Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / "Xocalı Simfoniyası"

"Xocalı Simfoniyası"

24.02.2016 [17:59]

Nurəngiz GÜN

 

"Xocalı Simfoniyası"
(Rekviyem poema)

 

İlahi! Sən Onlara rahatlıq ver...
İlahi! Təskin et!…
Sən onlara səma nəğmələri göndər,
təsəlli səp...

 

***
Yox, Rüzgar! O cürə əsmə sən!
Torpaqda...
Torpağın altında
dipdiri ölülər var!
Diksinə bilər Onlar...
Alt-üst etmə torpağı, ey Rüzgar,
Onlar onsuz da yazıq!
Tələf olubdur, Onlar!

 

***
Hə, Rüzgar... Bəli, Rüzgar!
Orda Ölülər yatır...
Orda Ölülər dipdiri! Oyaqdır, Ölülər...
Zikkələri, səsləri oyaqdır!
Əlavə zınqırov istəmir,
onların nə təngizar qulaqları,
nə yorğun-arğın-üzgün
bədən hücrələrindən
üzülən zuzələr! Yox, istəmir Onlar daha,
Dünyadan axan səsləri!!!
Onların sümük xatirəsində
indi yalnız
diri-diri
torpağa əndərilmiş Böyük Hürkü,
şaşqın qışqırıqlarının yaddaşı yaşayır!
Bir də ki... " Lənət sənə, Faşizm!"-
"Lənət sənə...
lənət sənə!…"- hayqırıqları yaşayır!…

 

***
Hə, Rüzgar! İndi Onlar dərin uğultularda
Simvolik Marsilyoza vıyıltısı oxuyur...
Sivil dünya bir şey anlasın deyə!
Xor oxuyurlar Onlar
Vəhşətə!!!
Dünya bir şey eşidə bilsin deyə!

 

***

Hə, Rüzgar! Eşidə bilirsənmi,
Səslərin ən mükəmməli
Əsrin Simfoniyasını? - Ölülər himnini! -
Onlar yerin mantiya qatından
Məkrin Oyun işinin
Məcmusunu -
məşum nəğmələrinin
Odasını oxuyur...

***

Hə, Rüzgar! Al Onların güclü faciəsini
qarışdır fırtınalı hirsinə, Səsləri...
Apar ötür onlara da –
O tay, bu tay Okeanı zəbt edib oturmuş
Zorunlara! Atları Əflatun Fironlara da!

 

***

Bəli, cahan!
O torpağın adı Məlul Xocalı!
Çəpəri qalın çəkilib...
Hə, Ruzgar, hərdən soruşuram Ondan
xəyalən:
"- Xocam!… Məğlubum!… Necəsən?
Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi –
Bəd Qonşu? -
Drammatik "Yazıq erməni" ilə
Məşhur Qırmızı Qospodin?" –
O! Qospodi! Nə nazik əndişədə olmuşdur
Köhnə Sovet humanisti? -
Motoatıcı daşıyan
kütləvi qırğın maşını? -
"Möhtəşəm" bir Alay!!!

 

***

Ah, mənhus düşüncə!
Necə yəni, Allah yaradanı sən,
Bir gecədə yox edəsən?!
Əhsən, ey İnsan, əhsən,
Sən bu antik işinlə
Xirosima dəhşəti, Xatın faciəsini də
Çox-çox arxada qoydun!

 

***

Bəs əsir-yesirlər? Bir deyil, on deyil,
Minmindir, yüz mindir əsirlər!
Sarsılan, əzilən həyatlar -
yüz min, yüz min,
yüz min, yüz min... yüz mindir!

 

***
Ah, fırlanır bəbəklər çuxurunda,
Çuxurundan indicə çıxacaqdır bəbəklər!
Çün yaşamaq - ehtiyacdır!
Yaşamaq - su istəmək, çörək dadmaq,
Sevməkdir, sevilməkdir - yaşamaq!

