Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülh, yoxsa hakimiyyət...

Sülh, yoxsa hakimiyyət...

05.12.2025 [11:19]

13 sənədin ictimailəşdirilməsində məqsəd nədir?

Nəhayət, Ermənistanın Baş naziri Nikol Paşinyan xeyli müddət bundan əvvəl gündəmə gətirdiyi keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı zamanında aparılan danışıqlara dair sənədləri yayacağı barədə vədinə əməl edərək onları ictimailəşdirdi. Belə ki, bugünlərdə Ermənistan Nazirlər Kabinetinin saytında indiyədək təfsilatları geniş açıqlanmayan 13 sənəd yerləşdirilib. Sənədlərdə 2011-ci ildə Kazanda müzakirə edilən layihə, vasitəçilərin 2019-cu ildən etdikləri təkliflər, üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqust ayından Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubu, ərazi mübadiləsi, Madrid, Kazan prinsipləri  və bir sıra digər materiallar əksini tapıb.

Sənədlərin ictimailəşdirilməsinin qonşu ölkədə böyük rezonans doğuracağı gözlənilən idi. Sənədlər son günlərdə Ermənistanın müxtəlif çevrələrində, mətbuatda aparılan müzakirələrin mərkəzində dayanır. Sənədlərdə nələr əks olunub? Onları ictimailəşdirmək N.Paşinyana nə üçün lazımdır? Daha önəmli sual isə belədir?  Məlum sənədlərin ictimailəşdirilməsi indiki həssas məqamda sülh prosesinə necə təsir göstərə bilər?

Niyə məhz indi?

Söhbət keçmiş Dağlıq Qarabağ münaqişəsindən gedirsə, indi Ermənistan hakimiyyətinin əsas məsuliyyəti avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaların praktiki müstəvidə reallaşmasını sürətləndirməyə hesablanan addımlar atmaq olmalıdır. Ağ Evdə xarici işlər nazirlərinin parafladıqları saziş və verilən birgə Bəyanatla regionda 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra yaranan yeni reallıq Prezident Donald Trampın şahidliyi ilə təsdiqlənib. Həmçinin Vaşinqton razılaşmalarına uyğun olaraq zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış, lakin 3 həmsədr dövlətin regional maraqlarının girovuna çevrilərək səmərəli fəaliyyət göstərməmiş ATƏT-in Minsk qrupu ləğv olunub. Bütün bunlar o deməkdir ki, dünya reallığı qəbul edir, artıq Qarabağ mövzusu beynəlxalq gündəlikdən tamam çıxarılıb. Həmçinin Ermənistan rəhbərliyinin özü də bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq şəkildə bəyan edib.

Bu mənzərə fonunda əvvəlki dönəmdə  keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif məkanlarda aparılan danışıqların sülh prosesinə hansısa bir töhfə verəcəyini düşünmək sadəlövhlük olardı. Məlum sənədlər keçmişdir və bugünkü proseslər üçün hansısa bir önəm daşımır. Aydın məsələdir ki, bu reallığı N.Paşinyanın özü də anlamamış deyil. Beləliklə, sual yaranır: Bəs Ermənistanın Baş naziri sənədlərin ictimailəşdirilməsinə niyə məhz indi lüzum görüb? Sualın cavabı birmənalıdır: N.Paşinyan daxili ictimai-siyasi vəziyyəti nəzərə almaqla bu zəruri gedişi edib.

