Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Cənab İlham Əliyevə səs vermək davamlı inkişafa səs vermək deməkdir

Cənab İlham Əliyevə səs vermək davamlı inkişafa səs vermək deməkdir

05.10.2013 [11:22]

Azərbaycan xalqı sahib olduğu dövlətin gələcək taleyini etibar edəcəyi lideri seçmək ərəfəsindədir. Vətəndaşlarımız bundan sonrakı 5 il ərzində dövlətin sabit və dinamik inkişafının davam etdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi qlobal siyasətdə rolunun yüksəldilməsi və insanların rifah halının artım dinamikliyinin təmin edilməsi üçün öz liderini seçəcək. Əlbəttə ki, bu məsələdə Azərbaycan xalqının elə də çox düşünməyə ehtiyacı yoxdur. Çünki bu gün hər bir azərbaycanlı əminliklə bilir ki, Azərbaycanı irəliyə yalnız bir lider - 10 ildir ki, Vətənimizin çiçəklənməsi naminə bütün enerjisini və intellektini sərf edən Prezident İlham Əliyev apara bilər.
Bu faktı bilən və reallığı görən hər bir Azərbaycan gənci də 9 oktyabr tarixində keçiriləcək seçkilərlə əlaqədar artıq seçimini edib. Ulu öndər Heydər Əliyevin daima uca tutduğu Azərbaycan xalqı bu dəfə də azərbaycançılıq fəlsəfəsinə sədaqətini ortaya qoyaraq cənab İlham Əliyevə dəstək olacaqdır. Son 10 ildə əldə olunmuş böyük nailiyyətlərə nəzər saldıqda kifayət qədər tutarlı əsas görürük ki, bütün bunlar xalqın seçiminin fundamental prinsiplərini təşkil edir.
Vurğulamaq yerinə düşər ki, 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artıb, ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatıb ki, bu da təxminən 8 dəfə artım deməkdir. Eyni zamanda, 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat idisə, 2012-ci ilin yekununda 5885 manat təşkil edib. Başqa sözlə, adambaşına düşən ÜDM 7 dəfəyə yaxın artıb. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard dolları ötüb. On il ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artaraq, 77 manatdan 398 manata çatıb. Əgər 2003-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği 24 manata yaxın idisə, ölkədə həyata keçirilmiş pensiya islahatları nəticəsində bu göstərici 153 manata çatıb. Bunlar, sadəcə bir statistika deyil. Bunlar Azərbaycan dövlətinin 10 il ərzində inkişafının rəqəmlərlə ifadəsidir.
Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə də, Prezidentimizin həyata keçirdiyi siyasət cəmiyyətimiz tərəfindən bu qədər dəstəklənir.
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olub. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı beynəlxalq dəniz ticarət limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında yeni aerovağzal kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidən qurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.
Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi isə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasətinin prioritetlərindəndir. Reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində artıq Azərbaycanda qeyri-ənənəvi sənaye sahələrinin inkişafına nail olunub. Bu baxımdan, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcək.
Başqa bir iqtisadi dinamika isə ölkə vətəndaşlarının gəlirlərinin artımında özünü göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin hər nəfərinə düşən gəlirin məbləği 5,4 dəfə artaraq, 3784 manata çatıb. Bu artımda əhalinin SSRİ dövründən qalmış əmanətlərinin qaytarılması da müəyyən rol oynayıb. Dövlət büdcəsindən bu məqsədlə 1 milyard manata yaxın vəsait ayrılmışdır ki, bu da postsovet məkanında əmanətlərin ən əlverişli şərtlərlə qaytarılmasına imkan verib və vətəndaşların bank sektoruna inamını gücləndirib.
