Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 2025-ci ildə qlobal iqtisadiyyatın mənzərəsi

2025-ci ildə qlobal iqtisadiyyatın mənzərəsi

31.12.2025 [08:51]

2025-ci il qlobal iqtisadiyyatda bir çox problemlərin yaşanması ilə yadda qaldı.

Cari ildə qlobal iqtisadi mühit bir sıra xarici amillər, xüsusilə də geosiyasi gərginliklər, ticarət və logistika sahəsində məhdudiyyətlər, eləcə də silahlı münaqişələr fonunda artan qeyri-müəyyənliklə xarakterizə olundu. İlin ilk rübündə aparıcı birjalarda müxtəlif aktivlərin və bazar indekslərinin dəyərindəki zəif artım tempi ilin ikinci rübündə daha da aşağı temp nümayiş etdirdi. Beynəlxalq ticarət əlaqələrində təzyiqlərin artması, əsasən də  proteksionizm meyilləri, neft və digər əmtəə məhsullarına qlobal tələbin zəifləməsi, habelə ABŞ tərəfindən tətbiq edilən yeni tarif  qərarları maliyyə bazarlarında kifayət qədər güclü dalğalanmalar yaratdı.

Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”na əsasən, müxtəlif ölkələri təmsil edən 900 ekspert arasında keçirilmiş sorğu nəticəsində silahlı münaqişələr, ekstremal hava hadisələri  və geoiqtisadi qarşıdurmalar cari ildə qlobal böhrana səbəb ola biləcək əsas risklər kimi müəyyən edilib.

Dünya Bankı və Valyuta Fondunun bədbin proqnozu

Qlobal iqtisadi mühitdə baş verən fraqmentasiyaları nəzərə alan beynəlxalq institutlar, o cümlədən Dünya Bankı tərəfindən iyunda açıqlanan “Qlobal iqtisadi perspektivlər” hesabatına əsasən, cari il üzrə zəif iqtisadi artım proqnozu elan edildi. Nəticədə, qlobal iqtisadi artım göstəricisi yanvar ayında açıqlanmış ilkin proqnoza nisbətən 0,4 faiz bəndi azaldılaraq 2,3 faiz səviyyəsində qiymətləndirildi. Eləcə də Beynəlxalq Valyuta Fondunun (BVF) iyul ayında dərc etdiyi “Dünyanın iqtisadi icmalı” sənədinə əsasən, cari il üzrə qlobal iqtisadi artım 3 faiz səviyyəsində fərz edilməklə bəyan olunub.

Hər iki qurumun artım  proqnozları  yüksək  tarif  gözləntiləri  fonunda  qabaqlayıcı tədbirlərin görülməsi, effektiv tarif dərəcələrinin azalması, ABŞ dollarının zəifləməsi, eləcə də güclü iqtisadiyyata malik ölkələrdə tətbiq edilən və gözlənilən fiskal stimullaşdırma tədbirləri ilə izah olunur.

2025-ci ildə qlobal inflyasiya proqnozları inkişaf etməkdə olan ölkələrdə ticarət mallarına zəif qlobal tələbat səbəbindən bir qədər aşağı salınsa da, inkişaf etmiş ölkələrdə, xüsusilə də ABŞ-da nəzərəçarpacaq dərəcədə yuxarıya doğru yenilənib. BVF-in 2025-ci ilin iyul hesabatında cari il üzrə qlobal inflyasiya göstəricisi  4,2  faiz, 2026-cı il üzrə isə 3,6 faiz səviyyəsində qiymətləndirilib.

Sadalanan faktorların iqtisadi fəaliyyətə və əmtəə qiymətlərinə əhəmiyyətli təsiri nəzərə alınaraq 2024-cü ildə 3,4 faiz təşkil edən qlobal mal və xidmətlər üzrə ticarətin artım tempi cari ildə BVF tərəfindən 2,6 faiz, DB tərəfindən isə 1,8 faiz səviyyəsində proqnozlaşdırılıb.