Məlumdur ki, hazırda Ermənistan gələn ilin yayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. N.Paşinyan da bugünlərdə bir daha bəyan etdi ki, onun özü də seçkilərə qatılacaq və hazırda komandasının hansı üzvləri ilə seçkilərə gedəcəyini müəyyənləşdirmək əsas qayğılarındandır. Baş nazirin məlum sənədləri ictimailəşdirməsini də onun seçki hazırlıqlarının tərkib hissəsi kimi dəyərləndirə bilərik. Ölkədə seçkiqabağı ictimai-siyasi vəziyyət çox ziddiyyətlidir. Hakim komandaya qarşı bir neçə daxili cəbhə açılıb. N.Paşinyan eyni vaxtda revanşistlərin, yeni müxalifətin, sabiq prezidentlərdən ibarət “köhnə qvardiya”nın, kilsənin müqavimətini neytrallaşdırmalıdır. O bunu müəyyən dərəcədə bacarır. Yeni müxalifətin lideri Karapetyan xeyli müddətdir ki, həbsə alınıb. Revanşistləri susdurmaq üçün xalq yeni itki riskləri ilə qorxudulur. Kilsənin cəmiyyətə təsir imkanları da xeyli dərəcədə zəiflədilib. N.Paşinyan uzun müddət apardığı təbliğat nəticəsində kilsə mifini dağıtmağa nail olub və hazırda kilsə andını pozmaqda ittiham olunan baş keşişin həbsi də gündəmdədir. İndiki məqamda N.Paşinyan “köhnə qvardiya”nı hakimiyyəti üçün ən böyük təhlükələrdən biri kimi görür. Çünki bu qüvvələr həm də xarici güclərin Ermənistanda uzantılarıdırlar. Bəzi güclər Ermənistana özlərinin regional maraqlarını təmin etmək üçün bir layihə kimi yanaşır və bu layihənin uğurlu olması üçün burada marionet siyasi hakimiyyət formalaşdırmağa çalışırlar. Tarixən həmişə belə olub. Bu baxımdan gələcək seçkilər də istisna deyil. Elə indidən bəllidir ki, seçkilər yalnız cəmiyyətin iradəsini ifadə etməyəcək, nəticələrdə xarici güclərin təsirləri də mütləq şəkildə əks olunacaq. 2018-ci illə müqayisədə cəmiyyətdə nüfuzunun əhəmiyyətli dərəcədə azaldığının fərqində olan N.Paşinyan bunu “köhnə qvardiya”nı nüfuzdan salmaqla kompensasiya etməyə çalışır. Zamanında Qarabağ kartından istifadə etməklə Ermənistanda uzun müddət hakimiyyətlərini qoruyan sabiqlər revanşı da məhz bu mövzudan “bəhrələnməklə” etmək istəyirlər. Onlar Baş naziri Qarabağı satmaqda, müharibəni uduzmaqda, Azərbaycan və Türkiyə ilə uyğun olmayan şərtlər əsasında razılaşmalara getməkdə ittiham edirlər. N.Paşinyan yaxşı anlayır ki, bu ittihamlar uzun müddət “Böyük Ermənistan” xülyasının əsirliyində qalmış cəmiyyətin müəyyən kəsimlərini ondan üz döndərməyə sövq edə bilər. Baş nazir real görünən bu təhlükəni sovuşdurmağın ən optimal yolunu ictimai diqqəti sabiqlərin özlərinin iştirakı ilə aparılan danışıqlara çəkməkdə görüb. N.Paşinyan fərqindədir ki, uzun müddət Ermənistanda hakimiyyətdə olmuş Petrosyan, Sarkisyan və Koçaryanın “qəhrəmanlığı” həmin sənədlərdə bütün cəhətləri ilə aydın şəkildə görünür. Baş nazir sənədləri ictimailəşdirməklə xalqa sanki demək istəyir ki, onları siz də yaxından tanıyın. Tanıyın ki, onlar sizi necə aldadıblar, tanıyın ki, onlar sizi aldatmaqla hakimiyyətlərinin ömrünü uzadıblar, talançılıqla məşğul olmalarına daha münbit zəmin yaradıblar.

Onillikləri əhatə edən danışıqlar prosesinin bəzi məqamları

Açıqlanmış 13 sənəd 1992-2020-ci illər arasında beynəlxalq təşkilatçıların və vasitəçi dövlətlərin iştirakı ilə aparılmış danışıqları və müzakirə edilmiş həll variantlarını əhatə edir. Əlbəttə, təklif olunan həll variantları müxtəlif adlar altında təqdim olunsa da, onlar beynəlxalq hüququn fundamental prinsiplərindən çox uzaq olub. Bunun da əsas səbəbi o idi ki, müxtəlif həll variantları təklif edən Minsk qrupunun həmsədr dövlətləri bir tərəfdən özlərinin regional maraqlarını təmin etməyə çalışır, digər tərəfdən isə açıq-aşkar selektiv yanaşma ortaya qoyurdular. Regional maraqlar həmsədrləri ayıran, Ermənistana rəğbət isə onları birləşdirən cəhət idi. Məhz buna görə də BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsi onilliklər ərzində yerinə yetirilmədi və Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququ özü təmin etmək məcburiyyətində qaldı. Yayılan sənədlərin ayrı-ayrı məqamlarından da göründüyü kimi, Ermənistanın danışıqlar prosesində iştirak edən liderləri isə marionet fiqurlar olublar. Ermənistanın bugünkü acınacaqlı durumunun, müharibə faciələrinin, gənclərin həyatlarını itirmələrinin məsuliyyəti həm də onların üzərinə düşür.

