Cəhənnəmdən qaçış
05.09.2025 [09:30]
Jan-Pol Sartrın “Milçəklər” pyesi haqqında
Əvvəli ötən sayımızda
Nəhayət, Egisflə Klitemnestra da hadisə yerində peyda olurlar, əsgərlər qara daşı kahanın ağzından götürürlər, bundan sonra baş kahin mərasimə başlayıb ruhları oyatmaq üçün sehirli nitqini söyləyir. Egisf camaatı hipnoz vəziyyətinə salır, onları inandırır ki, gözəgörünməz ruhlar məzardan qalxıb doğmalarının arasında dolaşırlar; dirilərin ölülər qarşısında günahlarını onların üzünə ölüm hökmütək oxuyur, onları ölənlərin qisasıyla qorxudur. Axırda da deyir ki, ölənlər biryolluq gediblər, gedər-gəlməzə gediblər, ona görə də sizin sirlərinizi, cinayətlərinizi sadiq keşikçilər kimi qoruyurlar... Daha sonra qadınlar bir ağızdan xorla ölənlərə səslənirlər: “Siz bizi tərk eləyirsiz, damardan axan qanımız kimi tərk eləyirsiz bizi. Ancaq əgər bu, sizin incik qəlbinizə bir təsəlli verərsə, bilin, əziz ölənlər, siz bizim həyatımızı zəhərə döndərmisiniz. Rəhm eləyin, bağışlayın ki, siz olmayan dünyada biz hələ də yaşayırıq. Rəhm eləyin, axı biz bu dünyaya öz xoşumuzla gəlməmişik, ayıb olsun bizə ki, günü-gündən yaşa doluruq. Xəcalətdən canımız lap üzülüb, quru qaraltımız qalıb, eləcə sürünürük bu torpağın üstündə...”
Ağ bayram paltarı geyinmiş Elektra qəfil mərasimdə peyda olub camaatı yasdan çıxmağa, həyatın sevinclərini dadmağa, şənlənməyə çağırır. Qoy ölülər onları sevənlərin qəlbində yaşasınlar, ancaq sevənlərini özləriylə məzara daşımasınlar... Əlbəttə, əgər insanların vicdanı əzablardan arınsa, yerdə Egisfin, göydə Yupiterin hakimiyyəti əlindən çıxacaq. Bu vaxt mağaranın ağzındakı qara daş gurultuyla yerindən qopub aşağı diyirlənir, kütlə vəlvələyə düşüb asi qıza hücum çəkir. Egisf onları dayandırıb camaata xatırladır ki, bayram günü qan tökməyə qanun yol vermir. Hökmdar Elektranın qardaşı balalarının ətindən qara qovurma bişirtmiş Atreyin nəvəsi, lənətlənmiş nəslin sonuncu nümayəndəsi olduğunu yada salıb qızı alçaldır, indən belə ona rəhm eləməyəcəyini deyib kütləni səbrə-təmkinə çağırır.
***
Hamı gedəndən sonra meydanda bir Orest, bir də Elektra qalır. Elektra qisas hissiylə alışıb yanır. Orest Elektranı fikrindən daşındırmağa, şərə şərlə cavab verməyin doğru yol olmadığına onu inandırmağa çalışır, qıza özüylə birgə baş götürüb özgə diyara getməyi təklif eləyir. Di gəl, qız inadından dönmür:
“Elektra. Mən özümü inandırmışdım ki, bu adamları sözlə sağaltmaq olar. Nəticəsini gördün: onlar öz dərdlərinin nazını çəkirlər, yaralarının qayğısına qalır, çirkli dırnaqlarıyla onları darayıb sığallayırlar. Onları yalnız zor gücünə sağalda bilərsən, şərin öhdəsindən ancaq şər gələr. Əlvida, Fileb, çıx get, məni qara-qura yuxularımın ümidinə burax.
Orest. Səni öldürəcəklər.
Elektra. Burada Apollon məbədi var. Orada bəzən cinayətkarlar gizlənir, çünki məbədə sığınan adama heç kim toxunmur, onun başından bir tük əskik ola bilməz. Mən də Apollonun sarayında gizlənəcəyəm”.
