Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa dəyərləri - söz və özünüifadə azadlığı

Avropa dəyərləri - söz və özünüifadə azadlığı

13.07.2010 [08:09]

Və ya Fransa Senatı Osmanlı salnaməçisi rolunda
Qondarma “erməni soyqırımı” məsələsi yenidən gündəmə gəlməkdədir. Məlumat verildiyi kimi, fransalı senator Serj Laqoş iyul ayının 5-də həmkarları ilə birgə Fransa Senatına qondarma “erməni soyqırımı”nı təkzib edənlərə cinayət işinin açılması haqqında qanun layihəsi təqdim edib. Senatın saytının məlumatına görə, hazırda qanun layihəsi müzakirədədir. Xatırladaq ki, 12 oktyabr 2006-cı ildə Fransa parlamentinin Milli Məclisi qondarma “erməni soyqırımı”nı təkzib edənlərə cinayət işinin açılması haqqında qanun layihəsini qəbul etmişdi. Bu gün isə qanun layihəsinin qüvvəyə minməsi üçün Fransa Senatı onu təsdiqləməli, prezident isə imzalamalıdır. Qanun layihəsində qondarma “erməni soyqırımı”nı təkzib edənlərə 1 il həbs cəzasının verilməsi və ya 45 min avro dəyərində cəzalandırılması nəzərdə tutulur...
Beləliklə, hər dəfə qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsilə türklərə təzyiqlərin edilməsi artıq adi hala çevrilməkdədir.
Bu siyasət Fransa kimi bir ölkədə dövlət səviyyəsində müdafiə olunursa, deməli, elə qərəz və tarixi saxtalaşdırma meyilləri həmin dövlətin tutduğu mövqedən doğur. Əsl tarix isə tamamilə fərqlidir.
Avropa dünyaya sırıdığı dəyərlərə qarşı çıxır...
Bu gün Avropa məkanında insanların hüquqlarının tez-tez pozulması, hansısa lobbi təşkilatlarının təsiri nəticəsində dövlətlərin qondarma məsələlərlə bağlı qanunlar qəbul edib vətəndaşlarını cəzalandırması kimi hallarla qarşılaşırıq. Amma müəyyən vaxta qədər Avropa insan hüquqlarının qorunduğu, bəşəri dəyərlərin müdafiə olunduğu və dünya üçün nümunə sayıla biləcək məkan kimi qəbul edilirdi. Hazırda isə bəşəriyyət Avropanın dünyaya sırıdığı dəyərlərdən üz döndərdiyini görməkdədir. Konkret olaraq, Fransada erməni lobbisinin təsirilə ölkə parlamentində qərarlar qəbul edilir, manipulyasiyalar yolu ilə ictimaiyyətdə çaşqınlıqlar yaradılır və fransızlar tarixi həqiqətlərə kor kimi baxmağa başlayırlar. Bu isə öz növbəsində böyük problemlərə yol açır.
Qeyd edək ki, Fransanın təhsil ocaqlarında da qondarma “erməni soyqırımı”nın inkar edilməsilə bağlı problemlər yaranmaqdadır. Məsələn, Fransanın Nansi şəhərinin liseylərinin birində qondarma “erməni soyqırımı”nın müzakirəsi zamanı Mustafa adlı türk əsilli tələbənin “erməni soyqırımı olmayıb” deməsi, onun dərsdən qovulması ilə nəticələnib. Bundan sonra digər türk tələbələr bu məsələ ilə bağlı mövqelərini ortaya qoya bilməyiblər. Əlbəttə ki, bu yalnız baş verən müvafiq xoşagəlməz hadisələrdən biridir.
Bu fakt özlüyündə bir daha sübut edir ki, Fransa azad söz, müstəqil fikir yürütmə, özünü ifadəetmə kimi dəyərlərə qarşı çıxır və insanların hüquqlarını məhdudlaşdırır.
