Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “CNN World”un əsassız iddiaları, qərəzli mövqeyi və təxribatçı dezinformasiyası

“CNN World”un əsassız iddiaları, qərəzli mövqeyi və təxribatçı dezinformasiyası

09.06.2026 [10:18]

Azərbaycan hər zaman sülhün, sabitliyin tərəfdarı olub

Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar, o cümlədən, bölgədə daha da inkişaf edən sülh prosesi bir çox mərkəzlərin planları ilə üst-üstə düşmür. İllərlə bölgə ilə bağlı fərqli planlar hazırlayan, regionda vaxtilə mövcud olmuş münaqişənin daha da alovlanması və sülhün əldə edilməməsi üçün addımlar atan həmin mərkəzlər yeni yaranan situasiya qarşısında narahatlıq keçirirlər. Nəticə etibarı ilə isə, fərqli dezinformasiyalar, yalanlar və əsassız iddialarla bölgədə diskomfort yaratmağa çalışırlar.

Bir müddət öncə “CNN World”un əsassız iddialardan ibarət məqaləsi də növbəti cəhddir. Qeyd edək ki, məqalədə yer alan fikirlər, irəli sürülən iddialar birmənalı şəkildə yalandır. Rəsmi Bakı hər zaman Cənubi Qafqazda və yaxın coğrafiyamızda sülhün, dincliyin hakim olması üçün səy göstərib. Hətta təcavüzə məruz qaldığımız, torpaqlarımızın işğal altında olduğu dövrlərdə belə Azərbaycan münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı kimi çıxış edib. ?aralel olaraq, Bakı hər zaman bəyan edib ki, ölkəmizin ərazisinin heç bir zaman üçüncü ölkələrə hücum və ya hər hansı bir başqa niyyətlə istifadəsinə imkan verilməyib  və verilməyəcək.

İddialar tamamilə əsassızdır...

Bu mənada, “CNN World”un yaydığı məqalə birmənalı şəkildə bölgədə yaranan yeni sülh transformasiyasına, eləcə də Şərq-Qərb istiqamətli yeni iqtisadi perspektivə qarşı yönəlib. Bir sıra Qərb mərkəzlərinin, hətta dövlətlərinin bu kimi yalanları dövriyyəyə buraxmasında məqsəd artıq sonuncu, imzalanma  mərhələsinə qədəm qoyan sülh prosesindəki aktivliyin önünə keçməyə hesablanıb. Bu isə yolverilməzdir. “CNN World” bununla bağlı ciddi şəkildə təkzib verməli və üzr istəməlidir. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin “CNN World”də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhində bildirib ki, məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik. Bildirilib ki, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib. Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.

“Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir. CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik”, - deyə şərhdə qeyd edilib.

Dezinformasiya kampaniyalarının aləti...

Bu, həm də Azərbaycana qarşı növbəti informasiya təxribatıdır. Azərbaycan son illərdə mühüm qlobal tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmin diqqətini cəlb edir - rəsmi Bakı bir çox sosial, eləcə də ekoloji problemləri, qlobal şəhərsalma kimi məsələlərin həlli ilə bağlı müzakirələr təşkil edir, çıxış yollarının tapılması, bu sahələrlə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar atır. Nəticə etibarı ilə Bakı özünü qlobal aktor kimi təsdiqləyir. Bu isə anti-Azərbaycan mərkəzləri narahat edir - Azərbaycanın qlobal miqyasda şöhrətinin artması, nüfuzunun, imicinin möhkəmlənməsi, eləcə də regional liderliyinin qəbul olunması yeni nizamda ölkəmizin mövqelərini daha da möhkəmləndirir. Bu mənada, əl atılan təxribat ölkəmizin yeni dövrdə əldə etdiyi nailiyyətlərə qarşı qısqanclıqlardan yaranır. Qeyd edək ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının bu məqsədyönlü informasiya təxribatına dair bəyanatında da bildirilir ki, 2026-cı il iyunun 5-də CNN transmilli media şirkəti “İsrail-İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi” başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatına yol verib. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bu məlumatın Yaxın Şərqdə sülh prosesinə, habelə Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə yayıldığını və dezinformasiya kampaniyasının bir hissəsi olduğunu bəyan edir: “İlk növbədə, qeyd olunmalıdır ki, mühüm diplomatik və siyasi hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin astanasında CNN və oxşar media quruluşları tərəfindən Azərbaycana qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq birinci hal deyil.

Komissiyanın apardığı monitorinq zamanı müəyyən edilib ki, adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra “fürsətçi amplifikasiya” taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə “X”, “Threads”, “Facebook” və “Telegram” kimi sosial media platformalarında sürətlə yayılaraq kampaniya halını alıb.

Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan mövqeyi ilə seçilən və vaxtilə “Soros Fondu”nun maliyyələşdirdiyi media layihələrində fəaliyyət göstərən şəxsə müraciət etməsi isə məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir.

Müvafiq dövlət qurumlarımız tərəfindən də dəfələrlə bəyan edildiyi kimi, ölkəmizdə heç bir xarici dövlətin hərbi qüvvələri (qoşunları) və ya bazaları yoxdur və Azərbaycan Respublikasının ərazisindən üçüncü dövlətlərə qarşı hansısa qeyri-dost fəaliyyətlərin aparılması mümkün deyil”.

Komissiya CNN-i bu məqalənin əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırıb. Bəyanatda qeyd olunub ki, əks halda CNN doğrulanmamış və anonim mənbələrə söykənərək geniş beynəlxalq əhatə dairəsinə malik materiallar yaymaqla hibrid təhdidlərin vacib komponentləri sayılan informasiya əməliyyatları, saxta narrativlər və dezinformasiya kampaniyalarında alət rolunu oynadığını bir daha təsdiq etmiş olacaq.

Təkzib verməli, Azərbaycandan üzr istəməlidir...

Bu kimi böhtan və təxribat xarakterli məqalələr həm də qlobal informasiya məkanında CNN-in özünün nüfuzuna bir zərbədir. Bir media strukturunun əsassız, dəqiqləşdirilməmiş və istinad edilməmiş, eləcə də özündə təxribatçı ştrixləri əks etdirən məqalə dərc etməsi yalnız manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında da bildirilir ki, dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlaması məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab olunur. “Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib. CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb”, - deyə açıqlamada vurğulanıb. Bildirilib ki, dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır. Agentlik regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30