Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Qarabağın tacı”nda qovuşan İslam mədəniyyəti

“Qarabağın tacı”nda qovuşan İslam mədəniyyəti

14.05.2024 [09:45]

Hər bir azərbaycanlı üçün çox əziz şəhər olan Şuşa 2024-cü ildə zəngin İslam mədəniyyətinin qovuşduğu bir məkan kimi diqqət mərkəzində dayanacaq. Bu günlərdə şəhərin Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı tədbiri xüsusilə rövnəqləndirib. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıblar. 

Azərbaycanın gözü, xalqımız üçün iftixar mənbəyi olan Şuşa

Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa Qarabağın tacıdır. Lakin bu şəhərin əvəzsiz dəyəri yalnız önun coğrafi yerləşməsində, təbii gözəlliyində, uca dağlar qoynunda buludlarla baş-başa verərək möcüzəvi bir səma-məkan vəhdəti yaratmasında deyil. Onun xalqımız üçün böyük mənəvi dəyəri var. 

Şuşa tarixən Azərbaycan şəhəri kimi inkişaf edib və burada onilliklər boyunca zəngin mədəniyyətimizin çox gözəl nümunələri yaranıb. Ölkəmizi bütün dünyada tanıdan muğam ustadlarının, xanəndələrin sıraları kifayət qədər geniş olan pleyadası məhz Şuşanın yetirməsidir. 

Əlbəttə ki, ana təbiətin Şuşaya lütvü öz yerində. Eyni zamanda, tarixi şəxsiyyətlərin Şuşaya diqqət və qayğısı şəhərin sonrakı inkişafında, burada zəngin mədəniyyət formalaşmasında, tarixi abidələrin qorunmasında müstəsna rol oynayıb. Şuşaya açıq səma altında tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxan Heydər Əliyev zamanında bu şəhərdə müstəsna əhəmiyyət daşıyan işlər gerçəkləşdirib. Ötən əsrin yetmişinci illərində Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilib. Bu qərarlara uyğun olaraq şəhərin tarixi abidələri, o cümlədən İslam mədəniyyətinə aid məscidlər bərpa edilib, yeniləri tikilib, şəhər böyüyüb, onun statusu yüksəlib və ümumittifaq səviyyəli kurort şəhərinə çevrilib. Heydər Əliyev müstəqillik dövründə Şuşanın ermənilərin tapdağı altında qalması ilə heç cür razılaşa bilmirdi. O, qürur qalamızın, eləcə də işğal altında olan digər torpaqlarımızın azad edilməsinə çalışır və həmin xoşbəxt günün gələcəyinə inanırdı. “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Heydər Əliyev vurğulayırdı ki,  Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Rəşadətli Ordumuz Müzəffər Lider İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində digər ərazilərimiz kimi, Şuşanı da işğaldan azad etməklə Heydər Əliyevin inamını doğrultdu. Biz Şuşaya qalib xalq,  bu şəhərin əsl sahibləri kimi qayıtdıq. Diqqət çəkən ən mühüm məqamlardan biri ondan ibarətdir ki, Şuşa uzun illər ərzində işğal altında qalsa da, onun tarixiliyinə, milliliyinə qəsdlər edilməsinə çoxsaylı 

cəhdlər göstərilsə də, buna nail olunmayıb. “Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var”, - deyə Prezident İlham Əliyev bəhs olunan tədbirdəki çıxışında bildirib.

Postmüharibə dövründə Şuşanın dirçəldilməsi istiqamətində çoxsaylı layihələr reallaşdırılır. Şəhərin tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. O cümlədən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı tarixi mədəni-dini abidələrə ikinci həyat verilir. İndiyədək dörd məscid yenidən qurulub, digər abidələrdə isə təmir-bərpa işləri davam etdirilir.

İslam dünyasının Azərbaycana hörmət və dəstəyi

Çoxsaylı tarixi abidələrin olduğu Şuşaya yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında böyük rəğbət bəslənilir. Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa ili” elan olunub.  2023-cü ildə  Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. 2024-cü ildən isə Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyacaq. 2023-cü il sentyabrın 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri bu şərəfli ada layiq görülüb.

Birinci dəfə deyil ki, Azərbaycan şəhəri İslam dünyasının mədəniyyət paytaxtı adını qazanır. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Cari ildə isə əziz Şuşamız bu şərəfli adı daşıyacaq. Müxtəlif illərdə Azərbaycan şəhərlərinin İslam dünyasının mədəniyyət paytaxtları seçilməsi isə heç də təsadüfi deyil.  Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində İslam dini xüsusi yer tutur. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.

Hazırda müstəqil Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində fəal iş aparır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradənin ifadəsidir. Öz növbəsində İslam dünyası da Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasəti yüksək dəyərləndirir. 

Zəngin Şuşa ili

Şübhə yoxdur ki, geniş İslam coğrafiyası zəngin Şuşa ilinə şahidlik edəcək. Xatırladaq ki, Prezident İlham Əliyev “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 21 noyabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb. Eyni zamanda, Nazirlər Kabineti tərəfindən geniş Tədbirlər Planı təsdiqlənib. Prezident İlham Əliyev bu etimadı yüksək dəyərləndirərək “Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq”, - deyə vurğulayıb.

İl ərzində İslam dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi  və bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının, “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin, digər təqdimatların keçirilməsi gözlənilir.

İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin nümayişi, kitab təqdimatlarının keçirilməsi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) qərargahında (Mərakeşin Rabat şəhəri - red.) Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.

İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi, İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi də gözlənilən tədbirlər sırasındadır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31