Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / İSTİQLAL SƏNƏTKARI

İSTİQLAL SƏNƏTKARI

13.11.2012 [03:56]

Qədim Şərq fəlsəfəsində deyilir: “Özünü dərk et! Onda Allahı və bütün kainatı dərk etmiş olarsan”.
Doğrudan da, bəşəriyyət yarandığı gündən üzü bəri özü ilə nə qədər yeniliklər gətirsə də, böyük təkamül yolu keçsə də, insanın özünü dərki, subyektin bəşəriyyət və cəmiyyət adlı obyekt qarşısındakı məsuliyyətinin, vəzifə borcunun dərki ən vacib həyat şərtlərindən biridir.
Dağılan köhnə cəmiyyətin ardından keçid etdiyimiz yeni cəmiyyət humanistlik, sədaqət, mənəviyyat, fədakarlıq, təvazökarlıq, xeyirxahlıq və s. bu kimi ali keyfiyyətləri, əxlaq normalarını şüurlardan silməyə cəhd edərək, kapital və kapitalist, altun və sərvət düşüncə tərzini beyinlərə yeritməyə çalışdı.
Demokratiya adı altında xarici qüvvələr yeni yaranmaqda olan dövlətlərdə süni münaqişə ocaqları yaratmaqla, insanları bir-birinə qarşı qoymaqla, cəmiyyətin bir qrup deyinən və deyinməkdən başqa əlindən bir iş gəlməyən oyunbazlarına ianə, pul şəklində qrant verib şirnikləndirməklə dövlətin üstünə qısqırtmağa çalışmış, dövləti içəridən zəif salaraq onun yeraltı sərvətlərindən öz təsir mexanizmləri vasitəsilə bəhrələnməyi qarşılarına məqsəd qoymuşdur.
Keçid dövrünün ilk illərində başların itirilməsi, səriştəsiz insanların iş başına gətirilməsi, cəmiyyətdə anarxiyaya aparan proseslərin xaricdən idarə olunması, müstəqil televiziyaların ali ideyaların tərənnümündən uzaq salınması, mətbuatın əsil ziyalı sözündən ayrılaraq ayrı düşməsi, daha çox təhqir və böhtanlara, çayxana söhbətlərinə yer ayırması, cəmiyyətdə insanlar arasında bir-birlərinə ədavət, kin, qəzəb toxumunun səpilməsi, insanların milli teatrlarımızdan, ədəbiyyatımızdan uzaq düşməsi bir çox insanların özünü dərkini zəif salsa da, əsil ziyalı ordusu, vətəndaş, Vətən və cəmiyyət qarşısındakı özünü dərki, vəzifə borcunu unutmadı, ən ali amalları başı üzərində bayraq edərək, Vətənin ən çətin, ən ağrılı məqamlarında sözünün kəsəri ilə öndə getdilər, əsil sözə və sənətə sadiq qalıb sözləriynən söz zirvəsinə, elmləriynən alimlik fövqünə, sənətləriynən sənətkar, fədakarlıqlarıynan qəhrəmanlıq zirvəsinə ucaldılar.
Belə qəhrəman sənətkarlardan biri də Mikayıl Mirzə idi.
Atam 1947-ci ilin ocaq (yanvar) ayının 1-də Şamaxının Talış kəndində dünyaya gəlib. Dünyaya gəlişini hamı kimi xatırlamasa da, anasının qara gözlərini yaxşı xatırlayırdı. Ona görə də, bir dəfə poeziya gecələrinin birində tamaşaçının ona “hansı rəngi sevirsiniz?” sualına:
- Qara rəngi sevirəm- deyə cavab vermişdi.
- Əcəba, niyə qara rəngi?
- Çünki gözlərimi dünyaya ilk açanda anamın qara gözlərini görmüşəm. Lakin qaraqabağı sevmirəm, qaranlığı sevmirəm, qara yaxanı, fikri qaranlıq olanları, qaraguruhu sevmirəm.
Mən deyərdim ki, Mikayıl Mirzənin həyatda ilk mübarizəsi elə qaranlığa olan münasibətindən başladı. Çünki qaranlıq onun üçün şər qüvvələrin toplaşdığı, qara fikirlərin məhz orada yarandığı bir məkan idi. Mikayılı həyata və onun mübarizələrinə hazırlayan yuxarıda qeyd etdiyim kimi özünü dərkə olan münasibəti, vicdanı uğrunda ardıcıl mübarizəsi, saflıq, haqq uğrunda fəal həyat mövqeyi idi. Mikayılın əxlaqi sərvətlərə yiyələnməsi, həzz və iztirabın insan həyatında əhəmiyyətini dərk etməsi, fəzilətlə qəbahəti bir-birindən ayırd etməsi, özünün cəmiyyətdəki rolunu müəyyən etməsi, inadcıl zəhməti, zəngin mütaliəsi sonrakı illərdə özünün cəmiyyət, dövlət və sənət qarşısında vəzifə borcunu, məsuliyyətini anlaması onu qəhrəman sənətkar, millətin əvvəl mandatsız, sonra isə mandatlı vəkili zirvəsinə qaldırmış oldu.
