Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / IV Qlobal Bakı Forumunun əhəmiyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib

IV Qlobal Bakı Forumunun əhəmiyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib

17.03.2016 [10:13]

53 ölkədən 300-dən çox nümayəndənin qatıldığı bu Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirilib
Xəbər verdiyimiz kimi, 10-11 mart tarixində Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilib. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Forumda “XXI əsrdə çoxqütblü dünyanın münaqişələrindən necə qurtulmalı?”, “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyinin və inkişafının əsasları. Növbəti region hansıdır?”, “Radikallaşma və miqrasiya qlobal təhlükəsizlik çağırışı kimi. Birgə fəaliyyətə necə nail olmalı?”, “Enerji və qlobal idarəçiliyin perspektivləri?”, “Qeyri-bərabər, bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə. Necə?”, “İnsan hüquqlarının qlobal təşviqi və gender məsələləri ilə bağlı məlumatlılığın artırılması”, “Gənclər danışır, biz dinləyirik”, “Hazırkı münaqişələrin həllində dinlərarası dialoqun rolu”, “Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi” mövzularında panel iclaslarında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
IV Qlobal Bakı Forumunda aktual çağırışlardan doğan strateji məsələlər müzakirə edilib
Bütövlükdə, IV Qlobal Bakı Forumunun iştirakçıları onun əhəmiyyətini olduqca yüksək qiymətləndiriblər. Məsələn, Bolqarıstan Prezidenti Rosen Plevneliyev Forumun əhəmiyyətinə toxunaraq deyib ki, 2016-cı il artan risklərin, qeyri-sabitliyin və qeyri-müəyyənliyin ili olacaq: “Biz get-gedə qeyri-sabit dünya nizamına doğru gedirik. Biz mümkün dərəcədə yeni balansa nail olmalıyıq. Biz yeni tarixdə müqavimət qabiliyyəti daha güclü olan, diplomatiya və sülh prinsiplərinə əsaslanan dünyanın yaradılmasına doğru getməliyik. Biz yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq. Bu əsr münaqişələr əsri deyil, diplomatiya, əməkdaşlıq əsri olmalıdır”.
Dördüncü Qlobal Bakı Forumunun mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran Albaniyanın Prezidenti Buyar Nişani isə “IV Qlobal Bakı Forumu və onun mövzuları tamamilə vaxtında seçilən və müzakirəyə çıxarılan məsələlərdir. Bu müzakirələr həm regional, həm də qlobal inkişaf nöqteyi-nəzərindən çox vaxtında keçirilir. Mövzular barədə məlumat mənə çatdırılandan sonra ağlıma dərhal dünyada baş verən dəyişikliklər gəldi. Yəni son 25 il ərzində - “dəmir pərdə” dağıldıqdan və “soyuq müharibə” başa çatdıqdan sonra baş verən dəyişiklikləri nəzərdə tuturam”, - deyib. Dövlət başçısı əlavə edib ki, bu gün aydın olan bir məsələ var ki, dünya dialoqa əvvəlkindən daha çox ehtiyac duyur. Dünyanın anlayış və əməkdaşlığa ehtiyacı var ki, mövcud olan çağırışların öhdəsindən gələrək, onları həll etmək mümkün olsun: “Buna görə də mən belə bir tədbirin keçirilməsini çox yüksək qiymətləndirirəm. Çünki Azərbaycanın XII əsrdə yaşamış filosof-şairi Nizami Gəncəvinin fəlsəfəsi ruhunda belə bir tədbirin keçirilməsi vacibdir. Çünki hələ o vaxt böyük Nizami dialoq anlayışının nə qədər önəmli olduğunu bildirib. Qlobal səviyyədə dialoqun bu gün çox böyük əhəmiyyəti var. Belə bir dialoqu yaratmaq zəruridir ki, çağırışların öhdəsindən gələrək, təhlükəsiz gələcəyi təmin etmək mümkün olsun”.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili isə Forumun regional və beynəlxalq əhəmiyyətindən danışıb. O bildirib ki, biz artıq bu tərəfdaşlığın çox gözəl nümunələrini yarada bilmişik və bu nümunələrdən hər bir iştirakçı tərəf bəhrələnir.
Qlobal Bakı Forumu beynəlxalq səviyyədə dialoqun genişləndirilməsi baxımından səmərəli olub
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç IV Qlobal Bakı Forumunun təşkilatçılarına və iştirakçılarına müraciətində müxtəlif mədəniyyətlər, ölkələr arasındakı əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib: “Azərbaycanda, Bakıda multietnik inam və hörmət atmosferi var. Dördüncü Qlobal Bakı Forumu bu prinsiplərə sadiq qalmaq üçün böyük təşəbbüs və əla imkandır. Cəmiyyətin bütün sahələrində birlik və dialoqu şəxsən dəstəkləyən biri kimi, hazırda hamımızın üzləşdiyi bir çox qlobal problemlər barədə fikir mübadiləsinin aparıldığı forumları dəstəkləyirəm. Avropa İttifaqında və ondan kənarda terrorizm və ekstremizm, iqlim dəyişikliyi və mövcud təhlükəsizlik təhdidləri kimi məsələlər bizim hamımıza Qərb və Şərq arasında əlaqələrin gücləndirilməsinin vacibliyini xatırladır”.
