Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ədaləti bərpa etdi

Azərbaycan ədaləti bərpa etdi

27.12.2025 [11:35]

Bizim iradəmizin qarşısında heç kim dura bilməz!

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ağır və ədalətsiz bir sınaqla üz-üzə qaldı. Ermənistanın açıq işğalçılıq və təcavüzkar siyasəti nəticəsində ölkəmizin əraziləri zəbt olundu, yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salındı. Bu proses təkcə regional münaqişə deyildi, eyni zamanda beynəlxalq hüququn və ədalətin sınağı idi. Azərbaycan beynəlxalq aləmdən sadəcə bir şey tələb edirdi: mövcud hüquqi mexanizmlərin işləməsi və ədalətin bərpa olunması. Lakin “beynəlxalq ictimaiyyət” adlanan strukturlar bu məsələdə prinsipial mövqe ortaya qoymadı, əksinə, ikili standartlar nümayiş etdirdi.

Məqsəd işğalı əbədi etmək idi...

Beynəlxalq hüququn əsas sənədləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi illərlə kağız üzərində qaldı. Bu qətnamələrin icrası üçün real siyasi iradə göstərilmədi, işğalçı ilə işğala məruz qalan tərəf arasında süni “tarazlıq” yaradıldı. Nəticədə, beynəlxalq mexanizmlər problemi həll etmək əvəzinə onu dondurdu, ədalətsiz status-kvonun qorunmasına xidmət etdi. Otuz ilə yaxın davam edən bu vəziyyət göstərdi ki, beynəlxalq hüquq yalnız onu müdafiə edəcək güc və iradə olduqda işlək mexanizmə çevrilir.

Burada xüsusilə, 30 il “münaqişənin ədalətli əhllində vasitəçi” rolunu üzərinə götürmüş ATƏT-in Minsk qrupuna diqqət çəkmək lazımdır. Sözdə “ədalətin bərpası”na hesablanaraq yaradılan bu struktur heç də bu işlə məşbul olmadı - tam əksinə, işğalçıya və işğala haqq qazandırmaq üçün müxtəlif “yollar” aradı. Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı buraya köçən sakinlərlə görüşündə bildirib ki, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək: “Halbuki Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi”.

Minsk qrupunun “missiyası”...

ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə yalnız bir missiya üçün xidmət göstərdi - Ermənistanı qorumaq, işğalı rəsmiləşdirmək, bölgədə siyasi vəziyyəti İrəvanın xeyrinə dəyişmək. Amma Azərbaycan özünün qətiyyətli yolundan dönmədi. Azərbaycan öz suveren hüquqlarını və tarixi ədaləti öz gücü hesabına bərpa edəcəyini hər zaman bəyan edirdi. İstər 2016-cı ildə, istər 2020-ci ildə, istərsə də 2023-cü ildə atılan addımlar Azərbaycanın öz hədəfində qəti olduğunu göstərdi. Artıq Minsk qrupu da reallığı görürdü - Azərbaycana nə təzyiq, nə də təsir etmək mümkün deyildi. Vətən müharibəsindən sonra 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən zaman Prezident İlham Əliyev bildirmişdi ki, “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”.  Dövlət başçısı qeyd etmişdi ki, “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”. Əslində bu adıçəkilən qurumun fəaliyyətsizliyinin  açıq bəyanatı idi.

ATƏT-in Minsk ?rupunun ləğvi bizim tələbimiz idi

2020-ci il Vətən müharibəsinin nəticələri Minsk qrupunun ləğvini aktuallaşdırdı. Bu qələbə göstərdi ki, problemin həllinin real açarı beynəlxalq mexanizmlərdə deyil, Azərbaycanın öz iradəsindədir. Suverenliyin 2023-cü ildə tam bərpası isə Minsk qrupunun vasitəçilik modelinin sona çatdığını rəsmiləşdirdi. Bu ilin avqustunda Vaşinqtonda ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı. Bu müraciət ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Birgə müraciətdən sonra təşkilat Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanmasını yekunlaşdırdı. Bu, Azərbaycanın növbəti qələbəsi idi. Prezident bildirib ki, mənfur Minsk qrupunun tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur: “Bu ayın əvvəlində Minsk qrupu və ona bağlı olan bütün təsisatlar rəsmən ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz”.

Heç bir xarici format Cənubi Qafqazın siyasi gündəmini müəyyən etmir...

Minsk qrupunun fəaliyyətinin rəsmi olaraq sona çatması, ləğvi Bakının suveren sülh təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Artıq heç bir xarici format Cənubi Qafqazın siyasi gündəmini müəyyən etmir; proseslərin mərkəzində Azərbaycan dayanır. Paralel olaraq ATƏT-in Minsk qrupunu tam şəkildə ləğv etməsi yalnız texniki qərar deyil, Azərbaycanın uzun illər apardığı mübarizənin qalibiyyətlə başa çatmasının siyasi təsdiqidir. Bu addım həm 2020-ci ildə əldə olunan qələbənin, həm də 2023-cü ildə suverenliyin tam bərpasının beynəlxalq legitimləşməsi kimi qiymətləndirilməlidir. Artıq Cənubi Qafqazda yeni reallıq formalaşıb və bu reallığı müəyyən edən əsas aktor Azərbaycan dövlətidir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31