Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Çıraqdan Çin çıxır

Çıraqdan Çin çıxır

02.03.2023 [11:27]

ABŞ Çini hədələdi: Bu, sizə baha başa gələcək

Bir ildir davam edən Ukrayna müharibəsi Rusiyanın silah təchizatında problemlər yaradıb. Qərbin sanksiyaları nəticəsində iqtisadi girdaba düşən şimal qonşumuz hazırda silah mübadiləsi apara biləcəyi partnyorlar axtarır. Qərb mediası Rusiyaya silah verə biləcək ölkələr arasında İran və Şimali Koreya ilə yanaşı, Çinin də adını çəkir.

Məsələ o qədər ciddidir ki, hətta Amerika Birləşmiş Ştatları Çinə xəbərdarlıq da edib. ABŞ Dövət Departamenti bildirib ki, Pekin Ukraynanı işğal etmək niyyətində olan Rusiyanı silahla təmin edərsə, bunun cavabı ağır olacaq.

Hazırda Vaşinqton və onun NATO-dakı müttəfiqləri Pekini Moskvaya hərbi təchizat göndərməkdən daşındırmağa çalışırlar.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan CNN telekanalına açıqlamasında: “Pekin bu məsələdə necə davam edəcəyi, Moskvaya hərbi dəstək göstərib-göstərməyəcəyi barədə qərarı özü verəcək. Lakin Çin bilməlidir ki, Rusiyaya silah tədarükü ona həqiqi mənada baha başa gələcək”, - deyib.

Sallivan digər bir müsahibəsində Çinin bu məsələ ilə bağlı ətraflı götür-qoy etdiyini bildirib. Diplomatın sözlərinə görə, Çin qonşusu və bir çox məsələlərdə müttəfiqi olan Rusiyaya silah yardımı göstərməklə bağlı variantı diqqətlə nəzərdən keçirir.

Pekin diqqət mərkəzində

Lakin Çin bu ittihamları rədd edir. Digər tərəfdən, ziddiyyətli məqam odur ki, Pekin fevralın 25-də Hindistanda keçirilən G20 toplantısı zamanı Rusiyanın Ukraynaya hücumunu pisləməkdən imtina edib. Ötən həftə Çin Ukrayna-Rusiya müharibəsində atəşkəs təklifi ilə çıxış edib, amma bu təklif Ukraynanın Qərb müttəfiqləri tərəfindən şübhə ilə qarşılanıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı Çin rəhbərliyinin Rusiyanı kütləvi qırğın silahları ilə təchiz edəcəyinə əmindir: “Biz hələ ki, Pekinin bu məsələdə yekun qərarını görmürük və Rusiyaya kütləvi qırğın silahlarının verilməsi ilə bağlı əlimizdə faktiki dəlil yoxdur”.

Bu arada dünyanın diqqətini çəkən əsas məsələ Çin lideri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya rəsmi səfərə hazırlaşmasıdır.

NATO-nun yuyulmamış çömçəsi Fransa

Son olaylarla bağlı Çinə səfər etmək qərarına gələn ölkə rəhbərlərindən biri də Fransa prezidenti Emmanuel Makrondur.  Rusiyanın küncə sıxışdırılmasından istifadə edən Fransa son zamanlar bölgədə, xüsusilə də Cənubi Qafqazda fəallığını artırıb. Adəti üzrə beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyi ilə seçilən bu qərəzli NATO ölkəsi prezident Emmanuel Makronun timsalında özünü haqq tərəfdarı kimi aparmağa, öz aləmində guya sülhə töhfə verməyə çalışır. Əslində isə məqsəd getdikcə zəifləyən Rusiyanın çöküşü prosesində regionda söz sahibinə çevrilmək, iri tikələr qapmaq həvəsi ilə burnunu Ukrayna müharibəsinə, eləcə də Azərbaycanla Ermənistan arasındakı təmas xəttinə soxmaqla özünü bölgədə güc yiyəsi kimi göstərməkdir. Yaranmış şəraitdən istifadə eləməyə çalışan Makron Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq məqsədilə Çin hökumətindən kömək istəyəcəyini elan edib.