2025-ci ildə inflyasiya müxtəlif regionlar üzrə sabit qalsa da, əsas inkişaf etmiş ölkələrdə artıb. Cari ilin ötən 3 rübündə ABŞ-də illik inflyasiya səviyyəsi 3 faiz olub. Avrozonada isə 2 faizdən 2,5 faizə yüksəlib. Rusiyada illik inflyasiya 2025-ci ilin noyabr ayında 8,9 faiz səviyyəsində olub ki, bu da son 18 ayın ən aşağı rəqəmidir. Lakin bu göstərici hələ də Mərkəzi Bankın 4 faizlik hədəfindən xeyli yüksəkdir. Türkiyədə isə cari ilin 10 ayı ərzində inflyasiya 34 faiz təşkil edib.

BMT-nin xəsis artım proqnozları

Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 2025-ci ildə qlobal iqtisadi artım səviyyəsinin 2,6 faizə qədər azaldı. Təşkilatın Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında qeyd edilir ki, qlobal səviyyədə artan maliyyə dəyişkənliyi və geosiyasi qeyri-müəyyənliklər fonunda qlobal iqtisadi artım zəifləyir. Ehtimallara görə, qlobal iqtisadi artım 2024-cü ildən başlayaraq qlobal ticarət və investisiyalar sektorunda maliyyə bazarı iştirakçıları təzyiqlərlə üzləşir. Maliyyə bazarlarında baş verən bu dəyişikliklər qlobal ticarətə real iqtisadi fəaliyyət qədər güclü təsir göstərir və maliyyə sektorları arasında balansda qırılmalar baş verir.

UNCTAD ekspertlərinin qənaətinə görə, dollar likvidliyi və transsərhəd ödəniş sistemləri də beynəlxalq ticarət fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Maliyyə kanallarından bu dərin asılılığın artması ticarəti qlobal maliyyə və pul şərtləri ilə sıx əlaqələndirir. Məsələn, əsas maliyyə mərkəzində faiz dərəcələrində və ya investor əhval-ruhiyyəsində dəyişikliklərin baş verməsi dünyada ticarət həcmlərinə ciddi təsirlər göstərir. Nəticədə, maliyyə sıxıntıları və  kredit əldə etmək imkanlarının məhdudluğu inkişaf etməkdə olan ölkələrdə maliyyə təzyiqləri şəraitində ticari-iqtisadi dövriyyələrə xələl gətirir.

Neftə tələb azalıb, qiymət ucuzlaşıb

Cari ildə formalaşan qlobal iqtisadi meyillər dünya üzrə xammal bazarlarına da təsirsiz qalmadı, 2025-ci ilin fevral ayından etibarən  əmtəə qiymətlərində enmə tendensiyası müşahidə olundu. Dünya Bankının məlumatlarına əsasən cari ildə xammal qiymətlərinin orta hesabla 10 faiz azalması, 2026-cı ildə isə bəzi enerji  və metal məhsullarının istehsalının genişlənməsi, habelə kənd təsərrüfatı məhsullarında təklif məhdudiyyətlərinin yumşaldılması fonunda azalmanın səngiyərək 6 faizə enməsi proqnozlaşdırılır. Bununla yanaşı, “OPEC+” ölkələrinin xam neft hasilatında artım və qlobal neft tələbinin azalması gözləntiləri səbəbindən neft qiyməti ilə bağlı azalma dinamikası fərz edilir. Digər tərəfdən, təbii qaz qiymətlərinin bu il əhəmiyyətli dərəcədə artması gözlənilir. Artım əsasən ABŞ-da  təbii qaz qiymətlərinin 50 faizdən çox yüksəlməsi ilə bağlıdır. Avropada isə qiymətlər son aylarda bir qədər azalıb ki, bu da noyabr-dekabrda müşahidə edilən mülayim hava şəraiti və yetərli ehtiyatların mövcudluğu ilə izah olunur. Bununla  belə, ABŞ-da  mayeləşdirilmiş təbii qaz (LNG) ixracının davamlı struktur genişlənməsi təbii qaz qiymətlərinə artım təzyiqini qorumaqdadır.