Mikayıl Mirzənin səhnə fəaliyyətindəki rolları yüzdə-yüz o özü idi. Bu rollarda mübarizlik, inqilabi ruh, cəsarət, ədalətsizliyə, nahaqqa, zülmə qarşı üsyan aydın sezilir, tamaşaçı tərəfindən rəğbətlə qarşılanır, onları da Elxan, Abdulla, Cinni Mustafa, İxtiyar, Eyvaz, Aydın, Fərhad və s. pyes qəhrəmanları kimi olmağa səsləyirdi. Mikayıl Mirzə oynadığı rollarda bir sənətkar kimi bütün dövrləri və bu dövrlərdə insanların və cəmiyyətin üzləşdiyi hadisələri, tarixi prosesləri keçmiş, cəmiyyətdə baş verən və gələcəkdə baş verə biləcək ictimai-siyasi hadisələrə özünü hazırlamışdı. Onun görkəmli dramaturq İlyas Əfəndiyevin “Tənha iydə ağacı” pyesində Eyvaz rolu, “Apardı sellər Saranı” mənzum hekayəsini bədii qiraətə çevirməsi, görkəmli şairimiz Bəxtiyar Vahabzadənin hələ başqa poema və şeirlərini demirəm, təkcə “Gülüstan” poemasını, Xəlil Rzanın “Afrikanın səsi”, fəlsəfi şair Məmməd Arazın “Atamın kitabı”ndan seçmələri, Cabir Novruzun “Qərbi Berlin”, adını çəkmədiyim yüzlərlə şairlərin şerlərini yüksək ustalıqla sovetlər dönəmində ifa etməsi, cəmiyyətimizdə müstəqillik dövründən sonra aktuallaşan mövzulara Mikayıl Mirzənin o zaman görkəmli ədiblərimizlə, alimlərimizlə baş vurduğunu və mübarizələrə hələ o zamandan başladığını bir daha sübut edir.
Qarışıb gözümdə, qarışıb aləm,
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.
Yaradıcılığında müxtəlif dövrün şairlərinə yer ayırması, (onların hamısının adını çəkməyə ehtiyac yoxdur, Siz onları məndən yaxşı tanıyırsınız) az qala ətrafında böyük bir şairlər ordusunu yaratması və təpədən-dırnağa qədər onların şeirləri ilə silahlanması Mikayıl Mirzəni zirehli paltarda əsgərə çevirmişdi.
İndi ən böyük mərəz-
Bu yırtıcı zümrədir, bu satqınlar ordusu!
Cəmiyyət dənizində kürül-kürül çoxalır
Yalan, riya kürüsü.
Mikayıl Mirzənin yaxın silahdaşı, Xəlil Rza Ulutürkün 1987-ci ildə Tibb institutunun tələbə və müəllim heyətinin iştirakı ilə Mikayılın yaradıcılıq gecəsində çıxışından məqamları diqqətinizə çatdırıram: “Bu gün sənin bayramındır, əziz Mikayıl!”
