Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Putin ilə Tramp Çində görüşə bilər

Putin ilə Tramp Çində görüşə bilər

22.10.2026 [10:25]

ABŞ Prezidentinin nümayəndəsi Rusiyaya gəldi

Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi nəinki Avropanın, ümumilikdə qlobal təhlükəsizliyin təmini məsələsində mühüm bir düyündür. Problemin həlli ilə bağlı gedən danışıqlar prosesi isə indiyə qədər epizodik razılaşmalarla yadda qalıb. Bu razılaşmalar əsasən əsirlərin dəyişdirilməsi, humanitar atəşkəs və bu kimi müstəvilərdə müşahidə olunub. Müharibənin dayandırılması istiqamətində əsaslı dəyişikliklər isə nəzərə çarpmır.

Bununla belə prosesin yenidən canlandırılması istiqamətində işlər davam etdirilir. Oktyabrın 20-də Osloda Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa nümayəndə heyətləri müharibəyə son qoyulması yollarını müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi də gündəmə gətirilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib. Prezidentin sözlərinə görə, tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. “Amerikalılara güclü zəmanətlər verəcəklərini bildirdikləri üçün minnətdaram. Biz müxtəlif təklifləri, o cümlədən NATO-nun 5-ci maddəsinə bənzər zəmanətləri müzakirə etdik”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, müxtəlif təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir. Bunlara sənədlərdə əksini tapan zəmanətlər, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya tərəfinə çatdıracağı təkliflər daxildir. “Onların cavabını bir gün sonra eşidəcəyik”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Qeyd edək ki, görüşdə iştirak edən Finlandiya Prezidenti Aleksandr Stubb Osloda keçirilən danışıqlarda real irəliləyiş əldə olunduğunu bildirib. Stubb deyib ki, iştirakçılar Vitkoffun Rusiya tərəfinə təqdim edəcəyi gələcək təhlükəsizlik və iqtisadi razılaşmaların əsas elementlərini müəyyən ediblər. Hava hücumundan müdafiə, enerji obyektləri və enerji və ərzaq təhlükəsizliyi sahələri də daxil olmaqla qismən atəşkəs məsələləri müzakirə olunub.

Problemin həlli üçün...

Xarici medianın yazdığına görə, yeni danışıqlar mərhələsində ortada olan əsas variant ərazi status-kvosudur. Belə ki, danışıqlarda tərəflərin indiki cəbhə xətti boyu atəşkəsə nail olması və Rusiyanın Donbas daxil olmaqla hazırda nəzarət etdiyi (təxminən 20 faiz) Ukrayna ərazilərində de-fakto qalması variantı nəzərdən keçirilir. Ukraynaya isə NATO-da rəsmi təmsilçilik təklif edilmir - Vitkoff və ABŞ administrasiyası üzvlük olmadan Ukraynaya NATO-nun 5-ci maddəsinə ekvivalent güclü təhlükəsizlik təminatlarının verilməsini, eləcə də post-müharibə dövrü üçün iqtisadi planların və yeni Avropa təhlükəsizlik arxitekturasının qurulmasını müzakirə edir. Qərb mediasının fikrincə, Ukrayna bu varianta razı olub-olmayacağı müharibənin yekunlaşmasında əsas həll kimi ön plandadır.

Moskva Zelenski ilə heç bir əlaqə saxlamayıb...

Görüşdən öncə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, danışıqların əsas mövzusu Ukraynadakı münaqişə olacaq. “Təbii ki, bugünkü görüşün əsas hissəsi Ukrayna münaqişəsi ilə bağlı danışıqlardır. Bu, planlaşdırılmış tədbirdir. Bir neçə gün ərzində əlaqələndirilib. Bizim üçün, bu tədbiri hazırlayanlar üçün heç bir sirr yox idi”, - Uşakov bildirib.

Uşakov bildirib ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev də görüşdə iştirak edəcək. O əlavə edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner xəstəlik səbəbindən iştirak etməyəcək. “Bizə məlumat verildiyi kimi, Kuşner özünü pis hiss edir və səfərdən çəkinib”, - deyə prezidentin köməkçisi bildirib.

Uşakov həmçinin bildirib ki, Moskva Ukrayna lideri Volodimir Zelenski ilə heç bir əlaqə saxlamayıb və əvvəlki razılaşmalar onun iştirakı olmadan müzakirə olunub. “Zelenski ilə mənim heç bir əlaqəm olmayıb. Bir vaxtlar razılaşdığımız şeylər həmişə onun iştirakı olmadan həyata keçirilib”, - deyə prezidentin köməkçisi bildirib.

“Dönüş nöqtəsi”...

Danışıqlardan əvvəl “The New York Times” qəzeti Vaşinqtonun Zelenskini Rusiya ilə razılaşma naminə ərazi güzəştlərinə razı salmaq niyyəti barədə məlumat verib. Qəzetin məlumatına görə, Tramp razılaşmanı həyata keçirmək əzmindədir və onun köməkçiləri hazırkı anı “dönüş nöqtəsi” hesab edirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 20-də bildirib ki, Moskva Amerika danışıqlarının iştirakçılarının iqtisadi cəhətdən sərfəli təkliflərini nəzərdən keçirəcək, lakin onlar üçün siyasi güzəştlərə getməyəcək. Nazir deyib: “Görəcəyik nə təklif edəcəklər. Əgər onlar bizim üçün iqtisadi və maliyyə baxımından faydalı olan bir şey təklif edirlərsə, niyə də olmasın?”

Qeyd edək ki, Putin sonuncu dəfə Vitkoff və Kuşnerlə sentyabrın 5-də Moskvada görüşüb. Danışıqlar üç saatdan çox davam edib. Tərəflər Ukraynadakı münaqişənin həlli, iqtisadi əməkdaşlıq və mümkün birgə layihələri müzakirə ediblər.

Vitkoff Putinlə görüşdü

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Görüş Sankt-Peterburqdakı Konstantin Sarayında keçirilib. Görüş zamanı dövlət başçısı Trampa Ukraynadakı nizamlanma məsələsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Putinin sözlərinə görə, ABŞ Prezidenti son çıxışında insan itkisinin qarşısını almaq üçün münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb. Rusiya lideri həmçinin Vitkoffun bir gün əvvəl Ukrayna ilə bağlı məsləhətləşmələr apardığı Norveçdə danışıqların nəticələri ilə maraqlanıb. Bundan əlavə, Trampın xüsusi nümayəndəsi ilə görüş zamanı Putin ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduğunu bildirib. Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşdə ABŞ Prezidenti Donald Trampla Çində mümkün görüşlə bağlı bəzi mülahizələri onunla müzakirə etmək niyyətində olduğunu qeyd edib. “Bunlar (Ukrayna və Fars körfəzində böhranın həlli) və digər mövzular, Çin Xalq Respublikasında cənab Trampla mümkün görüşdə şübhəsiz ki, diqqət mərkəzində ola bilər. Burada da sizinlə bölüşmək istədiyim bəzi mülahizələr var”, - Putin Vitkoffla söhbətində bildirib.

Danışıqlarda prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib. Vurğulandığı kimi, ABŞ Prezidentinin digər təmsilçisi Cared Kuşner xəstəlik səbəbindən Sankt-Peterburqa gedə bilməyib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31