Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni hədəflərini müəyyənləşdirir

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni hədəflərini müəyyənləşdirir

28.04.2026 [12:26]

Azərbaycan və Ukrayna əlaqələri çoxəsrlik tarixə köklərə söykənir, hər iki ölkənin neçə yüzilliklər əvvəl möhkəm ənənəvi səmimi dostluq münasibətləri olub. Hər iki ölkə güclü regional tərəfdaş kimi beynəlxalq təşkilatlarda da birgə mövqe sərgiləyərək sıx əməkdaşlıq edir. BMT, Avropa İttifaqı, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq siyasi və iqtisadi ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. İki ölkə arasında Birgə Bəyannamənin, eləcə də strateji əməkdaşlığın inkişafına dair siyasi sənədlərin imzalanması iqtisadi-ticari, energetika və investisiya sahələrində əlaqələrin yüksək zirvəyə çatmasında mühüm rol oynayıb.

Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində müzakirə olunan mühüm məsələlər iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf perspektivlərini müəyyən etməklə, dəyişən geosiyasi reallıqlar fonunda Bakı-Kiyev əməkdaşlığını möhkəmləndirməyə xidmət edir. Dövlət başçılarının mətbuata verdiyi bəyanatlarda da səsləndirildiyi kimi iqtisadi təmaslar yüksək səviyyədədir və müxtəlif platformalarda irəliləyən bağlantılar dinamikanın daha da artması üçün yaxşı fürsətlər yaradır.

Hədəf iqtisadi mübadiləni 1 milyard dollara çatdırmaqdır

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, çox güclü təməl üzərində inkişaf edən Azərbaycan-Ukrayna əlaqələri iqtisasi təmaslar üçün möhkəm zəmin yaradıb, iqtisadi-ticari-investisiya bağlantıları son illərdə yüksək səviyyəyə qalxıb. Tərəflər arasında əmtəə mübadiləsinin həcmi keçmiş sovet ölkələri içərisində Rusiyadan sonra ikinci yerdə dayanır. 2021-ci ildə iki ölkə arasında iqtisadi dövriyyə 920 milyon dolları ötüb və artım tempi 1 milyarda yaxınlaşmaqda idi. Müharibə səbəbindən Ukraynanın bütün ticari tərəfdaşları ilə mal mübadilələrində azalmanın qeydə alınması Azərbaycanla proqnozlaşdırlan rekord rəqəmə çatmağı məhdudlaşdırıb. Ümumiyyətlə, müharibə nəticəsində Ukraynaının son 4 ildə xarici iqtisadi dövriyyəsi 60 faizdən çox azalaraq 2025-ci ildə 68 milyard dollardan 40 milyard dollara düşüb. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanla ticari mübadilənin dinamikası sabit saxlanılıb və ən yaxşı ticari əməliyyatlar iki ölkə arasında qeydə alınıb.  Hətta son 2 ildə Azərbaycan ilə Ukrayna arasındakı ticarət dövriyəsi 31 faiz artıb və tərəflər yaxın illərdə hədəflədiyi rəqəmə - 1 milyard dollara çatmağa qadirdir.

Ukraynanın enerji təhlükəsizliyində etibarlı dövlət

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, hər zaman kritik dövrlərdə bu ölkəyə öz dəstəyini əsirgəməyib. Azərbaycanın Dövlət Neft Şirkəti müharibə başlayanda isə əsil humanizm nümayiş etdirirək Ukraynanın yanacaq-enerji sektorunda dünya bazar qiymətlərindən qat-qat ucuz yanacaq təchizatı həyata keçirdi. 2023-cü ildə Avropada qaz və yanacağın qiyməti 4-5 dəfə bahalaşaraq rekord həddə çatanda Ukraynanı humanitar xarakterli yanacaq məhsulları ilə təmin etdi, “SOCAR Energy Ukraine” təcili tibbi yardım maşınları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti üçün pulsuz olaraq 200 min litrdən çox yanacaq hədiyyə verdi.

