Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / "Köhnə qitədə" yeni güc tarazlığı sistemi formalaşdırılır

"Köhnə qitədə" yeni güc tarazlığı sistemi formalaşdırılır

04.03.2010 [11:25]

Və ya Avropanın maraqlarını ikinci planda tutan ABŞ “köhnə dünya” düzənindən çıxdaş edilməkdədir
Hər bir yüzillikdə elə bir dövlət və ya birlik meydana gəlir ki, o, malik olduğu intellektual, siyasi, iqtisadi gücü və iradəsilə beynəlxalq münasibətlər sistemini özünün nümayiş etdirdiyi dəyərlər əsasında qurur və inkişaf etdirir. Hələ XVII əsrdə kardinal Rişelye dövlət-millət prinsipini beynəlxalq münasibətlər sisteminə tətbiq etməklə, milli maraqlar kateqoriyasını formalaşdırmışdı. XVIII əsrdə Böyük Britaniya ikiyüzillik bir tarixdə “köhnə qitədə” güc tarazlığını həyata keçirən konsepsiya irəli sürmüşdü. XIX əsrdə avstriyalı Metternix “Avropa konsertini” formalaşdırmış, alman Bismark isə həmin tarazlıq konstruksiyasını yenidən işləmiş və demontaj etmişdi. Amma XX əsrdə baş vermiş hadisələrin fonunda heç bir dövlət bu dəfə yeni formatda “köhnə qitənin” sərhədlərini də aşa biləcək, beynəlxalq münasibətlər sistemində güc tarazlığını qoruyacaq konsepsiya irəli sürmək iqtidarında olmadı...
Bu dəfə - dünyanın yenidən qurulmasında mühüm rol oynamış mərhələ kimi tarixə daxil olan XX əsrdə - ötən dövrlər ərzində güc tarazlığı sistemində iştirak etməyən ABŞ iki böyük dünya müharibələrindən sonra özünün sahib olduğu dəyərlər əsasında beynəlxalq münasibətlər sistemi düzənləmək niyyətini bütün dünyaya nümayiş etdirdi. Birləşmiş Ştatlar özünün hərbi-siyasi, iqtisadi-maliyyə cəhətdən dünyanın vahid gücü olduğunu hiss edəndən sonra digər bir dövlətin və ya birliyin güc tarazlığı sistemində iştirak etmədi, əksinə ortyaya yeni dünya nizamı konsepsiyası qoydu. Bütövlükdə, 150 il ərzində ABŞ-ın Avropanın güc tarazlığı sisteminə baxışları özünün milli maraqları çərçivəsində formalaşırdı. Yəni, Avropanın beynəlxalq münasibətlər sistemində güclü aktor kimi qlobal proseslərin idarə olunmasında iştirakı ABŞ-ı heç maraqlandırmırdı və bu gün də vəziyyət eyni olaraq qalır...
Artıq “köhnə qitənin” sahibləri anlayırlar ki, bu gün dünyada cərəyan edən siyasi-iqtisadi proseslərdə Avropanın iştirakı məhdudlaşdırılır və onların maraqları ikinci plana atılır. Bu baxımdan, klassik oyunçulardan sayılan Fransa və Almaniya Avropanın köhnə imicini yeni görkəmdə geri qaytarmaq üçün böyük səylər göstərirlər. Bunun bariz nümunəsi kimi isə Fransa-Rusiya-Almaniya-İtaliya kvartetinin yaradılması ilə bağlı edilən cəhdləri göstərə bilərik...
ötən üç yüz il ərzində baş verən hadisələr bir daha sübut edir ki, Avropa Rusiyasız beynəlxalq münasibətlər sistemində söz sahibi ola bilməyəcək və qitədə güc tarazlığına nail olmayacaq. çünki Avropa inkişaf etmiş texnologiyadır, Rusiya isə həmin texnologiyaları hərəkətə gətirəcək yanacaqdır.