 

***

O! Məryəm Anaaa! Müqəddəs!...
Mən səni çox sevirəm...
Bəlkə, Sən cavab verəsən,
Nədir bu? Nə demək "Xof və İnsan?" -
Hardan axır axı kilsə zəngləri?
Zor edir, zorunluqla soxulur
müsəlman obasına.
Sizlərdə beləmi zorakıdır Kəlisa? -
Allahın müqəddəs evləri?...
Yəqin, elə onunçün da özünüz öz əlinizlə
Mıxladınız çaharı-mıx gözəlim İsanı!
O! Mariya! Gözəl Ana! Belə isə,
Faydasızdır sizlərdən etina gözləmək,
Ah, hava... sevən... müqəddəs!…

 

***
Ah! Boğulur, cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri, qolları yorulur...
Heç bir şey anlamır,Cocuqlar!
Cocuqlar top-top oynamaq istəyir
torpağın altında.
Cocuqlar birtəhər ovunar
Havasız... nəşəsiz...
Torpağın altında...
O! Məryəm!...
Ancaq ki, ana məməsi istəyir
körpələr torpağın altında!
Heç bir şey anlamır inqalar!…
İnqalar ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!…

 

***
Ah!…
Səslərə ürpəşirəm,
Şum edilmiş insanların Kütləvi Qırğınına
daraq çəkə bilmirəm....
Bax, ona ağlayıram,
Məryəm Anaa!...
Axı Dünya özbaşında!
Axı Dünya çox məşğul!
Amma... hava istəyirmiş... uşaqlar,
Məryəm Anaa!...
Allahın mələk qızı...

***

Ah, Rüzgar! Dostum ol!... Bura bax...
Sən torpağı süpürüb ötəndə
şayəd görə bilirsənmi hərdənbir
belibükük əkinçi-biçinçi kölgələri...
Öpə bilirsənmi sən arada
boşuna yellənən sünbüllü zəmiləri?
Bəs
O Nəhəng Ananı - Ən Nəhəng Qüssəni
Gördünmü?
Görmədiiiiin?…
O sənə heç bir şey demədiii?
Demədimi,
Bütün Oyaq Kölgələr – hamısı ah?!…
Yox! Dedi! Mən eşidirəm Onu!
Eşidə bilirəm
Onların hamısını!
Bir-birinin ətəyini dartışdıran
Heç bir şey anlamadan
burnunu qurdalayıb
zırıldayan uşaqların
Ölüm Şərqilərini
Mən eşidə bilirəm!

 

***
Və varındısa... sən Allah, ey Rüzgar,
fırça gətir!
Mən bu Qlobal Ahın şəklini çəkərəm!
Çəkə bilərəm Onu -
Bəşəriyyət önündəki
Zülmün Nəhəng Pannosunu!
Çün indicə Dünya üçün
himn oxuyub qalxacaq
O məğrur, əsrarəngiz, Yek Ana -
Mübarizə Simvolu Vətən qızı! O Fosfor!...
Zühr etmiş bir güclü biçarə...
Of, Allah, uçan dodaqlarıyla
"İnsan"ı hayqıracaq,
o məsum tifilləri,
Yer üzünün bütün həlaklarını,
Zilləti hayqıracaq!

 

***
Hayqıracaq!
Tələb edəcək Gözləri...
Tələb edincə, eyvah,
Boğazının bütün telləri ilə
rüsvay edəcək təzədən o Kölgə
Cahanın Canavar İştahlı
Cümlə Adamyeyən Kolunun...
Cümlə Yırtıcılarını!

 

***
Kilsə zəngləri çalxanır
beynində yenə də...
Nədən bu? Güc edir bu səs ona.
Gic edir...
İlahi! Sən Onu sakit et!
Gözlərində alov var,
Alov alışır Onun, bu ilahi Fosforun...
Bütün sümüklərində; Xocalı yanırmış,
Xocalı alovda... Of, Allah, Allah, Allah,
Xəritənin göbəyi – Qədim Mesopotamiya –
Bağdad da yanırmış!…
Onun göz çuxurlarında...
Bir yandan da çəkic döyür beynində,
Ona yad ahənglər
Ağır qalay kimi basır,
Cənghacəng-canqacunq səslər...
Yorur Onu yeknəsəq yad ahəng!
O, bunu istəmir!
Səsləri səslərə qarışdırmaq istəmir!
Onun qulaqlarında
yerlə yeksan olub qalmış
uşaqlarının səsi, yiyəsiz avazlar,
toz kimi, qum kimi ələnən
azan səsləri yaşayır!
Özü demiş, bu Kəllə Kəlisanın
ona yad notlarını
eşitmək istəmir! Yox, eşitmək istəmir!
Bütün Allah Evləri –
Allah məbədlərindən
yüksələn səsləri
o daha eşitmək istəmir!!!