Sənin bayramın bir evdə, bir ocaqda, bir guşəcikdə deyil, teatr adlanan ülvi bir məbəddə keçirilir. Elə yüksək bir məbəd ki, Hüseyn Cavid, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Səməd Vurğun, Mərziyyə xanım Davud nəvəsi, Hökumə Qurban kimi böyük sənət xadimlərini onun mərmər sütunları sayırıq. Bu sütunlardan biri də sənsən, əziz Mikayılımız! Sənət- ölüm üzərində qələbə deməkdir. Buna görə biz səni ölümü bəlkə min dəfə tapdayıb keçmiş sənət xadimi sayırıq. Alman dramaturqu Leonqard Frankın “Yad adam” pyesində qoca rolunu oynarkən qocalmısan, “Cahargah fantaziyası”nda çağdaş yırtıcıların maskasını yırtan Teymur rolunda ucalmısan, dramaturq qüvvəsi çatmayanda öz qəlbindən, öz ruhundan güc almısan! Hüseyn Cavidin “İblis” pyesində Elxan rolunu yaradarkən, bəşəriyyəti xilas naminə sarsılmaz iradə və mənəvi qüvvət nümayiş etdirməklə tamaşaya uçuş qanadları gətirmisən! Böyük yurdsevər Anarın “Sizi deyib gəlmişəm” pyesinin tamaşasında Şərqin sənət Prometeyi sayılan ulu Ələkbər Sabir sənin yanğılı ciyərlərin ilə nəfəs alıb, “ böyük şair Bəxtiyar Vahabzadənin “Fəryad” tamaşasında sinəsinə oğul dağı çəkilən Zahid rolunda səni görənlər, odla su arasında, vəzifə borcu ilə doğma övladı ölümdən xilas əzmi arasında qalmış atanın fəryadlarından, isti göz yaşlarından sarsılanlar bu qüdrətinə heyran qalmışlar. Mənim üçün maraqlı və təəccüblüdür ki, sən Mirzə Cəlil qələmindən çıxmış “Dəli yığıncağı”nda Cinni Mustafa rolunu oynayandan sonra nə üçün dəli olmamısan, cəmiyyətdə, planetdə toplanmış bunca kəsafəti, eybəcərliyi darmadağın etmək üçün ildırıma, qasırğaya, vulkana çevrilməmisən”.
Lakin əsil qəhrəmanlıq hələ qarşıda idi. Sən demə, 1987-ci ilin başa bəla yenidənqurma-rusca “perestroyka” ideyasına qədər Mikayıl Mirzənin və Azərbaycan ziyalılarının məktəblərdə, institutlarda, fabrik və zavodlarda, kitabxanalarda, klublarda, teatr salonlarında, Azərbaycanın rayonlarında keçirdikləri ədəbi-bədii gecələr, poeziya axşamları gələcək mübarizələrin hazırlığı və başlanğıcı idi. Əli azərbaycanlıların qanına batmış Qorbaçovun xarici havadarların diqtəsi ilə yaradılmış yenidənqurma ideyasından ruhlanan ermənilərin 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin onun tərkibindən ayrılaraq Ermənistana birləşdirilməsi tələbi, 250 min azərbaycanlının Ermənistandan qovulması, Azərbaycanın fauna və florasının incisi sayılan Topxana meşəsinin daşnak baltasına tuş gəlməsi ziyalıları kiçik salonlardan meydanlara yönəltdi.
1988-ci ilin iyun ayının 11-də Mikayıl Mirzə ilə Xəlil Rzanın Bakı kondisioner zavoduna şair Maşallahın görüşünə gəlişləri Xəlil Rzanın qarşımdakı gündəliyində öz əksini tapıb:
- “Şair Maşallah bizi qarşılayıb Komsomol xadiminin otağına gətirir.
- Görüşü keçirəkmi?
- (komsomol xadimi tərəddüd içində) Axı nümayiş bu gün də davam edir, ora zavoddan xeyli adam göndərilib ki, nümayişi cilovlasınlar.
Yanar təndirə bənzər Mikayıl Mirzə onun müqavimətini qırır:
-Bu gün işi dayandırmaqdan söhbət getmir. Ancaq bilin ki, lazım gəlsə yalnız kondisioner zavodu yox, bütün Azərbaycan işi dayandırmalıdır. Qorxu içində yaşayan adam tam kişi deyil. Qorxunu içərindən tam silib süpürməyincə həyatın dadını bilməzsən. Sən aydın eşidirsən ki, Mixail Qorbaçov Xankəndidən dəvət etdiyi Poqosyanın qulağına nələr pıçıldayır...
Bu sövdələşməni anlayırsansa, qorxmamalısan. Bu qanlı caynaqları kəsib atmaq üçün fəhlələri milli şüur ilə silahlandırmalıyıq. Böyük şairimiz də bu məqsədlə gəlib bura...Qorxmamalısan!
Bəli, 1990-cı ilə qədər və 1990-cı ilin Qanlı Yanvar faciəsindən sonrakı dövrlərdə biz Mikayılın qorxmaz surətini, cəsarətli çıxışlarını meydanda, tribunada, ocaq başında gördük və eşitdik.
Demokratiya! Aşkarlıq!-deyib bağıran barbar,
Ağzı qanlı qəsbkar! Dişi qanlı fitnəkar!
Zəncirdə saxladığın Vəziryana tüpürüm.
Zəncirsiz saxladığın Arutunyana tüpürüm.
Xalqıma qəddar yağı, alçaqların alçağı!
Daz başında qaralan kor xalına tüpürüm.
Nəsilbənəslinizi bu dünyadan süpürüm.
