Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Müstəqil Azərbaycan mətbuatı ölkəmizdəki demokratik inkişafın mühüm göstəricisidir

Müstəqil Azərbaycan mətbuatı ölkəmizdəki demokratik inkişafın mühüm göstəricisidir

06.08.2013 [08:32]

Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verdi
Müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələrinin (KİV), o cümlədən mətbuatın ictimai həyatdakı rolu gündən-günə artmaqdadır. Bu baxımdan, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdı. Lakin bildiyimiz kimi, müstəqilliyimizin ilk illərində zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız tənəzzülə uğradı. Çünki həmin dövrdə AXC-Müsavat hakimiyyətinin mətbuata, jurnalistikaya münasibəti totalitar rejimlərdəki vəziyyətdən o qədər də fərqlənmirdi. Həmin dövrdə imzalanan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam dövlət sirrinin qorunmasından çox hakimiyyətin əməllərini gizlətmək məqsədi daşıyırdı. Qeyd edək ki, bu gün radikal müxalifət düşərgəsində təmsil olunan və özünü demokrat hesab edən bir sıra şəxslər həmin dövrdə mətbuata hərbi senzuranın tətbiq olunmasında özünəməxsus rol oynayanlardır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan ümumi qanunsuzluq və özbaşınalıq mühiti eyni zamanda, media sahəsində neqativ halların artmasına səbəb olmuşdu, geniş yayılan reketçilik isə jurnalist peşəsinin nüfuzuna mənfi təsir göstərirdi. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi mətbuatda da köklü müsbət dəyişiklik yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra baş verdi.
SENZURANIN LƏĞVİ MİLLİ MƏTBUATIN İNKİŞAFINDA YENİ MƏRHƏLƏDİR
Məlum olduğu kimi, müstəqil Azərbaycanda milli mətbuatın inkişafına maddi və mənəvi yöndə dəstəyin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən etibarən qarşıya qoyduğu məqsədlərdən biri də mətbuatın inkişafına əngəl törədən bütün maneələri aradan qaldırmaq idi. Hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mətbuatın inkişafının qayğısına qalan Ümummilli lider müstəqil Azərbaycanın ictimai həyatında azad və inkişaf edən mətbuatın roluna xüsusi əhəmiyyət verirdi.
Məlumdur ki, bütün dünyada azad mətbuat demokratiyanın mühüm göstəricilərindən biri hesab olunur. Eyni zamanda, demokratik inkişaf yolunu tutan hər bir ölkədə olduğu kimi Azərbaycanda da müstəqil, qərəzsiz, peşəkar fəaliyyətə əsaslanan mətbuata ehtiyac var idi. Müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin cəmiyyətinin kənar ideoloji təsirlərdən azad, doğru, qərəzsiz informasiya ilə məlumatlandırılması çox vacib məsələ idi. Digər tərəfdən, demokratik inkişaf yolunu tutan Azərbaycanda mətbuatın, hər növ KİV-in sərbəst fəaliyyətinə zəmin artıq hazır idi. Bu dövrdə yeni-yeni müstəqil kütləvi informasiya vasitələrinin yaradılması milli mətbuatın ənənələrinin davam etdirilməsinə imkan verirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 90-cı illərin ortalarında kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçilərinin sosial təminatının yüksəldilməsi istiqamətində də ciddi tədbirlər görüldü. Eyni zamanda, ölkədə siyasi, sosial, iqtisadi sahələrdə gedən demokratikləşmə prosesi tezliklə mətbuatın fəaliyyətində də özünü göstərdi. Məhz belə bir ərəfədə Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı.
Qeyd edək ki, senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Belə ki, həmin dövrdən etibarən sözün, mətbuatın dövlət nəzarətindən çıxarılması prosesi tamamilə başa çatdı. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı. Bununla da, Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı.
Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Sabitliyin, qanunçuluğun bərpa olunduğu cəmiyyətlərdə söz və məlumat azadlığına, fikir plüralizminə yaradılan şərait demokratiyaya keçidi sürətləndirən vacib amildir.
