Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Regionda ölüm kabusu

Regionda ölüm kabusu

15.03.2023 [10:50]

Metsamordan  gələn nüvə təhdidləri

1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında (AES), 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-lərdə qəzalar baş verdi. Bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəydi. Aradan on illər ötsə də, hələ də AES-lərdə baş verən qəzaların fəsadları tam şəkildə aradan qaldırılmayıb.

Düşünmək olardı ki, İkinci Dünya müharibəsi zamanı istifadə olunan nüvə silahlarının və AES-lərdəki qəzaların ağır nəticələrindən sonra ölkələr öz məsuliyyətlərini bütün miqyası ilə başa düşəcək və bəşəriyyət bir daha nüvə fəlakətinin  təkrarlanmasına imkan verməyəcək. Ancaq son vaxtlarda qlobal miqyasda nüvə təhdidləri yenidən artıb. Rusiya-Ukrayna müharibəsi fonunda kollektiv Qərb və şimal qonşumuz tez-tez “qırmızı xətlər”in keçiləcəyi təqdirdə son çıxış yolu kimi nüvə silahına əl atmaq imkanlarını xatırladırlar.

Bu gün nüvə təhdidi, həmçinin bizim regionumuzda da dolaşmaqdadır. Söhbət Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin yenidən uzadılmasına nail olmaq və İranın nüvə silahı əldə etmək cəhdlərindən gedir. Bu planların reallaşdırılmasına qonşu dövlətlər, beynəlxalq birlik tərəfindən imkan veriləcəyi təqdirdə Cənubi Qafqazın və daha geniş coğrafiyanın başı üstünü amansız ölüm kabusunun alacağı tam realdır.

Hayı gedib, vayı qalan Metsamor

Bu gün Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası barədə ancaq belə demək mümkündür: Hayı gedib, vayı qalıb. 1976-cı ildə istismara verilən bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb.  Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-nın gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir.  Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investorlar tapmaq da müşkülə çevrilib. Rusiyanın Ermənistanda Metsamoru əvəzləyəcək AES-in inşa edəcəyinə bəslənilən ümidlər də suya düşərək əriyib. Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun planlarında korrektələr edib. İndi Ermənistan üçün yeni atom elektrik stansiyasının tikintisi bu ölkənin prioritetləri ilə bir araya sığmır. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini uzatmaqda görür. Xatırladaq ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün bundan əvvəl AES-ə baş çəkib və ona məlumat verilib ki, elektrik stansiyasının təkrar əsaslı təmirinə bu il başlanacaq. Təmir işlərinin  3 il davam edəcəyi gözlənilir. Metsamorun təmir layihəsi də artıq hazırdır.

Ölünü diriltmək cəhdi

Ermənistan hökumətinin Metsamorun istismar müddətini daha 10 il uzatmaqla bağlı qərar verməsi o anlama gəlir ki, bu ölkə regionun təhlükəsizliyini özünün iqtisadi maraqlarına qurban verir. Çünki bir sıra fundamental amillərə görə, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən Metsamorun fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür.

Birincisi, Metsamor keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 47 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza keçmiş ittifaqın nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olmaq iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerjisi sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Metsamor da zamanında eyni texnologiya əsasında qurulub. Kim zəmanət verə bilər ki, Cernobolda yaşananlar Ermənistanda təkrarlanmayacaq? Digər tərəfdən, ehtimal olunur ki, Ermənistan hökuməti maliyyə vəsaitlərinə qənaət etmək üçün AES-də nəzərdə tutulan təmiri səthi şəkildə reallaşdırıacaq. Bu, bir növ beynəlxalq təşkilatların gözündən pərdə asmaq xarakteri daşıyacaq. Belə qənaətə gəlməyə hər cür əsas var. Əgər Ermənistanın vəsaitləri olsa idi, yeni AES-in inşası planından vaz keçilməzdi.

İkincisi, Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan hökuməti 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Mütəxəssislər o qənətdədirlər ki, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına yol aça bilər.

Üçüncüsü, idarəetmədəki nöqsanlar da Metsamorun fəaliyyətinin dayandırılmasını zərurətə çevirir. Bu, ilk növbədə kadrların səriştəsizliyi ilə bağlıdır. Keçmiş ittifaq dönəmində AES Moskvadan olan mütəxəssislərin ciddi nəzarəti altında işləyirdi. İndi belə nəzarət mexanizmi yoxdur. Yerli texniki personal isə səriştəsizdir. AES-də qəzalar tez-tez təkrarlanır.  1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü.

Dördüncüsü, AES-in idarəçiliyində hesabatlılığın və şəffaflığın olmaması. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. 44 günlük müharibədən əvvəl Metsamorun nüvə tullantılarının Azərbaycanın işğal altındakı ərazilərində basdırıldığına dair məlumatlar yayılmışdı. Ermənistan hökuməti bu məlumatları təkzib etmədi. İndi isə hökumət nüvə tullantılarının utilizasiya edilməsi barədə sualara cavab verməkdən yayınır. Hətta Ermənistan bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılmışdı, onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış. Nüvə dəllallarının təhlükəli maddələri Metsamordan əldə etdikləri məlum olub.

