Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycan qısa zamanda dünya dövlətləri sırasında layiqli yerini tutub

Azərbaycan qısa zamanda dünya dövlətləri sırasında layiqli yerini tutub

29.09.2012 [16:49]

Ulu öndər Heydər Əliyev 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisində dünya birliyi tərəfindən tanınmış və bərabər hüquqlarla onun tərkibinə daxil olmuş Azərbaycanın haqlı mövqeyini ilk dəfə beynəlxalq aləmin diqqətinə çatdırdı
Azərbaycan dövləti cəmisi 20 illik müstəqillik tarixinə malik olsa da, bu qısa zaman kəsiyində böyük uğurlara imza atmağı bacarıb. Onillərlə, bəlkə də yüz ilə yaxın müstəqil dövlətçilik tarixi olan ölkələrin əldə etmədiyi nailiyyətləri 20 ildə qazanan Azərbaycan bununla da yerləşdiyi regionun lider dövlətinə çevrilib. Bu gün dünyanın ən etibarlı tərəfdaşlarından biri kimi xarakterizə olunan, enerji təhlükəsizliyi məsələsində xüsusi yeri olan Azərbaycan böyük bir coğrafiyanın əsas aktoru qismində çıxış edir. Ötən il 155 ölkənin dəstəyi əsasında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən və bu ilin mayında quruma sədrlik edən Azərbaycan dünya siyasətinin mühüm bir hissəsi olduğunu bir daha təsdiqlədi. Bu nailiyyətlər isə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi kursun nəticələridir.
Qeyd etmək yerinə düşər ki, BMT-Azərbaycan münasibətlərinin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu kursun prioritetlərindəndir. Birmənalıdır ki, bu gün əldə olunan bütün uğurların, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı dünya miqyasında qəbul olunan sənədlərin ilkin bazasında məhz Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır. Qeyd etmək lazımdır ki, məhz Ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı məzmunlu, dərin siyasi əsaslara söykənən çıxışı müasir Azərbaycanın siyasi inkişafında, ölkəmizin dünya siyasi palitrasında öz layiqli yerini tutmasında böyük rol oynadı.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti qismində BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışı Azərbaycanla bağlı, ölkəmizin gələcək inkişafı, siyasi prioritetləri ilə bağlı dünya ictimaiyyətinin suallarına cavab sayılırdı. Çünki, bu, dünyanın ən mötəbər beynəlxalq məclisinin tribunasından müstəqil Azərbaycan dövlətinin Prezidentinin ilk çıxışı idi və ilk dəfə idi ki, müstəqil Azərbaycanın Prezidenti dünya birliyi tərəfindən tanınmış və bərabər hüquqlarla onun tərkibinə daxil olmuş ölkəsini beynəlxalq aləmə təqdim edirdi.
Ulu öndər Heydər Əliyevin bu dərin məzmunlu çıxışı Azərbaycanla bağlı həmin dövrdə yalançı erməni təbliğatının “bəhrəsi” sayılan stereotiplərin də dağılmasında mühüm rol oynadı. Məhz bu çıxış dünya ictimaiyyətində müstəqil Azərbaycanın suveren, sabit, inkişafı hədəfləyən bir ölkə olmasıyla bağlı inam yaratdı və xarici investisiyanın Azərbaycana istiqamətlənməsində mühüm əhəmiyyət daşıdı. Ulu öndər Heydər Əliyev bu mötəbər tribunadan dünya birliyinə çağırış edərək Azərbaycan xalqının uzun məşəqqətlərdən sonra qurduğu respublikanın hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutduğunu bəyan etdi. Ümummilli liderimiz vurğuladı ki, Azərbaycanda qısa bir dövr ərzində çox işlər görülüb, hüquqi demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər”, - deyən Ulu öndər Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı məsələlərin prioritet olduğunu bəyan etdi.
Bundan başqa, həmin çıxış müasir Azərbaycanın inkişafının əsas lokomotivi sayılan uğurlu iqtisadi siyasətin konsepsiyası ilə dünya birliyinin ilkin tanışlığı da adlana bilərdi. Ulu öndər Heydər Əliyev ölkəmizdə azad iqtisadi mühitin yaradılması, bazar münasibətlərinə keçidi təmin edən dərin iqtisadi islahatların aparılması üçün şəraitin yaradıldığını hər kəsin diqqətinə çatdırdı.
Müharibə şəraitində yaşayan bir dövlətin rəhbəri olaraq Ulu öndər Heydər Əliyev cəsarətlə və qətiyyətlə Azərbaycanın müstəqilliyinin əbədi olduğunu bir daha dünya birliyinin diqqətinə çatdırdı və ölkəmiz üçün ən əsas prioritetin məhz milli maraqlar olduğunu söylədi.
Ümummilli lider Heydər Əliyev açıq şəkildə Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənlərin etnik qrupunun öz müqəddəratını təyin etmək hüququnu reallaşdırıması bəhanəsi ilə dövlətimizin ərazilərinin ilhaqı, onun dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsi və azərbaycanlı əhalinin öz doğma ev-eşiyindən qovulması planlarını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ulu öndər bir daha vurğuladı ki, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar olaraq 1992-94-cü illərdə Təhlükəsizlik Şurasının 4 qətnaməsi və onun sədrinin 6 bəyanatı qəbul edilib: “Bütün qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, ərazi ələ keçirmək üçün zor tətbiq edilməsinin yolverilməzliyini qeyd edir, Azərbaycanın işğal edilmiş bütün rayonlarından bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir. Bizim üçün sarsılmaz normalar və prinsiplər var - bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür, işğal olunmuş bütün ərazilərin azad edilməsidir, qaçqınların öz doğma ocaqlarına, o cümlədən, 50 min azərbaycanlı qaçqının Dağlıq Qarabağa - öz Vətəninə qaytarılmasıdır. Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldıraraq, uzunmüddətli möhkəm sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə sabit və əməli danışıq prosesi aparmaq olar”.
Bəli, məhz irəli sürülən bu tezislər, Ulu öndərimiz tərəfindən söylənən iqtisadi-siyasi konsepsiyalar müstəqil Azərbaycan dövlətinin məramını, inkişaf trayektoriyasını bütün dünyaya nümayiş etdirdi. Dünyaya bəyan edilən bu konsepsiyaların qısa zamanda öz həllini tapması isə Azərbaycanın iqtisadi-siyasi uğurlarının təməl prinsipinə çevrildi. Ümummilli liderimizin bu çıxışı 17 il sonra Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsinə də öz töhfəsini verdi. Belə demək mümkündürsə, 1994-cü il sentyabrın 29-da BMT Baş məclisində Ulu öndər müasir, qüdrətli, iqtisadi-siyasi uğurlarla əhatə olunan Azərbaycanın inkişaf yolunu bütün dünyaya nümayiş etdirdi. Bu siyasi yol isə bundan sonrakı nailiyyətlərimiz üçün də mayak olacaq...
Pərviz SADAYOĞLU
Paylaş:
Baxılıb: 1980 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30