Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müasir dövlət quruculuğu siyasətinə töhfə

Müasir dövlət quruculuğu siyasətinə töhfə

04.12.2025 [09:15]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəfis tərtibatlı yeni nəşri çapdan çıxıb. “Dövlət Qulluqçuları üçün İngilis Dili” adlanan kitabın funksionallığı və məzmunu təhsil sahəsindəki yeni standartlara və həmçinin Azərbaycanın dövlət idarəçiliyinin modernləşdirilməsi prioritetinə tam uyğundur. Tədris vəsaitinin DİA müəllimləri tərəfindən hazırlanması müasir Azərbaycan idarəçiliyi ideologiyasına uyğun silsilə tədris resurslarının yaradılması istiqamətində ilk mühüm addım kimi qiymətləndirilir.

Azərbaycanda dövlət idarəçiliyinin yeni mərhələsi

Azərbaycanın müasir dövlət idarəçiliyi modeli insan kapitalının gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və dünya ölkələri ilə inteqrasiya kimi prioritet məqsədlər əsasında qurulub. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı institusional islahatlar, ölkənin beynəlxalq qurumlarla əməkdaşlığının genişləndirilməsi dövlət qulluqçularının xarici dillərə, xüsusilə də ingilis dilinə yüksək akademik və peşəkar  səviyyədə yiyələnməsini vacib zərurətə çevirmişdir.

Gənc və müstəqil dövlətimizin dayanıqlı inkişafına nail olmaq məqsədilə son illərdə Azərbaycanın təhsil sahəsində məzmun və formanın qabaqcıl dünya standartlarına əsaslanaraq təkmilləşdirilməsi baxımından bir sıra yeniliklər tətbiq olunmaqdadır. Məqsəd yalnız təhsil infrastrukturunu yeniləmək deyil, həmçinin müasir tələblərə cavab verən, yeni fikir, düşüncə tərzinə malik mütəxəssislər yetişdirmək, müasir dövrün idarəçilik bacarıqlarına yiyələnmiş yüksək potensiallı gənc kadrlar hazırlamaqdır.

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd olunduğu kimi, yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş insan kapitalı Azərbaycan dövlətinin dayanıqlı inkişafının əsasını təşkil edir. Dövlətimizin başçısı təbii resursların müvəqqəti xarakterli olmasını, insan kapitalının isə uzunmüddətli dayanıqlılığını vurğulamışdır ki, bu da öz növbəsində Azərbaycanda dövlət idarəçiliyi sisteminin transformasiyası üçün yeni ideoloji əsası formalaşdırıb. Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas mahiyyəti hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsindəki nailiyyətlərdən innovasiyalı, sosial orientirli mərhələyə keçid edərək insan kapitalını formalaşdırmaqdır. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) uzun illərdir ki, ölkənin dövlət idarəçiliyi üçün peşəkar kadrların hazırlanmasında aparıcı rol oynayır. Burada təhsil alanlar - bakalavrlar, magistrlər, doktorantlar və həmçinin peşə kompetensiyalarının təkmilləşdirilməsi üçün əlavə təhsilə cəlb olunmuş dövlət qulluqçuları yalnız nəzəri biliklər deyil, həm də praktiki idarəçilik bacarıqları qazanırlar. Xüsusilə vurğulamaq istərdik ki, Akademiya burada aparılan yüksək keyfiyyətli təlim və tədris nəticəsində ölkənin gələcək idarəçilərini yetişdirən strateji mərkəzə, elm-bilik ocağına çevrilib.

Dövlət qulluqçuları üçün mühüm nəşr

Akademiyanın rektoru, akademik Urxan Ələkbərovun təşəbbüsü, Dillər kafedrasının müdiri, dosent Ülkər Şəfiyevanın bilavasitə rəhbərliyi və müəllifliyi ilə kafedranın müəllimləri Esmira İsmayılova, Həcər Abdullayeva və Məryam İsgəndərlinin də həmmüəllifləri olduğu “Dövlət Qulluqçuları üçün İngilis dili” adlı dərslik müasir və qloballaşan dünyada qarşıya qoyulan hədəflərə çatmaq üçün dövlət idarəçiliyi və dövlət qulluğu sahələrində fəaliyyət göstərəcək namizədlərin peşəkar mütəxəssislər kimi yetişdirilməsi istiqamətində atılmış böyük əhəmiyyətə malik mühüm addımlardan biridir. Kitab Azərbaycan dövlət idarəçiliyi reallığına uyğunlaşdırılmış, müasir dil tədrisi standartlarına cavab verən həm dil kompetensiyasını, həm də peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirən çoxfunksiyalı müasir tədris vəsaitidir.