Hər cür siyasi və vəzifə ambisiyalarından uzaq olan Mikayılın meydanda yalnız bir amalı var idi- Azərbaycanın müstəqilliyi və torpaqların bütövlüyü uğrunda erməni şovinistlərinə və onların havadarlarına qarşı mübarizə.
Lakin meydan mübarizəsi sonralar tədricən bir qrup insanların vəzifə ambisiyalarına çevrildi. Bakıda vəzifə uğrunda çəkişmələr, qarşıdurmalar səngimirdi. Respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü səriştəsizlikləri ucbatından ölkəni geriyə aparır, ölkənin ayrı-ayrı regionlarında parçalanma meyilləri müşahidə olunurdu. Belə bir kritik məqamda ümid yeri çoxillik həyat və siyasət təcrübəsi olan Heydər Əliyev cənablarına idi. Məhz buna görə, çoxları Naxçıvana üz tutaraq Ulu öndərin yenidən hakimiyyətə qayıtmasını təkidlə xahiş edirdilər. Onların arasında Xəlil Rza Ulutürk və Mikayıl Mirzə də var idi. Hələ çox-çox sonralar Mikayıl Mirzənin Ulu öndərə həsr etdiyi “Azərbaycan oxusun” kitabında “Qaranlıqdan keçən işıq” məqaləsini oxuyarkən biz bu faktın şahidi olacağıq: “1992-ci il, Naxçıvana xas küləksiz, quru, şaxtalı hava. Bu gecə bu ev sahibi olduqca sadə və səmimi idi. Mən bəlkə də səmimiyyətin nə olduğunu o gecə, o soyuq yanvar gecəsində, Heydər Əliyevin otağında və qəlbimizi isidən isti münasibətində, özünə və insanlara nicat harayında gördüm. O gecəni səhərə qədər Azərbaycanın gələcək taleyinin müzakirələrindən doymayan böyük dövlət xadimi ilə böyük azadlıq şairi səhəri diri açdılar... Qədim yunan filosoflarının birindən soruşurlar:
-Sənin dostun varmı?-Yox!-deyir, mənim dostlarım var.
Bütövlükdə xalq Heydər Əliyevin dostudur. Dostluqda ən böyük dost yenə Heydər Əliyevdir. Sərt görünən Heydər Əliyev, sərtliyi boyda Demokratdır”.
Heydər Əliyev qəhrəmanlığı, əzəməti, cəsarəti, yurdsevərliyi Qurtuluşdan əvvəl və Qurtuluşdan sonrakı dövrlərdə də Mikayıl Mirzə bədii qiraətinin əsas mövzusuna çevrildi.
...Əlli milyona çatmış Azərbaycan dünyası
Qurtuluş nəğməsini oxuyur bir himn kimi,
Bir səslə, bir avazla Heydər-deyir, Xalq deyir!...
1993-cü ilin 15 iyununda yenidən hakimiyyətə gələn Ulu öndər özünü dərk fəlsəfəsinə insanların baxışını dəyişərək itən inamını özünə qaytardı, Azərbaycançılıq ideologiyasını əsas tutaraq dövlətçiliyimizi paxıllardan, xainlərdən qorudu, onun möhkəm özüllər üzərində əsasını qoydu. Sadə insanları, ziyalıları, elm xadimlərini, sənət adamlarını, yurd içində və yurd xaricində yaşayan soydaşlarımızı bir araya gətirib üç rəngli bayrağımızı dünya miqyasına çıxardı.
Əyləşib öz yerində millətin pənahı tək,
Güclü, əzəmətlidir azadlıq Allahı tək.
Kim ona inanarsa, onunla yüksələcək,
Kim ona inanmasa, inanmayan öləcək!
Mikayılın bədii qiraətə söykənərək ifadə etdiyi bu güclü inamı və xalqın bu inama olan etimadı, onu iki çağırış Ağsu-Kürdəmir və Əlibayramlı (indiki Şirvan -red.) seçki dairəsindən millətin vəkili kürsüsünə ucaltdı. O, millət vəkili olanda da xalqına, dövlətinə, sənətinə, əqidəsinə, prezidentinə sadiq qaldı.
Bəşəriyyətin özünü dərk fəlsəfəsi hər zaman aktual olduğu kimi, atalar və oğullar mövzusu da hər zaman gündəmdə olacaq. Mən sənət yolunu seçmədim. Lakin öz yolumda - özümü Mikayıl Mirzə ideyalarının varisi sayıram.
Mətin Mirzə

Paylaş:
Baxılıb: 1790 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30