Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xəzər dənizi fəlakət astanasında...

Xəzər dənizi fəlakət astanasında...

05.09.2025 [10:34]

Ekspertlər hesab edirlər ki, region ölkələri problemin həlli üçün ciddi tədbirlər görməlidir

Son illər Xəzər dənizinin dayazlaşması ciddi narahatlıq doğurur. Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsinin daxil olan və gedən sularla əlaqədar dəyişməsi təbiidir. Bu səbəbdən iqlim dəyişmələri ilə əlaqədar Xəzəri qidalandıran əsas çaylarda suyun aşağı enməsi dənizin səviyyəsinə təsir edir. Eyni zamanda, son illər yağıntıların az olması da əsas problemlərdən biridir.

Tokayev ŞƏT sammitində Xəzərin problemlərindən danışıb

Qeyd edək ki, Xəzəryanı ölkələr daim dəniz problemlərini diqqətdə saxlayır. Bu istiqamətdə mütəmadi olaraq konfranslar keçirilir, alimlər tərəfindən dənizin biomüxtəlifliyi öyrənilir, çirklilik səviyyəsi müəyyənləşdirilir. Problemlə bağlı Azərbaycan da hər zaman öz mövqeyini ifadə edir. Bugünlərdə isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Xəzər dənizindəki ekoloji vəziyyətə toxunub. Belə ki, o, dənizin sürətlə fəlakət həddinə yaxınlaşdığını bildirib və məsələni beynəlxalq əməkdaşlıq çərçivəsində müzakirəyə çıxarmağın vacibliyini vurğulayıb. Tokayev qeyd edib ki, son illərdə Xəzər dənizinin səviyyəsinin enməsi, biomüxtəlifliyin azalması və çirklənmənin artması region ölkələrini narahat edən əsas problemlərdəndir. Qazaxıstan Prezidenti Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib. O hesab edir ki, problem təşkilat daxilində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər. Tokayev, həmçinin 2026-cı ilin aprelində Astanada BMT ilə birgə regional ekoloji sammitin keçirilməsi qərarını açıqlayıb.

Yeri gəlmişkən, xatırladaq ki, bir neçə ay öncə beynəlxalq və qazaxıstanlı ekspertlər Xəzərin dayazlaşması problemini araşdırıblar. Araşdırmada qazaxıstanlı mütəxəssislərlə yanaşı Lids Universitetinin alimləri də iştirak ediblər. Onlar öz araşdırmalarında vəziyyətin inkişafı üzrə mümkün fəlakət ssenarilərini qeyd ediblər. Ciddi ekoloji və iqtisadi problemlərə gətirib çıxaran iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin akvatoriyası həyəcanverici sürətlə kiçilir. Mütəxəssislər müəyyən ediblər ki, suyun səviyyəsinin cüzi enməsi belə Qazaxıstanın Xəzərdəki şimal sahillərinə təsir edə bilər. Çünki Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır və bu, onu suyun səviyyəsinin aşağı düşməsinə son dərəcə həssas edir. Xəzər dənizinin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60 faizə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80 faizindən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə səylərinin pozulması ilə nəticələnəcək.

Ekspertlər müəyyən ediblər ki, Qazaxıstanın sahilyanı şəhərləri, o cümlədən Aktau limanı və Xəzərin şimal hövzəsindəki əlaqədar neft və qaz obyektləri yeni sahil zolağından ayrılmaq riski altındadır. Bu, infrastrukturun genişmiqyaslı yenidən qurulmasını tələb edəcək və ciddi iqtisadi xərclərə səbəb olacaq.