Dərslikdə dövlət orqanlarında istifadə edilən terminologiya, rəsmi yazışma standartları, diplomatik nitqlər və beynəlxalq əlaqələrə dair sənədlərdən nümunələr, real situasiyalarda istifadə olunan dil materialları, iclaslar, brifinqlər, hesabatlar və görüş simulyasiyaları modelləri əsasında hazırlanan oxu, yazı, dinləmə və danışıq bacarıqlarının təkmilləşdirilməsinə imkan verən tapşırıqlar beynəlxalq təcrübəyə əsaslanan tələbəyönümlü və yaradıcı yanaşmaları əks etdirərək dərslərin daha innovativ və interaktiv təşkilinə geniş imkanlar yaradacaqdır. Yeni dərsliyin funksionallığı və məzmunu təhsil sahəsindəki yeni standartlara və həmçinin dövlət idarəçiliyinin modernləşdirilməsi prioritetinə tam uyğundur.

Tədris vəsaiti hazırda dövlət qulluğunda çalışan mütəxəssislərin ingilis dili bacarıqlarının peşəkar istiqamətdə təkmilləşdirilməsinə, həmçinin gələcəkdə dövlət orqanlarında fəaliyyət göstərəcək gənc kadrların ingilis dili bacarıqlarının formalaşdırılmasına imkan verən və Azərbaycanın milli dövlət idarəçiliyinin başlıca istiqamətlərini özündə birləşdirən ilk fundamental resurs kimi autentik dil materialları əsasında hazırlanıb.

Dərsliyin gələcək dövlət idarəçilərinin hazırlanmasında əhəmiyyəti

Xarici dillərə, xüsusilə ingilis dilinə, yiyələnmək qlobal informasiya axınına inteqrasiya baxımından dövlət qulluqçuları üçün mühüm şərtdir. Dövlət İdarəçilik Akademiyasının tələbələrinə ingilis dilinin məhz dövlət qulluğu kontekstində öyrədilməsi Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə xidmət edir. Gənc idarəçilərin beynəlxalq təşkilatlarla ünsiyyət qurmaq, qlobal layihələrin idarə olunmasında iştirak etmək, xarici tərəfdaşlarla yazışmalar aparmaq, beynəlxalq siyasi, hüquqi və iqtisadi terminologiyaya yiyələnərək nüfüzlu qlobal məlumat bazalarına birbaşa çıxış əldə etmək kimi bacarıqlara malik olması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldiləməsində müstəsna rola malikdir. Bu səbəbdən bu yeni kitab yalnız bir dərslik deyil, həm də ölkənin idarəçilik sistemində insan kapitalının strateji inkişafına xidmət edən tədris vəsaitidir.

“Dövlət Qulluqçuları üçün İngilis dili” dərsliyi DİA-nın strateji missiyasına - ölkənin gələcək idarəçilərini hazırlamaq məqsədinə uyğun yaradılmış fundamental bir elmi-metodik resursdur. Bu təşəbbüs dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflıq, çeviklik və qlobal rəqabətə dayanıqlılıq kimi prinsiplərə xidmət edir. Dərs vəsaitinin müəlliflərinin oxuculara ötürdüyü əsas ideya ondan ibarətdir ki, peşəkar dövlət qulluqçusunun formalaşması üçün ingilis dili bu gün seçim deyil, bu dildən səlis istifadə artıq müasir idarəçiliyin zərurətinə çevrilmişdir və bu kitab öz növbəsində müasir Azərbaycanın gələcək idarəçilərinin milli məfkurə və qlobal yanaşmaları özündə ehtiva edən düçüncə tərzini formalaşdıraraq yüksək ingilis dili bacarıqlarına malik kadrlar kimi yetişdirilməsi vasitəsi ilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülərək daha da inkişaf etdirilməsinə mühüm töhfə olacaqdır.

Həcər ABDULLAYEVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının müəllimi

Paylaş:
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Siyasət

Siyasi kodlar

02 Dekabr 15:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31