Elektra qardaşının gələcəyinə möhkəm inandığını deyir, düşünür ki, o haradasa bərkə düşüb əzab çəkir, haradasa öz taleyinə dolaşıb azıb.
Bəs əgər elə deyilsə, əgər o, xoşbəxt bir şəhərdə məsud yaşayırsa, qan-qadadan, düşmənçilikdən bezibsə?..
“Elektra. Onda mən onun üzünə tüpürüb deyərəm: “Rədd ol, köpək, get qoşul arvadlara, sən özün də arvadsan! Ancaq sən hesabını düzgün götürməmisən: sən Atreyin nəvəsisən, Atridlərin qismətindən qaça bilməzsən. Əgər rüsvayçılığı cinayətdən üstün tutursansa, özün bilərsən. Ancaq taleyin səni yataqda olsan belə yaxalayacaq: əvvəl rüsvay olacaqsan, sonra istəsən də, istəməsən də, qan tökəcəksən!”
Nəhayət, özünü, kimliyini nişan verməyə məcbur qalan Orest həm bacısının yaralarını sarımaq xatirinə, həm də çürümüş leş qoxusu verən ata yurdunda vətəndaşlıq qazanmaq naminə çiyninə ağır cinayət yükü götürməyə razılıq verir, Arqosun havasını təmizləmək qərarına gəlir. Fəqət canlı insanın ağır ehtiraslarını daşımağın nə demək olduğunu o indiyəcən bilməyib. Orest şəhər adamlarına qaynayıb-qarışmaq, şəhəri yorğan kimi başına çəkmək istəyir. Müdhiş əməllərinin nəticəsində vicdan milçəkləri onu didməyə başlayanda, yalnız onda Orest ata yurdunda vətəndaşlıq qazanacaq, özünü evində sanacaq...
Saraya qayıdıb Klitemnestrayla ikilikdə qalanda Egisf boynuna alır ki, artıq rola girməkdən bezib, insanların günahlarına, qorxularına qarovul çəkməkdən, qara geyinib vahimə saçmaqdan yorulub. O nə kədərlənə, nə də sevinə bilir, bir damla göz yaşı axıtmaq üçün taxtını da, tacını da təhvil verməyə hazırdır. Hökmdar artıq dinclik arzusundadır.
***
Çariça onu tək qoyub çıxandan sonra Egisflə Yupiter arasında uzun bir söhbət olur. Tanrı öz heykəlini istehzayla süzüb deyir: belə bir eybəcəri camaat sevə bilməz. Egisf cavab verir ki, onlar sizdən qorxurlar. Yupiter yerdəki kölgəsinin cavabından məmnun qalır - ona sevgi gərək deyil. Bəs Egisf necə, öz bütünü sevirmi? Yorğun hökmdar göylərə borcunu ödədiyini düşünür, Yupitersə deyir ki, insan heç vaxt tanrıların xəcalətindən çıxa bilməz. Egisf isə ona açıq bildirir: daha göylərin oyunundan çıxmaq istəyir, Yupiterin qurduğu tamaşalarda oynamağa artıq həvəsi qalmayıb.
Yupiter yerdəki xəlifəsinə etiraf eləyir ki, insanları ölümlü yaratmaqla ilk cinayəti şəxsən o özü törədib: “Bundan sonra siz qatillərə nə qalır? Qurbanlarınızı o dünyaya göndərmək? Onlar ora onsuz da gedəcəklər, siz sadəcə bu işi bir az tezləşdirirsiniz. Əgər sən onu öldürməsəydin, bilirsənmi, Aqamemnonu nə gözləyirdi? Üç aydan sonra onu gözəl bir kənizin ağuşunda iflic vuracaqdı. Sənin cinayətin mənim əlimdən tutdu”. Bunu eşidəndə Egisfi od götürür: “Mən on beş ildən bəri günahımı suya çəkirəm, deməyəsən o sizin işinizə yarayıbmış? Vay mənim halıma!” Yupiter onu başa salır ki, məhz yuyulmasına ehtiyac duyulan günahlar, suçu satın alınan cinayətlər onun idarəçiliyinə əl verir: “Gör sənin cinayətindən mən necə nəf götürdüm: bir ölünün əvəzində iyirmi min tövbəkar. Budur balans! Pis alver deyil”.
