Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Fransanın yeni prezidenti kim olacaq?

Fransanın yeni prezidenti kim olacaq?

21.07.2026 [10:16]

Fransada Makrondan sonrakı dönəmə hazırlıqlar başlayıb. Söhbət ölkədə gələn il keçiriləcək prezident seçkilərinə hazırlıqlardan gedir. Artıq növbəti prezident seçkilərinin vaxtı müəyyənləşib.

Seçkilər 2027-ci il aprelin 18-də (birinci tur) və mayın 2-də (ikinci tur) keçiriləcək. Verilən məlumata görə, hakimiyyət səsvermənin aprelin 11 və 25-də keçirilməsini nəzərdə tutan alternativ variant əvəzinə, məhz bu qrafikə üstünlük verib. Xatırladaq ki, Fransa Konstitusiyasının 7-ci maddəsinə əsasən, prezident seçkiləri hazırkı dövlət başçısının səlahiyyətlərinin başa çatmasına 20 gündən 35 günə qədər qalmış müddətdə keçirilməlidir. Hazırkı prezident Emmanuel Makron 2022-ci il mayın 14-də ikinci beşillik müddətinə başlayıb, buna görə də onun səlahiyyətləri 2027-ci il mayın 13-də başa çatır. Konstitusiyaya görə, o, ardıcıl olaraq üçüncü müddətə namizədliyini irəli sürə bilməz. Beləliklə, budəfəki seçkilər Makronsuz keçəcək. Hələlik onun təmsil etdiyi mərkəzçi blok konkret bir namizədin təbliğatına başlamayıb. Hazırkı məqamda əsas favorit qismində isə ifrat sağçı, “Milli Birlik” Partiyasının lideri Marin Lö Pen çıxış edir.

Marin Lö Pen seçkilərə elektron qolbaqsız gedəcək

Məlumdur ki, son on ildə Fransada bütün səviyyələrdə baş tutan seçkilərdə əsas rəqabət mərkəzçi blokla ifrat sağçı “Milli Birlik” arasında gedib. Marin Lö Pen indiyədək seçkilərdə üç dəfə rəqabətə girsə də, seçkilər hər dəfə Makronun qələbəsi ilə yekunlaşıb və müxalifətin bu nəticələrə etiraz bildirməsi son qərarı dəyişməyib. Nəhayət, dördüncü cəhddə Makron Marin Lö Penin rəqibi qismində çıxış etməyəcək.

Artıq dördüncü cəhddə prezident seçkilərinə qatılacaq Marin Lö Penlə bağlı əsas məqamlardan biri də onun məhkəmə işi ətrafında yeni gəlişmədir.  Xatırladaq ki, 2025-ci ilin yazında məhkəmə Marin Lö Peni partiyada çalışan işçilərin Avropa vəsaitləri ilə maaş aldığı bir sxem yaratmaqda təqsirkar sayıb. Daha sonra Marin Lö Penə seçkilərdə iştirak etməsinə  beş il qadağa və dörd il həbs cəzası verilib. O, cəzasının qalan hissəsini elektron izləmə qolbağı altında çəkməli idi. Partiya lideri həmçinin 100.000 avro cərimə edilib.

Cari il iyul ayında verilən iki məhkəmə qərarı isə “Milli Birlik” Partiyasının lideri ilə bağlı vəziyyəti dəyişib. İyulun 7-də Paris Apellyasiya Məhkəməsi köməkçilərinə saxta ödənişlər etdiyinə görə həbs cəzası alan Marin Lö Penin məhkumluğunu qüvvədə saxlasa da, onun 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək hüququnu tanıyıb. Həmçinin iyulun 15-də baş tutan məhkəmə iclasında Marin Lö Penin seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası ləğv edilib. Paris Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu “Milli Birlik” Partiyasının Avropa Parlamenti deputatlarının köməkçiləri ilə bağlı iş üzrə 7 iyul tarixli qərardan Kassasiya Məhkəməsinə müraciət etməyəcəyini açıqlayıb. Qurum bu qərarın məhkəmə hökmünün ətraflı hüquqi təhlilindən sonra qəbul edildiyini bildirib.

Apellyasiya instansiyası Marin Lö Pen və partiyanın bir sıra rəhbər şəxslərini dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilsə də, məhkəmənin təyin etdiyi cəzalar prokurorluğun tələb etdiyindən xeyli yüngül olub. Prokurorluq Marin Lö Pen üçün beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası tələb etmişdi ki, bu da onun 2027-ci il prezident seçkilərində namizədliyini faktiki olaraq mümkünsüz edəcəkdi. Lakin məhkəmə seçilmək hüququnun və seçicilərin iradəsinin qorunmasını əsas gətirərək, bu qadağanı 15 aylıq müddətlə məhdudlaşdırıb və həmin müddətin artıq başa çatdığını nəzərə alıb.

