Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda üçtərəfli görüş...

Bakıda üçtərəfli görüş...

13.10.2025 [17:01]

Azərbaycan, Rusiya və İran iqtisadi-ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib 

Oktyabrın 13-də Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqinin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib, bu xüsusda hər iki ölkə ilə çoxşaxəli əlaqələrin bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcəyinə, yeni məzmunla daha da zənginləşəcəyinə əminliyini ifadə edib. Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı, bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantılarının keçirildiyi xatırladılıb. Bu görüşdə isə müzakirələrin üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb. Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcminin 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edildiyi, bu həcmin tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon tona qədər artırılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Ş.Mustafayev 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini xatırladıb. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğu bildirilib.

2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə və işğal altında olan torpaqların azad olunmasının regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaratdığı qeyd olunub. Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib. Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır. Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Körfəz ölkələrini Qara dənizə bağlayacaq.
Orta Dəhlizin əhəmiyyətinə toxunan Baş nazirin müavini 2022-ci ildən etibarən dəhlizlə həyata keçirilən yükdaşımaların həcminin təxminən 90 faiz artdığını, dəhliz üzrə tranzit müddətlərinin isə nəzərəçarpacaq dərəcədə azaldığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hal-hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı-ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib. Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsinin energetika sahəsində əməkdaşlığın gündəliyində durduğu qeyd edilib. Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bildirilib ki, bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.

Ş.Mustafayev, həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.

Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk çıxışında qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun hər 3 ölkəsinin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verir. Dəhlizin fəaliyyətinin artırılması ölkələrimizin iqtisadi inteqrasiyasına, gəlirlərinin artmasına səbəb olacaq. O bildirib ki, hazırda Rusiya, Azərbaycan və İran dəmir yolları sistemlərinin birləşməsi məsələsi müzakirə olunur: “Biz yükdaşımaların həcmini artırmaq üçün dayanıqlı keçid məntəqələrini təşkil etməliyik. Rusiya avtomobil keçidləri üçün gömrükdə münbit şərait yaradıb, gecikmələrin qarşısı alınıb. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşıyan 176 min 77 nəqliyyat vasitəsi bu məntəqələrdən keçərək yükləri təhlükəsiz şəkildə mənzil başına çatdırıb. Sutkada 3 min nəqliyyat vasitəsini ötürmə qabiliyyəti olan məntəqələr formalaşdırmaq istiqamətində işlər həyata keçirilir. Bu işlərin nəticəsində cari ilin ötən 7 ayında dəhlizlə idxal olunan yüklərin həcmi 7 faiz artıb”. 
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqi isə deyib ki, dövlətlər arasındakı nəqliyyat sisteminin mövcudluğu iqtisadi inteqrasiyanın əsasıdır. Buna görə də ölkələrimizin nəqliyyat infrastrukturu uyğunlaşdırılmalıdır. Biz bu istiqamətdə tədbirlər hazırlayıb həyata keçirməliyik. Onun sözlərinə görə, infrastrukturun uyğunlaşdırılması yüklərin sabit, gecikmələr olmadan və təhlükəsiz çatdırılmasını təmin edəcək: ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun 3 ölkəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizlə 2030-cu ilə qədər 15 milyon ton yükün daşınması nəzərdə tutulub. Bunun üçün isə ilk növbədə hər 3 ölkədə də yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır. Düşünürəm ki, sənədləşmənin tamamilə elektronlaşdırılması ötürmə qabiliyyətini artırar, gecikmələrin qarşısını alar. “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xətti Rusiya ilə birlikdə tikilir. Artıq torpaq sahələri alınıb və hamarlama işləri həyata keçirilib. Qarşılıqlı razılaşmaya əsasən, İran ilə Naxçıvanı birləşdirəcək yüksək ötürücülük qabiliyyətinə malik 107 kilometrlik Culfa-Kəlalə avtomobil yolunun tikintisi davam edir”. 

Nazir İranın dəhlizin genişlənməsi istiqamətində digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib: ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi unikal və beynəlxalq əhəmiyyət daşıyan layihədir. Bu dəhliz yalnız İran, Azərbaycan və Rusiya üçün yox, eyni zamanda, regionun digər dövlətlərinin iqtisadi inkişafına və sosial rifahına müsbət təsir göstərir”.

Çıxışlardan sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.

Sonda üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31