Buradan daha bir qəribə məntiq ortaya çıxır: əgər təhsil ocağında müzakirə olunan problemlə bağlı dərin tədqiqat aparan, tarixi faktları üzə çıxaran və əsl həqiqəti söyləyən bir araşdırmacıya həbs və ya 45 min avro cərimə kimi cəza veriləcəksə, o zaman, həmin insanların təhsil hüquqları da pozulmuş olur. Bununla da, Fransa dövlətinin rəhbərliyində olan şəxslər erməni lobbisinin təsirilə öz vətəndaşlarının hüquqlarını pozur, bu məsələdə ictimaiyyətlə üz-üzə gələn Avropanın digər dövlətlərinə yaşıl işıq yandırmış olur. Bütün bu prosesin yekunu olaraq, Fransanın əsl siması - yalançı demokratiyanın altında gizlənən despotik mahiyyəti üzə çıxır.
Tarixi bilgisizlik, subyektiv baxış, yoxsa tarixi qəsdən saxtalaşdırma...
Hazırda Avropa məkanı ilə yanaşı, dünyanın bir çox yerlərində qondarma “erməni soyqırımı” məsələsi gündəmə gətirilir və bu problemə müxtəlif vasitələrlə haqq qazandırılır. Bütün bugünkü proseslərin baş verməsinin isə tarixi savadsızlıqdan, yoxsa tarixə qərəzli mövqedən yanaşmadan qaynaqlandığını ehtimal etməyə və ya bunu araşdırmaya vaxt sərf etmədən, qondarma “erməni soyqırımı”nın olub-olmadığı haqqında sualla qarşı-qarşıya duranları əsl tarixlə tanış olmağa dəvət edirik. Mövcud sualla qarşı-qarşıya duran insanların, əsasən, qərb dünyasına aid olmalarını nəzərə alaraq, sırf Qərb və erməni mənbələri əsasında tarixi faktlara işıq tutacağıq.
Qərb mənbələrinin yazdığına görə, hələ XI əsrdə, Malazgird döyüşündən sonra ermənilər səlcuq türklərinin sayəsində Bizans imperiyasının əsarətindən, zülmündən xilas oldu. 1091-ci ilin fevral ayının 26-da erməni katolikosu Barseci qəbul edən səlcuq sultanı Məlikşah erməni kilsələrinin və keşişlərinin vəziyyətini xeyli yaxşılandıran sərəncam verdi. Məhz türk sultanının ədalətli idarəçiliyi haqqında yazan erməni katolikosu Vasil deyirdi ki, indiyədək könüllərə yol tapan bu cür hökmdar hakimiyyətə gəlməmişdi. Katolikos qeyd edirdi ki, səlcuqların hakimiyyəti dövründə ermənilər azad və xoşbəxt həyata qədəm qoydu, başqa dövlətlərdə görmədikləri səadətə qovuşdular. Xristian bizanslıların hakimiyyəti dövründə ermənilərin nə can, nə də ki, mal güvənlikləri var idi.
Amma milli xarakterinə və təbiətinə uyğun olaraq, ermənilər türklərin bu cür xoş rəftarına monqol işğallarına köməklik etməklə, xəyanətlə cavab verdi. Kiçik Asiya istiqamətində işğal yürüşləri həyata keçirən monqollara bu əraziləri qarış-qarış tanıyan bələdçilər lazım idi ki, bu rolda da ermənilər çıxış etdilər. Bu fakt tarixə ermənilərin türklərə ilkin xəyanəti, arxadan zərbəsi kimi daxil oldu.
Erməni Kirakos yazırdı ki, Atabəy İvanın oğlu paron Avaq 1236-cı ildə döyüşsüz monqollara əsir düşərək, çormoğun yanında qulluğa girmişdi. Erməni mənbələrindəki məlumatlara görə, bir çox knyazlıqların tabe etdirilməsində satqın Avaqdan istifadə edilmişdi. 1242-ci ildə isə monqollar Anadolunun işğalına başlayarkən, monqol ordusunun tərkibində xeyli sayda erməni var idi...