ABŞ-Çin ticarət müharibəsi qlobal işsizliyə təsir edib

ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliklər də qlobal iqtisadiyyata təsir edib. Ticarət qarşıdurmalarını izləyən investorlar ölkədə ümumi istehlak xərclərinin azalmasını, qiymətlər isə artmağa davam etdiyini, hətta bəzi rayonlar resurs xərclərinin daha sürətli artımının qeydə alındığını nəzərə alaraq sərmayə planlaşdırmasında tərəddüdlər yaşadıqlarını bildirilər.

Cari ilin ötən 11 ayında dünya ölkələrində işsizlik səviyyəsi müxtəlif meyillər nümayiş etdirib. Ötən ilin eyni dövrü ilə müqayisədə işsizlik səviyyəsi Türkiyə, Hindistan və Rusiyada azalıb, Avrozonada sabit qalıb, Birləşmiş Krallıq, Yaponiya və Çində isə artıb. Bu səbəbdən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2025-ci il üçün qlobal məşğulluq artımı proqnozunu 1,7 faizdən 1,5 faizə endirib. Bu reviziya davam edən geosiyasi qeyri-müəyyənliklər və ticarət gərginlikləri nəticəsində qlobal ÜDM artımının yavaşıması ilə daha çox əlaqədar olması ilə hesab edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2025-ci il sentyabr “İqtisadi İcmal” hesabatına əsasən, qlobal işsizlik səviyyəsi tarixi göstəricilərlə müqayisədə aşağı səviyyədə qalsa da, İƏİT ölkələrində median işsizlik 2024-cü ilin sonundan etibarən artaraq 5,5 faizə çatıb. Bu, əmək bazarlarında tədricən zəifləmə əlaməti kimi qiymətləndirilir.

Uçot dərəcələrinin azaldılması qızılı və “Bitcoin”i bahalaşdırıb

ABŞ-ın mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) tərəfindən 2025-ci il dekabrın 12-də uçot faiz dərəcəsinin illik 3,5-3,75 faiz aralığına endirilməsi qlobal iqtisadiyyat üçün növbəti təsirlərini nümayiş etdirdi. Həmin qərar Amerika hökumətinin cari ilin ikinci yarısından etibarən pul siyasətində aşağı stavkalı rejimə keçdiyini göstərməklə, pul siyasətinin liberallaşdığına dəlalət etdi. FES-in faiz dərəcəsini azaltması özünü dərhal bank və maliyyə seqmentlərində göstərdi, dollar digər aparıcı valyutalar qarşısında ucuzlaşdı. Belə ki, avro-dollar mübadiləsi 1.1644 səviyyəsindən 1.1707 səviyyəsinədək yüksəldi. İngilis funtu-dollar cütlüyü üzrə mübadilə isə 1.3326 həddindən 1.3392 həddinə qədər artım sərgilədi. Habelə dollar-yapon yeni üzrə mübadilə 156.66 səviyyəsindən 155.48 səviyyəsinədək gerilədi.