Bu ərəfədə Belarus prezidenti Aleksandr Lukaşenko da Pekində səfərdədir.

Məlumdur ki, Çinlə Rusiya arasında sıx ticari-iqtisadi əlaqələr var. Rusiya Çinin ən böyük iqtisadi bazarlarından biridir. Bu əlaqələrə baxmayaraq, Pekin özünü münaqişədə neytral tərəf kimi göstərməyə çalışır. ABŞ-ın yüksək rütbəli rəsmiləri Çinin Rusiyanı kütləvi qırğın silahları ilə təmin etmək perspektivinin olduğu iddiasındadırlar. Rəsmi Pekin isə bütün hallarda bu versiyanı təkzib edir.

Atəşkəs planı Putinin sifarişi ola bilər

Ötən həftə Çin Ukrayna və Rusiyanı “siyasi həll yoluna” dəvət edən 12 bən?lik atəşkəs sənədi hazırlayıb. Müharibənin ildönümü ilə bağlı hazırlanmış sənəddə əsaslandırılan başlıca fikir müharibənin heç bir tərəfə fayda gətirməyəcəyi müddəasıdır. Sənəddə dünya ölkələrinin, beynəlxalq qurumların “Rusiya və Ukraynanı eyni istiqamətdə işləməyə və mümkün qədər tez bir zamanda birbaşa dialoqu bərpa etməyə çağırmalarının” vacibliyi göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi, Qərb bu atəşkəs sənədinə şübhə ilə yanaşır. Hətta sənədin Rusiya prezidenti Putinin sifarişi ilə hazırlandığını iddia edənlər də var.

Zelenskinin arzusu Çin olacaqmı?

Çinin müharibə ilə bağlı mövqeyinə münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski Pekinin təklif etdiyi atəşkəs sənədini müsbət qarşılayaraq, gələcək sülh danışıqlarında Pekinlə işləyə biləcəklərini vurğulayıb: “Çin Ukrayna haqqında danışmağa başlayıb, məncə, bu yaxşı haldır. Düşünürəm ki, bu sənəddə bizim ərazi bütövlüyümüzə, təhlükəsizlik məsələlərinə hörmət əks olunub. Biz bu məsələdə Çinlə işləməliyik. Bizim vəzifəmiz günahkar birini təcrid etmək naminə hər kəsi birləşdirməkdir”.

Ukrayna lideri çinli həmkarı Si Cinpinlə görüşə ümid etdiyini də bildirib. Zelenski bunu “dünya təhlükəsizliyi üçün vacib görüş” kimi qiymətləndirib. Çin rəhbəri Si Cinpin isə mayın əvvəlində Moskvaya səfər edib Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Çin əsas oyunçuya çevrilir

Putinin əbədi müttəfiqi Lukaşenko Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləyərək, işğal üçün Belarus ərazisindən istifadəyə icazə verib. O, Moskvanın Belarusda hərbi təlimlər keçirməsinə də imkan yaradıb. Çinin xarici işlər naziri Qin Qanq belaruslu həmkarı Sergey Aleyniklə telefon danışığı zamanı Pekinin Minsklə qarşılıqlı siyasi etimadı dərinləşdirmək üçün işləməyə hazır olduğunu bildirib.

Çin XİN-dən o da bildirilib ki, rəsmi Pekin Minsklə dost və müttəfiqdir, Çin Belarusa hər hansı sanksiya tətbiq edilməsinə, kənar qüvvələrin bu ölkənin daxili işlərinə müdaxiləsinə qarşıdır.

Göründüyü kimi, Çin Rusiya-Ukrayna danışıqlarında vasitəçiliyi öz üzərinə götürməklə həm bölgədə vacib siyasi fiqur olduğunu isbatlamaq niyyəti güdür, həm də Rusiyaya silah satışı ilə bağlı səslənən ittihamlara cavab vermiş olur. ABŞ kəşfiyyatının Çinin Rusiyaya silah vermək niyyəti ilə bağlı şübhəsi isə hələ ki, faktlarla sübuta yetirilməyib.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30