Bütün bu hadisələrə baxmayaraq, ermənilər yenidən türk dövlətinin tərkibində yaşamalı oldular. Burada da ermənilərə milli-etnik azlıq kimi əlahiddə hüquqlar verilmişdi. Yəni, bu gün ermənilər qalxıb deyə bilməzlər ki, türklər əsrlər boyu bizi etnik azlıq olduğumuza görə əzib, məhv edib. Əslində, bir daha faktlara nəzər saldıqda görürük ki, Osmanlı dövlətində ermənilərə siyasi hakimiyyətdə təmsil olunmaq, siyasi-iqtisadi qərarların qəbulunda birbaşa iştirak etmək hüququ verilib. Mövcud olduğu müddət ərzində Osmanlı imperiyasında erməni mənşəli 29 general, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul və konsul, 11 universitet müəllimi və 41 yüksək rütbəli məmur olub. Bu gün də, erməni mənşəli məmurlar, müəllimlər və digər peşə sahibləri Türkiyə Cümhuriyyətində problemsiz yaşayır. Faktlardan da görünür ki, türklər hər zaman ermənilərə münasibətdə loyal mövqe tutub, onların incidilməsinə, əzilməsinə yol verməyib.
Lakin etnopsixoloji xarakterinə görə, ermənilər hər dəfə türklərə xəyanət edib, türklərin əleyhinə çalışan qüvvələrlə gizli sazişlər bağlayıb.
İndi isə birbaşa olaraq, bu gün müzakirə obyekti olan qondarma “erməni soyqırımı” məsələsinə tarixi aspektdən nəzər salaq.
Qərb mənbələrinə görə, XIX əsrin 60-cı illərində Londonda hazırlanmış proqram əsasında erməni təbliğatçıları Osmanlı hökuməti əleyhinə çıxışlar edirdilər. (Bununla da, ermənilərin türklərə növbəti xəyanəti tarixi başlayır). Sonradan isə bu çıxışlar təkcə hökumətə deyil, dinc əhaliyə qarşı da çevrildi. Həmin ərəfədə Vanda, sonra isə Zeytun şəhərində ermənilərin qiyamları təşkil olundu.
Erməni müəllifi M.Nalbandyan öz qeydlərində erməni-mixitaryanlar arasında Roma papasının casuslarını, cəhalətpərəst-yepiskop Qasunyanı ifşa etmişdi, erməni katolik krelikallarının təfriqəçilik, pozuculuq fəaliyyətini çılpaq şəkildə ortaya qoymuşdu. O, 1861-ci ildə yazırdı ki, erməni katolikosu Qasunyan vilayətlərdə ermənilərə Fransanın güclü dəstəyini vəd edərək, qiyamlar təşkil edirdi. Bu fəaliyyətdə amerikalı missionerlər də fəal iştirak edirdi.
Rusiya imperiyasının ordusunun zabiti podpolkovnik Tomilov yazırdı ki, “Osmanlı ərazisində baş verən qırğınları, məhz ermənilər təşkil edirdilər”.
Erməni çalxuşyan isə türklərə qarşı edilən qırğınların əsl mahiyyətini açaraq bildirirdi ki, “Türkiyədən uydurma “erməni qırğınları” haqqında məlumatlar gələndə, Veliçko demişdi ki, “ermənilərə elə bu cür lazımdır!”.
Amerikalı yazar Samuel isə qeyd edirdi ki, “Osmanlı imperiyasında erməni müttəfiqlərinin davranışları rus ordusunda böyük nifrət hissi doğurmuşdu. çünki erməni qoşunları hərəkət etdikləri yerlərdə türk müsəlmanları amansızcasına qətlə yetirirdilər. Bununla bağlı, rusların minlərlə raportu vardır. Ermənilər bunu soyuq başla və öz zabitlərinin razılığı ilə həyata keçirirdilər. Bəli! Türklərə qarşı bu genosid hadisələri geniş miqyasda baş verirdi. Bəli!”.