Beynəlxalq birliyin və region dövlətlərinin narahatlığı

Metsamorun istismarının davam etdirilməsi bütün regionun təhlükəsizliyinə təhdid anlamına gəlir. Mütəxəssislərin qənaətinə görə, bütün dünya üzrə mənəvi və fiziki cəhətdən ən köhnə texnologiya ilə çalışan bu stansiya Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər və Qara dəniz hövzələri coğrafiyası üçün sözün əsl mənasında fəlakət mənbəyidir. Xatırladaq ki, AES Azərbaycan və Gürcüstanla sərhəddən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir.

Məhz istismar və təhlükəsizlik qaydalarının pozulması səbəbindən beynəlxalq təşkilatlar Metsamorun fəaliyyətinin davam etdirilməsi ilə bağlı həyəcan təbili çalırlar. Beynəlxalq qurumlar indiyədək hazırladıqları hesabatlarda bir sıra tövsiyələrini və xəbərdarlıqlarını bildirsələr də, Ermənistan hökuməti onları nəzərə almayıb. 2000-ci ildə Avropa İttifaqı (Aİ) AES-in fəaliyyətinin dayandırılmasına çağırış etdi. Hətta bunun müqabilində Aİ Ermənistana 138 milyon avro vəsait ödəməyə hazır olduğunu bildirdi. İrəvan isə bu vəsaitlə razılaşmadı və Avropa İttifaqının təklifindən vaz keçdi.

Metsamorun ən təhlükəli AES olduğu zaman-zaman dünya mətbuatında yer alan şərhlərdə də vurğulanır. Bir qədər bundan əvvəl  Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən Metsamor atom elektrik stansiyası haqqında xüsusi məqalə yayıb.”Dünyanın ən təhlükəli atom elektrik stansiyası” adlı məqalədə artıq 40 ildən çoxdur ki, istifadə edilən bu böyük təhlükə mənbəyi barədə ətraflı məlumat verilir. Onun yüksək təhlükəli seysmik zonada yerləşdiyi və heç bir müdafiə sisteminə malik olmadığı xüsusi vurğulanır.

“National Geographic” kimi məşhur nəşrdə də Ermənistandakı AES-in fəaliyyətindən narahatlıq ifadə olunub. Bu nəşrdə  “Metsamor - hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” başlıqlı silsilə məqalələr dərc olunub. Həmin məqalələrdə Metsamorun region üçün ekoloji fəlakət mənbəyi olduğuna xüsusi diqqət çəkilib.

Metsamorun fəaliyyətinin davam etdirilməsi qardaş Türkiyədə də narahatlıqla izlənilir. Türkiyəli mütəxəssislərin son təhlillərinə görə, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir. Bu da Türkiyənin İğdır vilayətində yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Xatırladaq ki, 2022-ci ilin avqustunda Türkiyənin həmsərhəd Qars vilayətində Metsamorda “mümkün qəza” halı ilə bağlı təlim keçirilib.   Təlim Qars vilayətinin Fövqəladə Hallar İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılıb. Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı görüləcək tədbirləri təcrübədən keçirmək olub. 

Azərbaycan həyəcan təbili çalır

Metsamorun istismarının davam etdirilməsi ilə bağlı Azərbaycan da daim həyəcan təbili çalır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Dövlətimizin başçısı Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Prezident İlham Əliyev nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti diqqətə çatdırılıb

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.

Dünyada ən təhlükəli AES olan Metsamorun fəaliyyətinin davam etdirilməsindən narahatlıq həmçinin xarici işlər naziri Ceyhun Bayramovla  Rafael Qrossi arasında baş tutan görüşdə də ifadə olunub. Görüş zamanı nazir nüvə təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda Ermənistan tərəfindən köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor atom elektrik stansiyasının istismarı zamanı AEBA tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına riayət edilməsinin vacibliyini vurğulayıb.

Metsamorun fəaliyyətinə görə Ermənistana cəza

Nüvə texnologiyalarından enerji mənbəyi kimi istifadə olunması atıq keçmişdə qalmaqdadır. İndi dünya yeni nəsil texnologiyalara keçid edir. Getdikcə daha çox dərəcədə alternativ mənbələrdən elektrik enerjisi alınmasına üstünlük verilir. Yeri gəlmişkən, zamanında Azərbaycanda da atom elektrik stansiyasının tikintisi gündəmə gəlmişdi. Ancaq məsuliyyətli dövlət olan Azərbaycan məhz təhlükəsizlik amillərinə istinad edərək bu layihəni təxirə saldı. Hazırda ölkəmizdə bərpa olunan mənbələrdən “yaşıl enerji” alınması proqramı uğurla reallaşdırılır. Ermənistanın da bərpa olunan mənbələrdən elektrik enerjisi almaq imkanları var. Belə olan halda bu ölkə hansı haqla Metsamorda köhnə, təhlükə mənbəyi olan texnologiyaların istismarını davam etdirir? Artıq mütəxəssislər, ekoloqlar Metsamorun istismarı ilə bütün regionu təhlükə altında saxlayan Ermənistanı? belə fəaliyyətə, özbaşınalığa görə cəzalandırılması təkliflərini səsləndirirlər. Niyə də yox? Bu təkliflər əsaslıdır. Ermənistanı təhlükəli yoldan döndərmək üçün çağırışlar nəticəsiz qalır. Belə olan halda  cəza tədbirlərinin görülməsi qaçılmaz reallığa çevrilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31