Paris Apellyasiya Məhkəməsi yanında baş prokuror Mari-Süzan Lö Ko bildirib ki, “Milli Birlik” Partiyasının lideri Marin Lö Pen 2027-ci il prezident seçkiləri üzrə kampaniyasına elektron nəzarət qolbağı olmadan başlayacaq. Onun sözlərinə görə, Kassasiya Məhkəməsinə edilən şikayət apellyasiya instansiyasının hökmünün icrasını müvəqqəti dayandırır.

TF1 telekanalına müsahibəsində baş prokuror bildirib: “Kassasiya şikayəti verildiyi andan etibarən Apellyasiya Məhkəməsinin qərarını icra etməyəcəyəm. Buna görə də Marin Lö Pen seçki kampaniyasına elektron qolbaq olmadan başlayacaq”.

Mari-Süzan Lö Ko əlavə edib ki, əgər Kassasiya Məhkəməsi 2027-ci il prezident seçkilərindən əvvəl qərar qəbul edərək hökmü qüvvədə saxlasa, Marin Lö Pen kampaniyanın son mərhələsində elektron qolbaq daşımalı ola bilər. Həmçinin o, prezident seçilsə və qərar bundan sonra çıxarılsa, dövlət başçısının toxunulmazlığı səbəbindən cəzanın icrası təxirə salınacaq.

Artıq Marin Lö Pen 2027-ci il prezident seçkilərində namizədliyini rəsmən təsdiqləyib. Bunun ardınca “Milli Birlik” Partiyasının lideri seçki kampaniyasının rəsmi internet səhifəsini istifadəyə verib və kampaniyasının şüarını (“Fransa üçün dirçəliş”) təqdim edərək, prezidentlik yarışına start verdiyini elan edib. O, iyulun 8-də 2027-ci il prezident seçkiləri kampaniyası çərçivəsində ilk səfərini Sart departamentinin La Fleche şəhərinə edib.

Respondentlərin əksəriyyəti Lö Peni Fransanın növbəti prezidenti kimi görür

Fransa vətəndaşlarının əksəriyyəti 2027-ci ilin prezident seçkilərində “Milli Birlik” parlament fraksiyasının lideri Marin Lö Peni dəstəkləməyə hazırdır. Bunu “Le Figaro” qəzeti və LCI televiziyasının sifarişi ilə Fransa İctimai Rəy İnstitutu (IFOP) tərəfindən aparılan sorğunun nəticələri göstərir.

Sorğu 7-8 iyulda 18 yaşdan yuxarı 984 nəfər arasında aparılıb. Lö Penin əsas rəqibləri Fransanın iki keçmiş baş naziri olacaq: mərkəzçi “Renessans” Partiyasının lideri Qabriel Attal və prezident koalisiyasının bir hissəsi olan “Üfüqlər” Partiyasının rəhbəri Eduard Filip. Le Pen sorğuda səslərin 36 faizini toplayıb, respondentlərin 15 faizi Attala, 19 faizi isə Filipə səs verəcəklərini bildirib.

İkinci turda respondentlərin əksəriyyəti yenə də Lö Penə səs verməyi üstün sayıb: o, Filipə qarşı səslərin 54 faizini, Attala qarşı isə nəticəsi daha yaxşı - 55 faizi əldə edə bilər.

Daxili auditoriya ilə yanaşı, Marin Lö Penə beynəlxalq səviyyədə də böyük dəstək var. O cümlədən ABŞ Prezidenti D.Tramp Marin Lö Penlə bağlı məlum məhkəmə qərarına sərt reaksiya verərək buna görə  Fransanı kəskin tənqid etmişdi. “Onun seçkilərdə iştirakına beş il müddətinə qadağa qoyulub, halbuki o, əsas namizəddir. Bu, bizim ölkədə baş verənlərə bənzəyir”, - deyə Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirmişdi.

İlon Maskın Marin Lö Penə dəstəyi - seçkilərə xarici müdaxilə ehtimalı gündəmdə

Amerikalı milyarder İlon Maskın 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Marin Lö Penə açıq dəstək verməsi ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Verilən məlumata görə, bir sıra fransız siyasətçilər bu addımı demokratik proseslərə mümkün xarici müdaxilə kimi qiymətləndirirlər.

Mask özünə məxsus X sosial şəbəkəsində paylaşdığı mesajda Fransa Milli Assambleyasında “Milli Birlik” fraksiyasının sədri Marin Lö Peni “Fransanın son ümidi” adlandırıb. Bununla da o, ilk dəfə Lö Penin prezidentliyə namizədliyini açıq şəkildə dəstəklədiyini nümayiş etdirib.

Fransa hökuməti Maskın paylaşımına qısa müddətdə reaksiya verib. Xarici işlər naziri Jan-Noel Barro X platformasında yazıb: “Fransada belə bir deyim var: yalnız axmaqlar fikirlərini dəyişmirlər”.