Samuel daha bir fakta nəzər salaraq yazırdı ki, 1915-ci ildə ermənilər Van şəhərini mühasirəyə alaraq, mayın 31-dək - rusların şəhərə daxil olmasına qədər - bütün türk müsəlmanları qətlə yetirmişdilər.
Amerikalı tarixçilər S.C.Şou və E.K.Şou bütün tarixi sənədləri araşdıraraq, yazırdılar ki, Rusiya ordusunun tərkibində olan ermənilər Van şəhərində iki gün yerli əhalini qətlə yetirdilər.
Professor Makkarti isə yazırdı ki, “ermənilərin qısa rəhbərliyinin ilkin dövründə hadisələr o vaxt üçün tez-tez rast gəlinən məcrada davam edirdi - silahsız müsəlmanların qətlə yetirilməsi, sonralar isə heç vaxt görünməmiş kəndlilərin oğurlanması, müsəlman bazarlarının və kəndlərinin alt-üst edilməsi, hər yerdə baş alıb gedən soyğunçuluq və zorlama!”.
Rafael de Noqales öz əsərlərində yazırdı ki, “Van valisi Cövdət bəy vilayətdən ayrıldıqdan sonra ermənilərin oraya hakim olduqlarını və müsəlman qoca, qadın və uşaqları qətlə yetirdiklərini öyrəndik. Dünyanın heç bir yerində bu cür alçaq hərəkətlərə yol verilməmişdi”.
Müəllif ermənilərin bu vəhşi hərəkətləri müqabilində türklərin davranışlarını təqdir edirdi: “1915-ci il aprel ayının 29-da komandanlıq binası yaxınlığında 3 türk əsgəri gördük. Onlar heç bir şey yemədən ətrafdakı quyuya düşmüş erməniyə doqquz gün ərzində yeyəcək verirdilər”.
Faktlardan göründüyü kimi, əsl soyqırımı ermənilər törədirdilər. Vətəndaşı olduğu dövlətə xəyanətinin və yerli insanlara qarşı törədilən qətllərin qarşısını almaq üçün Osmanlı hökuməti çıxış yolunu “köçürmə” adlı qərar qəbul etməkdə gördü. Mənbələrin məlumatına görə, bu qərar müvəqqəti və hərbi vəziyyətlə bağlı idi. Qərarda Osmanlı dövlətinə qarşı casusluq və xəyanət edənlərin ayrı-ayrı və ya birlikdə döyüş bölgələrindən uzaq yerlərə göndərilməsi nəzərdə tutulmuşdu. Qərarda göstərilmişdi ki, köçürülən ermənilər əmlak və mal-qarasını özləri ilə götürə bilərdilər.
Qeyd edək ki, o zaman köçürülmə haqqında qərar verilərkən, Tələt Paşa bu sənədin bir nüsxəsini Fransaya, digərini isə ABŞ-a göndərmişdi. Bu fakt onu göstərir ki, bu gün qondarma “erməni soyqırımı” məsələsilə türklərə təzyiq edən amerikalılar, fransızlar bununla bağlı dəqiq məlumatlara malik olublar.
Məlumat üçün bildirək ki, dünya tarixində bu qəbildən olan təcrübələr vardır. Məsələn, 1941-ci ildə Yaponiyanın ABŞ-a hücumundan sonra ölkənin qərb sahilləri boyunca yaşayan yapon mənşəli amerikalıları ölkə daxilindəki müvəqqəti yerdəyişmə düşərgələrinə köçürmüşdülər. Belə ki, prezident Franklin Ruzvelt 1942-ci ilin 19 fevralında imzaladığı 9006 saylı xüsusi fərmanla yapon mənşəli amerikalıları hərbi ərazilərdən köçürmək haqqında göstəriş vermişdi. Bundan başqa, müharibə illərində Sovet hökuməti ölkə ərazisində yaşayan almanları, axıska türklərini, çeçen-inquşları və bir çox xalqları hərbi vəziyyətlə bağlı uzaq yerlərə köçürmüşdü.
