Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Mingəçevirdə “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyası keçirilib

Mingəçevirdə “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyası keçirilib

28.08.2013 [09:21]

Avqustun 27-də Mingəçevir şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyası keçirilib.
AzərTAc xəbər verir ki, sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, ATƏT-in Bakı ofisinin nümayəndələri, 38 şəhər və rayonun icra hakimiyyətinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər. Sessiyada icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə müdaxilələrə yol verilməməsi haqqında geniş fikir mübadiləsi aparılıb.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay çıxış edərək bildirib ki, Azərbaycanda son seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində irəliləyişlərin olduğu qeyd edilir. Son seçkilərlə bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru növbəti addımın atıldığı vurğulanıb. Ümid edirik ki, bu sahədə nailiyyətlər davamlı olacaq. Növbəti prezident seçkilərinə hazırlıq prosesinin gedişindən razılıq ifadə edən səfir siyasi partiya bloklarının MSK tərəfindən qısa müddət ərzində və maneəsiz qeydiyyata alınmasını da müsbət qiymətləndirib.
“Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusuna həsr olunmuş bu tədbirin seçkilərin demokratik keçirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirən səfir Koray Tarqay deyib ki, rəhbərlik etdiyi qurumun məqsədi prezident seçkilərinin demokratik keçirilməsində Azərbaycana yardım göstərməkdir. ATƏT bu fəaliyyətini dövlət qurumları ilə birgə həyata keçirir. Səfir ATƏT-in Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərinin icrasında dəstəkləməyə davam edəcəyini və seçki prosesinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçi tərəfindən izləniləcəyini qeyd edib.
Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov qeyd edib ki, qarşıdan yeni seçki sınağı gəlir və bu seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi üçün hakimiyyət qanunla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Prezident seçkiləri növbəti beş ildə Azərbaycanın inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün ölkəmizin mövqeyini və iradəsini ifadə etmək və qərar vermək şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da çox əhəmiyyətli bir hadisədir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə demokratiya əsas siyasi xətt elan olunub və bu istiqamətdə atılan bütün addımlar ölkədəki demokratik təsisatların daha da möhkəmləndirilməsinə xidmət edir.
H.Mövsümov daha sonra deyib: “Yerli icra hakimiyyəti orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də, onlar yerlərdə seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması da yerli icra hakimiyyətlərinin vəzifəsidir. İcra hakimiyyəti strukturları onların üzərinə düşən bu vəzifələri layiqincə yerinə yetirəcəklər. Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanmışdır. İstər MSK və onun qurumları, istərsə də dövlət orqanları, icra strukturları bu sahədə artıq yetərincə səriştəyə malikdirlər. İndiyədək Azərbaycanda reallaşdırılan seçkilərdə qazanılmış təcrübə və səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verir ki, qarşıdan gələn prezident seçkiləri də yüksək səviyyədə keçirilsin”.
Şöbə müdirinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə görülən zəruri tədbirlər ölkəmizdə növbəti prezident seçkilərinin də azad, demokratik, şəffaf, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə şərait yaradır. O, prezident seçkilərinin 50 mindən çox yerli və xarici müşahidəçi tərəfindən izləniləcəyini qeyd edərək bildirib ki, seçkilərə hələ 43 gün var və MSK tərəfindən bu günədək 160-dan artıq müşahidəçi qeydiyyata alınıb. Onlar seçkiləri izləmək üçün heç kimdən icazə almaq məcburiyyəti qarşısında qalmırlar.
Hüseyn Mövsümov məlumat verib ki, seçkilərdə iştirak etmək hüququ qazanan vətəndaşların sayının ildən-ilə artması səbəbindən yeni seçki məntəqələrinə ehtiyac yaranıb. Bu məqsədlə prezident seçkiləri ərəfəsində ölkəmizdə daha 119 yeni seçki məntəqəsi yaradılıb və səsvermə üçün lazımi şəraitlə təmin edilib. Əgər indiyədək keçirilən seçkilərdə məntəqələrin cəmi 10 faizində, yəni 500 məntəqədə veb-kameralar quraşdırılmışdısa, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən qarşıdan gələn prezident seçkilərində məntəqələrin 20 faizində, yəni ümumilikdə 1000 məntəqədə veb-kameralar qoyulacaqdır. Bu da ölkədəki hər beş seçki məntəqəsindən birində səsvermə prosesinin internet vasitəsilə bütün dünyada izlənilməsinə imkan yaradacaq.
Şöbə müdirinin müavini onu da bildirib ki, “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq seçicilərlə görüşlərin keçirilməsi üçün 118 açıq və qapalı yer müəyyən edilib. Açıq yerlərin ümumi tutumu 265 min, qapalı yerlərin ümumi tutumu isə 15 min nəfərlikdir.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov ölkəmizin çox mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisə ərəfəsində olduğunu qeyd edərək bildirib ki, seçkilər beynəlxalq qurumların da diqqət mərkəzindədir. Bu, ölkə əhəmiyyətli tədbir olduğundan bu prosesdə müxtəlif dövlət strukturları iştirak edirlər. İcra hakimiyyətinin seçkilərlə bağlı əsas vəzifələrindən biri seçki prosesinin demokratik ruhda keçirilməsinə normal şərait yaratmaqdır. Bununla belə, icra hakimiyyəti orqanları seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı qanunla üzərinə düşən vəzifələri də icra edərək seçki komissiyalarına yardım göstərirlər. Seçkilərə hər hansı müdaxilə cəhdi olarsa, onun qarşısı qətiyyətlə alınacaq.
Mikayıl Rəhimov ölkədə seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitliyin mövcud olduğunu, seçki komissiyalarının normal fəaliyyət göstərməsi ilə əlaqədar hərtərəfli şərait yaradıldığını vurğulayaraq məlumat verib ki, bütün seçki komissiyaları müasir standartlara cavab verən binalarla təmin edilib, maddi-texniki baza möhkəmləndirilib. MSK aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin artırılması və seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də genişmiqyaslı maarifləndirmə proqramı hazırlayaraq həyata keçirir. ATƏT-in təşəbbüsü ilə təşkil edilən hazırkı sessiya da bu qəbildəndir. Bu sessiyalar seçkilərin tam qanunauyğun və ədalətli keçirilməsinə, habelə ölkəmizdə hüquqi dövlətin güclənməsinə və vətəndaş cəmiyyətinin daha da inkişafına xidmət edir.
M.Rəhimov qeyd edib ki, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT ilə uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayır. Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait yaradılır. Ən əsası isə odur ki, Prezident İlham Əliyevin özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur.
Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov, ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç seçki prosesinə müdaxilələrə yol verilməməsi ilə bağlı məruzələrlə çıxış ediblər. Sessiyada Avropa İttifaqının nümayəndəsi Məryəm İsmayılova da çıxış edərək qarşıdan gələn prezident seçkilərinin hazırlıq mərhələsində MSK-nın gördüyü işləri yüksək qiymətləndirib. O vurğulayıb ki, Azərbaycanın seçkilərin keçirilməsi sahəsində müsbət təcrübəsi digər ölkələr üçün nümunə ola bilər.
Sessiyada mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 1628 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30