Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

24.12.2014 [10:00]

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu qət edib
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.
Prezident İlham Əliyevin adı inkişaf və sabitliklə assosiasiya olunur
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə, həmçinin, əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Azərbaycan bir sıra təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında da prinsipial mövqe nümayiş etdirir. Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.
İnkişafın milli modelini formalaşdıran Azərbaycanın dinamik tərəqqisi davam edir
Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.
Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Beləliklə, iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biri qismində çıxış edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Nəticə etibarilə, inkişafın milli modelini formalaşdıran Azərbaycanın dinamik tərəqqisi davam edir.
Müasir Azərbaycanın intensiv tərəqqisinin fonunda regionların sosial-iqtisadi inkişafı
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafa xidmət edən fəaliyyətinin ən mühüm cizgilərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla belə bir real tezis meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsi: hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi
Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar sayəsində demokratik inkişafın milli modeli formalaşdırılıb
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası simmetrik münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib. Məhz bunun da qanunauyğun nəticəsi kimi, demokratik tranzit yeni keyfiyyətdə davam etdirilib və onun mütləq komponentləri bərqərar olunub.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Prezident İlham Əliyevin fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistemli işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Həmçinin, Prezident İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib, o cümlədən, dövlətimizin başçısı mətbuatın inkişafına, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Əgər biz Azərbaycan mətbuatının son 11 ildəki inkişaf tarixinə nəzər salsaq, görərik ki, bu istiqamətdə kifayət qədər müsbət göstəricilər qeydə alınıb.
Azərbaycanın milli təhlükəsizliyi etibarlı şəkildə təmin edilib
Azərbaycanın inkişafına, ölkəmizdəki möhkəm ictimai-siyasi sabitliyə xidmət edən digər bir strateji məqama diqqət yetirmək gərəkdir. Bu, ölkənin təhlükəsizliyi məsələsidir. Belə ki, Prezident İlham Əliyevin rasional daxili və xarici siyasət kursu sayəsində ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bu istiqamətdə diqqəti XXI əsrdə xüsusi əhəmiyyət kəsb edən üç sahəyə-informasiya, su və ərzaq təhlükəsizliyinə yönəltmək istərdik.
İlk növbədə, informasiya təhlükəsizliyinin təmin olunmasının və bu sahədə maraqların müdafiə edilməsinin Azərbaycan təcrübəsi ilə bağlı qeyd edə bilərik ki, dövlət siyasətində prioritet kimi müəyyənləşdirilən informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi konseptual əsasda strateji məqsəd kimi müəyyən edilib. İkincisi isə su təhlükəsizliyinin təmin olunmasıdır ki, burada da kifayət qədər mühüm əhəmiyyət kəsb edən strateji xarakterli addımlar atılıb. Üçüncüsü ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb.
Ölkə mədəniyyətinin inkişafı və dünya miqyasında təbliği strateji vəzifə kimi müəyyənləşdirilib
Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi dövrdə görülmüş ən mühüm strateji tədbirlər sırasında ölkə mədəniyyətinin inkişafı və dünya miqyasında təbliği istiqamətində atılan addımlar da xüsusi yer tutur.
2003-2014-cü illər ölkəmizin mədəni irsinin beynəlxalq auditoriyanın diqqət mərkəzinə gətirilməsi və dünya səviyyəsində qorunmasına nail olunması ilə də səciyyələndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan təbliğat və tanıtım işləri ölkəmizə aid bir çox incəsənət nümunələrinin UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edilməsi ilə nəticələnib.
Onu da qeyd etmək lazımdır ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, mədəniyyətlərarası dialoqa töhfədir. Məlumat üçün bildirək ki, artıq bir neçə ildir Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir.
Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir.
Bundan başqa, Azərbaycan mədəniyyətinin təbliğində, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər, ənənə halını alan Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. 2011-ci ildə isə “Eurovision” mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi özünün möhtəşəmliyi ilə sözügedən beynəlxalq müsabiqənin tarixinə daxil olub. Müsabiqənin ən yüksək səviyyədə təşkili dünyaya göstərdi ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə də sürətlə inteqrasiya edir.
Azərbaycan gəncliyinin böyük hamisi
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə olunması təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qalıb. Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur.
Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoru kimi...
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.
Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Çoxşaxəli enerji siyasəti Azərbaycanı regional və qlobal əhəmiyyətli aktora çevirib
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan xarici siyasət kursunun mühüm istiqamətlərindən birini də çoxşaxəli enerji siyasəti təşkil edir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də, özünün enerji potensialını düzgün qiymətləndirərək münasibətləri bu əsasda qurur.
“Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələri regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verib.
Bu kontekstdə son dönəmdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin növbəti uğurlarından biri 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır.
Digər tərəfdən, “Şahdəniz” Konsorsiumunun Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik qaz kəmərini (Trans-Adriatik Pipeline (TAP) seçməsi praqmatik enerji siyasətinin ən mühüm nəticələrindən biri kimi səciyyələndirilməlidir. Bunun əhəmiyyətini daha yaxşı anlamaq üçün sadəcə, layihənin miqyasını və mahiyyətini diqqətə çatdırmaq məqsədəmüvafiqdir. TAP layihəsi Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu qaz kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir.
Eyni zamanda, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını da xüsusi qeyd etmək lazımdır. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Mühüm strateji məqamlardan biri də budur ki, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub” qaz dəhlizi vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcək.
Nəhayət, bu il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ölkənin yol-nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün başlatdığı genişmiqyaslı fəaliyyəti Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRACECA) Azərbaycanın mühüm tranzit ölkəsi kimi əhəmiyyətini daha da artırdı. Böyük İpək Yolu kimi də tanınan bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində yük və sərnişin daşımaları göstəriciləri 2004-cü ildən etibarən hər il artmağa başladı. Bununla da Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirdi, mühüm strateji dividendlər əldə etmiş oldu. Bu tarixi göstərici də Prezident İlham Əliyevin fenomenal fəaliyyətinin xüsusi göstəricisidir.
Dağlıq Qarabağ münaqişəsinin həlli strateji prioritet kimi müəyyən edilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir.
Ümumiyyətlə, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır.
Ümumiyyətlə, danışıqların hazırki mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Minsk qrupu həmsədrlərinin irəli sürdüyü və sülh müqaviləsinin hazırlanmasında baza prinsipləri rolunu oynaya biləcək yenilənmiş Madrid təklifini Azərbaycan tərəfi qəbul etdiyini bildirib. İşğal edilmiş torpaqlardan Ermənistan ordusunun çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağa keçid statusun verilməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi kimi prinsiplərin əks olunduğu yenilənmiş Madrid təklifinin rəsmi İrəvanın təcavüzkar siyasəti ilə bir araya sığmaması işğalçı rejimi çıxılmaz vəziyyətdə qoyub. Sülhün əldə olunması məqsədilə yekun razılaşmanın müzakirəsinə hazır olduğunu bildirən Azərbaycan bununla irəliyə doğru daha bir addım atıb. Bütün bunların qarşılığında Ermənistanın hələ də danışıqları uzatmağa çalışması, konstruktiv mövqe ortaya qoymaqdan imtina etməsi işğalçı ölkənin özünü çətin duruma salıb. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sayəsində ermənilərin qara piar kampaniyası iflasa uğradı
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır. Bu məqsədlə, Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir.
Eyni zamanda, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız, qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər bir kəs səfərbər edilərək prosesə qoşulub. 2008-ci ildən bu vaxtadək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası olduqca səmərəlidir.
Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına münasibətini ortaya qoyur. Beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də, diaspor siyasətinin uğurudur.
Beləliklə, Prezident İlham Əliyevin rasional xarici siyasət strategiyasının fonunda ermənilərin uzun illərdir ki, Azərbaycana, Türkiyəyə və Türk dünyasına qarşı apardıqları qara piar kampaniyası iflasa uğradılıb və bu məsələdə obyektiv ictimai rəyin formalaşdırılmasına nail olunub. Bu, Prezident İlham Əliyevin bütövlükdə Türk dünyası qarşısındakı ən böyük tarixi xidmətidir.
Müstəqil Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır
Göründüyü kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə hər bir sahədə böyük inkişaf yolu qət edib. Son 11 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Bir sözlə, Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 2047 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30