Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Uğurlu siyasət, güclü dövlət...

Uğurlu siyasət, güclü dövlət...

31.12.2025 [10:59]

Zəfərlə sona yetən növbəti il: 2025 mühüm məqamları ilə yadda qaldı

“Konstitusiya və Suverenlik İli”, 2025-ci ilin başa çatmasına 1 gün qalır. Bu il siyasi baxımdan dərin məzmunlu və strateji nəticələri ilə yadda qalan bir dövr kimi tariximizə yazıldı. Başa vuracağımız il dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə yanaşı, müstəqil siyasət xəttinin qlobal miqyasda daha aydın ştrixlərlə yazılması ilə fərqləndi. Beləliklə, Azərbaycan 2025-ci ili artıq tam suverenliyini təmin edilməsinin beşinci ilini yaşayan, regionda yeni reallıqlar yaradan əsas siyasi aktor kimi başa vurur.

19 xarici səfər...

Xarici siyasət kursumuz bu il də yaddaqalan uğurları ilə seçildi. Prezident İlham Əliyev dekabrın 29-na kimi 19 xarici səfər edib:

13 yanvar 2025 Birləşmiş Ərəb Əmirlikləri: Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak etmək üçün;

- 22 yanvar 2025 İsveçrə Konfederasiyası: səfər çərçivəsində Prezident  İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib,  bir neçə aparıcı şirkətin rəhbəri ilə görüşüb, Latviya, İraq, İsrail, Ukrayna prezidentləri İraq Kürdüstan Regionunun və Xorvatiyanın baş nazirləri, Almaniya Kansleri, ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

- 6 mart 2025 Türkiyə: İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb;

- 12 aprel 2025 Türkiyə: Şimali Kiprin Prezidenti Ersin Tatar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyanın keçid dövrü Prezidenti, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Sudanın Suveren Keçid Şurasının Sədri, AŞ-nın Baş katibi Alen Berse ilə görüşüb, “Antalya Diplomatik Forumu”nun açılış mərasimində iştirak edib.

- 24 aprel 2025 Çin Xalq Respublikası: Çinin Sədri Si Cinpin ilə görüşüb, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb, Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib, Çinin CGTN telekanalına müsahibə verib.

- 16 may 2025 Albaniya: Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti, Albaniyanın Baş naziri ilə görüşüb, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib. Tədbirin açılış plenar sessiyası və işçi nahar çərçivəsində regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib. 

21 may 2025 Macarıstan: Macarıstanın Baş naziri ilə görüşüb, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.

- 19 iyun 2025 Türkiyə: Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb, Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edib.

- 10 iyul 2025 BƏƏ: BƏƏ Prezidenti, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

- 9 avqust 2025 ABŞ: Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə, Azərbaycan və ABŞ hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar.

- 22 avqust 2025 Türkmənistan: Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb, Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib, üç ölkənin liderlərinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

- 3 sentyabr 2025 Çin: Çinin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Maldiv Prezidenti, Pakistanın Baş naziri, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə, bir sıra aparıcı şirkətlərin  rəhbərləri ilə görüşüb, “ŞƏT plyus” formatında görüşdə iştirak edib.

- 27 sentyabr 2025 ABŞ: BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edib, bir sıra aparıcı şirkətlərin rəhbərləri, İraq, Keniya, Finlandiya, Portuqaliya prezidentləri, Yunanıstanın, Bolqarıstanın baş nazirləri, AŞ-nın Baş katibi,  BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb, BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.

- 2 oktyabr 2025 Danimarka: Moldova, Ukrayna, Fransa prezidentləri, Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti, Ermənistanın, Niderlandın baş nazirləri, İtaliya Nazirlər Şurasının Sədri ilə görüşüb, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimində və açılış plenar sessiyasında iştirak edib.

- 10 oktyabr 2025 Tacikistan: Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşüb, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib.

- 13 oktyabr 2025 Misir: Yaxın Şərq Sülh Sammitində iştirak edib

- 21 oktyabr 2025 Qazaxıstan: Prezident Kasım-Jomart Tokayev ilə görüşüb, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak edib. 

- 16 noyabr 2025 Özbəkistan: Özbəkistan Prezidenti ilə görüşüb, “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edib.

