İnkişaf salnaməsinin parlaq səhifəsi
31.12.2025 [10:12]
2025-ci il Azərbaycanın iqtisadi həyatında saysız uğurlarla yadda qalıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2025-ci ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biri kimi yadda qaldı.
Yola saldığımız il bir sıra sosial-iqtisadi yeniliklərlə zəngin oldu, iqtisadi artım dinamikası bir qədər də böyüdü. 2025-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 116 milyard 320 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb. Belə ki, ÜDM istehsalının 34 faizi sənaye, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 356,4 manata bərabər olub.
ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, 116 milyard manatlıq əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 80 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 57,5 milyard manatı üstələyib. Qeyri neft-qaz sənayesində əlavə dəyər 4,8 faiz artıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Xarici investisiya qoyuluşları artıb
Azərbaycan iqtisadiyyatına daxili və xarici kapital qoyuluşlarında artım dinamikası davam etməkdədir. 2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,3 faiz artaraq ümumi sərmayə axıcılığını təmin edib. Bu dövr ərzində istifadə olunmuş investisiyanın 8,4 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 5,6 milyard manatı (33,7 faiz) xidmət sahələrinə, 2,6 milyard manatı (15,7 faiz) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 12,9 milyard manatını və ya 78 faizini daxili investisiyalar təşkil edib. Həmin sərmayələrin 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmində də əhəmiyyətli artım qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici rezidentlər tərəfindən 4 milyard 736 milyon dollar birbaşa investisiya yatırılıb. Sərmayə portfelində birinci yeri 1 milyard 243 milyon dollarla Böyük Britaniya, növbəti yerləri 632 milyon dollarla Türkiyə, 543 milyon dollarla Cənubi Kipr, 384 milyon dollarla İsveçrə və 272 milyon dollarla İran tutub. Eləcə də xarici yatırım edən dövlətlər sırasında BƏƏ, Rusiya, ABŞ, Yaponiya, Macarıstan, Fransa və Hindistan sərmayədarlarının payı artıb.
Qeyd edilən dövrdə Azərbaycanın özü də sərmayədar ölkə kimi xarici ölkələrin iqtisadiyyatına 2 milyard 38 milyon dollar birbaşa investisiya yatırıb. Xaricə yönəldilən investisiyalarda əsas istiqamət İsrail olub və bu ölkəyə 542,6 milyon dollar həcmində sərmayə yatırılıb ki, bu da əsasən “Tamar” qaz yatağı layihəsi ilə bağlıdır. Türkiyəyə 289 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə 250 milyon dollar, Böyük Britaniyaya 176 milyon dollar, İtaliyaya isə 118 milyon dollar birbaşa xarici investisiya yatırılıb.
Əhalinin gəlirləri artıb, inflyasiya sabit qalıb
2025-ci ilin yanvar-noyabr aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 80 milyard 747,2 milyon manat təşkil edib. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 782,4 min nəfər təşkil edib, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 14 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olanlardır.
Qeyd edilən dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib. Bu dövrdə xarici valyuta ehtiyatları 49 dəfə artaraq 83 milyard dollara çatıb.
Büdcədə qeyri-neft yığımları 11 milyard manatı üstələyib
2025-ci ilin yanvar-noyabr aylarında fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib. Büdcə gəlirlərində vergi orqanının xətti ilə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz çox olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 2,7 faiz artıq icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz artıb.
Dövlət Neft Fondundan transfert isə 13 milyard 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 752,2 milyon manat təşkil edib.
Ötən 11 ayda dövlət büdcəsinin xərcləri 31 milyard 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz çoxdur. Yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526 milyon manat və ya 6,1 faiz üstələyib. İcmal büdcənin xərcləri isə 36 milyard 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 milyard 397,6 milyon manat və ya 3,9 faiz çoxdur.
Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib
Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbediciliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7” qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.
Azərbaycan ilə Asiya İnkişaf Bankı ilə yeni beşillik əməkdaşlıq proqramı təsdiq edilib ki, bu da yeni investisiya təchizatına zəmin yaradır.
Strateji tərəfdaşlarla əməkdaşlıqda yeni mərhələ
Yola saldığımız il Azərbaycanın yaxın xarici tərəfdaşları ilə iqtisadi sahədə əhəmiyyətli sənədlərin imzalanması ilə də əlamətdar oldu. Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtona səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasına dair İşçi Qrupunun yaradılması haqqında Memorandum imzalanıb ki, sənəd Azərbaycan və ABŞ arasında iqtisadi münasibətlərin yeni gündəliyini müəyyən edir. Memorandum iqtisadi-ticari-enerji sahəsində çoxistiqamətli konsepsiya olmaqla, əməkdaşlığın inkişafına təkan verməkdədir. Son 4 ayda hər iki dövlət tərəfindən ortaya qoyulan iradə bu istiqamətdə mühüm addımlar atıb, SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanmasından sonra ABŞ-ın məşhur enerji korporasiyası Azərbaycanda yeni fəaliyyət planlarına start verib. Habelə ABŞ Azərbaycanda “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli proseslərinə qoşulmaqdadır. Tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu”nun (TRIPP) reallaşması istiqamətində də birgə səyləri artırmaqdadır.