Amerikalı alim Samuel ermənilərin köçürülməsi hadisəsinə münasibət bildirərkən yazırdı: “Osmanlıda erməniləri köçürərkən, yalnız orduya və dövlətə olan real təhlükədən çıxış edirdilər və bu ermənlərin köçürülməsinin yeganə səbəbi idi. Bunun əksini təsdiq edən sənəd yoxdur. Bu məsələni başqa cür sübut etməyə cəhd edən ermənilər saxta sənədlər yaratmışdılar. Xristian dünyasında pul dilənən ermənilərin “genosid sənayesi”nin bir parçası bundan ibarətdir”.
Amerikalı alimlər C.Makkarti və K.Makkarti yazırdılar ki, “Soyqırım baş veribmi? Osmanlıların fəaliyyətini izlədikdə, inanmaq çətindir ki, soyqırım haqqında əmr olmuşdur. Bəs nə üçün İstanbul və İzmirdə yaşayan on minlərlə erməni soyqırıma məruz qalmayıb?”.
Bu fikri dolayısı ilə erməni müəllif Marqosyan təsdiq etmişdi. O, bildirirdi ki, “XIX əsrin sonunda Osmanlı ərazisində 500 minə qədər erməni yaşayırdı”.
Buradan da maraqlı nəticə çıxır: belə ki, ermənilərin uydurduğu qondarma “erməni soyqırımı”na qədər həmin ərazilərdə maksimum 50-60 min nəfər arta bilərdi. Belə olan halda, ermənilərin 1,5 milyon nəfərin qırılması haqqında iddiaları puça çıxır. Hətta bu barədə “Vaşinqtonpost”, “Times” kimi qəzetlər ermənilərin söylədikləri qondarma rəqəmləri təkzib edirdi.
Digər tərəfdən, əgər ermənilərin hamısı qətlə yetirilmişdisə, bəs hadisələrdən sonra orada peyda olan ermənilər haradan çıxmışdı.
1915-ci illərin hadisələri zamanı, ABŞ hökuməti ordu kapitanı Emori Naylz və mülki vətəndaş Artur Sazerlendi Şərqi Anadoluya göndərmişdi. Bu iki şəxs bölgəyə mövcud vəziyyəti öyrənmək və ABŞ-a məlumat vermək üçün göndərilmişdi. Onların hazırladıqları hesabatlarda deyilirdi ki, “bu geniş ərazidə bizə məlumat verildi ki, ziyan və dağıntıları ermənilər törətmişdilər. Gördüyümüz kilsələrə və evlər üzərindəki naxışlara görə belə qənaətə gəlmək olur ki, Bitlis və Van şəhərlərində yeganə salamat qalan erməni məhəllələri idi, müsəlman məhəllələri tamamilə dağıdılmışdı”.
Tacir Akop Keşişyan ermənilərin necə yüksək vəzifələrə gəldiklərini, necə aldatdıqlarını və hər il sözdə “erməni soyqırımı” olaraq qeyd etdikləri 24 aprel tarixinin haradan qaynaqlandığını bildirirdi: “Yunanların qızışdırması ilə 24 aprel tarixinin “erməni qətliamı günü” olaraq, Beyrutdakı ortodoksal kilsə tərəfindən elan edilməsi hamımızı üzüntüyə qərq etdi. Hələ dünən deyiləcək yaxın tarixə qədər Türkiyənin xarici işləri naziri Qabriel Noradukyan deyildimi? İmperatorluq zamanı maliyyə və xəzinə naziri Akop paşa deyildimi? İctimai işlər naziri Hallacyan deyildimi? Poçt-teleqraf naziri Qazes Artin deyildimi? Ey qafillər hansı keçmişdən bəhs edirsiniz? Hansı keçmişi unutduq? Əslində, keçmişdə belə bir hadisə olmamışdır?”.
Erix Fayql “Terror haqqında həqiqət. Erməni terrorizmi - mənbələr və səbəblər” kitabının 57-ci səhifəsində yazır ki, ermənilərin yaşadıqları ərazilərdə qətlə yetirilmiş türklərin sayı öldürülən ermənilərə nəzərən on minlərlə çox idi.
