos” ssenarilərindən qoruması Prezident İlham Əliyevin ən böyük uğurlarından biridir. O, beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün İslamofob dairələrin və anti-Azərbaycan mərkəzlərin ölkəmizdə həyata keçirmək istədikləri rəngli inqilab planını məharətlə pozub, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qoruyub. Bəlli mərkəzlərin ayrı-ayrı ölkələrdə reallaşdırmağa nail olduqları “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin nə qədər ağır fəsadlara yol açdığı hər kəsə bəllidirr. Ölkələrin tarixi kökləri məhv edilir, milli-mənəvi dəyərlər aşılanır, cəmiyyətlər məqsədli şəkildə manqurtlaşdırılır. Bir neçə dəfə cəhd göstərilsə də, Azərbaycanda belə ssenariləri həyata keçirmək mümkün olmayıb. Respublikamızda demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi işlək və təhdidlərə qarşı immuniteti yüksək olan siyasi sistem formalaşıb. Siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərməklə yanaşı, ümummilli məsələlərdə dövlətlə həmrəylik nümayiş etdirirlər.

Eyni zamanda, Prezident İlham Əliyev dünya üzrə azsaylı liderlərdəndir ki, multikulturalizmi hər zaman təşviq edir. Burada da dövlətimizin başçısı ölkəmizin tarixi ənənələrinə və bugünkü reallıqlarına əsaslanır. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Xankəndidə Azərbaycan Bayrağının ucaldılması

Vətən müharibəsində möhtəşəm Zəfərə imza atsaq da,  hələlik tarixi missiyamız tamamlanmamışdı. Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi bizim üçün maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində respublikamızın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı.

Lakin heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmayıb. Sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olub və 2023-cü il sentyabrın 19-20-də həyata keçirlən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticəsində ərazilərimizdə separatizmin kökünün tamam kəsilməsi ilə öz məntiqi sonluğuna çatıb. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək tarixi missiyasını tamamlamaqla Xankəndidə Azərbaycanın dövlət bayrağının ucaldılacağı günü yaxınlaşdırıb.

Və o gün gəldi. Uğurlu lokal xarakterli antiterror tədirərindən sonra da biz tariximizdə əbədi qalacaq anlara şahidlik etdik.  Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də  Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirlərində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Bu gün ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub və bayrağımız əzəmətlə dalğalanır.

Ötən ilin əvvəlindən isə suveren Azərbaycanın həyatında iki mühüm hadisə baş verib. Ölkənin bütün ərazisində fevral ayında Prezident, sentyabr ayında isə parlament seçkiləri baş tutub. Beləliklə, müstəqillik tariximizdə ilk dəfə olaraq Prezident və parlament seçkiləri Xankəndi və Xocalı da daxil olmaqla ölkənin bütün ərazilərində keçirilib.  Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “... Prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, - deyə vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

3 badam, 1 qoz

15 Oktyabr 15:07  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Gündəm

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Qiymətlər artacaq, yoxsa?

15 Oktyabr 10:12  

Analitik

Analitik

Analitik

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31