Əlbəttə ki, Azərbaycanın sürətli iqtisadi yüksəlişi beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Yeni keyfiyyət mərhələsinə qədəm qoyan, özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: Dünya İqtisadi Forumunun “Rəqabətlilik Hesabatı 2013-2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. MDB məkanında isə Azərbaycan ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıbdır. Azərbaycan dünyanın güc mərkəzlərinin mövqeyinə hörmətlə yanaşdığı, beynəlxalq proseslərdə çox fəal rol alan güclü bir dövlətdir. İki il əvvəl 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, cəmi 21-22 illik müstəqillik tarixi olan bir dövlət üçün çox böyük əhəmiyyət daşıyır.
10 il bundan əvvəl hələ orta məktəbləri yenicə bitirmiş yeniyetmələrin və ya ali təhsil ocaqlarındakı gənclərin gələcəyini təxəyyülündə qurduğu bir vaxtda Prezident İlham Əliyev həmin xəyalları reallığa çevirə bildi. Cəmiyyətimizin müxtəlif təbəqələrinin, xüsusilə də, aşağı sosial vəziyyətli ailələrin övladları heç təsəvvürünə belə gətirə bilməzdi ki, nə vaxtsa, onların dövlətin hesabına dünyanın ən güclü universitetlərində təhsil almaq imkanı olacaq.
Prezident İlham Əliyevin “neft gəlirlərini insan kapitalına çevirməliyik” tezisi əsasında 2007-ci ildə imzaladığı Dövlət Proqramına uyğun olaraq minlərlə gənc dövlətin hesabına xaricdə təhsil almağa göndərildi. Həmin gənclər dünya intellektualları arasında Azərbaycanı təmsil etməklə yanaşı, əldə etdikləri biliklər hesabına Vətənimizin inkişafına töhfələrini verməyə başladılar. Vaxtilə, XX əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyev belə gələcəyə yönələn addım atmışdı, milli kadr korpusunu formalaşdırmışdı və məhz, o zaman xaricdə təhsil almış gənclərin böyük əksəriyyəti bu gün də Azərbaycanın çiçəklənməsində rol alırlar. Bu gün Azərbaycan xalqı bütün qətiyyəti ilə dövlətimizin siyasətini dəstəkləyir, cənab İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük inamla addımlayırlar.
Xalqımızın 9 oktyabrda keçiriləcək prezident seçkilərinin hər bir mərhələsində yüksək fəallıqları Azərbaycanın uğurlu gələcəyinə dəstəklərindən qaynaqlanır. Cənab İlham Əliyevə səs vermək davamlı inkişafa səs vermək deməkdir. Son illərin uğurları fonunda dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınan və nüfuz qazanan Azərbaycanı cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etmiş ölkələr sırasında görəcəyimizə əminik. Seçkilərdə fəal olaq, uğurlu gələcəyimizə səs verək. Hakimiyyətin mənbəyi olan xalq cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanın xoş və firavan gələcəyini dəstəklədiyini, daha uğurlu gələcəyimizə inandığını ortaya qoyur. Prezident cənab İlham Əliyev tərəfindən görülən hər bir iş, Azərbaycanın ucalığı, inkişafı naminə atılan hər bir addım xalqımız tərəfindən dəstəklənir. Ölkəmizdə xalqla dövlətin mükəmməl bir vəhdəti vardır. Ölkə Prezidentinin əhalinin rahat yaşaması, təhsili, sağlamlığı naminə gördüyü işlərin gələcəkdə də davam etdirilməsini, ən ağrılı problemimiz olan Qarabağ məsələsinin həll olunmasını istəyən hər bir azərbaycanlı bu seçkidə də cənab İlham Əliyevi dəstəkləyəcəkdir. Bizə göstərilən bu qayğı və diqqətin müqabilində biz də öz dəstəyimizi verməli və 9 oktyabr seçkilərində iştirak edərək cənab İlham Əliyevə səs verməliyik. Çünki bu, dövlətimizin və xalqımızın gələcəyi naminə doğru seçimdir.
Müşfiq Tükanov,
İqtisad elmləri üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 1683 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30