- 9 dekabr 2025 Slovakiya: Slovakiya Prezidenti, bu ölənin Milli Şurasının sədri və Baş naziri ilə görüşüb.

- 17 dekabr BƏƏ: BƏƏ Prezidenti ilə görüşüb, “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak edib.

Bakı ilə Pekin strateji tərəfdaş qismində...

Bu səfərlərin hər biri Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğurunun göstəricisidir. Amma bir neçə görüş var ki, xüsusi əhəmiyyət daşıyır. Məsələn, aprelin 24-də Azərbaycan ilə Çin arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat münasibətləri yeni müstəviyə daşıdı, tərəfdaşlığa yeni mahiyyət qazandırdı - artıq Çin ilə Azərbaycan hərtərəfli strateji tərəfdaş olaraq yeni bir platformada çıxış etməyə start verib. Bu, sözügedən Birgə Bəyanatda açıq şəkildə ifadə edilir. Bildirilir ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar və hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bəyanatın ilk maddəsində deyilir ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Bundan başqa, sənəddə siyasi-ictimai əlaqələrin möhkəmlənməsi, milli təhlükəsizliyə və regional sabitliyə yaranacaq ciddi hədələrə qarşı birgə mübarizə, ümumbəşəri dəyərlərin təşviqi, sülh və təhlükəsizlik üzrə birgə səylər də qeyd edilib.

Vaşinqton görüşü: sülh yolunda həlledici an...

Bu ilin avqustunda Vaşinqtonda baş tutan görüşlər, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət (artıq proses yekunlaşıb), eləcə də Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı razılaşmalar qlobal nizama təsir edən ən mühüm tarixi hadisələr kimi yadda qaldı. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında aparılmış müzakirələr, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar yalnız Cənubi Qafqazda yeni reallıqların təsbit olunmasına xidmət etmir, eyni zamanda, qlobal təhlükəsizlik, inteqrasiya və tərəqqi üçün də mühüm nəticələr vəd edir. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin Vaşinqton razılaşmalarında xüsusi yer alması da diqqətçəkicidir. Zəngəzur dəhlizi (TRIPP) seqmentinin beynəlxalq dəstəklə təsdiqlənməsi ölkəmizin daxili logistik imkanlarının yüksək dəyərləndirilməsi olmaqla yanaşı, həm də dünyaya yeni bir strateji tranzit alternativi təqdim edir. Bu, iqtisadi, siyasi və təhlükəsizlik baxımından regionun inkişafına xidmət edəcək mühüm nailiyyətdir.

Azərbaycan Mərkəzi Asiya Məşvərət Şurasına üzv oldu...

Bu il noyabrın 16-da daha bir tarixi an yaşandı - Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşuldu. Qeyd edək ki, son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə misilsiz dərəcədə intensivləşib. Dövlət başçılarının qarşılıqlı səfərlərinin artması, imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik sənədləri, birgə iqtisadi komissiyaların işinin aktivləşdirilməsi bu inteqrasiyanın hansı miqyas aldığını aydın şəkildə göstərir. Mərkəzi Asiya ölkələri  Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir və ölkəmizin həm iqtisadi gücünə, həm də diplomatik nüfuzuna xüsusi önəm verir. Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya regionunu ayrı-ayrı ölkələr kimi deyil, vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edir. Bu yanaşma Bakı üçün strateji baxımdan çox böyük üstünlük yaradır. Azərbaycan və Mərkəzi Asiya ölkələri son illərdə beynəlxalq arenalarda da koordinasiyanı ciddi şəkildə artırıblar. Bu əməkdaşlıq artıq çoxtərəfli diplomatik xətt üzrə formalaşır. Dövlətlər BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlarda bir-birinin təşəbbüslərini dəstəkləyir, TDT müstəvisində vacib məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Bu koordinasiyanın güclənməsi regionun qlobal siyasətdə çəkisini artırır. Sözügedən inteqrasiyanın yaxın illərdə Avrasiyanın siyasi xəritəsində böyük rol oynayacaq yeni güc mərkəzinin formalaşmasına gətirib çıxaracağına şübhə yoxdur.

Bakı mühüm tədbirlərə ev sahibliyi etdi...

