Sülh müqaviləsinin 90 faizi razılaşdırıldı
30.12.2025 [10:39]
Ukrayna Rusiya müharibəsi başa çatır?
Prezidentlər 4-cü dəfə görüşdü
Dekabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında 4-cü görüş keçirilib. Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında baş tutan görüşdə ABŞ tərəfdən nümayəndə heyətinə Ağ ev sahibinin nümayəndələri Cared Kuşner və Stiv Vitkoff, Ağ Evin aparat rəhbəri Syuzan Uayls və onun müavini Stiven Miller, dövlət katibi Marko Rubio, Pentaqonun başçısı Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Federal Təchizat Xidmətinin komissarı Coş Qruenbaum daxil olub. Ukrayna nümayəndə heyətində isə Prezident Zelenski ilə yanaşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, iqtisadiyyat naziri Andrey Sobolev, xarici İşlər nazirinin birinci müavini Sergey Kıslıtsya və prezident aparatının müşaviri Oleksandr Bevz təmsil olunub.
Tramp Putinlə danışdı
Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, 1 saat 15 dəqiqə davam edən telefon danışığı Prezident Donald Trampın təşəbbüsü ilə təşkil olunub. Danışıq zamanı Tramp Rusiya tərəfinin mövqeyini diqqətlə dinləyib və münaqişənin nizamlanması ilə bağlı Moskvanın arqumentləri ilə yaxından tanış olub. “Donald Tramp Rusiya prezidentinin real razılaşma perspektivləri ilə bağlı qiymətləndirmələrini, Ankoric sammiti zamanı və iki administrasiya nümayəndələri arasında çoxsaylı təmaslar çərçivəsində əldə olunmuş əsas Rusiya-Amerika anlaşmalarına bundan sonra da istinad etməyin prinsipial əhəmiyyəti barədə ətraflı arqumentlərini diqqətlə dinlədi”, - deyə Uşakov bildirib.
Uşakovun sözlərinə görə, hər iki lider Ukrayna və Avropa tərəfindən təklif olunan, “referendum bəhanəsi” ilə irəli sürülən atəşkəs planının müharibənin uzanmasına xidmət etdiyi mövqeyində həmfikirdir.
Danışıq zamanı Donald Tramp münaqişənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini xüsusi vurğulayıb. O, müharibənin dayandırılacağı təqdirdə ABŞ-ın həm Rusiya, həm də Ukrayna ilə geniş iqtisadi əməkdaşlıq imkanlarının açılacağını bildirib. “Donald Tramp israrla qeyd edib ki, müharibəni mümkün qədər tez bitirmək lazımdır. O, bu halda ABŞ üçün həm Rusiya, həm də Ukrayna ilə təsirli iqtisadi əməkdaşlıq perspektivlərinin yarandığını bildirib”, - deyə Uşakov vurğulayıb.
Telefon danışığının əsas nəticələrindən biri kimi Ukrayna üzrə iki işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Birinci işçi qrupu təhlükəsizlik məsələləri, ikinci isə iqtisadi problemlər üzərində çalışacaq. Uşakovun sözlərinə görə, bu təşəbbüs Tramp tərəfindən irəli sürülüb və Putin tərəfindən dəstəklənib.
Zelenski Starmerlə müzakirə etdi...
Görüşdən əvvəl Ukrayna Prezidenti Zelenski isə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb. Zelenski bu barədə X sosial media hesabında məlumat verib. Zelenski qeyd edib ki, Prezident Trampla görüşə hazırlıqları, eləcə də avropalı tərəfdaşları ilə aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparıblar. O, həmçinin Böyük Britaniyanın Baş nazirinə cəbhə xəttindəki vəziyyət və Rusiya tərəfinin həyata keçirdiyi zərbələrin nəticələri barədə məlumat verib.
Əsas mövzu Donbasdır...
Mar-a-Laqo danışıqlarından öncə keçirilən mətbuat konfransında Tramp həm Putinin, həm də Zelenskinin Ukraynada sülh istədiyinə inandığını qeyd edib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşmanın konturları artıq hazırdır. Tramp həmçinin Moskvanın Ukraynada sülhə ciddi yanaşdığını bildirib və əsas kimi Kiyevin Rusiyaya qarşı hücumlarına işarə edib.