Azərbaycan Çinlə iqtisadi əməkdaşlığın yeni mərhələsi olan mühüm sazişlər imzaladı ki, onların sırasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Eləcə də Çinlə respublikamız arasında qarşılıqlı vizasız gediş-gəliş rejimi qüvvəyə mindi.
Həmçinin, cari ildə Azərbaycan BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla iqtisadi əlaqələrin yeni keyfiyyətinə dərin zəmin yaradan mühüm anlaşma memorandumları imzaladı.
14 ölkənin qaz təminatçısı
2025-ci ildə Azərbaycan region ölkələrinin və Avropa İttifaqının (Aİ) enerji təchizatında öz mövqeyini daha da möhkəmləndirib. Yanvar-noyabr ayları üzrə respublikamız xarici ölkələrə qaz nəqlini 5 faizdən çox artıraraq həcm baxımdan 25 milyard kubmetrə çatdırıb. Mavi yanacağın 13 milyard kubmetrə yaxını Avropa İttifaqı (Aİ) ölkələrinə, qalanı digər region ölkələrinə nəql edilib.
Azərbaycan cari ildə Ukrayna və Suriyaya qaz nəqlinə başlayıb. Bununla da, enerji tədarükü siyasətini şaxələndirən Azərbaycanın maye yanacaqla təchiz etdiyi ölkələrin sayı 14-ə çatıb.
Cari ilin mart ayında İğdır-Naxçıvan qaz kəməri istifadəyə verilib və Azərbaycan-Türkiyə enerji əməkdaşlığının yeni səhifəsi yazılıb. Sentyabr ayında İzmirdə keçirilən IV Enerji Forumu çərçivəsində isə Azərbaycan və Türkiyə arasında enerji tərəfdaşlığına dair yeni razılaşmalar əldə edilib, qardaş ölkənin TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması rəsmiləşib. Dekabrda isə Bakıda keçirilən Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağından qazın Türkiyəyə ixracına dair anlaşma əldə edilib.
“Yaşıl enerji”də yeni hərəkat
Yola saldığımız 2025-ci il enerji sahəsində, xüsusilə də “yaşıl enerji” sahəsində bir çox mühüm hadisələrlə yadda qalır. “Yaşıl dünya həmrəylik ili” çərçivəsində start verilən qərarlar “yaşıl enerji” sektorunda yeni müqavilələrin, anlaşma memorandumlarının imzalanması ilə nəticələndi. İyun ayında keçirilən Bakı Enerji Həftəsində dünyanın ən nəhəng enerji şirkətləri ilə ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını nəzərdə tutan sənədlər imzalandı.
Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpaolunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi” imzalanıb. Azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan 2 günəş elektrik stansiyası üzrə də müqavilələr imzalanıb. Azad ərazilərdə inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə müqaviləyə də imza atılıb. Bundan başqa Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb. Eyni zamanda, cari ildə “yaşıl enerji”nin ixracını təmin edəcək “Xəzər-Qara dəniz-Avropa” dəhlizi istiqamətində mühüm addımlar atılıb, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan hökumətləri arasında imzalanmış sazişə əsasən, Birgə Müəsssiə yaradılıb.
Qarabağ və Şərqi Zəngəzurda quruculuq
2025-ci ildə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində də mühüm uğurlar əldə edilib, proqramın ümumi icra faizi təqribən 80 faizi ötüb. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. Həmin vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib.
Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
2025-ci il dekabrın 25-dək azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 22 min nəfərdən çox 5500-ə yaxın ailənin qayıdışı təmin edilib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbənin, dövlət və özəl sektorlarda işləyənlərin də sayı nəzərə alınmaqla bu ərazilərdə təqribən 65 min insan yaşayır və fəaliyyət göstərir.
Azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 11 ayında da davam etdirilib. Ümumilikdə ötən dövrdə həmin sakinlərdən artıq 7 minə yaxın şəxsin məşğulluğu təmin edilib, kiçik ailə biznesləri sahələri yaradılıb. Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı sərəncama əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanması tapşırılıb.
Həmçinin, ölkəmizin yeni inkişaf hədəflərini müəyyən edən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və digər əhəmiyyətli proqramlar təsdiqlənib.
Cari il ərzində Azərbaycan digər uğurlara da imza atdı ki, onların hər birini sadalamağa uzun vaxt lazımdır. Ümumilikdə, yekun olaraq yola saldığımız 2025-ci il Azərbaycanın iqtisadi həyatında əlamətdar illərdən biri kimi tarixə həkk olunacaq. Prezident İlham Əliyevin liderliyi ilə inkişaf edən ölkəmizin tərəqqi və rifah ili kimi xatırlanacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39