Ötən il ərzində ölkəmizdə də bir sıra yaddaqalan tədbirlər reallaşıb:

- 4 aprel 2025: Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib;

- 9 aprel 2025: ADA Universitetində

İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib;

- 28 may 2025: Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib;

- 4 iyul 2025: Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib;

- 19 iyul 2025: III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib;

- 7 oktyabr 2025: Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib;

- 8 noyabr 2025: Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

Bu tədbirlərin hər biri ayrı-ayrılıqda mühüm nüansları ilə seçilib. Azərbaycanda reallaşan yüksək səviyyəli siyasi, iqtisadi və beynəlxalq platformalar ölkənin artan nüfuzunu və qlobal gündəmdə tutduğu mövqeyi aydın şəkildə nümayiş etdirib. Müxtəlif vaxtlarda paytaxtda və regionlarda keçirilən bu tədbirlər Azərbaycanın təkcə iştirakçı deyil, həm də təşəbbüskar və ev sahibi dövlət kimi çıxış etdiyini təsdiqləyir. Enerji təhlükəsizliyi və yaşıl keçid mövzularında aparılan müzakirələr ölkəmizin Avropa və daha geniş coğrafiya üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirir, yeni əməkdaşlıq formatlarının əsasını qoyur.

Eyni zamanda beynəlxalq ekspertlərin, dövlət və hökumət rəhbərlərinin, media nümayəndələrinin iştirakı ilə təşkil olunan forumlar Azərbaycanın yeni dünya nizamında baxışlarını, regional sabitliyə verdiyi töhfəni və dialoqa açıq siyasətini ön plana çıxarır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə keçirilən yüksək səviyyəli görüşlər həm siyasi, həm də simvolik baxımdan mühüm mesaj xarakteri daşıyır - bu, suverenliyin bərpasının beynəlxalq müstəvidə qəbul edildiyini göstərir.

Türk dünyası, İslam coğrafiyası və regional təşkilatlar çərçivəsində baş tutan sammitlər Azərbaycanın körpü rolunu, çoxşaxəli diplomatiyasını və strateji tərəfdaşlıqlarını daha da gücləndirir. İlin sonunda keçirilən möhtəşəm tədbir  - parad isə həm hərbi-siyasi gücün, həm də milli birliyin nümayişi oldu. Bütün bu proseslər nəticə etibarilə Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə, ölkənin sabit, güclü və etibarlı aktor kimi qəbul olunmasına ciddi töhfə verdi.

Sabah üçün böyük ümidlər...

2025-ci il həm də Azərbaycan Konstitusiyasının cəmiyyət həyatında rolunun daha da gücləndiyi, hüquqi-siyasi institutların yeni mərhələyə qədəm qoyduğu bir il oldu. Daxili siyasi sabitlik, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın artması və islahatların davamlı xarakter alması, dövlətin inkişafına mane olmaq istəyən ünsürlərin ifşa olunması və təmizlənməsi əsas amillər sırasında yer aldı.

Bəli, bu il qlobal geosiyasi gərginliklərin fonunda Bakı praqmatik və prinsipial mövqeyi ilə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış edən Azərbaycan, yeni dünya nizamında öz yerini təkcə coğrafi mövqeyi ilə deyil, siyasi iradəsi və strateji baxışı ilə də müəyyən etdi. Məhz bu baxımdan 2025-ci ilin siyasi yekunları Azərbaycan dövlətçiliyinin gücünü və dayanıqlığını aydın şəkildə ortaya qoyur. Qarşıdan gələn iliniz mübarək... Uğurlarımız daimi olsun...

Eyni zamanda, 2025-ci il Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artdığı, çoxvektorlu xarici siyasətinin real nəticələr verdiyi bir mərhələ kimi diqqət çəkdi. Qlobal geosiyasi gərginliklər fonunda Bakı praqmatik və prinsipial mövqeyi ilə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış edən Azərbaycan, yeni dünya nizamında öz yerini təkcə coğrafi mövqeyi ilə deyil, siyasi iradəsi və strateji baxışı ilə də müəyyən etdi. Məhz bu baxımdan 2025-ci ilin siyasi yekunları Azərbaycan dövlətçiliyinin gücünü və dayanıqlığını aydın şəkildə ortaya qoyur.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31