Qeyd edək ki, Ümummilli liderimiz Heydər Əliyevin media siyasətinin uzaqgörənliyi həm də ondan ibarət idi ki, dövlət nəzarətinin ləğv oluması heç də dövlətin KİV-in inkişafına laqeyd münasibəti anlamına gəlmədi. Əksinə, dövlət müstəqil medianın inkişafına, maddi-texniki təminatına, reklam bazarının formalaşmasına daha çox dəstək verməyə başladı. Senzuranın ləğvindən sonra, mətbuatın daha sürətli inkişafına təkan vermək məqsədilə bir-birinin ardınca mühüm qərarlar qəbul olundu. Mətbuatın bir sıra problemlərinin həlli istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün 2003-cü il martın 15-də Azərbaycan Mətbuat Şurası yaradıldı. Eyni zamanda, mətbuatın müstəqil inkişafına şərait yaratmaq, bu məqsədlə də mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması üçün bir sıra müstəqil qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Sərəncam imzalandı.
MƏTBUATIN İNKİŞAFINA VƏ JURNALİSTLƏRƏ MADDİ-MƏNƏVİ DƏSTƏK DAVAM ETDİRİLİR
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında görülən tədbirlər sırasında da söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət göstərən addımlar, o cümlədən, mətbuatın inkişafına göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Dövlət başçısının Fərman və sərəncamlarına uyğun olaraq, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. 2008-ci ildə isə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Prezident İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rola malik oldu. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə bağlı imzalanan Fərman mətbuatın dövlət dəstəyindən bəhrələnərək müstəqil inkişafını təmin etdi. Fond həyata keçirdiyi irimiqyaslı layihələrlə Azərbaycanda KİV-in inkişafına xeyli maddi və mənəvi dəstək göstərib. Prezident İlham Əliyevin 2010-cu il iyulun 22-də imzaladığı daha bir Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrıldı. Azərbaycan mətbuatının 130 və 135 illik yubileylərində fəaliyyəti ilə seçilən jurnalistlər ali dövlət mükafatları ilə təltif olundu, media nümayəndələrinin fəaliyyəti daha da stimullaşdırıldı. Bu sahədə görülən mühüm tədbirlərdən biri kimi isə Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamıdır. Bununla ölkəmizdə dünya təcrübəsində müşahidə olunmayan addım atılıb. Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə jurnalistlərin mənzillərlə təmin olunmasını nəzərdə tutan Sərəncamın icrası yönündə görülən işlərin ilkin nəticəsi olaraq 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli binanın açılışı olub və 156 jurnalist evlə təmin olunub. Dünyada bənzəri olmayan bu addım və görülən digər işlər informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə Azərbaycan dövlətinin medianın fəaliyyətinə və inkişafına göstərdiyi dəstək, jurnalistlərin əməyinə verdiyi yüksək qiymətdir.
AZAD MEDİA MÜHİTİ JURNALİSTLƏRİN MƏSULİYYƏTİNİ ARTIRIR
Qeyd edək ki, senzuranın ləğv olunması, eyni zamanda, medianın üzərinə düşən məsuliyyəti daha da artırıb. Bildiyimiz kimi, cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında KİV-in üzərinə böyük məsuliyyət düşür. İnsanların düzgün məlumatlandırılması ilə yanaşı, milli maraq və mənafeləri nəzərə almaqla mətbuat cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında önəmli xidmətlər göstərə bilər. İnformasiya təhlükəsizliyinin qorunması ideoloji, mənəvi-psixoloji əhəmiyyətə malikdir. Sosial-siyasi sabitliyi, harmoniyanı, cəmiyyətin mənəvi-psixoloji sağlamlığını, milli birliyi hədəf alan zərərli ideyaların, təxribat xarakterli informasiyaların yayılmasının qarşısının alınması dövlətin təhlükəsizliyi baxımından vacibdir. Bu məsələyə kütləvi informasiya vasitələrinin daha diqqətli yanaşması, hər hansı məlumatı yaymazdan öncə onun dəqiqliyini, informasiyanı yayan mənbənin məqsədinin qərəzli olub-olmamasını aydınlaşdırması zəruridir.
