Təmənnasız hərbi yardımdan Şuşa Bəyannaməsinə...
14.05.2026 [11:16]
24 il əvvəl, bu gün Azərbaycanla Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə imzalanıb
Azərbaycan - Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verirlər və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar.
Azərbaycanla Türkiyənin müxtəlif istiqamətləri əhatə edən münasibətlərində hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. İki ölkənin hərbi sahədə əməkdaşlığı müxtəlif sənədlərlə təsbit olunub. Qardaş dövlətlərin bu istiqamətdəki əməkdaşlığını özündə ehtiva edən sənədlərdən biri isə 2002-ci il mayın 14-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə”dir. O dövrdə - Prezident Heydər Əliyev 24 avqust 2002-ci il tarixində həmin sənədin təsdiqlənməsi barədə Sərəncam imzalayıb.
5 maddədən ibarət sənəd...
Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın tarixi faktlarla zəngindir. Bu siyahıda ötən yüzilliyin əvvəllərində Türkiyə hərbçilərinin köməyi ilə Bakının erməni-bolşevik işğalından azad edilməsini xüsusi qeyd edə bilərik. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda Bakı erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Digər ərazilərimizin erməni-daşnak birləşmələrindən təmizlənməsindən sonra Qafqaz İslam Ordusunun dəstəyi ilə sentyabrın 15-də Bakı işğalçılardan azad olundu.
Tarixdən gələn bu ənənə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” ilə daha da möhkəmləndirildi. Əvvəlki illərdə qazanılan təcrübəyə istinad edilməklə imzalanan bu sənəddə iki dost ölkə arasında hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycanın Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi daşıyırdı. Həmin dövrdə belə bir müqavilənin imzalanması Azərbaycan üçün bir növ zərurət idi. Müstəqilliyinin yaşı az olan respublikamız müharibəyə cəlb olunmuşdu. Ermənistan havadarlarının böyük dəstəyi ilə torpaqlarımızın 20 faizini öz nəzarəti altına almışdı və işğal məhsulu olan keçmiş status-kvonu hər vəchlə sonsuzluğa qədər uzatmağa çalışırdı. Belə çətin dönəmdə Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmləndirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və texniki təchizatının gücləndirilməsinə böyük ehtiyac var idi. Bu ehtiyacı qarşılamağa yenə də qardaş Türkiyə gəldi. Sözügedən müqavilənin birinci bəndində Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı milyard yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində təmənnasız yardım edəcəyi nəzərdə tutulurdu. İndiyədək icrası yüksək səviyyədə təmin olunan beş maddədən ibarət sənədə əsasən qardaş dövlət tərəfindən Silahlı Qüvvələrimizin avadanlıq və xidmət təchizatına əhəmiyyətli dərəcədə kömək göstərilib.
Qardaş ölkələrin hərbi əməkdaşlığının mahiyyəti
İki qardaş ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi heç bir halda üçüncü ölkələrə qarşı yönəlməyib. Ancaq öz təhlükəsizliklərini təmin etmək üçün ordularını möhkəmlətmək də onların haqqıdır. Hazırda dünyada elə bir vəziyyət yaranıb ki, beynəlxalq hüquq və prinsiplər bir çox hallarda işləmir. Buna görə də ölkələr öz suverenliyini daxili gücü və müttəfiqlərinin dəstəyi ilə qorumaq məcburiyyətindədirlər. Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı isə həm bu ölkələrin özləri, həm də bütövlükdə region üçün mühüm aktuallıq daşıyır. Hər iki ölkə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturu formalaşdırılıb, o cümlədən də komando birlikləri yaradılıb. Ölkəmizin Türkiyə ilə hərbi təhsil sahəsində əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində yaxşı nəticələr qazanıblar. İndiyədək minlərlə azərbaycanlı gənc qardaş ölkənin Silahlı Qüvvələrində təcrübə keçiblər, bir sıra nadir ixtisaslara yiyələniblər və müxtəlif növ müasir silahların sirlərini öyrəniblər. Silahlı Qüvvələrimizin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində azərbaycanlı hərbi qulluqçular Türkiyədə təhsil almağa göndərilir. Təcrübə mübadiləsi baxımından Azərbaycandan və Türkiyədən olan hərbçilərin birgə təlimlərə cəlb olunmaları da çox əhəmiyyətlidir.
İki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə indiyədək bir sıra sənədlər imzalanıb. Türkiyə hərbi texnika istehsalında böyük uğurlara imza atıb. Eyni zamanda, Azərbaycan da özünün müdafiə sənayesini inkişaf etdirir. Artıq ordumuzun müxtəlif döyüş sursatları ilə təminatının xeyli hissəsi məhz daxili istehsal hesabına həyata keçirilir. Qardaş ölkə ilə birgə müdafiə sənayesi müəssisələrinin qurulması perspektivləri böyükdür. Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair sənəd imzalanıb. Xatırladaq ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının Vətən müharibəsində düşmənin hədəflərinin məhv edilməsində böyük rolu oldu. Türkiyə postmüharibə dövründə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.
Şuşa Bəyannaməsi bu müqavilənin məntiqi davamıdır
Hərbi əməkdaşlıq sahəsində uzun illər ərzində qazanılan təcrübə, eləcə də 2002-ci il mayın 14-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Yəni, Şuşa Bəyannaməsi əslində, sözügedən sənədin məntiqi davamı hesab oluna bilər. Qars Müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artmasına müsbət təsir göstərir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

