Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla Türkiyə hər zaman birlikdədir!

Azərbaycanla Türkiyə hər zaman birlikdədir!

05.12.2025 [11:37]

Qardaşlıq və birlik ruhu ölkələrimizi təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.

XİN başçıları nələri müzakirə edib?

Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində də özünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Xüsusən də hər iki ölkənin humanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımı və mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin və sarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən  regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər. Bu baxımdan, dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü xüsusi vurğulanmalıdır. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub. Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar. XİN başçıları, həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şuşa Bəyannaməsi münasibətlərimizin zirvəsini təşkil edir

Qeyd edək ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji-tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib. 2021-ci ilin iyun ayında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan  tərəfindən imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə münasibətlərimizin zirvəsini təşkil edir.

Beynəlxalq platformalarda qarşılıqlı dəstək

Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsində qurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqları çərçivəsində deyil, bütövlükdə, regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəm daşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarımızın ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət qazanıb. İki dövlət müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regional və qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə Azərbaycanın 30 il davam edən işğala son qoyduğu İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, hərbi əməkdaşlığın praktiki istiqaməti də daim genişlənməkdədir. Ölkəmizin müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə iştirakı hər iki ordunun döyüş hazırlığının artırılmasına, koordinasiyanın güclənməsinə və regional təhlükəsizliyin təmininə mühüm töhfə verir. Bu təlimlər yalnız ikitərəfli səviyyədə deyil, həm də NATO ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qardaş ölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional təhlükəsizlik məsələlərindəki həmrəyliyini gücləndirməklə yanaşı, eyni zamanda, Cənubi Qafqaz və Orta Asiya regionlarında sülhün, sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Bütövlükdə,  Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə artan gərginlik, xüsusilə Suriyada yaranmış vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün birgə diplomatik fəaliyyət həyata keçirir. Bu baxımdan, iki ölkənin XİN başçılarının görüşü zamanı aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. 

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31