 

***

Beynində iğtişaş var!
O, yenə də yüyürüb, yüyürüb...
Yüyürəcəkdir müdam...
O nə isə edəcəkmiş...
Kimi isə edam da edəcəkmiş...
Ay Allah!
Fəqət gücü çatmayır!
O, heçdir, puçdur artıq,
ay Allah!..........
O artıq bihudə varlıqdır.....

 

***

İlahi! Kömək ol! O, təkdir!... Anadır...
Tək qalıb... torpağın üstündə...
Biçarədir...
O elə köməksiz, elə müti ki!...
O Ruhdur!.. Güc gəlib torpağa...
Lağımlar, yarğanlar incidib...
Necə də sinirli, sehrli gəlibmiş...
Gəlmiş ki,
Laylasını üst qatda oxusun!…
Gəlmiş ki,
Eşitsin Onu Dünya üst qatda!…
Onunla bərabər hönkürsün
bu məşum nağıla
İnsan olan bəşər də!...
Axı qalın yorğan çəkir,
Nəhəng faciə üstünə
Üst Qatlar!

***

Ax, nədən bu?…
Cızdağı çıxır Onun,
qəsbkar cəng-vüng-cəngləri
eşitmək istəmir!...
Adamlarsız pəncərələr,
evciklər, küçələr
yetim baxan yuvalar başından ələnən
O zorun səs selini istəmir!
Boşuna
humanizm yelləyən
sədanı istəmir!
Külə dönən Obasından,
Məskənindən közərən
Yad kölgələr – yalan titrəmələrə
Sümük qəfəsində O,
Qətrə qədər hörmət də bəsləmir!!!
Və təcəlla edib ki, o Fosfor...
batqın arzularını yonub töksün
Torpağa,
Və elə Torpaq üçün
bütün həyəcanı ilə
həzin... layla...
dua tərənnümləri oxusun...
Və son nəqərat, son epiloq kimi O,
elə hey hayqırsın: Cavabdehsiz!
Cavabdehsiz, Cavabdehsiz,
Cavabdehsiz, belində hərb gəzdirən
Cahanşümul Şümürlər!
Müntəzirsiz cavaba, Cahan Goreşənləri!
Dünyanı bazar bilən
Müsrəsna "Alış-veriş Əmiləri!"...

 

***

Ah, göyərçin balaları neylədiz?
Neylədiz, Nəfəsləri? Əmilər!…
Hanı Səslərrr?!!
Amma sərçə deyildi Onlar,
Əmilər!

 

***
Heç girirmi yuxunuza
sönən işıqlar, həyatlar,
lal baxan ləpirlər...
Üşüdürmü Sizləri hərdənbir
xərək-xərək Ölülər?
Təbəssümü qəfil kirimiş olan
Uşaqların məzlum pıçıltıları?
Əmilər!!!

 

***

Ah, yetim baxır nəbatat...
O küknar hələ də ağlayır...
Yolur-tökür saçlarını yoncalar,
o balaca qız üçün.
Çöl boyu qaçışan
"can gülüm can" oynayan uşaqlarçün
Darıxır yoncalar... ağaclar!
Bu ayrılıq felinə Sizsiniz günahkar,
Bəşəri Zalımlar!

 

***

Əl çəkin! Qırın hərbin belini!
Dağıdın təbilini siz onun!
Doğrayın müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı düşünün! Ürəksiz Məliklər!
Dünya Kələkbazları!
Dü-şü-nünn!!!
Dünya yalnız sizin deyil!
Düşünün!!!
Düşünməyə çox dəyər!...

 

***

Ah, yetim baxır o Bağçabağ...
O qızın qıvırcıq tellərindəki
yaş danəciklərini...
parıltını...
danələri... axtarır... Bağçabağ!..
Ah, nə yazıq!...

 

***

İlahi! Sən onları rahat et...

SON

Paylaş:
Baxılıb: 3422 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30