Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aİ Şərq sərhəddinə dəstəyi artırır...

Aİ Şərq sərhəddinə dəstəyi artırır...

20.02.2026 [08:51]

Yeni “EastInvest” adlı investisiya platforması yaradılır

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinin təsirini kompensasiya etmək üçün şərq sərhədlərinə yaxın bölgələrə dəstəyi artıracaq. Bu məqsədlə, təsirlənmiş bölgələrdəki müəssisələr və yerli hakimiyyət orqanları üçün maliyyələşdirməyə çıxışı asanlaşdırmaq üçün “EastInvest” adlı investisiya platforması yaradılacaq. Bu barədə Aİ-nin Regional İnkişaf üzrə Komissarı Raffaele Fitto bildirib. “Şərq sərhəd bölgələri yalnız milli sərhədlər deyil, həm də Avropa sərhədləridir. Şərq sərhəd bölgələrinin gücləndirilməsi Avropanın təhlükəsizliyinə, sabitliyinə, birliyinə və rəqabət qabiliyyətinə strateji bir investisiyadır”, - deyə AK-nın komissarı bildirib.

Yeni platforma 26 fevralda istifadəyə veriləcək. Bu proqram, növbəti Aİ büdcəsi çərçivəsində müdafiə və sərhəd təhlükəsizliyini gücləndirmək üçün çoxmilyard avroluq kreditlər, eləcə də Avropa fondlarından yardım təmin edəcək.

9 ölkəni əhatə edəcək proqram...

Təhlükəsizlik və iqtisadi artıma dəstək layihəsi Finlandiya, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Estoniya, Latviya və Litvanın sərhəd bölgələrini əhatə edəcək. Qeyd edək ki, bu ölkələrin hamısı ya Rusiya, Belarus və ya Ukrayna ilə həmsərhəddir, ya da Qara dəniz sahillərində yerləşir. Avropa Komissiyasının məlumatına görə, bu bölgələr Ukraynadakı müharibə səbəbindən əhali axını, iqtisadi artımın azalması və artan inflyasiyanın yaratdığı problemlərdən əziyyət çəkir. Bundan əlavə, təhlükəsizliyi gücləndirmək üçün əlavə investisiyalara ehtiyac duyurlar. Brüssel bildirib ki, 2022-ci ildən bəri Aİ infrastrukturu təkmilləşdirmək, iqtisadi dayanıqlığı artırmaq, müdafiə qabiliyyətlərini inkişaf etdirmək, enerji və nəqliyyat infrastrukturu məsələlərini həll etmək və iş yerləri yaratmaq üçün şərq bölgələrinə siyasi, texniki və maliyyə dəstəyi göstərib. “Lakin, davam edən müharibə səbəbindən bu bölgələrdə iqtisadi və təhlükəsizlik şəraiti pisləşməyə davam etdiyindən, Aİ-nin əlavə dəstəyinə ehtiyac var”, - deyə Avropa Komissiyası bildirib.

Təhlükəsizlik prioriteti: Şərq Cəbhəsi Müşahidə proqramı, Dron Müdafiə Təşəbbüsü, Hava Qalxanı...

Qeyd edək ki, təklif olunan strategiya beş prioritet sahəni əhatə edir. Sənəddə ilkin prioritet kimi Şərq Cəbhəsi Müşahidə proqramı, Avropa Dron Müdafiə Təşəbbüsü, Avropa Hava Qalxanı və Avropa Kosmik Qalxanını əhatə edən təhlükəsizlik və dayanıqlıq yer alır. Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı geosiyasi riskləri nəzərə alaraq, xüsusilə şərq sərhədlərinə yaxın bölgələrdə müdafiə qabiliyyətinin artırılmasını prioritet hesab edir. Bu çərçivədə bir neçə mühüm təşəbbüs ön plana çıxarılır. Bunlardan biri qeyd olunduğu kimi, Şərq Cəbhəsi Müşahidə proqramıdır. Proqramın məqsədi sərhədyanı ərazilərdə erkən xəbərdarlıq mexanizmlərini gücləndirmək, hibrid təhdidlərin qarşısını vaxtında almaq və regional təhlükəsizlik koordinasiyasını artırmaqdır. Paralel olaraq, Avropa Dron Müdafiə Təşəbbüsü pilotsuz uçuş aparatlarından qaynaqlanan risklərə qarşı vahid müdafiə sisteminin qurulmasını nəzərdə tutur. Müasir müharibələrin xarakteri dəyişdiyi üçün dron hücumlarına qarşı effektiv cavab mexanizmləri strateji əhəmiyyət daşıyır.