Bir sözlə, bu günə qədər həmin ərazilər ermənilərin qətlə yetirildiyi yerlər kimi qələmə verilsə də, faktlar bir daha onu göstərir ki, bu məkanda ermənilərdən çox müsəlman türklər soyqırıma məruz qalıb.
Qərbin ikili standartlı siyasəti və ya Fransa parlamenti Xocalı soyqırımı haqqında niyə qərar qəbul etmir?!
Tarix boyu ermənilərə hörmət etmiş, dövlət idarəçiliyində iştirak imkanı yaratmış türklərə xəyanət edən ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri həqiqi soyqırım faktlarına nəzər salaq.
XIX əsrdən başlayaraq, Türkiyədə yaşayan müsəlman türklərin, sonradan isə azərbaycanlıların qətliamını həyata keçirən ermənilər XX əsr boyunca 2-3 milyon müsəlman türkü, azərbaycanlını soyqırıma məruz qoyub.
1918, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılar doğma torpaqlarından ermənilər tərəfindən zorla deportasiya olunub, qətlə yetirilib. Bu gün Qukark və ya Qafan rayonunda azərbaycanlıları qətlə yetirən, digər tərəfdən, onlarla azərbaycanlı gənci Spitakda borunun içərisində boğan ermənilərdən biri cəzalandırılıbmı? Əlbəttə ki, xeyr. Hazırda xristian dünyasının qondarma “erməni soyqırımı”nı qəbul etməsinin altında başqa niyyət var.
Tarixi hadisələrin araşdırılması nəticəsində bəlli olur ki, ermənilər, həmçinin, kürdləri, gürcüləri, yəhudiləri, ləzgiləri və digər xalqların nümayəndələrini də qətlə yetiriblər. Lakin ermənilərin qondarma “erməni soyqırımı” ətrafında qurduğu təbliğat nəticəsində 1918-ci ildə 400 min azərbaycanlının, 120 min gürcünün, 22 min ləzginin, 15 min kürdün, 120 min İranda yaşayan azərbaycanlının qətlə yetirilməsi faktı kölgədə qalmışdı...
çox uzaq olmayan keçmişdə 1989-1994-cü illərdə erməni terrorçuları Dağlıq Qarabağda nəqliyyatda 29 iri terror aktı təşkil edib, iki mülki vertolyotu və 2 təyyarəni vurublar. Məsələn, 1989-cu il sentyabrın 16-da erməni terrorçuları Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobusu partladıb, nəticədə 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. 1989-cu il oktyabrın 7-də terrorçu Abramyan Xankəndi yaxınlığındakı körpünü partladıb. 1990-cı il fevralın 16-da Avanesyanın qrupu Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobusu partladıb, nəticədə 2 nəfər ölüb, 13 dinc sakin yaralanıb. 1990-cı il iyunun 10-da Arkadi Asriyanın quldur dəstəsi Azərbaycan Respublikasının Kəlbəcər rayonunda avtomobil dəstəsinə hücum edib. 1990-cı il avqustun 10-da erməni terrorçularının başqa bir qrupu Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusunu partladıb, nəticədə 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. 1991-ci ilin iyul ayında həmin qrup Tbilisi-Bakı reys avtobusunda daha bir terror aktı törətməyə cəhd edib, lakin bu cəhd baş tutmayıb, qrupun üzvləri həbs olunaraq Gürcüstanda mühakimə ediliblər. Rəsmi Yerevan müxtəlif terrorçu qrupları müasir silahlarla, o cümlədən, zenit-raket silahları ilə təchiz etməkdə idi. 