Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mərkəzi Asiya-Azərbaycan: İqtisadi əməkdaşlığın yeni dövrü

Mərkəzi Asiya-Azərbaycan: İqtisadi əməkdaşlığın yeni dövrü

10.10.2026 [13:35]

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər son illərdə daha geniş regional əməkdaşlıq arxitekturasına çevrilməkdədir. Siyasi dialoqun güclənməsi ilə yanaşı, iqtisadi maraqların, nəqliyyat-kommunikasiya imkanlarının, enerji resurslarının və yeni investisiya layihələrinin əlaqələndirilməsi Azərbaycanla Mərkəzi Asiyanı bir-birinə getdikcə daha sıx bağlamaqdadır. Son illərdə region ölkələrinin Azərbaycana və Azərbaycanın dövlət başçısının Mərkəzi Asiyaya qarşılıqlı səfərləri yüksəksəviyyəli münasibətləri daha da möhkəmləndirərək strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Ümumilikdə son illərdə Azərbaycan bu regiona oktyabrın 8-də Türkmənistandakı tədbir də daxil olmaqla 17 səfər həyata keçirib. Qardaş ölkələrin liderləri isə Azərbaycanda 26 dəfə səfərdə olublar. Bütün bu səfərlər münasibətlərin dinamikasından və yaxınlığından daha yaxşı xəbər verir, həmçinin göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi, geoiqtisadi məkana çevrilib.

Ticarət dövriyyəsi 50 faizdən çox artıb

Oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan “C5” formatından “C6” formatına adlayan qurumun mühüm siyasi platforma kimi nüfuz və potensialını nümayiş etdirdi. Məşvərət görüşü tərəfdaş ölkələrlə münasibətləri yeni istiqamətlər üzrə daha da inkişafını və gündəliyin prioritet istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə verilən mesajlardan da göründüyü kimi tərəflər arasında iqtisadi əlaqələr durmadan artır, iqtisadi inteqrasiya genişlənərək yeni şaxələr alır.

Prezidenti İlham Əliyevin xatırlatdığı kimi iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Əmtəə mübadiləsində enerji və sənaye məhsulları ilə yanaşı, qeyri-neft mallarının dinamikasında müşahidə edilən müsbət mübadilələr bölgədə ticarətin həm tempini artırır, həm də strukturunu genişləndirir. İqtisadi-ticari əlaqələrin genişlənməsində investisiya şirkətlərinin də payı əhəmiyyət daşıyır. Hazırda ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli investisiya proqramları çərçivəsində qarşılıqlı sərmayə qoyuluşları da son illərdə artmaqdadır və bu prosesdə investisiya fondlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Belə ki, respublikamız Qırğızıstan, Özbəkistan və Qazaxıstanla müştərək investisiya fondları təsis edib. Həmin təsisatlar aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı təşviq edir.

“Rəqəmsal İpək Yolu” layihəsi Xəzər-Asiya bölgəsini birləşdirəcək

Energetika sahəsində əməkdaşlıq müasir geoiqtisadi fraqmentasiyalar fonunda daha da möhkəmlənir və Mərkəzi Asiyanın resurslarının Azərbaycan üzərindən beynəlxalq bazarlara nəqlinin həcmi artır. “Yaşıl enerji” gündəliyi də öz axarı ilə inkişaf edir. Azərbaycanın Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi məqsədilə Qara dəniz, həmçinin Türkiyə istiqamətində inkişaf etdirdiyi enerji bağlantıları Mərkəzi Asiyadan Avropaya uzanan daha geniş “yaşıl enerji” marşrutunu formalaşdırmaqdadır. Bu istiqamətdə inşa edilən digər nəhəng layihə - “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” strateji əhəmiyyəti ilə seçilir. Eləcə də “Rəqəmsal İpək Yolu” layihəsi Xəzər-Asiya bölgəsini birləşdirəcək. Dənizin dibi ilə çəkilən 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Nəticədə “Digital Silk Way” Transxəzər xətti Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantıya çevriləcək.

“Altı iqtisadiyyat - bir məhsul” formulu

“C6” formatının iqtisadi hədəfləri çoxistiqamətlidir və müasir rəqəmsal transformasiyaya keçidə əsaslanır. Belə ki, tərəflər süni intellekt, rəqəmsal maliyyə və “yaşıl iqtisadiyyat” quruculuğunda daha fəal əlaqə qurmaq niyyətindədir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səsləndirdiyi kimi yeni iqtisadi şərait Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən istifadəyə dair platformanın qurulmasını labüd edir və bu sahədə birgə Bəyannamənin hazırlanması nəzərdən keçirilir. Bundan başqa, Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılması planlaşdırılır ki, bu, biznes subyektlərinin regionda istehsal və ixrac imkanlarını təşviq edərək bazarlara geniş çıxışını təmin etmiş olacaq. Həmçinin, sənaye kooperasiyasının gücləndirilməsi üçün ölkələr arasında resurs potensialı güclüdür. Bu isə birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii ehtiyatların emalının həyata keçirilməsi üçün geniş imkanlar deməkdir.

Məşvərət görüşündə diqqətçəkən digər iqtisadi təşəbbüs “Altı iqtisadiyyat - bir məhsul” formuludur. Bu ideya “C6” ölkələrindəki müəssisələrini vahid istehsal zəncirində birləşdirməklə, vahid məhsul brendini formalaşdıra bilər. Bu və digər təşəbbüslərin gerçəkləşməsi istiqamətində daha geniş müzakirələrin aparılması məqsədilə 2027-ci ildə Özbəkistanın Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” Biznes forumunun keçirilməsi nəzərdə tutulur.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31