Bundan başqa, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktubda vurğulanıb ki, dördüncü Qlobal Bakı Forumu çox gözəl bir təşəbbüsdür. Bu təşəbbüs nəticəsində beynəlxalq ictimaiyyət bir araya gəlib dünyada olan çağırışlara ən yaxşı şəkildə necə cavab vermək, hansı lazımi tədbirləri görmək üçün konsensusu - bu gözəl platformanı yaradır.
Kanadanın Baş naziri Castin Tryudonun Forum iştirakçılarına videomüraciətində isə deyilib: “Bu tədbir çox böyük bir imkandır ki, millətlər, xalqlar arasında dialoq yaradılsın, beynəlxalq aləmdə etik qaydalar müəyyən edilsin. Bizi bir dünya kimi birləşdirən amillərdən, eyni zamanda, bizi ayırmaq üçün istifadə olunmasın. Mən ümid edirəm ki, biz ruhlandırıcı bir şəkildə inkişaf edə biləcəyik”.
UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciətində isə diqqətə çatdırılıb ki, “Bakı prosesi” 2008-ci ildə başlayıb. Keçən ilin may ayında III Mədəniyyətlərarası Dialoq Forumu keçirildi: “Bu Forumda birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bütün bu işlərə sadiq olduğunu bir daha nümayiş etdirdi. Mədəniyyətlərarası dialoq hazırda olduqca böyük əhəmiyyət kəsb edir. Çünki dünyada çox titrəyişlər, çox təhdidlər mövcuddur. Dəyişiklik üçün imkanlar var. Amma dialoq üçün ehtiyac heç zaman bu qədər yüksək səviyyədə olmayıb. Hazırda biz bəşəriyyətin malik olduğu ümumi dəyərləri həmişəkindən daha çox inkişaf etdirməliyik və bu məqsədə çatmaq üçün hərəkətə gəlməliyik. Biz bunu başlamaq üçün gəncləri seçməliyik. Biz onlara layiqli işləri görmələri üçün şərait yaratmalıyıq. Biz onların gələcəyinə təsir edən qərarları düzgün şəkildə qəbul etməliyik”.
“Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini vurğulayan Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Nizami Gəncəvinin ideyalarının hazırkı dövrdə də aktual xarakter daşıdığını bildirərək deyib: “Hazırda bu tədbirin keçirilməsi üçün Bakı kifayət qədər düzgün yer olaraq seçilmişdir. Bakı şəhərinin siluetinə nəzər salsaq, görərik ki, orta əsrlərdən qalmış Qız qalası bu şəhərin müasirliyinin rəmzi olan “Alov qüllələri” ilə bir araya gələrək Azərbaycanın qədim və müasir bir ölkə olduğunu bildirir. Yəni bunların bir araya gəlməsi ilə biz belə bir nəticəyə gələ bilərik ki, Nizami Gəncəvi tərəfindən müəyyən edilmiş və hazırda sivilizasiyaların mövcudluğu üçün lazım olan ideyalar bu gün də öz əhəmiyyətini qoruyur”.
Qlobal problemlərin həlli yollarının tapılması istiqamətində gənclərin də fikirləri, ideya və təklifləri diqqət mərkəzində olub
Sadalananlarla yanaşı, IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən iclasda Azərbaycan, Kanada, Pakistan, ABŞ, Qırğızıstan, İndoneziya, Makedoniya, Türkiyə və Filippindən gənc liderlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bütövlükdə, qlobal problemlər, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları müzakirə edilib. İclasda çıxış edən gənclər Forumda müzakirə edilən məsələlərin böyük önəmə malik olduğunu deyiblər. Dünyada baş verən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində gənclərin də fikirlərinin, ideya və təkliflərinin öyrənilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, Bakı Forumunda müzakirə olunan məsələlər dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. Bir sözlə, dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət edən bu Forumun uğurlu nəticələri olacaq. İclasda gənc liderlər dünyanın qaynar nöqtələrində davam edən gərginliklər, beynəlxalq terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizə, qaçqın problemi, enerji bazarındakı qeyri-sabitlik və bununla əlaqədar yaranan iqtisadi çətinliklər, multikultural dəyərlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Yaranmış vəziyyətdən çıxış yolları ilə bağlı gənc liderlərin səsləndirdikləri ideya və təkliflərin nəzərə alınmasının önəmi qeyd edilib.
