Laçının "laçın" günləri - Payız epopeyası
01.12.2025 [12:29]
Bəşəriyyətin taleyinə hərdən elə məqamlar yazılır ki, həmin anlarda zaman dayanıb yeni bir hökm verir. Mən o hökmün qüdrətinə könüldən inanıram. Çünki son illərdə bəzi tarixlər bizim üçün təqvimdən ziyadə, həm də qayıdışın epopeyasına çevrilib.
Bir! Bütün hesablama sisteminin başlanğıcı, təkliyin, yeganəliyin simvolu. Azadlığın ilk addımı. Bu gün - 1 Dekabr Laçının işğaldan azad ediliyi gündür.
Payız epopeyası
Bu əlamətdar gündə Laçını ziyarətə gəlmişik. Sanki illər sonra yenidən nəfəs almağa başlamışam. Ciyərlərimə çəkdiyim Laçın havası təmiz sözünün də fövqündədir. Bu təmizliyə payızın acı-şirin qarışıq qoxusu hopub. Solğun yarpaqlarla bəzənmiş yollarda irəlilədikcə yolboyu asılmış üçrəngli bayraqlar gözümüzü qamaşdırır. Onlar sadəcə bayraq yox, bu dəhlizi qoruyan daimi gözətçilərdir.
Hər kəndin başında hökm sürən ucsuz-bucaqsız sükutun ortasında qürurla sancılmış Şəhid fotosu diqqətimizi cəlb edir. Hər kənd bir şəhidin qanı ilə azad edilmiş bir simvol. Elə bu dəqiqə dinlədiyimiz mahnı da bayraq və fotolarla ahəngdarlıq yaradır. Polis Akademiyasının kursantlarının ifa etdiyi "Zəfər təntənəsi" sanki bu dağların himnidir. Təbiətin duyğular və həqiqətlərlə qəribə, ecazkar şəkildə həmahəng olduğu məqamdayıq. Mahnının sözləri danılmaz həqiqətdir: "Vətən olarmı bu dağdan, bu daşdan, qoynunda yoxsa yatan..."
Dağlarla dialoq
Bu ülvi hissləri itirməmək üçün qələmimi çıxarıb qeydlər aparıram. Dərk edirəm ki, qələmə lazım olan o heybəti və vüqarı mən yox, elə sənin özün verirsən, Laçın. Sən özün bir qəhrəmanlıq dastanısan.
İndi mən bu vüqarın qarşısında dayanmış, səninlə danışmaq istəyirəm. Soruşuram:
Salam Laçın, illərin həsrətinə, dərdinə necə sinə gərdin?
Və sanki dağların nəfəsi ilə cavab verirsən:
“Mən səbrimi küləklə yoğurdum, iradəmi qarla bərkitdim, ümidimi isə heç vaxt sönməyə qoymadım. Çünki bir gün bu torpağa yenidən Azərbaycan əsgərinin addım səsləri qarışacağını bilirdim.”
Sən susursan, amma səssizliyində 30 ilin ağrısı, 30 ilin qüruru yatır. Fəqət bu gün həsrətin yerini qayıdışın nəfəsi, azadlıq avazı alıb.
İndi bax bu payız rənglərinə boyanmış ağaclara… Sanki alov tək yanırlar: qırmızı, sarı, narıncı çalarlarla. Elə bil təbiət özü də Böyük Qayıdışın şərəfinə od kimi bir bayram libası geyinib. İllərin kədərini, sevincini səssiz-səmirsiz sinəsində qoruyan dağlar zamanda donmuş bir yaddaş kimi nəfəs alır.
Dirçəlişin səsi
Maşın dayanır. Gəl, buradan piyada davam edək. Laçın dəhlizi boyunca maşınların ardıcıl hərəkəti, insanların gur səsi, texnikanın səsi bir melodiyaya çevrilib. Bu səs-küy dirçəlişin səsidir, Laçın!
Buludların kölgə saldığı o ucqar dağ kəndlərində yeni evlərin təməli qoyulur. Sanki küləyin səsi belə dəyişib əvvəlki boşluğun yerini indi yeni həyatın nəfəsi alıb. Tikinti səsləri dağlara çarpıb geri qayıdır, bu səs o qədər tanış, o qədər doğmadır ki, adam istəyir dayanıb qulaq assın.
Ustalardan birinə yaxınlaşıram:
- Yorulmayasınız, usta. Çox sağ olun ki, kimsəsiz, tənhalıq yerlərə yeni can verirsiniz...
- Kimsəsiz qalan torpaq yox, ruhlar idi, indi onlar evlərinə qayıdırlar. Mən sadəcə torpağın verdiyi cana divar çəkirəm. Burada hər daşı yerinə qoyanda elə bilirəm köçkün bir qardaşımın, bacımın əlindən tutub evinə gətirirəm.