Orestin hazırladığı əməliyyat artıq onlara əyandır. Egisf əmindir ki, Orest vicdan əzabı çəkməyəcək. Yupiterə belə qətl əsla sərf eləmir, ona əzab çəkən, səcdə qılan, günahlarıyla aşina olan padşah lazımdır, buna görə də Egisfi tədbir görməyə, daha bir ağır günaha batmağa təhrik eləyir. Hökmdarsa qatilinə müqavimət göstərmək fikrində deyil, artıq ağır suç yükü daşımağa onun taqəti qalmayıb, o, törətdiyi bəd əməlin müqabilində son borcunu ödəməyə hazırdır. Orestin gözlənən cinayəti məhz Egisfin ürəyincə olduğuna görə Yupiterin təqdirini qazanmır:
“Yupiter. Sən mənə nifrət bəsləyirsən, halbuki biz doğmayıq. Mən səni özümə bənzər yaratmışam: hökmdar - yerdəki allahdır, o da Tanrı kimi həm xeyirxah, həm əzazildir... İkimiz də qayda-qanun yaradırıq - sən Arqosda, mənsə bütün dünyada. İkimizin də ürəyimizdən daş kimi asılmış ortaq sirrimiz var.
Egisf. Mənim heç bir sirrim yoxdur.
Yupiter. Var. Bizim sirrimiz birdir. Tanrılarla padşahların əzab verən ortaq sirri budur ki, onlar insanın azad olduğunu bilirlər. İnsan azaddır, Egisf. Sənə bu sirr əyandır, onlara isə yox.
Egisf. Lənət şeytana, onlar bunu bilsələr, məni xoruza mindirərlər. On beş ildə hər oyundan çıxmışam ki, onlar öz güclərindən xəbər tutmasınlar.
Yupiter. İndi gördünmü bir-birimizə necə bənzəyirik”.
Yer allahıyla göy tanrısının söhbətini gizlicə dinşəyən Orest Arqos əhlindən fərqli olaraq azad olduğunu bilir. Yupiter Egisfə Orestlə bacısını tutmağı məsləhət görür. Hökmdar istər-istəməz həyəcanlanır: əgər Orest rəiyyətini azadlığa yoluxdursa, onun bütün əməyi puça çıxacaq, səltənəti batacaq. O da düşmənini aradan götürməyi tanrıdan umur. Bu vaxt Yupiter ona daha bir sirr açır: əgər insan azadlığı daddısa, tanrıların artıq ona dişi batmır. Bundan sonra onunla haqq-hesabı insan oğlu özü çürütməlidir.
***
Orest onu öldürməyə gələndə Egisf belə deyir: “Özümü qorumayacağam. Kimisə çağırmaq da çox gecdir, ancaq mən buna sevinirəm. Sözüm sözdür, özümü qoruyan deyiləm - istəyirəm sən də qatil olasan”. Orest əvvəlcə hökmdarı, sonra da onun əməl ortağı anasını öldürür. Bu qətlləri hamıdan çox arzulayan Elektra tez bir zamanda peşman olub günah mərəzinə tutulur, məlum olur ki, qız dilədiyi azadlığa hazır deyilmiş. Orest isə azadlığına qovuşub: “Mən azadam, Elektra. Azadlıq mənim içimdə ildırım kimi çaxdı”. Hələ dünənəcən onun qarşısına min-min yol sərilmişdi, ancaq o yolların heç biri onun yolu deyildi. İndi isə o öz yolunu tapıb, onu fəlakətə aparsa belə bu - onun öz yoludur.
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
Sosial
11 Sentyabr 11:54

Gündəm
11 Sentyabr 11:42

Sosial
11 Sentyabr 11:27

Sosial
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

Siyasət
11 Sentyabr 11:19

İqtisadiyyat
11 Sentyabr 10:57

İqtisadiyyat
11 Sentyabr 10:35

Analitik
11 Sentyabr 10:17

MEDİA
11 Sentyabr 09:56

Analitik
11 Sentyabr 09:43

Analitik
11 Sentyabr 09:30

Analitik
11 Sentyabr 09:15

Analitik
11 Sentyabr 08:54

Dünya
11 Sentyabr 08:46

Sosial
11 Sentyabr 08:45

Sosial
11 Sentyabr 08:22

Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39