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında törədilmiş terror aktına görə məsuliyyət də bilavasitə rəsmi Yerevanın üzərinə düşür. Həmin gün ermənilərin termo raketi ilə vurduğu Mi-8 vertolyotunda Azərbaycan Respublikasının dövlət katibi T.K.İsmayılov, Baş nazirin müavini, E.S.Hacıyev, Azərbaycan Respublikasının dövlət müşaviri M.N.Əsədov, Baş prokuror İ.İ.Qayıbov, SSRİ xalq deputatları V.D.Cəfərov, V.Q.Məmmədov, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri O.M.Mirzəyev, meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Q.Q.Namazəliyev, DQMV prokuroru İ.A.Plavski, generallar N.V.Jinkin, V.V.Kovalyov, Milli Təhlükəsizlik Nazirliyinin DQMV üzrə şöbə rəisi S.S.İvanov, Qazaxıstan daxili işlər nazirinin müavini S.D.Serikov, Rusiya müşahidəçilər qrupunun nümayəndəsi M.D.Lukaşov, Müdafiə Nazirliyinin nümayəndəsi V.N.Koçarov, Azərbaycan Respublikasının dövlət katibinin köməkçisi R.M.Məmmədov, Azərbaycan Televiziyasının əməkdaşları - müxbir A.M.Mustafayev, operator F.İ.Şahbazov, işıqçı A.İ.Hüseynzadə, vertolyotun heyət üzvləri mayor V.V.Kotov, kapitan Q.V.Dolqov, leytenant D.B.Yakovlev vardı. Onlar hamısı həmin regiona sülhyaratma missiyası ilə gedirdilər. Bir sözlə, ermənilərin bu cür cinayətləri çox olub...
1992-ci il fevralın 26-da isə əhalisinin sayı 7 min nəfər olan Xocalı şəhərində törədilmiş soyqırımı erməni terrorçu vakxanaliyasının qanlı zirvəsi olub. Erməni silahlı dəstələri tərəfindən “xarici mütəxəssislərin” və Rusiyanın nizami xüsusi bölmələrinin iştirakı ilə həyata keçirilmiş irimiqyaslı aksiyanın gedişində Xocalı işğal edildikdən sonra min nəfərə yaxın dinc Azərbaycan vətəndaşı vəhşicəsinə işgəncələrə məruz qalıb, onlar güllələnərək qətlə yetiriliblər. Hazırda ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən bu şəhər xarabalığa çevrilib. Bu aksiyanı həyata keçirməkdə məqsəd Qarabağın azərbaycanlı əhalisini vahiməyə salmaq və onların Azərbaycanın həmin bölgəsində dinc yaşamaq ümidini sarsıtmaq idi. Qarabağ azərbaycanlılarının əsas mərkəzi olan Şuşa şəhərinin işğalı zamanı da bu praktika davam etdirilib. İndi Şuşanın tarixən Azərbaycana mənsub olmasına dəlalət edən bütün mədəni abidələr məhv edilib.
Bütün bu faktlar ortada ola-ola bir əsr öncə baş verməyən hadisəni necə dramatikləşdirmək olur? Bunun çox sadə cavabı vardır. Sadəcə olaraq, bu gün dünyanın böyük dövlətləri ikili standartlı siyasətlə beynəlxalq hüquq və normaları tapdalayaraq, öz maraqlarını təmin etməyə çalışırlar.
Avropanın güclü dövləti olaraq, Fransa dünyada beynəlxalq hüququn qorunmasına öz töhfəsini vermək əvəzinə ikili standartlı siyasət nümayiş etdirir. Əgər Fransa tarixdə olmayan bir hadisə ilə bağlı qərar qəbul edirsə, o zaman müsəlman dövlətlər də yaxın keçmişdə Əlcəzairdə müsəlmanları qətlə yetirən Fransanın qanlı hərəkətlərilə bağlı qanun qəbul etməlidir...
Düşünürük ki, bu gün artıq Fransa kimi dövlətlərin qondarma “erməni soyqırımı”nı deyil, məhz Xocalı faciəsini parlamentdə tanımalıdırlar.
Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmağa mənəvi haqqı çatırmı?
