Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Alovla mübarizə aparan qəhrəmanlar

Alovla mübarizə aparan qəhrəmanlar

10.10.2026 [09:17]

Yanğınsöndürənlər həyatla ölüm arasındakı missiyanı yerinə yetirirlər...

Onların işi təkcə alovla mübarizə aparmaqla məhdudlaşmır. Eyni zamanda insanların həyat və əmlakının qorunmasına, cəmiyyətdə təhlükəsizlik mühitinin möhkəmlənməsinə və əmin-amanlıq hissinin formalaşmasına mühüm töhfə verirlər. Bir sözlə, bu peşənin arxasında hər an həyatını riskə atmağa hazır olan, çətinliklər qarşısında əyilməyən və böyük məsuliyyət daşıyan fədakar şəxslərin taleyi dayanır.

Yanğınsöndürənlərimiz mürəkkəb şəraitlərdə göstərdikləri qətiyyət və yüksək hazırlıq səviyyəsi ilə öz peşələrinə sadiqliklərini dəfələrlə sübut ediblər. Fövqəladə halların mümkün qədər erkən müəyyənləşdirilməsi, risklərin minimuma endirilməsi, təhlükəli vəziyyətlərin qarşısının alınması və baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması onların gündəlik fəaliyyətinin əsas istiqamətlərindəndir.

Ölkəmizdə Yanğından Mühafizə Xidməti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə, daha dəqiq desək, 1918-ci ildə yaradılıb. 2002-ci il oktyabr ayının 5-də isə Heydər Əliyev oktyabrın 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u ölkəmizdə yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.

Ötən illər ərzində görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilib. Bundan başqa, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşıb, təminat və təchizat məsələləri öz həllini tapıb.

Bu gün də yanğın təhlükəsizliyi orqanlarında peşə hazırlığının artırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması, həmçinin ixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Belə ki, bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçilərinin həmin təhsil müəssisələrində müasir biliklərə yiyələnmələrinə xüsusi önəm verilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamla 2008-ci ildə nazirliyin Akademiyası yaradılıb. Müasir texnologiyaların tətbiqi iş prosesinin təkmilləşdirilməsinə, baş verən yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar edib. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi oldu. Təbii fəlakətlərin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə gedən FHN yanğınsöndürücüləri əsl qardaşlıq örnəyi nümayiş etdiriblər.

İkinci Qarabağ müharibəsi dövründə FHN-in strukturları ölkə başçısının ətrafında sıx birləşərək şanlı zəfərin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər.

Bütün bunlar, FHN-in fədakarlıq və peşəkarlıq örnəkləri sərgiləyən yanğınsöndürənlərinin ölkə rəhbərliyinin verdiyi tapşırıqları yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir. Onlar həmişə olduğu kimi, bu gün də Prezidentin qarşıya qoyduğu vəzifələri daha yüksək peşəkarlıqla və operativ formada yerinə yetirirlər.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31