Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlarımız necə inkişaf edir?

Regionlarımız necə inkişaf edir?

05.12.2025 [08:51]

Ölkəmizdə yaradılan yeni iş yerinin 75 faizi regionların payına düşür

Ölkənin bölgələrinin yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Regionlarımız 20 il əvvəlki dövrlə müqayisədə müsbət dərəcədə çox dəyişib. Həyata keçirilən davamlı siyasət regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Dövlət proqramları çərçivəsində görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə 2004-2024-cü illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sektoru 3 dəfə artıb. Bu dövrdə sənaye real ifadədə 2,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,9 dəfə, kənd təsərrüfatı 2 dəfə yüksəlib. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 40 dəfədən çox artaraq 73 milyard ABŞ dolları səviyyəsinə çatıb. Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşdirilib. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, qeyri- neft ixracı 5 dəfə artıb.

Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət töfhəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2024-cü illər ərzində 1,8 milyonu daimi olmaqla, 2,2 milyon yeni iş yeri yaradılıb ki, iş yerlərinin də 75 faizi regionların payına düşür.

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq olunması, istehsal və ixrac imkanlarının artırılmasıdır: “Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Regionların inkişafı ölkədə davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başlanıb. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək”.

Deputatın sözlərinə görə, buna görə də, ilk növbədə, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış ilk öncə bu ərazilərdə iqtisadi aktivliyin bərpasını tələb edir. Bunun üçün iqtisadi fəaliyyətin tədricən bərpası və bu fəaliyyətin yeni mühitə reinteqrasiyası ətrafında təhlillərin aparılmasını zəruri edir: “Həmçinin regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur. Eyni zamanda, regionlarda, həmçinin iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır, demək olar ki, bir çox regionlara ixtisaslaşdırılmış şəkildə investisiyaların cəlbi artmaqdadır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-dən çox layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yeri açılıb”.

Beləliklə, postpandemiya dövründə regionların və iqtisadiyyatın inkişafına təkan verəcək addımlardan biri də yeni konsepsiyaların qəbuludur. Bura davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq, inkişafdan hər bir vətəndaşın bəhrələnə bilməsi, yüksək və ədalətli sosial təminat, paytaxt və regionların tarazlı inkişafı və digər məsələlər daxildir.

V.Bayramov qeyd edib ki, regional inkişaf proqramları çərçivəsində yerli sahibkarlığın dəstəklənməsi, təhsil və sağlamlıq xidmətlərinin inkişafı ilə bağlı tədibirlər də prioritetdir ki, bütün bu kompleks tədbirlər sosial-iqtisadi inkişafı sürətləndirir. Kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrə yönəldilən investisiyalar yerli iqtisadiyyatı şaxələndirərək daha dayanıqlı və rəqabətli edir: “Sosial-iqtisadi inkişafın təşviqi həm də əhali arasında sosial ədalətin bərpa olunmasına və həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Dövlət tərəfindən həyata keçirilən regionların inkişafı proqramları mövcuddur. Məhz iqtisadi islahatlar və sosial layihələr vasitəsilə kənd və şəhər əhalisi arasında gəlir fərqləri azaldılır. Bir sözlə, bu addımlar ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərir və cəmiyyətin bütün təbəqələrini əhatə edən inkişaf modelinə zəmin yaradır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Yeganə

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31