Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Blinkeni Parisə aparan səbəblər

Blinkeni Parisə aparan səbəblər

05.04.2024 [10:35]

Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Entoni Blinken aprelin 2-də Fransaya səfər edib. Blinken Parisdə  prezident Emmanuel Makron, eləcə də xarici işlər və müdafiə nazirləri ilə görüşüb. Ukrayna danışıqların əsas mövzularından birinə çevrilib. Yüksək statuslu ABŞ diplomatının bu gözlənilməz səfər proqramı görüşlərin əsas mövzusunun Ukrayna olduğunu deməyə əsas verir.

Entoni Blinkenin Paris səfəri Rusiyada da diqqətlə izlənir.

ABŞ dövlət katibi səfər gününün birinci yarısında Fransanın müdafiə naziri ilə birgə “Sezar” haubitsaları istehsal edən “Nexter Systems” konserninin silah zavoduna baş çəkib. Məlumdur ki, Fransa da Ukraynanın  silah təchizatçılarından biridir. Müharibə başlayandan bəri Paris Ukrayna silahlı qüvvələrinə 3,8 milyard avro yardım ayırıb. Ümumi götürsək, Fransanın maliyyə yardımları miqyasına görə çox da böyük məbləğləri əhatə etmir. Lakin Kiyevin silah-sursatla təchizatını nəzərə alsaq, Parisin də bu müharibəyə xərc çəkdiyini söyləmək mümkündür.

“Ukrayna xalqını özünümüdafiə üçün lazım olan hər şeylə, xüsusən də silah-sursat və hava hücumundan müdafiə sistemləri ilə təmin etmək vacibdir”. Bu sözləri Entoni Blinken Paris səfərində jurnalistlərə açıqlama verərkən söyləyib.

ABŞ dövlət katibi: “Ukraynanın ərazisindən kənar həmlələrini  dəstəkləmirik”

Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında Blinken qeyd edib ki, Vaşinqton Kiyevin Ukrayna ərazisi kimi tanıdığı ərazilərdən kənardakı hədəflərə hücumlarını dəstəkləmir: “Bizim siyasətimiz ilk gündən Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün mümkün olan hər şeyi etmək idi, indi də belədir. Bununla yanaşı, biz Ukraynanın ərazilərindən kənara çıxan həmlələri dəstəkləmir və bəyənmirik”.

Blinkenin səfəri zamanı əsas müzakirə mövzularından biri də Rusiyaya İran, Çin və Şimali Koreyadan göndərilən yardımların qarşısının alınması olub. “Biz hər gün Rusiyaya hərbi maşınlar, müdafiə-sənaye kompleksləri, o cümlədən İran, Şimali Koreya və Çindən silah və texniki materialların ötürülməsinin qarşısını almaq üçün çalışırıq. Müzakirə etdiyimiz ən vacib məsələlərdən biri də budur. Bu, təkcə Ukraynaya yox, bütövlükdə Avropanın təhlükəsizliyinə təhdiddir”, - deyə Entoni Blinken vurğulayıb.

ABŞ dövlət katibi Ukraynanın Şimali Atlantika alyansına hipotetik üzvlüyü məsələsinə də toxunub. Blinkenin yanaşmasından bir daha aydın olur ki, ABŞ Ukraynanın NATO-ya götürülməsinin Rusiya ilə Qərb arasındakı münasibətləri kəskinləşdirəcək qırmızı xətt olması ilə bağlı Moskvanın dəfələrlə səsləndirdiyi bəyanatlara məhəl qoymur.

ABŞ Avropanı yardıma məcbur edir

Ağ Ev Ukraynaya növbəti yardım paketini ayırmağa tərəddüd edir. Artıq bir neçə aydır ki, konqresmenlər Ukraynaya maliyyə ayrılması ilə bağlı müddəaları özündə əks etdirən qanun layihəsi üzərində razılığa gələ bilmirlər. Nümayəndələr Palatasının spikeri Mayk Conson qanun layihəsinin səsverməyə çıxarılmasına mane olur. Deyilənə görə, spiker bu məsələ ilə bağlı özünün hazırladığı qanun layihəsini konqresə təqdim etməyi planlaşdırır. İş orasındadır ki, hətta bu sənəd son nəticədə təsdiqlənsə belə, onun müzakirəsi və qəbulu uzun vaxt aparacaq. 