Tikinti ustasının bu sözləri havada asılı qalır, sanki dağlara da təsir edir. Bir anlıq sükut çökür, nə tikintinin səsi, nə küləyin uğultusu eşidilir. Dərindən hiss edirəm ki, bu ustalar sadəcə bina ucaltmır, həm də yurdların ruhunu yavaş-yavaş özünə qaytarırlar.
Hər daşda bir nəfəs, hər çəkilən mismarda bir ümid var. Hətta isti günəş belə elə bil bu torpağa yeni nəfəs vermək üçün daha yaxın dayanıb. Bir sözlə bu dağlarda həyat yenidən başlayır, həm görünən, həm də görünməyən tərəfləri ilə...
Şirinə çevrilən acılar
Şəhərə çatırıq. Yollar genişlənir, binalar görünməyə başlayır, gözümə ilk toxunan yolun solunda Laçın adını daşıyan şirniyyat mağazası olur. İşğal olunması ilə bütün şirinləri acıya çevrilən bu şəhərdə şirniyyat evinin qapısının yenidən açılması həyatın təlatümlərindən biridir.
Elə bu anda mağazadan bir qadın çıxır. Onunla söhbətə başlayırıq.
- İllərin bizdən aldığı şirinliyi, unutdurduğu dadı bərpa etmək üçün hər səhər bu şirniyyat mağazısından Laçın çörəyi alıram. İndi bu mağazadan yayılan şirniyyat qoxusu, uşaqların həyəcanla buraya üz tutması elə bil həsrətin bütün acısını yuyur aparır.
Sanki yanımızdan keçib söhbətimizə şahid olan sakinlər bu şirin qoxuya hopmuş ümidin səsini eşidir, gülümsəyir və Laçının yenidən nəfəs aldığını hiss edirlər.
Taleyi yenidən yazılan şəhər
Laçın küçələrində addımladıqca bir həqiqəti daha yaxşı dərk edirsən: həyat geri qayıdıb. Hamısı bir yerdə Azərbaycan xalqının yenilməzliyini, bu torpağın yaddaşına hopmuş əzmi danışır. Burada hər göz qırpımı, hər nəfəs, hər addım qayıdış salnaməsinin yeni sətridir.
Buradan geriyə baxdıqda başa düşürsən ki, Laçının hekayəsi yalnız torpaqların azadlığı deyil, xalqın öz yaddaşına qayıdışıdır. Qayıdışın səsi bu torpağın damarlarına axıb yeni həyat yaradır. Hər qayıdan ailə, hər açılan ev, hər çəkilən yol Azərbaycanın gələcəyinə bağlanan ümid körpüsüdür.
Laçın bu gün özünün “laçın” günlərini yaşayır — azadlığın, mübarizənin, əzmin və yenidən doğuluşun günlərini. Bu torpaq bir daha sübut etdi ki, zaman keçə, illər dəyişə bilər, amma ruhu əyilməyən şəhərlərin alın yazısı dəmir iradə ilə yenidən yazılır. Və həmin yazının müəllifi Azərbaycan Ordusu, yenilməz Ordunun Ali Baş Komandanı, Azərbaycan xalqı və bu torpağın özüdür!
Ümid və qardaşlığın gur səsi
Sıldırımlı qayalarla əhatə olunmuş uzun bir yoldan sonra möhtəşəm bir şəlaləyə çatırıq. Şəlalənin suları dağların qucağından tökülür, ucsuz-bucaqsız təbiətin ritmini daşıyır. Su damcıları günəş işığında inci tək parlayır, hər damla Laçının təmiz nəfəsini, azadlığın və dirçəlişin simvolunu əks etdirir. Şəlalənin yanında dalğalanan Azərbaycan və Türkiyə bayraqları isə qardaşlıq, həmrəylik və regionun gələcəyə ümid dolu baxışı simvolizə edir. Burada dayananda hiss edirsən ki, bu axın yalnız su deyil o, qayıdışın, birliyin və həyatın davamlılığının rəmzidir.
Günel Abbas
Xəbər lenti
Hamısına baxMEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22
İqtisadiyyat
02 Dekabr 20:50
Sosial
02 Dekabr 20:29
Dünya
02 Dekabr 19:45
Dünya
02 Dekabr 19:18
Siyasət
02 Dekabr 18:12
Dünya
02 Dekabr 17:26
Dünya
02 Dekabr 16:35
Elanlar
02 Dekabr 16:26
Dünya
02 Dekabr 15:49
Siyasət
02 Dekabr 15:46
Siyasət
02 Dekabr 15:43

