Rusiyada tutulan amerikalı jurnalist kimdir?
08.04.2023 [11:10]
ABŞ prezidenti Co Baydenin dərhal azad etməyə çağırdığı, Kremlin göstərişiylə həbsə alınmış “The Wall Street Journal” qəzetinin əməkdaşı Evan Gerşkoviç kimdir?
O, yəhudi əsilli amerikalı jurnalistdir, növbəti Rusiya səfəri zamanı casusluqda ittiham edilərək Yekaterinburqdakı restoranların birində həbs olunub. Məhkəmə zamanı özünü təqsirli bilməyən Gerşkoviçə qarşı ittihamları “The Wall Street Journal” qəzeti də rədd edib. Məlumata görə, jurnalist indiyədək öz vəkili ilə əlaqə saxlaya bilməyib. Evan Gerşkoviçin hazırda məşhur Lefortovo həbsxanasında saxlandığı bildirilir. Lefortovo zindanı əsasən siyasi məhbusların, dissidentlərin cəza çəkdiyi həbsxana kimi yaddaşlarda qalıb.
Evan Gerşkoviç Rusiya ilə Amerika arasında soyuq müharibədən sonra Rusiyada casusluqda ittiham edilən və 20 ilə qədər həbs cəzası veriləcəyi gözlənən ilk amerikalı jurnalistdir. “The New York Times”ın yazdığına görə, Rusiyada bu cür ittihamlar, demək olar, həmişə ağır rejimli həbs cəzası ilə müşayiət olunur. Evan Gerşkoviçi nəzərdə tutaraq “Onu buraxın!” deyə Kremlə səslənən ABŞ prezidenti Co Bayden “Gerşkoviç işi” ilə bağlı Rusiya hakimiyyət orqanlarına müraciətində yəhudi xalqının bugünlərdə qeyd olunan Pesax bayramını da xatırladıb.
Qərb diplomatları düşünürlər ki, Gerşkoviçin həbsi ABŞ və Rusiya arasında gərginliyi daha da artıracaq. Jurnalistin dostu Ceremi Berke İsrail Teleqraf Agentliyinə Gerşkoviç haqqında danışarkən belə deyib: “Əminəm ki, Evan indi həbsxanada özünün yəhudi kimliyinə, xüsusilə də sovetlərdən qaçmış yəhudi mühacirlərin oğlu olmasına görə çox narahatdır və günləri ağır keçir”.
Evan Gerşkoviç 1970-ci illərin sonunda Nyu-Yorkda, keçmiş Sovet İttifaqından gəlmiş yəhudi mühacirlərin ailəsində doğulub. Atası Odessadan, anası Sankt-Peterburqdandır. Ailəsinin açıqlama verdiyi yeganə mətbuat orqanı “The Wall Street Journal”da dərc olunmuş məlumata görə, Evanın anası yəhudilərin Sibirə deportasiya ediləcəyi ilə bağlı şayiələri eşitdikdən sonra Holokostdan təsadüfən sağ çıxmış ukraynalı anası ilə birgə Rusiyadan qaçıbmış.
Ya məzarlıq, ya da işgəncə kamerası...
Gerşkoviçin uşaqlığı Nyu-Cersidə keçib. Ailəsi evdə rus dilində danışıb. Evan əvvəlcə Princeton Liseyini bitirib, sonra isə təhsilini Men ştatında kollecdə davam etdirib. Jurnalistlik karyerasına ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində başlayıb.
2017-ci ildə isə Evan Gerşkoviç əsasən Rusiya xəbərləri hazırlayan, Qərbin bir çox tanınmış müxbirləri üçün start meydançasına çevrilmiş ingilisdilli xəbər agentliyi “The Moscow Times”da işə düzəlib. O, Rusiyadan reportajlar hazırlamaq məqsədilə
Moskvaya gəlib. 2021-ci ildə isə “The Wall Street Journal” qəzeti tərəfindən iş təklifi alıb və burada çalışmağa başlayıb. Sonuncu iş yeri də elə bu qəzet olub.
Gerşkoviçin anası deyib ki, oğlu Rusiyada olarkən özünün yəhudi kimliyi ilə daha çox maraqlanırdı: “Biz uşaq olanda ziyarətinə qadağa qoyulmuş bir sinaqoqumuz vardı, onun içərisini həmişə sehirli, fövqəlgücə malik bir məkan kimi təsəvvür eləyirdim. Bir dəfə Evan məni həsrətini çəkdiyim həmin sinaqoqa apardı. Hiss edirdim ki, Rusiyada yaşadığı vaxtlar Evan bizi daha yaxşı başa düşür”.
