Qazaxıstan razılaşmır
27.05.2022 [10:35]
Rusiya müttəfiqinə doğru addım atacaq, yoxsa...
Taleh AĞAVERDİYEV
Ukraynada müharibə başlayandan enerji qiymətləri və Rusiyanın neft və qaz tədarükünün mümkün dayandırılması mövzusu birinci yerdə idisə, son həftələrdə karbohidrogen məsələsi arxa plana keçib və taxıl mövzusu aktuallaşıb.
Ukraynada 3 aydır davam edən müharibə həyati əhəmiyyətli buğda qıtlığı yaradıb və Qərb dünyanı təhdid edən qlobal ərzaq böhranı ilə bağlı həyəcan təbili çalır. Məsələ burasındadır ki, Rusiya və Ukrayna dünya bazarına ən çox buğda ixrac edən ölkələrdir. Dünya buğda ixracının 30%-i bu iki ölkənin payına düşür. Rusiya və Ukrayna taxılla yanaşı qarğıdalı ixracının 20%-ni və günəbaxan yağının 80%-ni təmin edir. Müharibə nəticəsində Ukraynada 20 milyon tondan çox taxıl bloklandı. Rusiyanın özü də müharibə başlayandan ixracı xeyli azaldıb. Mayın birinci yarısında Hindistan taxıl ixracını qadağan etmək qərarına gəldikdən sonra taxıl bazarında vəziyyət daha da pisləşdi, Avropa bazarında buğdanın qiyməti mütləq rekordu (tonu üçün 438,25 avro) qırdı.
Hazırda qiymətlər nisbətən aşağı düşsə də, çox yüksək olaraq qalır.
Mövcud vəziyyət ona gətirib çıxarıb ki, BMT-nin aş katibi Antonio Quterreş Rusiya və Belarusdan olan kalium gübrələrinə qarşı sanksiyaların yumşaldılmasını təklif edib. Bunun müqabilində o, Moskvadan Ukraynadan dəniz limanları vasitəsilə taxıl ixrac etmək imkanını açmasını istəyir. Öz növbəsində Rusiya XİN-i bildirib ki, dünya bazarlarına taxıl tədarükü (o cümlədən Ukraynadan) məsələsini həll etmək üçün Rusiya ixracına qarşı bütün sanksiyaları ləğv etmək lazımdır. Xarici KİV-lərin qənaətinə görə, hətta Hindistanın qəfil qərarı Rusiyanın təsiri altında (iki ölkə sıx əməkdaşlıq edir) qəbul edilib, çünki qadağa tətbiq edilməzdən bir neçə gün əvvəl Hindistan 10 milyon ton buğda ixrac etməyi planlaşdırdığını açıqlamışdı.
Rusiya 2022-ci ildə rekord buğda məhsulu gözləyir. Mütəxəssislərin fikrincə, buna görə də Rusiya taxıl ixracına nəzarəti əlinə keçirməyə çalışır. Bununla belə, Rusiyanın taxıl ixracı üzərində total nəzarəti əldə etmək istəyi KTMT üzrə müttəfiqi, taxıl ixracatçıların TOP-10-a daxil olan Qazaxıstanla mübahisələrə səbəb olub. “Kommersant” xəbər verir ki, Avrasiya İqtisadi Komissiyasının (AİK) mayın 20-də keçirilən iclasında Rusiya nümayəndələri təkid ediblər ki, Avrasiya İqtisadi İttifaqın (Aİİ) bütün üzvləri üçüncü ölkələrə taxıl ixracına kvota və rüsumlar tətbiq etsinlər. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məhdudiyyətlərdən yan keçərək, Rusiya taxılının Aİİ vasitəsilə təkrar ixracının qarşısını almaq üçün bu tədbiri zəruri hesab edir. Qazaxıstan isə buna qarşı çıxır, çünki xaricə tədarükün inkişaf etdirilməsində maraqlıdır.