Əvvəldə qeyd etdiyimiz kimi, Fransa Senatı qondarma “erməni soyqırımı”nı təkzib edənlərə cinayət işinin açılması haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Digər tərəfdən isə, bu dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi qismində çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu zaman belə bir sual ortaya çıxır: ermənilərin “hüquqlarını” ciddi-cəhdlə qoruyan bir dövlət münaqişənin tənzimlənməsində nə dərəcədə neytrallıq statusunu qoruya bilər?
Ona görə də, Azərbaycan ictimaiyyəti düşünür ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmağa ən azından mənəvi haqqı çatmır. çünki Azərbaycanın torpaqlarının 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını qətlə yetirmiş və qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistanın qorunması, münaqişənin tez bir zamanda həll olunmasını şübhə altına almış olur.
Paris artıq həqiqətlərə gözünü açmalı və düzgün mövqe seçməlidir.
Ənənəvi məqsədləri özündə ehtiva edən imperialist siyasət...
Ermənilərin dünyanın bir çox dövlətləri tərəfindən dəstəklənməsindən danışarkən, bir fikri də mütləq qeyd etmək lazımdır: bu gün Ermənistanın müxtəlif məsələlərdə dəstəklənməsi dünya güclərinin ənənəvi məqsədləri ehtiva edən imperialist siyasətindən irəli gəlir. ABŞ-da seçkilər keçirilərkən ermənilərə müxtəlif vədlər verilir, amma sonradan unudulur. Digər tərəfdən isə, Rusiya Cənubi Qafqazda öz strateji məqsədlərinə çatmaq üçün Ermənistanı forpostu adlandırmaqdan belə çəkinmir. Fransa isə Türkiyəyə təzyiq etmək üçün bu gün qondarma “erməni soyqırımı” məsələsindən istifadə edir. Tarixi təcrübə onu göstərir ki, hər zaman böyük güclər öz strateji məqsədlərinə çatmaq üçün ermənilərdən də “silah” kimi istifadə edib və sonradan lazımsız əşya kimi kənara atıblar. Ona görə də, böyük dövlətlərin ikili standartlı siyasətinə imperialist məqsədlər prizmasından yanaşmaq lazımdır...
Amma tarixə nəzər saldıqda görürük ki, Fransa daim çətin vəziyyətə düşərkən türklərdən yardım istəyib. Bununla bağlı, bir tarixi faktı diqqətə çatdırmaq istərdik. Belə ki, Fransa şahzadəsi ingilislər tərəfindən oğurlanarkən, fransızlar Sultan Səlimdən İngiltərəyə təzyiq etməyi xahiş etmişdilər.
Digər tərəfdən, qeyd olunmalıdır ki, hər zaman olduğu kimi, Osmanlı dövlətinin çökməsində maraqlı olan imperialistlər müxtəlif yollarla bu məqsədlərinə nail olmağa çalışırdılar. Belə ki, Fransa böhran zamanı istehsal olunmuş məhsulların satılması üçün müvəqqəti ucuz bazar axtararkən, yenidən Osmanlı dövlətinə kömək üçün müraciət etmişdi, Osmanlı isə öz bazarlarını fransız mallarının satışı üçün açıq elan etmişdi. Amma iqtisadi kapitulyasiya siyasətilə Osmanlı dövlətinin səmimiyyətindən sui-istifadə edən fransızlar Osmanlı iqtisadiyatını çökdürdülər.
Bütün bunlar isə Fransanın tarix boyu türklərə qarşı qaranlıq planların hazırlanmasında və reallaşdırılmasında əsas rollardan birini oynadığını bir daha təsdiqləyir. Tarix boyu türklərin, müəyyən zaman kəsiyində isə Osmanlı dövlətinin varlığını həzm edə bilməyən Fransanın antitürk siyasətinin əsas icraçıları isə, məhz ermənilər olub. Bu siyasət hazırda da davam etdirilir.
Belə ki, bu gün Fransa Türkiyə dövlətini təzyiqlərlə baş-başa qoymaq, onların anlamı ilə desək, zəiflətmək üçün yenə də erməni kartından istfadə edir.
“Yeni Azərbaycan”nın
Analitik Qrupu
Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30