Volqa çayı Xəzərə daxil olan ümumi axının 80 faizini təşkil edir

Problem yalnız Qazaxıstan üçün yox, bütün Xəzəryanı ölkələr üçün xarakterikdir. Qeyd etdiyimiz kimi problemin həlli üçün  Azərbaycan da ciddi səylər göstərir. Xatırladaq ki, ötən ilin 9 dekabrında Bakıda Azərbaycanın  ekologiya və təbii sərvətlər naziri ilə Rusiyanın təbii sərvətlər və ekologiya nazirinin görüşündə Xəzər dənizinin səviyyəsinin dayazlaşması müzakirə edilib. Görüşdə Xəzər dənizinin səviyyəsi, səviyyənin dayazlaşması tendensiyaları və bu prosesin səbəbləri, eyni zamanda, ekosistemə, o cümlədən bioloji resurslara təsirlərin qiymətləndirilməsi, ətraf mühitin monitorinqi sahəsində əməkdaşlıq, uyğunlaşma tədbirləri və fəsadların azaldılması yolları diqqət mərkəzində olub. Görüşdə Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və qurumların, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupun iclasının 2025-ci ildə Rusiya Federasiyasında keçirilməsi barədə razılıq əldə olunub. İşçi Qrup bu ilin aprelində ilk dəfə toplaşıb və sentyabrda problemin monitorinqi ilə bağlı birgə proqramın təsdiqlənməsi planlaşdırılıb. Rusiya əsas səbəb kimi iqlim dəyişikliyini göstərsə də, Azərbaycan Volqa çayı üzərində inşa edilən bəndlərin də mənfi təsirini vurğulayır. Çayın suları Xəzərə daxil olan ümumi axının 80 faizini təşkil edir. Ötən ay isə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev son onilliklərdə müşahidə olunan geriləmənin daha da sürətləndiyini açıqlayıb. Onun sözlərinə görə, son beş ildə dənizin səviyyəsi 0,93 metr, on il ərzində 1,5 metr, otuz il ərzində isə ümumilikdə 2,5 metr azalıb. Hazırkı illik enmə tempi 20-30 santimetr təşkil edir. Nazir müavini qeyd edib ki, sahil xəttinin geri çəkilməsi təbii şəraiti dəyişdirir, təsərrüfat fəaliyyətinə mane olur və dayanıqlı inkişaf üçün yeni problemlər yaradır.

İqlim dəyişikliklərinin mənfi təsiri...

Mütəxəssislər hesab edirlər ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 1995-ci ildə baş verib. Ekoloq Rövşən Abbasov hesab edir ki, Xəzər dənizində suyun çəkilməsinin bir çox səbəbləri var. Onun sözlərinə görə,  1977-1978-ci illərdə səviyyə daha aşağı olub: “Hətta o zaman şimala gedən bəzi çayları Xəzərə yönləndirmək istəyirdilər ki, suyun səviyyəsi qorunsun. Müasir çəkilmələr həmin dövrü çəkilmələrin bir hissəsi ola bilər. Bu o deməkdir ki, səviyyə yenidən arta bilər. Belə bir ehtimal az da olsa var. Amma digər bir səbəb isə baş verən iqlim dəyişmələri, temperatur artmalarıdır. Bunların nəticəsində həm Xəzərə tökülən çayların sululuğu azalır, həm də Xəzərin səthindən gedən buxarlanma çoxalır. Sözügedən proseslər isə əlavə su itkilərinə gətirib çıxarır”.

Ekspert qeyd edib ki, Xəzəryanı ölkələr dənizin qorunması üçün artıq hərəkətə keçiblər: “Hazırda bu istiqamətdə komissiyalar işləyir və ümid edirik ki, müəyyən fikirlər ortalığa qoyulacaq və müəyyən həllər tapılacaq”.

Digər ekoloq Sadiq Həsənov isə deyib ki, Xəzər dənizinin su balansına təsir edən əsas amillərdən biri onu qidalandıran çayların vəziyyətidir. Xüsusilə Kür, Terek, Ural və Volqa çaylarında suyun səviyyəsi azalır. Onun sözlərinə görə, yaranmış vəziyyət Xəzərdə biomüxtəlifliyə də ciddi mənfi təsir edir: “Bu çaylar üzərində salınmış hidrotexniki qurğular və su elektrik stansiyaları balıqların kürü qoymaq üçün çaya daxil olmasına mane olur. Volqa çayı fosforla zəngin idi və bu element dəniz canlıları üçün həyati əhəmiyyət daşıyırdı. Lakin hazırda çayın üzərindəki fosfor emalı müəssisələri bu tərkibi minimuma endirib. Bu da dəniz florasına, dolayısı ilə balıqların qida zəncirinə mənfi təsir göstərir”.

Ekspert hesab edir ki, vəziyyət çıxış yolu kimi Xəzəryanı ölkələr ciddi tədbirlər görməlidir. Əks halda, Xəzər dənizi təkcə su ehtiyatı deyil, həm də bioloji müxtəliflik baxımından da ciddi itkilərlə üzləşə bilər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Qlobal Cənubun gur səsi

11 Sentyabr 11:42  

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Böhran fonunda...

10 Sentyabr 09:51

Dünya

Sosial

Sosial

Səssiz fəryad...

10 Sentyabr 08:52

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30