Xatırladaq ki, mart ayında Qazaxıstanın Sibirdən buğda alışının artması fonunda Rusiya iyunun 30-dək Aİİ ölkələrinə taxıl ixracına qadağa qoyub. Bu, Qazaxıstanda narazılıq yaradıb: Qazaxıstan tərəfi ixracın məhdudlaşdırılmasının Aİİ haqqında sazişə zidd olduğu fikrini bildirib. Bu tədbir Qazaxıstanda buğda qiymətlərinin qalxmasına səbəb oldu, ölkənin un dəyirmanları kəskin taxıl qıtlığı ilə üzləşdi. Buna cavab olaraq, aprelin ortalarında ölkə buğda və unun ixracına 2 aylıq kvota tətbiq edib.
AİK iclasında Rusiya tərəfi Qazaxıstanda arpa və qarğıdalı ixracı üçün kvota və ixrac rüsumları olmadığına görə tədbirlərin qeyri-kafi olduğunu vurğulayıb. Aİİ üzvləri 2021-ci ilin avqustunda buğda, arpa, qarğıdalı, günəbaxan və bir sıra digər məhsulların ixracını məhdudlaşdırmaq üçün vahid yanaşma tətbiq etməyi planlaşdırırdılar. Amma ideya həyata keçmədi. Bu gün Belarus buğdanın ixracına tam qadağa tətbiq edib. Ermənistan və Qırğızıstan rüsumlar və kvotalarla bağlı qərarlar hazırlayır. Qazaxıstan isə yerli kənd təsərrüfatı istehsalçılarının beynəlxalq öhdəlikləri yerinə yetirməsinə mane ola biləcəyini əsas gətirərək rüsumlara qarşı çıxır.
Qazaxıstanın Rusiyanın tələblərini yerinə yetirməkdən imtina etməsi Aİİ-yə taxıl ixracına qoyulan müvəqqəti qadağanın uzadılmasına səbəb ola bilər. Qazaxıstanda bu məsələ ilə bağlı iki fikir var. Bəzi ekspertlər deyirlər ki, yeni mövsümdə qazax fermerləri daxili bazarın ərzaq buğdasına olan tələbatını tam ödəyəcək. Qeyd olunur ki, Rusiya taxılının idxalı ümumiyyətlə daxili həcminin olmaması ilə deyil, qiymətin aşağı olması ilə bağlıdır. Digərləri isə əksinə, Qazaxıstanın iyul ayından Rusiya taxılına ehtiyac olacağını deyirlər, çünki ölkədə yazlıq buğda becərilir və onun yığımı yalnız avqust ayında başlayır.
Maraqlıdır ki, bu görüşdən bir neçə gün sonra müxtəlif KİV-lər Qazaxıstanın Rusiyaya qarşı sanksiyalara qoşulması barədə məlumatlar yayıblar. Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin rəhbəri Mədinə Abılkasımovaya istinadən xəbər verilib ki, Rusiya banklarının Qazaxıstandakı törəmə banklarının hesablarında sanksiyalara əsasən 22 milyon dollara yaxın vəsait bloklanıb. Səhəri gün agentlik bu məlumatı təkzib edib. Bununla belə, güman etmək olar ki, bu informasiya Rusiyanı ixrac qadağasının uzadılmasına qarşı xəbərdar etmək üçün bir növ eyham idi. Üstəlik, təkzibə baxmayaraq, Rusiya banklarının aktivlərinin nəzarət altında olduğu qeyd edilib.
Qazaxıstanın mövqeyi başa düşüləndir. Dövlət üçün milli maraq həmişə birinci yerdə olmalıdır. Bu tələblər üzündən ölkənin dövlət büdcəsinə xeyli ziyan dəyə bilər. Bununla belə, Qazaxıstanın taxıl iqtisadiyyatı Rusiyadan çox asılıdır. Birincisi, Aİİ-yə üzvlük və yaxın coğrafi yerləşmə səbəbindən ucuz rus taxılının idxalı Qazaxıstanda daxili qiymətlərin stablizatoru rolunu oynayır. İkincisi, Qazaxıstan taxılının əsas ixrac marşrutu Qazaxıstanı Ukrayna, Belarus və Avropa İttifaqı ilə birləşdirən Rusiyadan keçən mövcud dəmir yolu xətlərindən keçir. Rusiya müttəfiqinə doğru addım atacaq, yoxsa təzyiq alətlərindən istifadə edəcək? Bunu zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20