“Onun istəyi təkcə Rusiyanı Qərb auditoriyasına izah etmək deyil, həm də bu köpüyü partladaraq rusların öz hekayələrini özlərinə danışmaq idi. Məhz rus dilini mükəmməl bildiyi üçün o, bunu bacarırdı”. Bu sözləri isə Gerşkoviçin dostu, otaq yoldaşı Berke söyləyib. Onun sözlərinə görə, dostu Evan “yalnız ölkədəki iqtisadi məsələlər haqda deyil, həm də cəmiyyətin durumu, sinaqoqlardakı, kilsələrdəki insanlar, gecə klublarındakı həyat, yəni, Rusiya toplumunun bütün aspektləri haqqında hekayələri” danışmağa həvəsli idi. Əksər əcnəbi jurnalistlər kimi Gerşkoviç də 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyanı tərk etdi. Sonradan o, xarici jurnalistlərin sərt rəftarla üzləşəcəyini ağlına belə gətirmədən ilin sonunda Rusiyaya qayıtdı. Lakin vəziyyət heç də onun düşündüyü kimi olmadı.
Evan Gerşkoviç son zamanlar əsasən Rusiyanın iqtisadi vəziyyəti haqqında məqalələr dərc etdirib. Bundan başqa jurnalist Yekaterinburqda “Vaqner” muzdlu dəstəsi və rus tanklarının istehsal olunduğu Nijni Tagil şəhəri haqqında reportajlar hazırlayıb. Hətta bildirilir ki, “Vaqner”in sahibi Yevgeni Priqojin ötən həftə “The Daily Beast” qəzetinə zarafatla deyib, Gerşkoviç və onun kimi jurnalistlər ya kütləvi məzarlıqda, ya da işgəncə kameralarında tapıla bilər. Priqojinin söylədiyinə görə, o, bu sözləri deyərkən guya Gerşkoviçin həbsindən xəbərsiz olub.
Moskva mühacirlərə inanmır
Yəhudi əsilli amerikalı jurnalist Yuliya İoffe Gerşkoviçin həbsi ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, Kreml Gerşkoviç kimi yazarların tənqidini digər jurnalistlərin münasibətindən fərqli qəbul edir: “O, ABŞ-da anadan olsa da, valideynləri Sovet İttifaqından köçmüş yəhudi mühacirlər idi. Moskvada, xüsusən də Kremldə nə vaxtsa bu ölkədən mühacirət etmiş insanların tənqidinə olduqca həssas yanaşırlar. Ruslara elə gəlir ki, bu cür tənqidlər daha dərin xəyanətdir”.
Ukraynaya savaş açıldıqdan sonra Rusiyadan qaçan Moskvanın keçmiş baş ravvini Pinças Qoldşmidt də Kremlin Gerşkoviçi məhz keçmişinə görə hədəfə aldığı fikrindədir. “O, yəhudi olduğuna görə günahkar deyil ki!” - keçmiş baş ravvin “Twitter”hesabında istehza ilə yazıb. Qoldşmidt ölkəni tərk etdikdən sonra Rusiya hakimiyyətinin ən populyar tənqidçilərindən birinə çevrilib. Ravvin Rusiyada yaşayarkən tanınmış din xadimi kimi Putinin müharibəsini dəstəkləmədiyi üçün təzyiqlərə məruz qaldığını bildirib.
Bu arada “The Wall Street Journal” qəzeti Gerşkoviç barədə hesabat hazırlayıb, onun jurnalistlik fəaliyyətinin əhəmiyyətini incələyən video yayımlayıb. Yəhudi icması da öz növbəsində Evan Gerşkoviçin həbsdən azad edilməsinə dəstək məqsədilə kampaniyaya başlayıb.
“The Wall Street Journal”ın müxbiri, Evan Gerşkoviçin həmkarı Şavi Liber öz “Twitter” hesabında Evanın həbsinin Rusiyada yəhudilərə qarşı repressiyanın yeganə nümunəsi olmadığını yazıb: “Evan Rusiya və Belarusda məhkum olunan yeganə siyasi məhbus deyil. Rusiya və Belarus həbsxanalarında minlərlə yəhudi əsilli məhbus, o cümlədən Aleksey Navalnı, Vladimir Kara-Mirza, İlya Yaşin və başqa yəhudi əsilli fəallar cəza çəkir”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48

