Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

12.10.2026 [10:52]

Bir çox ölkədə oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə bu gün 1996-cı ildən etibarən hər il qeyd edilir.

Ümumdünya Artritlə Mübarizə Gününün əsas məqsədi revmatoloji xəstəliklər probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, artritin bütün formaları barədə məlumatlılığı artırmaq, xəstəliyin profilaktikası, erkən diaqnostikası, tibbi və sosial reabilitasiyası istiqamətində həkimlərin, pasiyentlərin və ictimaiyyətin səylərini birləşdirməkdir.

Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyidir. Müalicə edilmədikdə, yalnız ağrı və hərəkət məhdudiyyətinə deyil, həm də əlilliyə və əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Artrit bəzən təkrarlanan yüngül travmalar, oynaqların açıq və ya qapalı zədələnmələri, tez-tez baş verən fiziki gərginlik və ya genetik meyillilik nəticəsində inkişaf edir. Bundan əlavə, virus və bakterial infeksiyalar, soyuğa məruzqalma, fiziki və psixoloji yüklənmə, hətta həddindən artıq siqaret çəkmək də artritin yaranmasına təkan verə bilər. Bəzi hallarda isə xəstəliyin yaranma amilləri və inkişaf mexanizmləri tam aydınlaşdırılmayıb. İltihabi proses oynaqların quruluş və funksiyalarının pozulmasına səbəb olur. Nəticədə ağrı, hərəkət sərtliyi və şişkinlik yaranır. Sonrakı mərhələlərdə isə oynaqlarda geridönməz dağıntılar baş verə, xəstə əlilliklə üzləşə bilər.

Ümumilikdə, artrit oynaqların 100-dən çox diaqnozu əhatə edən geniş xəstəliklər qrupuna verilən addır. Bu xəstəliklər arasında ən çox rast gəlinənlərdən bəziləri artroz və revmatoid artritdir.

Ən təhlükəli məqamlardan biri artrit riskinin hər yaşda olan insanı – körpədən ahıl yaşlı şəxslərə qədər hər kəsi əhatə edə bilməsidir. Bununla belə, artritin sürətlə inkişafı ilə müşayiət olunan ağır revmatik oynaq xəstəlikləri daha çox əmək qabiliyyətli, 30–50 yaş aralığında olan insanlarda müşahidə edilir. Qadınlarda bu xəstəliyə kişilərlə müqayisədə beş dəfə çox rast gəlinir. Oynaqların xəstəliklərini ilkin mərhələdə müəyyənləşdirmək isə həmişə mümkün olmur. Çünki bu xəstəliklər gizli və ya başqa xəstəliklərə bənzər əlamətlərlə özünü göstərə bilər. Sonrakı mərhələlərdə uzunmüddətli və davamlı tibbi nəzarət və müalicə, eləcə də pasiyentlərin reabilitasiyası və sosial adaptasiyası tələb olunur.

Buna görə də oynaqlarda və onurğada ağrı ilə bağlı problemin əhəmiyyətini düzgün qiymətləndirməmək insanların həkimə gec müraciət etməsinə səbəb olur. Bu isə sağalma və ya remissiyaya nail olmaq imkanlarını azaldır, əlillik riskini artırır. Buna görə də oynaqlarda və onurğada ağrı ilə bağlı problemin əhəmiyyətini düzgün qiymətləndirməmək insanların həkimə gec müraciət etməsinə səbəb olur. Bu isə sağalma və ya remissiyaya nail olmaq imkanlarını azaldır, əlillik riskini artırır.

Hazırda oynaq xəstəlikləri qlobal problemə çevrilib. ÜST-nin məlumatına görə, dünya əhalisinin hər on nəfərindən biri artritdən əziyyət çəkir. Son onillikdə dayaq-hərəkət sistemi və birləşdirici toxumaların xəstəliklərinin, o cümlədən artritin yayılma tendensiyası azalmayıb. Revmatoloji xəstəliklər xəstələnmə və əlilliyə səbəb olan amillər arasında yüksək yerlərdən birini tutur.

Buna görə də yadda saxlamaq vacibdir ki, yalnız erkən diaqnostika və vaxtında müalicə artritin ağır fəsadlarının qarşısını ala bilər. Həkimlərin fikrincə, xəstəlik erkən mərhələdə aşkarlandıqda və fərdi müalicə planı düzgün seçildikdə, müsbət nəticələr əldə etmək mümkündür. Artritin diaqnostikası sağalma yolunda mühüm addımdır, müasir müalicə üsulları isə pasiyentlərin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Konservativ müalicənin səmərə vermədiyi hallarda cərrahi müdaxiləyə ehtiyac yarana bilər. Belə müdaxilələrə oynağın protezlə əvəz edilməsi (endoprotezləşdirmə) və zədələnmiş toxumaların çıxarılması üçün artroskopiya daxildir.

Artritin yaranma səbəbləri müxtəlif olsa da, həkimlər profilaktikanın xəstəliklə mübarizədə mühüm rol oynadığı qənaətindədirlər. Həmin xəstəliklərin yaranma riskini bir sıra sadə tövsiyələrə əməl etməklə azaltmaq mümkündür. Bunun üçün açıq havada daha çox vaxt keçirmək, zərərli vərdişlərdən imtina etmək, sağlam həyat tərzi sürmək, fiziki hərəkətləri və düzgün qidalanmanı gündəlik həyatın bir hissəsinə çevirmək, bədən çəkisinə nəzarət etmək, oynaqlara düşən yükü düzgün bölüşdürmək lazımdır. Ağır əşyaları düzgün qaldırmaq, qaməti qorumaq, uzun müddət hərəkətsiz işləyərkən fasilələr vermək və oynaqları zədələnmələrdən qorumaq da vacibdir. Xüsusilə, oynaqların travma alma ehtimalını artıran fəaliyyətlər zamanı ehtiyatlı olmaq tövsiyə edilir.

Bütün bunlar insanın yaşından və məşğuliyyətindən asılı olmayaraq əhəmiyyət daşıyır. Çünki orqanizmin xəstəliklərə qarşı müqavimətinin insanın ümumi fiziki vəziyyətindən və psixoloji tarazlığından asılı olduğu çoxdan məlumdur.

Problemin geniş miqyasını və ciddiliyini nəzərə alsaq, Ümumdünya Artritlə Mübarizə Günü hər il daha böyük aktuallıq qazanır. Bu gün çərçivəsində xəstəliyin profilaktikasına və “pasiyent–həkim” əməkdaşlığının düzgün qurulmasına xüsusi diqqət yetirilir. Hazırda 35-dən çox ölkədə oktyabrın 12-də artritlə mübarizə məqsədilə pasiyentlər və tibb işçiləri arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31