Digər iddialara görə, ABŞ büdcəsində xarici yardımlar üçün ayrılan vəsaitlər artıq tükənib. Bundan başqa, ABŞ Ukraynaya silah tədarükünü də dayandırıb. Ötən həftə CBS telekanalına müsahibə verən Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə olaraq ABŞ-ın yardım göstərməyəcəyi təqdirdə ölkəsinin Rusiya ilə müharibədə uduzma riskindən danışıb. Bütün bunlar onu deməyə əsas verir ki, Blinkenin Fransaya səfəri Ukraynanın maliyyələşdirilməsi məsələsi ilə sıx bağlıdır. Bəzi siyasilərin fikrincə, ABŞ Aİ-dəki müttəfiqlərinin Kiyevə yardımı kəsməməsi, əksinə, göndərilən maliyyə vəsaitlərinin həcmini artırmağı razılaşdırmaq üçün plan hazırlayıb. Hazırda Ukraynanın bütün mənalarda təcili yardıma ehtiyacı olsa da, görünür, Avropa ölkələri sonu görünməyən bu müharibədən yorulub. Heç bir ölkə daha öz büdcəsini xarici yardım üçün nəzərdə tutulandan artıq boşaltmaq istəmir, bu da anlaşılandır.

Sözlər  eyni, əməllər  fərqli...

Hələ fevral ayında Çexiya prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında demişdi ki, Praqa Ukrayna üçün Avropa İttifaqı xaricində 500 min ədəd 155 mm-lik mərmi və 300 min ədəd 122 mm çaplı mərmi ala biləcəyi ölkələri müəyyən edib. Lakin nəzərə alınmalıdır ki, 2023-cü ilin martında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel bir il ərzində Kiyevə 1 milyon civarında 155 millimetrlik döyüş sursatının təhvil veriləcəyini açıqlamışdı. 2024-cü ilin yanvarında isə diplomat bu vədin yalnız üçdə birinin yerinə yetirildiyini etiraf etdi. Buradan aydın olur ki, verilən vədlər hələ real dəstək demək deyil.

Blinkenin Fransaya səfəri həm də Vaşinqton və Paris arasında Ukraynaya dəstək mövzusunda gələcək fəaliyyət strategiyası ilə bağlı fikir ayrılıqlarının artması kontekstində maraqlıdır. Makronun Ukraynaya qoşun yeritməklə bağlı açıqlaması Avropanın siyasi elitasında özünə dəstək tapmasa da, Fransa lideri israrla bildirir ki, bu böhranla bağlı heç bir qırmızı xətt olmamalıdır. Bunun cavabında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hədələyici tonda bəyan edib: “Bu halda Moskvanın Fransa ilə bağlı heç bir qırmızı xətti  olmayacaq!”

Avropa mediası Makronun məlum bəyanatını Qərbin Ukraynaya dəstəyində yaranan boşluğu doldurmaq cəhdi ilə əlaqələndirir. Fransa prezidentinin “papadan artıq katolik olmaq” istəyi isə ABŞ-da müəyyən narahatlıq doğurub. Bütün halarda Bayden administrasiyası müharibənin genişlənməsindən ehtiyatlanır. Görünən odur ki, ABŞ Rusiya ilə hərbi toqquşmadan boyun qaçırır.

Qəzzada atəşkəs və Ermənistan ovu

Entoni Blinkenin Paris səfərində müzakirəyə çıxarılan əsas mövzulardan biri də Qəzza zolağında İsrail və radikal HƏMAS qruplaşması arasında davam edən hərbi əməliyyatlar olub. Fransa bu məsələdə özünü daimi atəşkəsin tərəfdarı kimi göstərməyə çalışır. İsrailin yaxın müttəfiqi ABŞ isə yalnız Ramazan ayında atəşkəs elan edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbuluna razılıq verib.

ABŞ-ın dövlət katibi Entoni Blinken Fransadan sonra Belçikaya səfər edib və burada NATO xarici işlər nazirlərinin alyansın 75-ci ildönümünə həsr olunmuş iclasında, eləcə də ABŞ-Avropa İttifaqı Ticarət və Texnologiya Şurasının 6-cı iclasında iştirak edib. Avropa turnesinin sonunda Blinken Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək. İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırdığı bir vaxtda bu görüş həm Bakıda, həm də Moskvada haqlı narazılıq yaradıb. Ermənistan isə yaxın müttəfiqi olan Rusiyanı saymadan Qərblə şübhəli danışıqlara getməklə siyasi taleyini risk altına atmağa davam edir. Yaxın qonşularla münasibətləri normallaşdırmaq istəməyən, regionda sülh əvəzinə münaqişə yaratmağa çalışan İrəvan rejimi bu gedişlə Ermənistanı böyük güclərin ayaqaltısına çevirəcək.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30