2025-ci ildə Rusiya ilə Ukrayna arasındakı qaz tranzitinə dair dövlətlərarası sazişin hüquqi qüvvəsi başa çatmasından sonra bu ölkədə qaz tədarükünün tamamilə qapadılması Ukraynanın mövcud qaz şəbəkələri infrastrukturuna və qaz anbarlarına mənfi təsirlər göstərməyə başladı. Çünki qaz ekosistemi uzun müddət yanacaq olmadığı halda infrastrukturun sıradan çıxması təhlükəsi meydana çıxır. “Naftoqaz” şirkətinin Azərbaycana qaz nəqlinə dair xahişi rəsmi Bakı tərəfindən anlayışla qarşılandı və SOCAR Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə ixracı həyata keçirdi. Nəticədə Ukraynanın enerji infrastrukturunu sıradan çıxmaqdan xilas edildi. Zelenskini etiraf etdiyi kimi çox ağır bir dövrdə Azərbaycandan 11 yardım paketinin alınması Ukrayna üçün çox vacib rol oynadı. Azərbaycan bu nümunəvi addımı ilə bir ?aha sübut edir ki, regionda əsil enerji əməkdaşlığı və dostluğu halqası yaradan qüdrətli dövlətdir. 

“SOCAR Ukraine” şirkəti Ukraynada ən çox vergi ödəyən şirkətdir

SOCAR Ukraynadakı yanacaq məntəqələri və neft bazalarından əldə etdiyi gəlirlərinin böyük bir qismini də bu ölkənin iqtisadiyyatının inkişafına yönəldir, davamlı sərmayələr qoyur. “SOCAR Energy Ukraine” şirkəti tərəfindən Ukrayna iqtisadiyyatına indiyə qədər 350 milyon dollardan çox investisiya yatırılıb. Eyni zamanda, bu ölkənin büdcəsinə hər il on milyon dollarla vergilər daxil olur ki, bu da Ukrayna xalqının iqtisadi və sosial rifahına sərf edilir.

Hazırda “SOCAR Ukraine” şirkəti Ukraynada ən çox vergi ödəyən şirkətdir. Eləcə də Azərbaycan şirkəti bu ölkədə sosial layihələrə milyon dollarla ölçülən sosial layihələri maliyyələşdirir. Azərbaycanın Energetika Nazirliyinin göndərdiyi elektrik avadanlığının dəyəri 7,6 milyon dollardan çox olub. Bundan əlavə, Azərbaycan dərman və ərzaq da daxil olmaqla 2 min tondan çox humanitar yardım göndərib. Hesabladıqda, bunlar MDB regionundakı cəmi ölkələrin birgə yardımınının məbləğindən də çoxdur. Bundan başqa, Azərbaycan Ukraynaya neft, aviasiya yanacağı, kimyəvi sənaye məhsulları, gübrə və s. məhsullar ixrac edir. Ələlxüsus da bu ölkənin təyyarə parkının yanacaq resursları Azərbaycanın ixracatı hesabına təmin olunur.

İkitərəfli və regional əməkdaşlıqda yeni mərhələ

Azərbaycan və Ukrayna əməkdaşlıq potensialına uyğun olaraq sənaye, aqrar, turizm, əczaçılıq, maşınqayırma, energetika, hərbi sənaye kompleksi daxil olmaqla, yeni ticari hədəflər müəyyən edib, eyni zamanda, texniki və infrastruktur baxımından yaxşı imkanlar var. Səfər zamanı dövlət başçıları səviyyəsində müzakirə olunan hərbi-texniki əməkdaşlığın böyük perspektivləri var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı yaxşı imkanlara malikdir.

Yeni imzalanmış 6 sənədə ticarət mübadilələrinin və investisiya qoyuluşlarının artırılması, ixracın təşviqi, iki ölkənin dövlət şirkətləri və biznes icmaları arasında müştərək layihələrin həyata keçirilməsi, sənaye və kommunikasiya bağlantılarının möhkəmləndirilməsi baxımından mühüm rol oynayacaq, ikitərəfli qarşılıqlı və regional əməkdaşlıqda yeni mərhələ açacaq.

Beləliklə, Ukrayna Prezidentinin Azərbaycana səfəri ölkələr arasındakı iqtisadi münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30