Hazırkı dövrdə Azərbaycan cəmiyyətinin fərqli mövqeləri əks etdirən, müxtəlif məzmunlu informasiya almaq imkanları olduqca genişdir. Respublikada kütləvi informasiya vasitələrinin demək olar ki, hər növü telekanallar, teleradiolar, internet televiziya və radioları, çap mətbuatı, onlayn qəzet və jurnallar fəaliyyət göstərir. Bu sahədə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də önəmlidir. Eyni zamanda, KİV üzərində birbaşa dövlət nəzarətinin ləğv edilməsi ilə hansı informasiyanın qərəzli, yaxud obyektiv, cəmiyyətə lazımlı, yaxud zərərli olmasını müəyyənləşdirmək məsuliyyəti media qurumlarının özlərinin üzərinə düşüb. Azərbaycanda bu gün də mətbuatın azad fəaliyyəti təmin olunur. Üstəlik, ənənəvi KİV-lə yanaşı insanların getdikcə daha çox üz tutduğu internet resurslarından istifadə ilə bağlı heç bir məhdudiyyətin qoyulmaması vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir. Azərbaycan əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Bu isə həm də o deməkdir ki, Azərbaycan cəmiyyəti qloballaşan dünyanın bir tərkib hissəsi kimi müxtəlif səpkili, hətta, düzgün olmayan və təxribat xarakterli informasiyalara da çıxış imkanına malikdir.
Məlumat və söz azadlığının olduğu mühitə isə mətbuat orqanlarının rəqabətli formada inkişafı üçün şərait yaranır. Cəmiyyətin düzgün və qərəzsiz informasiyaya tələbatının artdığı bir dövrdə bu mühitdən nə dərəcədə səmərəli istifadə olunması media orqanlarının öz üzərinə düşən məsələdir. Sevindirici haldır ki, bəzi neqativ hallara baxmayaraq, əksər media qurumları əhaliyə doğru informasiyanın operativ şəkildə çatdırılması yönündə peşəkarlıqlarını artırmaqdadır. Mətbuatın rəqabətli formada inkişaf etdiyi informasiya mühitində bu, vacib keyfiyyət göstəricisidir.
Qeyd etmək yerinə düşər ki, istər dövlət başçısının çıxışlarında, istərsə də KİVDF-nin reallaşdırdığı layihələrdə mediada milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin təbliği məsələsinə xüsusi yer ayırır. İctimai rəyə xeyli təsir göstərmək imkanlarına malik olan KİV-in milli maraqların təmsilçisi, tarixi-mədəni keçmişimizin, milli-mənəvi dəyərlərimizin təbliğçisi kimi rolu çox vacibdir. Belə olan təqdirdə, jurnalistlərin, media nümayəndələrinin üzərinə düşən vəzifə öz işlərini məsuliyyətlə və vicdanla yerinə yetirməkdir. Bu, həm də jurnalistin vətəndaşlıq borcudur. KİV-in inkişafına hərtərəfli şərait yaradan dövlət də təbii olaraq media nümayəndələrinin peşə fəaliyyətində vətənə, milli maraqlara, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirmələrini gözləyir.
Xatırladaq ki, jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu bildirərək, jurnalistlərin üzərinə düşən məsuliyyətdən bəhs edib və deyib ki, jurnalistlərin vətənpərvərliyi çox vacibdir: “Dövlət maraqları müdafiə edilməli, dövlətə zərər verən addımlara yol verilməlidir”.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, azad və müstəqil media jurnalistlərdən daha yüksək peşəkarlıq, qərəzsizlik və vətəndaş mövqeyi tələb edir.
SENZURANIN LƏĞVİ MÜSTƏQİL MƏTBUATIN İNKİŞAFINA BÖYÜK TÖHFƏ KİMİ DƏYƏRLƏNDİRİLİR
Yeri gəlmişkən, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetimizə açıqlamasında 1998-ci ilin 6 avqust tarixini əlamətdar gün adlandırıb: “Çünki hər bir xalqın ictimai-siyasi fikir tarixində onun mediası, onun nə dərəcədə azad, müstəqil olması, ictimai-siyasi həyata təsir səviyyəsi mühüm rol oynayır”.
Ə.Amaşov bildirib ki, Azərbaycan mətbuatı tarixinin böyük hissəsini senzura mühitində inkişaf edib: “Azərbaycanın ilk qəzeti 1832-ci ildə Tiflisdə çap olunan “Tiflis əxbarı” qəzetidir. O vaxtdan 1998-ci ilədək, yəni 166 ilin 2 illik Azərbaycan Xalq Cümhuriyyəti dövrünü çıxmaqla qalan dövrlərdə Azərbaycanda bütün kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radio senzura altında fəaliyyət göstərib. Azərbaycanda bütün mətbuat, hər növ media 164 il senzura altında olub. XIX əsrin sonu XX əsrin əvvəllərində çar Rusiyası zamanında da, SSRİ dövründə də KİV dövlətin nəzarəti altında inkişaf edib”.
