Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür

“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür

08.05.2024 [09:30]

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi

- Tahir müəllim, mayın 10-u müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Heç şübhəsiz, Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları həm xalqımızın siyasi və milli-mənəvi sərvəti, həm də Azərbaycanı parlaq gələcəyə aparan dəyərlər sistemidir. 

- Müdrik dövlət xadimi Heydər Əliyev istər zəngin dövlətçilik irsi, istərsə də bütün dövrlər üçün aktual olan mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyət və fenomenal lider kimi öz adını nəinki Azərbaycan və Türk dünyasının, bütövlükdə bəşər tarixinə əbədi həkk etdirmişdir. Azərbaycanın dövlətçilik tarixinin yeni və müasir mərhələləri - SSRİ dönəmi və müstəqillik dövrü Heydər Əliyev şəxsiyyətinin xalqımızın taleyində müstəsna rola malik olduğunun birmənalı sübutudur. Xalqımızın tarixi ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasını, azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlayan Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində yüksək vətənpərvərlik nümunəsi sərgiləyərək və misilsiz fədakarlıq göstərərək Azərbaycan naminə əzmlə çalışmış, xalqımıza böyük nailiyyətlər qazandıraraq çoxəsrlik dövlətçilik tariximizi möhtəşəm uğurlarla zənginləşdirmişdir. 

O, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın inkişafına xidmət edən böyük milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik işlər görmüşdür. Hələ SSRİ dönəmində ölkəmizin intibahını təmin edən və gələcək müstəqilliyinin əsaslarını yaradan  Heydər Əliyev ötən əsrin 90-cı illərində olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyinə arxalanaraq öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən, müstəqil dövlət kimi hətta mövcudluğunu itirmək təhlükəsindən xilas etmiş, sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın perspektiv inkişaf yolunu müəyyən etmişdir. Bu gün iftixarla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinə malik xalqımıza tarixi və mənəvi-siyasi mirasıdır.

Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri siyasi varisliyin təmin edilməsidir. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev xalqı bir yumruq kimi birləşdirərək yerinə yetirmiş və müstəqil Azərbaycanı qalib dövlətə çevirmişdir. Bugünkü möhtəşəm reallıq - çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı məhz Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsidir. Müəyyənləşdirilmiş strateji hədəflərin reallığa çevrilməsi nəticəsində Azərbaycan dövləti Ümummilli Liderimizin arzuladığı - görmək istədiyi kimi əzəmətli və qüdrətlidir. 

- Heydər Əliyev ideyalarının öyrənilməsinin müstəsna önəmi və bu istiqamətdə Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər barədə fikirlərinizi bilmək istərdik... 

- Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin ən böyük uğurlarını yaşayan Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini, eləcə də Onun ideyalarını, zəngin dövlətçilik irsini, idarəçilik məktəbini milli-mənəvi sərvətimiz kimi olduqca yüksək dəyərləndirir.

Ümumiyyətlə, Ulu Öndərin ideyaları müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradan siyasi-ideoloji sütundur. Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, tarixiliklə müasirliyin vəhdətini yaradan ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olan aktual və vacib məsələdir.

Ümummilli Liderin ideyaları əsasında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadını doğruldaraq yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən Yeni Azərbaycan Partiyasının Proqramında da Heydər Əliyev irsinin yaşadılması partiyanın əsas hədəflərindən biri kimi göstərilib. Proqramda qeyd edildiyi kimi, Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev yolu indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsidir.

Qeyd edim ki, Ulu Öndərin Azərbaycan tarixində müstəsna yerinə və roluna, dövlətçilik tariximizin taleyüklü mərhələlərinə hərtərəfli nəzər salmaq, dahi şəxsiyyətin əbədişayar ideyalarını xüsusilə yeni nəslə aşılamaq məqsədilə partiyamız tərəfindən hər il olduğu kimi, “Heydər Əliyev İli” çərçivəsində də  çoxsaylı tədbirlər - elmi-praktik konfranslar, aksiyalar, görüşlər, müsabiqələr həyata keçirilmişdir. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi, regionun lider dövlətinə çevrilmiş və Zəfər zirvəsinə yüksəlmiş Azərbaycanın inkişaf yolunun tədqiqi kontekstində də böyük önəmə malikdir.

Şübhəsiz, Ulu Öndərin əbədiyaşar ideyalarının, zəngin dövlətçilik təcrübəsinin öyrənilməsi hər zaman aktualdır və Yeni Azərbaycan Partiyası da bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyətini davam etdirir. Diqqətə çatdırmaq istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP-ın təşkilatçılığı ilə respublikanın bütün bölgələrində silsilə tədbirlər həyata keçirilməkdədir, 2024-cü il mayın 10-da isə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda zirvə konfransı keçiriləcəkdir.

- Tahir müəllim, Heydər Əliyev irsinin öyrənilməsində Onun siyasi fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən fundamental tədqiqat əsərlərinin də mühüm rolu var. Bu baxımdan, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyasını ayrıca qeyd etmək lazımdır. Geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan və artıq bir sıra ali təhsil müəssisələrinin tədris planına daxil edilən monoqrafiya Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim edilib. Bu elmi əsərin Heydər Əliyev irsinin öyrənilməsində əhəmiyyətini necə qiymətləndirmək olar?

- Zəngin mənəvi-siyasi xəzinə olan Heydər Əliyev irsinin istər ölkəmizdə, istərsə də regional və qlobal müstəvidə baş verən proseslər prizmasından tədqiqi Azərbaycan dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi və etibarlı gələcəyinin təmin edilməsi üçün olduqca vacibdir. Bu günə qədər Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı fundamental, elmi-nəzəri baxımdan zəngin və konseptual xarakterli  əsərlər ərsəyə gətirilib.

Bəhs etdiyiniz elmi əsər - partiyamızdan olan millət vəkili Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiya da Heydər Əliyevin ideya-siyasi xəttinin, Prezident İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunun öyrənilməsi və yeni nəslə aşılanması, bütövlükdə müasir müstəqil Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun hərtərəfli araşdırılması baxımından dəyərli mənbədir. 

Dörd fəsildən ibarət olan monoqrafiyada Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik dövründə xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetləri və real nəticələrindən,  respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Liderimizin əbədiyaşar ideyalarının gerçəkləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malik fəaliyyətindən geniş bəhs olunmuş, müəllifin analitik qənaətləri tarixi faktlar və müasir reallıqlar əsasında diqqətə çatdırılmışdır.  

Bütövlükdə, tədqiqat metodologiyasına, məsələlərə konseptual və elmi-nəzəri yanaşmasına görə bitkin elmi-siyasi əsər kimi bu monoqrafiya Heydər Əliyev irsinin öyrənilməsinə dəyərli töhfədir. Tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələrinin dövri mətbuatda sözügedən əsər haqqında dərc olunmuş məqalələrində əks olunan fikirlər də bu reallığı təsdiqləyir. Ona görə də düşünürəm ki, əsərin Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür.

Alqış HƏSƏNOĞLU

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31