Avropanın nicat qapısı - TÜRKİYƏ...
20.05.2026 [09:56]
“Köhnə qitə” bu gün Ankaraya daha çox ehtiyac duyur
Yeni qlobal situasiya bir çox güc mərkəzlərində, xüsusilə Avropada yeni reallıqlar formalaşdırıb. İstər iqtisadi inkişaf tempi, istərsə də təhlükəsizlik amili bu gün Avropanın “qorxulu kabusuna” çevrilib. “Köhnə qitə” açıq şəkildə digər güc mərkəzləri ilə müqayisədə və mübarizədə uduzur - bunun səbəbləri isə müxtəlifdir. Qitənin potensial enerji tələbatı, iqtisadi inkişaf tempi, demoqrafik vəziyyət, təhlükəsizlik arxitekturası (NATO ilə bağlı yaranan ziddiyyətlər) yeni bir nəfəsə ehtiyac duyulduğunu açıq şəkildə hiss etdirir. Bu yeni nəfəs isə məhz Türkiyədir. Bunu həm Avropa etiraf edir, həm də reallıqlar açıq şəkildə göstərir. Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, bu gün Avropanın Türkiyəyə olan ehtiyacı, Türkiyənin Avropaya olan ehtiyacından daha çoxdur və gələcəkdə bu ehtiyac daha da artacaq. Dövlət başçısı bildirmişdi ki, yeni dünya düzənində regional əməkdaşlıq daha da önəm qazanır və Türkiyə bu sistemin əsas güc mərkəzlərindən biridir. Prezidentin sözlərinə görə, belə əməkdaşlıqdan ən çox faydalanacaq tərəf məhz Avropa olacaq.
İqtisadi inkişaf tempi: Türkiyə öndədir...
Aparılan araşdırmalar göstərir ki, Türkiyənin son illərdə əldə etdiyi inkişaf səviyyəsi bütövlükdə Avropanın inkişaf tempini üstələyir. Bunu rəqəmlər də göstərir. Belə ki, 2025-ci ilin yekunlarına əsasən, Türkiyə iqtisadiyyatı Avropada nominal ÜDM həcminə görə 7-ci, Alıcılıq Qabiliyyəti Pariteti (AQP) ilə hesablandıqda isə 5-ci ən böyük iqtisadiyyat hesab olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı 2025-ci il məlumatlarına əsasən, Türkiyənin iqtisadi göstəriciləri aşağıdakı kimidir:
- Nominal ÜDM göstəricisi ilə (7-ci yer): Türkiyə iqtisadiyyatı təxminən 1,59 - 1,60 trilyon dollar həcmində qiymətləndirilir. Bu siyahıda Türkiyəni yalnız Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya və İspaniya qabaqlayır.
- AQP (Satınalma Qabiliyyəti Pariteti) üzrə (5-ci yer): Əhalinin alıcılıq qabiliyyəti və qiymət səviyyəsi nəzərə alındıqda isə Türkiyə iqtisadiyyatı Avropada təxminən 4 trilyon dollarlıq həcmlə yalnız Rusiya, Almaniya, Fransa və Böyük Britaniyadan geridə qalaraq 5-ci yerdə qərarlaşır.
- İqtisadi artım tempi: 2025-ci ilin yekunlarına görə, Türkiyə iqtisadiyyatı 3,6 faiz nisbətində real artım nümayiş etdirərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələr arasında ən sürətlə böyüyən ilk 3 ölkədən biri olub.
Bu reallıqlar özlüyündə mühüm məqamlardan xəbər verir. İqtisadi cəhətdən dayanıqlıq əldə etmiş, siyasi cəhətdən isə nəinki yerləşdiyi coğrafiyanın, bütövlükdə qlobal dünyanın aşkar lider dövlətlərindən birinə çevrilmiş Türkiyə Avropanın nicat qapısıdır. Nəzərə alsaq ki, yaxın gələcəkdə Türkiyə qlobal iqtisadi inteqrasiyanın da mühüm elementlərindən birinə çevriləcək, bu zaman Avropanın Ankaraya olan ehtiyacı daha çox üzə çıxır. Bu gün Azərbaycan ilə birgə bölgədə yeni Şərq-Qərb tranzit xətti formalaşdıran Ankara çox yaxın gələcəkdə mühüm hədəflərə çatacaq kimi görünür. Bu isə Avropaya həm də bir mesajdır...
Aİ-nin ikili standartları...
Qeyd edilməlidir ki, Avropa İttifaqı özündə 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat sayılır. Formal olaraq 1 noyabr 1992-ci ildə “Maastrixt sazişi” ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyətinin (AKPC) yaradılması ilə qoyulub. Sonradan genişlənmə prosesinə start verən quruma digər dövlətlər də daxil olub. Ən uzunmüddətli namizəd statusu Türkiyəyə məxsusdur - Ankara 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edərək 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlar aparıblar. Lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 10 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib.
Amma artıq vəziyyət dəyişir - Brüssel anlayır ki, Aİ yalnız Türkiyənin liderliyi altında yenidən güc mərkəzi kimi özünü təsdiq edə bilər. Bu fakt Türkiyənin xarici işlər naziri Hakan Fidanın Almaniyaya son səfərində əsas müzakirə predmetlərindən biri olub.
Almaniya etiraf edir...
Qeyd edək ki, Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin üçüncü iclası çərçivəsində keçirilən görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat qarşısına çıxan onun almaniyalı həmkarı Yohan Vadeful də bu faktı təsdiqləyib. H.Fidan görüşdə Aİ üzvlük prosesinin də müzakirə olunduğunu bildirərək deyib ki, “Türkiyənin layiqli yerini tutmadığı Avropa memarlığı natamam olacaq və böhranların öhdəsindən gəlmək qabiliyyəti zəifləyəcək”. Fidan bildirib ki, iyul ayında Ankarada keçiriləcək NATO görüşü Türkiyəni ittifaqın gücləndirilməsi baxımından əsas mövqeyə qoyur: “Məsələn, Avropa İttifaqının iqtisadi gələcəyi onun rəqabət qabiliyyətinin gücləndirilməsindən, şoklara qarşı dayanıqlığının artırılmasından və yaxınlıqdakı bölgələrdə təchizat zəncirlərinin yenidən qurulmasından asılıdır. Bu baxımdan, Türkiyə ilə dərin iqtisadi inteqrasiya Aİ üçün strateji zərurətə çevrilib”.
Fidan onu da qeyd edib ki, Türkiyənin Aİ-dən əsas gözləntisi münasibətlərin və Aİ-yə namizədlik prosesinin siyasi motivlərdən asılı olmayaraq aparılmasıdır: “Türkiyənin Aİ-nin müdafiə və təhlükəsizlik imkanlarından kənarlaşdırılması Avropanın müəyyən etdiyi təhlükəsizlik məqsədlərinə ziddir.”
Almaniya hökuməti Hakan Fidan ilə kansler Fridrix Merts arasınqdakı görüşlə bağlı yaydığı məlumatda da qeyd edib ki, Almaniya tərəfi Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına dəstək verir.
Almaniyalı nazir Vadeful da çıxışında Türkiyənin Aİ-yə tam üzvlüyə sadiqliyinin çox vacib bir siqnal olduğunu vurğulayıb. O, həmçinin Türkiyənin bölgədə çox fəal rol oynadığını qeyd edib. Almaniyalı nazir Türkiyənin çox vacib NATO müttəfiqi və Aİ-nin əhəmiyyətli ticarət tərəfdaşı olduğunu bildirib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