Fransanın solçu “Əyilməz Fransa” Partiyasından deputat Antuan Leoman isə Maskın mövqeyini prezident seçkilərinə yönəlmiş xarici müdaxilənin başlanğıcı adlandırıb. Onun sözlərinə görə, Audiovizual və Rəqəmsal Kommunikasiya üzrə Tənzimləmə Qurumu bu məsələ ilə bağlı araşdırma aparmalıdır.

Qeyd edək ki, X sosial şəbəkəsi Fransada artıq cinayət araşdırmasının predmetidir. Ölkədə iki ayrı şikayət əsasında aparılan istintaqda X platformasının alqoritmindən xarici müdaxilə məqsədilə istifadə edilə biləcəyi iddia olunur.

Bu vəziyyət həm də ötən ay SpaceX şirkətinin birja debütündən sonra dünyanın ilk trilyonçusu hesab edilən İlon Maskın, eyni zamanda, platformanın sahibi kimi siyasi təsir imkanları barədə müzakirələri gücləndirib. Maskın Fransa siyasətinə müdaxilə kimi qiymətləndirilən bu addımı onun Avropadakı millətçi və populist siyasi hərəkatlara verdiyi dəstəyin davamı hesab olunur. O, daha əvvəl Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını dəstəkləyərək onu “Almaniyanı xilas edə biləcək yeganə siyasi qüvvə” adlandırmışdı.

Avropa İttifqının Marin Lö Penin namizədliyinə münasibəti də çox mühüm məsələdir. Fransa siyasi, iqtisadi və hərbi güc baxımından Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Elə analitiklərin müzakirələrinin mövzularından biri də bu sual ətrafındadır: Brüssel seçkilərdə kimin tərəfində olacaq? Sualın cavabı olaraq bildirək ki, Avropa təsisatlarında Marin Lö Penə münasibətdə köklü dəyişikliklər izlənilir.  Bir vaxtlar Brüssel “Lö Penin hakimiyyətə gəlməsinin qarşısını necə almaq olar?” sualına cavab axtarırdısa, hazırda Aİ-də müzakirələr fərqli istiqamətdə aparılır. Ümumi qənaət belədir ki, Aİ təsisatları artıq Marin Lö Penin qələbəsini iqnor etmirlər, eyni zamanda,  digər nəticələri də qarşılamağa hazırdırlar.

Getdikcə ağırlaşan sosial-iqtisadi durum

Bu gün Fransada seçkilər mövzusu gündəm olsa da, ölkə üçün əsas məsələ sosial-iqtisadi durumun getdikcə ağırlaşmasıdır. Bu isə o anlama gəlir ki, Yelisey Sarayının gələcək sahibini asan idarəçilik dönəmi gözləmir. Fransada bu ilin ikinci rübündə 17 min 486 şirkətin fəaliyyətini dayandırdığı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artım deməkdir.

Bu barədə şirkətlər haqqında məlumatların təhlili üzrə ixtisaslaşmış “Altares” şirkətinin hesabatında məlumat verilib. Hesabata əsasən, ilin əvvəlindən bəri fəaliyyətini dayandıran müəssisələrin sayı 37 min 700-ə çatıb ki, bu da 2025-ci ilin ilk altı ayı ilə müqayisədə 1500 şirkət çoxdur. Ən çox zərər çəkənlər kiçik və yeni yaradılmış şirkətlərdir.

Ölkənin üzləşdiyi maliyyə çatışmazlığı digər bir ciddi problemdir. Hökumətin tapşırığı ilə hazırlanmış və ictimaiyyətə təqdim olunan yeni hesabat ölkənin dövlət maliyyəsi ilə bağlı ciddi xəbərdarlıq edir. Sənəddə bildirilir ki, mövcud iqtisadi və fiskal siyasət dəyişməz qalacağı təqdirdə, 2030-cu ildə büdcə kəsiri ÜDM-in 6,8 faizinə çatacaq.

Bu ssenarinin qarşısını almaq üçün isə Fransa 2032-ci ilə qədər əlavə 125 milyard avro maliyyə vəsaiti tapmalıdır. Amma necə və haradan? Hesabat müəlliflərinin proqnozuna görə, mövcud siyasət davam edərsə, dövlət xərcləri gəlirlərdən daha sürətlə artacaq və bu da artıq ÜDM-in 5,1 faizini təşkil edən büdcə kəsirini 2030-cu ildə 6,8 faizə yüksəldəcək.

Mütəxəssislər dövlət borcunun da əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar. Hesabata əsasən, borcun həcmi 2026-cı ildə ÜDM-in 118 faizindən 2030-cu ildə 130 faizinə yüksələcək. Bu isə son iyirmi ildə 34 faiz artım deməkdir. Beləliklə, dövlət borcu Fransanın təxminən 1,3 illik iqtisadi istehsalına bərabər olacaq.

Bu artımın əsas səbəblərindən biri dövlət borcuna xidmət xərclərinin yüksəlməsidir. Faiz ödənişlərinin 2030-cu ilə qədər hər il təxminən 10 milyard avro artacağı, ümumilikdə isə əlavə 46 milyard avroya çatacağı gözlənilir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31