Avropa Mərkəzi Bankı da cari ildə faiz dərəcəsini 3,15-dən 2,15 fazidək endirib. Çin Xalq Bankı deflyasiya təzyiqlərinin yumşaldılması və iqtisadi artımın stimullaşdırılması məqsədilə uçot faiz dərəcəsini 10 baza bəndi azaldaraq 3 faizədək aşağı salıb. Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 4 faiz-bənd  azaldaraq 17 faizdək endirib. Ümumilikdə, uçot dərəcəsi ilə bağlı qərarlar birjalarda qızıla və səhmlərə müsbət təsir göstərib. Sarı metalın beynəlxalq birjalarda bir unsiyasının qiyməti 4182 dollardan 4500 dollara qədər bahalaşıb. Kriptobazarda da müəyyən aktivlik müşahidə edilib. Noyabrda müəyyən eniş göstərən virtual pul bazarda “Bitcoin” və digər kriptovalyutaların ucuzlaşması səngiyib. Həftənin əvvəlində 88-89 minə satılan “Bitcoin”in qiyməti artıq 95 minə yüksəlib. Pərakəndə kriptovalyuta bazarında əhval-ruhiyyə yaxşılaşır ki, bu da investorların kriptovalyutaya da marağını artıracaq.

Eləcə də Amerika fond indeksləri də əvvəlki yarım aylıq durğunluqdan sonra özünə gəlib, əksər səhmdarlar indekslərdə artımlar əldə ediblər. Bazarın ən böyük seqmentlərindən biri olan “Amazon.com Inc.”in səhmləri son bir gündə 1,7 faiz bahalaşıb. Bu, şirkətin investisiya yatırımları üçün əlavə motivasiya verib və “Amazon” səhmdarları Hindistandakı biznesini inkişaf etdirmək üçün 2030-cu ilin sonuna qədər 35 milyard dollar investisiya yatırmaq planlarını açıqlayıb. ABŞ-dakı səhm aktivliyi digər qlobal sərmayəçilərin də fəallığına səbəb olub. FES-in faiz siyasəti ilə bağlı situasiyalara həssas yanaşan beynəlxalq səhmdarlar dolların məzənnəsinin zəifləməsi fonunda səhm konvertasiyalarını artırılar. Kanada Bankı notlar və qiymətli kağızlar üzrə faiz dərəcəsini son bir ayda aşağı saxladığı halda, ötən gün 2,25 faiz səviyyəsində saxlayıb. İsveçrə Milli Bankının səhmlərində də dəyərlər nəzərə çarpıb.

Avrozonada vəziyyət ürəkaçan deyil

Avropa iqtisadiyyatı da cari ilin ötən 11 ayını gözlənilən artım templəri ilə başa vurmadı. Avrozonada illik əsasda iqtisadi artım III rübdə 1,3 faiz təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 0,2 faiz-bənd aşağıdır. Rüblük əsasda iqtisadi artım isə 0,2 faiz olub. Ən yüksək illik artım İrlandiyada və İspaniyada qeydə alınıb. Rüblük artım baxımından isə İsveç (1,1 faiz) və Portuqaliya (0,8 faiz) ən yaxşı nəticə göstərib. Avrozonada sənaye sektorunda istehsal həcmi də əvvəlki aya nisbətən 1,2 faiz azalıb.

Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin prezidenti Axim Vambax bildirib ki, qlobal qeyri-müəyyənliyin davam etməsi investorların dövlət investisiya proqramının həyata keçirilməsinə dəstək verməsini çətinləşdirir. Dekabr ayının birinci yarısında Avrozonada metal emalı, əczaçılıq və maşınqayırma sənayelərində vəziyyət yaxşılaşsa da, avtomobil və qida sənayesində göstəricilər pisləşib. Avrozona üzrə İqtisadi İnkişaf Proqnozu İndeksi (İİPİ) noyabrda 3,4 bənd azalaraq 22,7 bəndə enib. Vambaxın fikrincə, maliyyə bazarı ekspertləri cari vəziyyətdəki dinamikanın enəcəyini, yalnız ortamüddətli dövrdə iqtisadi canlanmanın baş verəcəyini proqnozlaşdırırlar.