Onun sözlərinə görə, senzuranın ləğvi milli mətbuatın inkişafında dönüş nöqtəsi oldu: “1998-ci ildə mətbuat, KİV üzərindən senzuranın götürülməsi çox böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Müharibə şəraitində olan bir ölkədə belə bir addım heç vaxt təsəvvür edilə bilməzdi. Lakin Ümummilli lider bu cəsarətli addımı atdı və mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu, Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlandı. Bundan sonra da çox ciddi addımlar atıldı; Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, çox ciddi qanunvericilik yarandı, bununla da, Azərbaycan mətbuatının inkişafında əsaslı bir dönüş oldu. 1998-ci il 6 avqust Fərmanı ilə ölkəmizdə mətbuatın müstəqil inkişafı təmin edildi”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bu məsələyə münasibətini 1998-ci il 6 avqust tarixi ilə bağlı xatirəsi əsasında bildirib: “1998-ci ilin avqustunda Vaşinqtonda səfərdə idim. O zaman ABŞ-dakı dostlarımız Azərbaycanda mətbuat üzərində senzuranın ləğv olunması barədə internetdən öyrəndikləri xəbəri bizə çatdırdılar. Çox sevindik ki, ABŞ-ın paytaxtında media ilə məsələləri müzakirə etdiyimiz bir vaxtda Azərbaycanda çox önəmli bir addım atıldı”.
A.Həsrət senzuranın ləğvini media üzərində məsuliyyətin artması kimi dəyərləndirib: “Bu qərardan sonra Azərbaycan mediasında məsuliyyət dövrü başlandı, çünki həmin dövrədək mövcud olan senzura mətbuatda bir sıra neqativ halların, böhtanların, təhqirlərin qarşısını alırdı. 1998-ci ilin 6 avqust tarixindən sonra artıq bu məsuliyyət jurnalistlərin öz üzərinə düşdü. Təəssüflər olsun ki, bəzi həmkarlarımız bu məsuliyyəti məsuliyyətsizlik kimi başa düşdülər və bu da neqativ halların artmasına gətirib çıxardı”.
Onun sözlərinə görə, bu gün artıq Azərbaycanda gözəl şərait yaradılıb və istər Mətbuat Şurası çərçivəsində, istərsə də bütövlükdə ölkədə qanunverici baza, əlverişli mühit və s. məsələlər imkan verir ki, jurnalistlər doğrudan da əsl senzurasızlıq mühitində fəaliyyət göstərə bilsinlər: “Azərbaycan üçün bu çox önəmli bir addım idi və bunu Azərbaycan mətbuatı, mediası tarixində ən önəmli addımlardan biri kimi hər zaman xatırlayacağıq”.
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə isə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycanda mətbuat üzərində senzuranın aradan qaldırılması ölkəmizdə müstəqil mətbuatın inkişafına çox böyük təkan verdi: “Hesab edirəm ki, milli mətbuatımızın bugünkü nailiyyətləri birmənalı şəkildə Ulu öndər tərəfindən müəyyən olunmuş təməl prinsiplər, layihələr, qərarlar, sərəncamlar əsasında bu gün də uğurla davam etdirilir. Müstəqil mətbuatımızın inkişafı 1998-ci il 6 avqust tarixində imzalanan tarixi Fərmanla bağlıdır və bu, Azərbaycan mətbuatının tarixində olduqca önəmli bir hadisədir”.
V.Rəhimzadənin fikrincə, Azərbaycan mətbuatı hazırda da müstəqil inkişaf edir: “Ulu öndərin bu cəsarətli qərarından sonra mətbuatımızın müstəqil inkişafı yönündə siyasət bu gün də davam etdirilir. Jurnalistlərin mənzil-məişət şəraitinin, sosial imkanlarının yaxşılaşdırılması ilə bağlı sərəncamlar və bu sahədə kifayət qədər digər qərarlar da var. Bütövlükdə 1998-ci il 6 avqust tarixi Azərbaycan mətbuatı tarixinin ən əlamətdar səhifələrindən biridir”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1832 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30