Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı

Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı

26.08.2025 [12:33]

Azərbaycan - Özbəkistan - Türkmənistan birliyi yeni nizama nə vəd edir?

Siyasi dialoqun inkişafı çoxtərəfli inteqrasiya imkanlarını artırır

Son illər dünya siyasətində güc mərkəzlərinin dəyişməsi və yeni regional ittifaqların formalaşması müşahidə olunur. Beynəlxalq miqyasda baş verən ziddiyyətli proseslər, qlobal iqtisadi rəqabət, Avropa İttifaqının enerji böhranı, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdə gərginliyin artması bütövlükdə yaxın-uzaq regionlar üçün birliyi, əməkdaşlığı və siyasi dialoqu strateji zərurətə çevirib. Belə bir şəraitdə Türk dünyasının inteqrasiyası yeni mərhələyə qədəm qoyur. Son dövrlərdə mühüm strateji geosiyasi məkana çevrilmiş Orta Asiya - Cənubi Qafqaz coğrafiyası bir çox ştrixlər üzrə diqqət mərkəzindədir. Qlobal iqtisadi layihələrlə yanaşı, bu coğrafiyanın siyasi dividen?ləri də böyük cazibə qüvvəsi formalaşdırır. 

Azərbaycanın Zəngəzur dəhlizinin (Tramp yolu) açılması istiqamətində apardığı fəaliyyət vurğulandığı kimi, regionun siyasi əlaqələrinin möhkəmlənməsi üçün də stimula çevrilir. Xüsusilə, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi fonunda Azərbaycan, Özbəkistan və Türkmənistanın daha yaxın əməkdaşlıq formatı sərgiləməsi diqqət mərkəzinə düşür - bu üç ölkə coğrafi mövqelərinə, enerji resurslarına və tarixi-mədəni bağlarına görə yalnız region üçün deyil, həm də qlobal siyasət üçün strateji əhəmiyyət daşıyır. Xəzər dənizinin hər iki sahilində yerləşən Azərbaycan və Türkmənistan Avropaya çıxış imkanlarını təmin edir, Orta Asiyanın mərkəzində dayanan Özbəkistan isə demoqrafik, iqtisadi və siyasi potensialına görə bu birlikdə təməl dayaqlardan biridir.

Bu mənada, Türkmənbaşı şəhərində keçirilən Azərbaycan - Özbəkistan - Türkmənistan üçtərəfli yüksəksəviyyəli görüşü bu əməkdaşlığın formal yox, real siyasi format aldığını nümayiş etdirdi. Liderlərin çıxışlarında səsləndirilən fikirlər göstərdi ki, söhbət yalnız iqtisadi tranzit, enerji və logistika layihələrindən getmir; bu üçlüyün yaratdığı yeni platforma həm də ciddi siyasi dividendlər qazandırır. Azərbaycan, Özbəkistan və Türkmənistan əməkdaşlığı TDT daxilində “strateji üçbucaq” rolunu oynayaraq Türk dünyasının siyasi inteqrasiyasını sürətləndirir. Bu birlik həm regional güc balansına təsir edir, həm də qlobal oyunçular qarşısında müstəqil manevr imkanlarını genişləndirir.

Tarixi görüş, tarixi sammit...

Qeyd olunduğu kimi, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında yüksəksəviyyəli görüş keçirilib. Görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış edən liderlər siyasi birlik mesajları veriblər. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bildirib ki, görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır: “Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsini, - xüsusən siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə, - müzakirə etdik. Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, görüş xalqların maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirib: “Qeyd etmək istəyirəm ki, mürəkkəb qlobal siyasi proseslər və dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində tərəfdaşlığımız dayanıqlı inkişafın təmin olunmasına yönəlib”.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır: “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür”. Dövlət başçısı deyib ki, bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.

Balans yaradır...

Yerləşdikləri bölgədə mühüm siyasi-iqtisadi aktor kimi çıxış edən ölkələr yeni nizamın formalaşması üçün mühüm strateji yol xəritəsi müəyyənləşdirir. Bu strateji yol xəritəsinin ştrixləri isə 5 ildir ki, formalaşıb:

- Cənubi Qafqazın lideri Azərbaycan 44 günlük müharibədə qazandığı qələbə nəticəsində siyasi proseslərin axarını dəyişib, yeni transformasiya üzrə yeni təhlükəsizlik arxitekturası yaradıb;

- Orta Asiyada böyük siyasi-iqtisadi, hərbi potensiala malik Özbəkistan bölgədə mərkəzləşdirici, hətta demək olar ki, birləşdirici rol oynayır;

- TDT-nin hələlik müşahidəçi üzvü qismində çıxış edən və geniş enerji resurslarına malik Türkmənistan da regional proseslərin aktiv iştirakçısı qismində çıxış edir.

Əslində, bu üç ölkənin birliyi bütövlükdə, Türk dünyasının genişzolaqlı əməkdaşlıq perspektivini özündə əks etdirir. Beləliklə, bu birlik fərdi müstəvidən daha çox  kollektiv siyasi çəkidə əlavə dividendlər vəd edir. O mənada ki, bu birlik gələcək üçün balans siyasəti və qlobal oyunçularla dialoqda davranış qaydalarını da yeni dövrə nəzərən korrektə edir. Bu əməkdaşlıq regionda Rusiya, Çin, ABŞ və Avropa İttifaqı kimi qlobal güclərə münasibətdə balansı gücləndirir, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarda olduqca müsbət aura yaradır:

- Rusiya keçmiş post - sovet məkanında ənənəvi təsirini saxlamağa çalışır - amma üçlüyün müstəqil addımları Moskvanın regional dominantlıq arzusunu neytrallaşdırır. Əməkdaşlığın genişmiqyaslı (həm ikitərəli, həm də təşkilatlar çərçivəsində) olması bu məsələdə əsaslı əhəmiyyət daşıyır;

- Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Orta Dəhliz üzərindən strateji tərəfdaş kimi çıxış edən bu üç dövlət əməkdaşlıq formatını daha da gücləndirir və bölgənin gələcəyi üçün mühüm və müsbət üfüqlər formalaşdırır;

- AB-nin ənənəvi təsir imkanları (fərqli siyasi institutlar və fondlar vasitəsilə) bloklanır və artıq öz aktuallığını tam itirir. Beləliklə, bölgənin daxili işlərinə müdaxilə imkanları da ən minimal səviyyədə azalır, hətta yox olur;

- ABŞ-ın bölgə ilə yeni əməkdaşlıq konsepsiyası vacib bir mərhələyə qədəm qoyur. Vaşinqtonun yaxın tərəfdaşı qismində çıxış edən Azərbaycan regionla ABŞ arasında münasibətlərin tənzimlənməsində açar rolunu oynayır.

Beləliklə, bu balans siyasəti hər üç ölkəyə qlobal diplomatiyada əlavə manevr və siyasi dividendlər qazandırır.

Koordinasiya imkanı...

Əməkdaşlığın koordinasiyasının ortaya qoyduğu üstünlüklərdən danışılan zaman təhlükəsizlik arxitekturasında yeni mərhələni xüsusi qeyd etmək lazımdır. Mərkəzi Asiyada yaşanan vəziyyət, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə gərginlik fonunda üçlüyün əməkdaşlığı regional təhlükəsizlik sisteminin əsas sütunlarından birinə çevrilə bilər. Azərbaycan ilə Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq bir neçə istiqamətdə inkişaf edir - Türkmənistan isə neytral mövqeyindən çıxmadan kollektiv təhlükəsizlik mexanizmlərində iştirak edə bilir. Bu siyasi dividend TDT-nin gələcəyi üçün də olduqca vacib əhəmiyyət daşıyır - belə ki, Azərbaycanın həm də Türkiyə ilə müttəfiklik bəyannaməsi imzalaması fonunda əməkdaşlığın vahid təhlükəsizlik platformasına çevrilməsi perspektivi də yaranır.

Paralel olaraq Özbəkistan Azərbaycan və Türkmənistan arasındakı dəniz yolundan özünün iqtisadi inkişafı üçün aktiv istifadə etmək imkanı qazanır - Özbəkistan Xəzərə birbaşa çıxışı olmayan dövlət olsa da, əməkdaşlıq vasitəsilə özünün beynəlxalq təsirini artıra bilər.  Xəzər üzərindən koordinasiya isə həm enerji, həm də siyasi müstəvidə kollektiv üstünlük yaradır.

TDT-nin Şərqi ilə Qərbi arasında əlaqə güclənir

3 qardaş və Türk əsilli dövlətin arasında yaranan əməkdaşlıq və dostluq müstəvisi birmənalı şəkilddə TDT-nin inkişafında da yeni mərhələ formalaşdırma imkanı yaradır. Düzdür, Türkmənistan hələlik qurumun müşahidəsi qismində üzvüdür, amma yaxın perspektivdə tamhüquqlu üzv olma ehtimalı böyükdür. Hətta bunun mümkünlüyü ilə bağlı Türkmənistanın dövlət rəhbərləri bir neçə dəfə fikir bildiriblər. İndiki halda isə Türkmənistanın Azərbaycan və Özbəkistanla əlaqələrinin güclənməsi bu ehtimalı daha da artırır. Beləliklə, Azərbaycan - Özbəkistan - Türkmənistan üçlüyü Türk dünyasının “strateji körpüsü” rolunu oynamaq imkanı yaradır. Bu birliklə:

- TDT-nin qərb qolu (Azərbaycan - Türkiyə) ilə şərq qolu (Özbəkistan - Qazaxıstan - Qırğızıstan) arasında əlaqə güclənir;

- TDT-nin güclü əməkdaşlığa malik beynəlxalq təşkilat kimi tanınması prosesi sürətlənir;

- Türk dünyasının vahid siyasi mövqelərinin formalaşması mümkün olur.

Bu isə nəticə etibarı ilə həm hər üç ölkə, həm də bütövlükdə TDT üçün ən böyük siyasi dividend hesab oluna bilər. Qeyd edək ki, Azərbaycan bu üçlükdə həm Avropa ilə enerji əməkdaşlığını, həm də Türkiyə ilə strateji müttəfiqliyi təmin edən dövlət kimi ön plana çıxır. Bakı bu birliyi TDT daxilində yeni siyasi inteqrasiya modeli kimi təqdim edir. Bu modelin uğuru Azərbaycanın regional liderliyini möhkəmləndirəcək və Türk dünyasında söz sahibi rolunu daha da gücləndirəcək.

Genişdiapazonlu əməkdaşlıq və gələcək perspektiv...

Nəticə etibarı ilə, Azərbaycan - Özbəkistan - Türkmənistan birliyi təkcə iqtisadi layihələr deyil, ilk növbədə siyasi dividendlər vəd edən əməkdaşlıq formatıdır. Bu birliyin güclənməsi özlüyündə TDT-nin güclənməsinə, qlobal güclərlə balans siyasətinə, regional təhlükəsizlikdə sabitliyə, Xəzər siyasətində koordinasiyaya və vahid əməkdaşlıq mövqeyinin formalaşmasına xidmət edir. Beləliklə, üçlük yalnız regional əməkdaşlıq deyil, həm də beynəlxalq siyasətdə yeni güc mərkəzinin təşəkkülünü formalaşdırır.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30