Büdcə paketlərində artım olmadı

Fiskal siyasət üzrə dünyanın iqtisadi mənzərəsinə gəldikdə isə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempinin zəifləməsi fonunda davam edən yüksək büdcə kəsirləri və genişlənməkdə olan dövlət borcu, o cümlədən artan  müdafiə, borclanma xərcləri, əhalinin yaşlanması və “yaşıl keçid” investisiyaları fiskal dayanıqlılıq üçün ciddi çağırışlar yaradır. DB-nin 2025-ci ilin iyun hesabatına əsasən, son illərdə büdcə kəsiri inkişaf etməkdə olan ölkələrdə orta hesabla ÜDM-in 6 faizinə çatıb ki, bu da yaşadığımız əsrdə qeydə alınmış ən yüksək göstəricidir. Faiz xərcləri isə büdcə kəsirinin üçdə bir hissəsinə bərabər olub. ABŞ-da bu fiskal çərçivə sayəsində gəlirlərin artımı əvvəlki tempdən aşağı olub. Eləcə də digər inkişaf etmiş Amerika ölkələri və Asiya regionu dövlətlərində də xarici maliyyələşmə imkanlarının məhdudlaşdığı şəraitdə fiskal məkanın genişləndirilməsi məqsədilə dövlət büdcəsi gəlirləri üzrə alternativ mənbələrin yaradılması və optimallaşdırılması, o cümlədən vergitutma potensialının artırılması prioritet vəzifələr kimi müəyyənləşib.. Belə ki, gəlirlərin artırılması ilə iqtisadi artım arasında tarazlığın təmin olunması üçün yüksək maliyyə itkilərinə səbəb  olan vergi güzəştləri və azadolmaların mərhələli şəkildə azaldılması, eyni  zamanda vergi inzibatçılığının və yığım mexanizmlərinin gücləndirilməsi istiqamətində islahatların həyata keçirilməsi fiskal siyasətdə əsas xətt kimi nəzərə alınıb. Bundan əlavə, bəzi resurs ixrac edən inkişaf etməkdə olan ölkələrdə neft gəlirlərinin azalması fonunda sərtləşdirilmiş fiskal siyasətin tətbiqinə də geniş yer verilməsi qərara alınıb.

Bunu nəzərə alan ABŞ büdcəni çox zəif templə artırıb, Avropa İttifaqı isə büdcə paketini artırmayıb. Avrozonada növbəti ilin büdcə sənədi 192,8 milyard avro məbləğində təsdiqlənib. Avropa Parlamenti 2026-cı il üzrə büdcə layihəsinə əsasən, ümumi öhdəliklərin həcmi 192,8 milyard avro, ödənişlərin həcmi isə 190,1 milyard avro məbləğində müəyyən edilib. Bununla yanaşı, 2021-2027-ci illər üzrə çoxillik maliyyə çərçivəsinin xərclər tavanı daxilində 2025-ci il üçün 715,7 milyon avro ehtiyat olaraq saxlanılıb.  Beləliklə, AB-nin 2026-cı il üçün ümumi büdcə zərfi əvvəlki büdcə paketinə nisbətən 2 milyard avro azaldılıb.

Aİ iqtisadçılarının qənaətinə görə, birlik ölkələrinin iqtisadi potensialı büdcə xərclərini təmin etməyə imkan verəcək, ancaq büdcədə kəsirlər və borcun artması da qaçılmazdır. Proqnozlara görə, 2025-ci ildə Aİ-nin 11 üzv ölkəsində büdcə kəsiri ÜDM-in 3 faizini aşacaq. Həmin ölkələr sırasında Belçika, Almaniya, Fransa, Latviya, Malta, Avstriya, Slovakiya, Finlandiya, Macarıstan, Polşa və Rumıniya yer alır. İtaliyada isə büdcə kəsirinin ÜDM-in 3 faizinə qədər azalacağı fərz edilir. Ümumilikdə, Aİ-nin dövlət büdcəsi kəsirinin 2026-cı və 2027-ci illərdə 3,4 faizə yüksələcəyi gözlənilir. Aİ-nin dövlət borcu isə gələn il ÜDM-in 84, 2027-ci ildə 85 faizə qədər artacağı ehtimal olunur.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31