ABŞ prezidentinin sözlərinə görə, Ukraynadakı münaqişə “çox tez” başa çata bilər. Tramp inandığını bildirib ki, münaqişə həll edildikdən sonra Avropa ölkələri Ukraynada sülhün qorunmasında əhəmiyyətli dərəcədə iştirak edəcəklər. Eyni zamanda, sülh razılaşması Kiyevə əhəmiyyətli iqtisadi fayda gətirəcək: “Ukrayna ilə bağlı razılaşma üçün son tarix yoxdur, amma bu, “güclü razılaşma” olacaq. Biz danışıqların son mərhələsindəyik. Müharibə ya bitəcək, ya da uzun müddət uzanacaq, amma heç kim milyonlarla insanın ölməsini istəmir”.
Volodimir Zelenski isə qısaca olaraq görüşdə Ukraynanın ərazi güzəştləri məsələsinin əsas müzakirə mövzusu olacağını deyib.
Məsuliyyət Avropanın üzərinə düşəcək...
Qapalı görüşdən sonra da mikrafon qarşısına keçən dövlət başçıları Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün mümkün razılaşma ilə bağlı mövqelərində əhəmiyyətli dərəcədə yaxınlaşmanın olduğunu elan ediblər. Onlar Donbasın statusu və gələcək taleyi ilə bağlı məsələnin açıq qaldığını deyiblər. Donald Tramp etiraf edib ki, bu məsələ həll olunmayıb: “Amma biz onun həllinə yaxınlaşırıq və bu çox mürəkkəb bir mövzudur. Mümkün həll modelləri müzakirə olunur. “Razılaşdırılmış” sözü çox qəti olar. Deyərdim ki, razılaşmamışıq, amma razılığa yaxınlaşırıq.”
Tramp qeyd edib ki, bir neçə həftə ərzində baş tutacaq davamlı danışıqlar konkret razılaşmalara hədəflənəcək. Bununla belə, Tramp danışıqları “əla” adlandırıb: “Müzakirə demək olar ki, bütün mövzuları əhatə edib, lakin əsasən ərazilərlə bağlı bir və ya iki çox mürəkkəb, ağrılı məsələ qalmaqdadır”.
Zelenski də görüşü müsbət qiymətləndirib və sülh planının 90 faiz razılaşdırıldığını bildirib. Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri və Avropanın iştirakı ilə üçtərəfli format isə demək olar ki, tam razılaşdırılmış haldadır.
Danışıqlar zamanı təhlükəsizlik zəmanətlərinə xüsusi diqqət yetirilib - bununla bağlı Tramp bildirib ki, prosesin həyata keçirilməsi üçün əsas məsuliyyət Avropanın üzərinə düşməlidir və ABŞ buna tam dəstək verəcək. O deyib ki, yekun qərarlar ya referendum yolu ilə, ya da parlament vasitəsilə verilməlidir. Zelenski sülh planının müəyyən müddəalarının ümumxalq səsverməsinə təqdim edilməsinə razı olduğunu xatırladıb.
Görüşdən sonra videokonfrans...
Qeyd edək ki, danışıqlar prosesi Avropada da diqqətlə izlənir. Fransa Prezidenti Emmanuel Makron X sosial media platformasında bildirib ki, “Könüllülər Koalisiyası” yanvarın əvvəlində hər bir ölkənin Ukraynanın təhlükəsizlik zəmanətlərinə verdiyi konkret töhfəni yekunlaşdırmaq üçün Parisdə görüşəcək. O, “ədalətli və davamlı sülhün qurulmasında əsas rol oynayacaq təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edirik” deyə bildirib.
Yeri gəlmişkən, Mar-a-Laqodakı görüşdən sonra Zelenski və Tramp Avropa liderləri ilə videokonfrans keçiriblər. Bununla bağlı açıqlama verən Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, görüşə Fransa prezidenti Emmanuel Makron, Polşa prezident Karol Navrotski, Birləşmiş Krallığın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corcio Meloni, Norveçin baş naziri Yonas Qar Störe, Almaniya kansleri Fridrix Merts, NATO baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen qatılıb. Stubb sosial mediada yazıb: “Müzakirə bir saatdan çox davam edib. Müharibəyə son qoymaq üçün konkret addımlar müzakirə olunub. Hamımız ədalətli və davamlı sülh üçün çalışırıq”.
Müzakirələrdə ABŞ prezidentinin sülh prosesinə sadiqliyi və uğurlu vasitəçiliyi vurğulanıb. Avropalı təmsilçilər əldə edilən irəliləyişi alqışlayıblar. Zelenski ilə Tramp arasında görüşün nəticələri nikbin adlandırılıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