Beləliklə, yayımlanan sənədlərin bəzi məqamlarına diqqət yetirək. Açıqlanan sənədlərdən birini “Koçaryanın Rambuyedə tualet sərgüzəştləri” adı altında təqdim etmək daha doğru olardı. 2006-cı il fevralın 10-da Fransanın Rambuye şəhərində   böyük ümidlərlə başlayan danışıqlar o zamankı Ermənistan prezidenti Robert Koçaryanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutub. Paris yaxınlığındakı Rambuye şəhərində eyniadlı qəsrdə keçirilən danışıqlar Robert Koçaryanın prosesi yarımçıq qoyması və biabırçı qaçışı ilə yaddaşlarda qalıb. Həmin danışıqlar prosesi 2006-cı il fevralın 10-da hər iki prezidentin ayrı-ayrılıqda Fransanın sabiq prezidenti Jak Şirakla Parisdə, Yelisey Sarayında təqribən 45 dəqiqəlik görüşü ilə başlamışdı. Daha sonra İlham Əliyev və Robert Koçaryan arasında 2 dəfə fevralın 10-da 2 saata qədər, fevralın 11-də isə 20 dəqiqəlik təkbətək görüş keçirilib. Məhz 11 fevral görüşü zamanı Robert Koçaryan ayaqyoluna getmək adı ilə ikitərəfli danışıqları yarımçıq saxlayıb. Bundan sonra isə heç bir xəbər vermədən Rambuye qəsrini tərk edərək Parisdən İrəvana uçub. Sonradan o bunu həmin vaxt müdafiə naziri postunu tutan Serj Sarkisyanın qayınatasının ölümü ilə əlaqələndirsə də, əslində, həmin addım Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilən şərtləri qəbul etməmə qorxusu ilə bağlı idi. Danışıqlar prosesində  küncə sıxışdırılan Koçaryan başqa bir ad altında da masadan ayrıla bilərdi. Lakin görünür o burada da öz təbiətinə uyğun davranıb və xalqını, ölkəsini rüsvay etməkdən belə çəkinməyib.

Danışıqlar prosesində həmçinin uzun müddət ərazi mübadiləsi variantı gündəmdə olub. Açıqlanan sənədlərə  görə, həmin dövrün təklifləri çərçivəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisi, Şuşa və Laçın rayonları tam şəkildə Ermənistan Respublikasına verilirdi. Bunun əvəzində Meğri rayonu Azərbaycanın nəzarətinə keçirdi. Paralel olaraq Ağdamdan Zəngilana, Qubadlıdan Kəlbəcərə, həmçinin Qazax və Şaumyan istiqamətinə qədər işğal altında saxlanılan bütün ərazilər Azərbaycana qaytarılırdı. Oxşar planı tanınmış amerikalı politoloq Pol Qobl da irəli sürmüşdü. Ona görə onu “Qobl planı” da adlandırırlar. Həmin plan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi ilə gündəmdən çıxdı. Çünki maraqlı güclər münaqişənin  hər hansı bir formada həllini istəmirdilər. Hərçənd Bakı və İrəvan bu varianta rəsmi razılıq verməmişdilər.

Danışıqlar prosesində həmçinin Kazan prinsipləri gündəmdə olub. Bu prinsiplər 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda təşkil edilən prezidentlərin görüşündə müzakirələrə çıxarılmışdı. Kazan danışıqlarına əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlanmalı idilər. İrəvana Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmaq təklif olunurdu. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxil idi. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunurdu. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirən dəhliz yaradılması nəzərdə tutulurdu. Təbii ki, reallığa və beynəlxalq hüquqa əsaslanmayan Kazan prosesi də, necə deyərlər, ölü doğulmuş uşaq taleyi yaşadı...

Hansı daha vacibdir?

Müşahidə edilən proseslər fonunda Ermənistan rəhbərliyinə belə bir sual ünvanlamaq yerinə düşər: Hansı daha vacibdir: Sülh, yoxsa hakimiyyət?  Ermənistan hakimiyyətində təmsil olunanlar müxtəlif auditoriyalar qarşısında sülhün prioritetliyini önə çəkirlər. Lakin sənədlərin ictimailəşməsi ona dəlalət edir ki, Ermənistan siyasiləri üçün hakimiyyət sülhdən öndə dayanan məsələdir. Əgər sülh Ermənistan üçün daha prioritet məsələ olsa idi, hakimiyyətin qətiyyətli addımları da məhz bu istiqamətdə atılardı. Məsələn, Azərbaycanın da dəfələrlə bəyan etdiyi kimi, Vaşinqton razılaşmalarından sonra yekun sülh sazişinin imzalanması yolunda yeganə maneə Ermənistanın indiki qüvvədə olan konstitusiyasnın məzmunudur. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Azərbaycanın istəyi Ermənistan rəhbərliyinə də yaxşı məlumdur. Ancaq konstitusiya dəyişiklikləri ilə bağlı proseslərin ləng getməsi ona dəlalət edir ki, Ermənistan üçün sülh heç də birinci dərəcəli prioritet deyil və məlum sənədlərin ictimailəşdirilməsi prosesləri bir qədər də uzada bilər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31