Qlobal Bakı Forumu regional və beynəlxalq miqyasda mövcud problemlərin həllinə intellektual töhfədir
Bunlarla yanaşı, beynəlxalq mətbuatda da Qlobal Bakı Forumunun müstəsna əhəmiyyət kəsb etdiyi, regional və beynəlxalq miqyasda mövcud problemlərin həllinə intellektual töhfələr verdiyi vurğulanıb. Məsələn, Ukraynanın “Versii.com. Fabrika analitiki” internet portalında “Azərbaycan multikulturalizm vahəsidir” sərlövhəli geniş məqalə yerləşdirilib. Məqalədə deyilir ki, Forum beynəlxalq təhlükəsizlik; regional təhdidlər; qlobal iqtisadi problemlərin ciddi nəticələri; iqlim dəyişiklikləri və energetika siyasəti; neft hasil edən ölkələrin rolu; dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi aktual mövzuların müzakirəsi üçün siyasi məkana çevrilib. Əsas mövzulardan biri də multikulturalizm və onun prinsiplərinin sabit cəmiyyət quruculuğuna tətbiqində Azərbaycanın təcrübəsi olub. Vurğulanıb ki, dünyada təhdidlər yaranır, millətçilik, dini və etnik zəmində dözümsüzlük, ilk baxışda yad görünən hər hansı dəyərin inkar və rədd edilməsi meyilləri artır. Yalnız dözümlülük, sülhpərvərlik, tolerantlıq təbliğ edən cəmiyyətlər mürəkkəb dövrün təhdid və çağırışları qarşısında davam gətirmək iqtidarındadır. Tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqları, dini və milli zəmində heç bir qarşıdurmanın olmadığı, unikal tolerantlıq mühitinin hökm sürdüyü bir məkan olan Azərbaycan qarşılıqlı dinlərarası və sivilizasiyalararası anlaşma üçün gözəl örnəyə çevrilib. Məqalədə deyilir: “Təsadüfi deyildir ki, Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və Azərbaycanın bu təcrübəsinin dünyada təbliği ölkənin indiki rəhbərliyinin dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
Materialda rəsmi Bakının təşəbbüslərindən, son illər Azərbaycanda dünya miqyaslı çoxsaylı forumların keçirilməsindən, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsindən, habelə Azərbaycanın dövlət başçısının Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasından və bir çox digər məsələlərdən danışılıb.
Bundan başqa, “İsrailin səsi” dövlət radiostansiyası bu ölkənin sakinləri arasında çox populyar olan “Günün aktual hadisələri” adlı səhər verilişində IV Qlobal Bakı Forumunu geniş şərh edib. İsrail radiosunun aparıcısı Yuliya Tsodeksin suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. A.Qut qeyd edib ki, dünya intellektual elitası - siyasətçilər, indiki və sabiq dövlət başçıları, alimlər, politoloqlar, vətəndaş cəmiyyətinin nümayəndələri üçün real görüş məkanı olan Qlobal Bakı Forumu çox mühüm beynəlxalq tədbirdir: “Bu Foruma gələn nüfuzlu ictimai xadimlərin, dünya liderlərinin sayı ilbəil artır. Bu gün dünyada ikinci elə bir intellektual məkan yoxdur ki, orada dünyanın 53 ölkəsindən siyasi, elmi və intellektual elitanın nümayəndələri görüşərək dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən məsələləri - münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin edilməsi kimi problemləri müzakirə etsinlər”.
Arye Qut qeyd edib ki, Azərbaycanın paytaxtı Bakı beynəlxalq humanitar əməkdaşlıq məkanına çevrilib. “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi çıxışının sonunda deyib: “Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasəti, bu ideyanın populyarlaşması Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin qorunub saxlanmasına yönəlmiş strategiyanı əks etdirir”.
Çinin rəsmi xəbər agentliyi “Sinxua” isə IV Qlobal Bakı Forumu haqqında bir neçə dildə informasiya yayıb. Gündəlik yüz milyonlarla izləyicisi olan “Sinxua”nın Bakı Forumu haqqında materiallarında deyilir ki, bir neçə dövlət başçısının, 27 sabiq prezidentin və 23 sabiq baş nazirin, çoxlu sayda dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə beynəlxalq təhlükəsizlik, regional təhdidlər, qlobal iqtisadi böhranın doğurduğu çətinliklər, enerji siyasəti, multikulturalizm, dinlərarası dialoq, iqlim dəyişiklikləri kimi məsələlər müzakirə olunur. Forumun açılış mərasimində Prezident İlham Əliyevin əhatəli çıxışına toxunan “Sinxua” dövlətimizin başçısının 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olması fikrini qeyd edib. Məqalədə dövlətimizin başçısının müasir dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dair fikirləri də əksini tapıb. Agentlik Prezident İlham Əliyevin adambaşına düşən birbaşa xarici sərmayəyə görə Azərbaycanın ən qabaqcıl mövqelərdə olması, hazırda isə hökumətin qeyri-neft sektoruna sərmayəçiləri cəlb etməyə çalışması, milli iqtisadiyyatın neft və qazdan asılılığını azaltmaq istiqamətində fəaliyyəti barədə fikirlərinə geniş yer ayırıb.
Bütövlükdə, digər mətbuat orqanları da IV Qlobal Bakı Forumunun əhəmiyyətindən bəhs edən məqalə və informasiyalarla çıxış ediblər. Ümumi qənaət ondan ibarət olub ki, bu Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır. Eyni zamanda, qeyd edilib ki, belə təşəbbüslərin davamlı olması beynəlxalq münasibətlərin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 3608 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30