Digər tərəfdən, hər iki qüvvə təkqütblü dünya nizamına qarşı çıxdıqlarına görə, onların qarşısında duran tək güclə mübarizə aparmaq üçün birləşmək şansı yaranır. “La Republica” nəşri yazır ki, İtaliyanın prezidenti Corco Napolitano, məhz Belçikaya səfəri zamanı NATO-nu Rusiya ilə səmərəli əməkdaşlıq etməyə çağırıb: “Mən yenidən təşkilatlanmanı nəzərdə tutmuram. Biz NATO-nun səmərəli fəaliyyət göstərməsi üçün ona yeni nəfəs verməliyik. Rusiya və NATO-nun bu günün və gələcəyin təhlükəsizlik məsələlərilə bağlı yaradılması vacib olan sıx əməkdaşlıq münasibətləri inam qıtlığı üzündən qurulmur”.
Onun sözlərinə görə, Rusiya Avropanın bir hissəsidir - demək ki, o Atlantik cəmiyyətinə daxildir: “Rusiyanın son addımları narahatlıq yaradır və NATO-nun perspektiv planları gələcəyimizə hesablanmış şəkildə qurulmalıdır. Rusiyanın Avropanın təhlükəsizlik arxitekturasına qəbul olunmaması, qitənin təhlükəsizlik konstruksiyasını natamam vəziyyətdə saxlayır. Buna görə də, bizə lazımdır ki, Rusiya “içəridə” olsun, “çöldə” yox”...
Göründüyü kimi, Avropanın qüdrətinə görə üçüncü dövləti olan İtaliyanın rəhbəri qitənin gələcəyi baxımından Rusiya ilə əməkdaşlığı mühüm sayır.
Digər nüans... Avropanın iki ən güclü ölkələrindən biri olan, soyuqqanlı güc siyasəti həyata keçirən Almaniya da Rusiya ilə əməkdaşlığın vacib olduğunu etiraf edir... Demək ki, artıq “köhnə qitədə” yeni güc tarazlığı mərkəzinin formalaşdırılması prosesinə start verilib. Bu prosesin növbəti akkordu isə tarixən Avropada söz sahibi olmaq üçün mübarizə aparan, lakin aristokrat nəsilləri arasında qohumluq əlaqələri olan Fransa-Rusiya əməkdaşlığında yeni mərhələnin başlanması barədə razılaşmaların əldə olunmasıdır.
“The Financial Times” qəzeti məsələ ilə bağlı yazır ki, Sarkozi Rusiyaya münasibətini kardinal şəkildə dəyişib: “Düşmənçiliyin yerini dostluq tutub”. Nəşr qeyd edir ki, Sarkozi 2007-ci ildə keçirilmiş seçkilərə qədər Jak Şirakdan fərqli olaraq, Rusiyanı və onun çeçenistandakı fəaliyyətini tənqid edirdi.
“The Guardian” isə bildirir ki, Sarkozi Rusiyaya təyyarə daşıyan gəmi satmaqla, müttəfiqlərini qıcıqlandırıb. Nəşrin yazdığına görə, Rusiya prezidenti Dmitri Medvedev Fransaya səfəri zamanı bildirmişdi ki, “alış-satış məsələsi iki dövlət arasındakı inamın, etibarın simvolu” olacaq.
Göründüyü kimi, Avropa qitəsində pərdə arxasında qlobal təsirli, yeni təhlükəsizlik arxitekturasının qurulmasına hesablanmış siyasi oyunlar gedir. Baş verən rəsmi hadisələr isə, sadəcə, bu strategiyanın bir parçasıdır. Əlbəttə ki, qitə sahiblərinin bu niyyətini xoş qarşılamayan qüvvələr də var ki, onların növbəti addımlarından sonra bu niyyətlərin dəqiq konturları hər kəsə bəlli olacaq.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1445 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30