Digər mühüm istiqamət Avropa Hava Qalxanı təşəbbüsüdür. Bu layihə üzv dövlətlərin hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasını və koordinasiyasını gücləndirməyə yönəlib. Məqsəd mümkün raket və hava hücumlarına qarşı kollektiv və daha effektiv müdafiə qurmaqdır. Bundan əlavə, Avropa Kosmik Qalxanı təşəbbüsü kosmik infrastrukturun - peyk rabitəsi, müşahidə və naviqasiya sistemlərinin - qorunmasını və dayanıqlılığını artırmağı hədəfləyir. Müasir təhlükəsizlik mühitində kosmik texnologiyalar həm hərbi, həm də mülki sahələr üçün kritik əhəmiyyət daşıyır.

Beləliklə, təhlükəsizlik prioriteti yalnız hərbi müdafiə ilə məhdudlaşmır, həm də informasiya, texnologiya və infrastruktur səviyyəsində kompleks dayanıqlılıq modelini nəzərdə tutur.

İqtisadi prioritet: “EastInvest” maliyyəyə çıxışı asanlaşdırır

Növbəti prioritet isə iqtisadi artım və regional rifah məsələsidir. Maliyyəyə çıxışın asanlaşdırılmasına, o cümlədən maraqlı ölkələrin kredit və məsləhət dəstəyinə kömək edəcək “EastInvest” mexanizmi prosesi əlçatan edir - bu, Avropa İnvestisiya Bankı qrupunu, digər beynəlxalq maliyyə institutlarını və bir neçə milli və regional bankı bir araya gətirir. Bu prioritet əsasən müharibənin təsirinə məruz qalan şərq bölgələrində biznes mühitinin qorunmasına və inkişaf etdirilməsinə istiqamətlənib. “EastInvest” mexanizmi müəssisələr və yerli hakimiyyət orqanları üçün maliyyələşdirməyə çıxışı asanlaşdıracaq. Platforma kredit, zəmanət və məsləhət dəstəyi vasitəsilə investisiya layihələrinin reallaşdırılmasına kömək edəcək. Maliyyəyə çıxışın asanlaşdırılması xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün əhəmiyyətlidir. Çünki bu müəssisələr regional iqtisadiyyatın əsas dayaqlarından hesab olunur və məşğulluğun qorunmasında mühüm rol oynayır. Eyni zamanda, yerli hakimiyyət orqanlarının infrastruktur, enerji və sosial layihələr üçün vəsait tapmasını asanlaşdırmaq regionların uzunmüddətli dayanıqlı inkişafına töhfə verəcək. Nəticə etibarilə, iqtisadi prioritet yalnız maliyyə alətlərinin təqdim olunması ilə kifayətlənmir; o, həm də şərq sərhədlərinə yaxın bölgələrin Avropa iqtisadi məkanına daha sıx inteqrasiyasını və rifah səviyyəsinin yüksəldilməsini hədəfləyir. Bu yanaşma təhlükəsizlik və iqtisadi sabitlik arasında qarşılıqlı əlaqəni gücləndirərək ümumi regional sabitliyə xidmət edir.

Enerji prioritetləri: Şimali-Baltik Hidrogen Dəhlizinin inkişafı

Yeni strategiya həm də “yerli güclərə güvənmək” amilinə söykənir. Prioritetin Baltikyanı ölkələrin elektrik kommunal xidmətlərinin Avropa şəbəkələri ilə inteqrasiyasına və Şimali-Baltik Hidrogen Dəhlizi kimi sərhədyanı hidrogen infrastrukturunun inkişafına yönəldilməsi gözlənilir. Qeyd edək ki, Şimal-Baltik Hidrogen Dəhlizi (North-Baltic Hydrogen Corridor) Baltik regionu ilə Mərkəzi Avropanı birləşdirəcək planlaşdırılan beynəlxalq hidrogen infrastruktur layihəsidir. Bu dəhliz yaşıl hidrogenin (bərpa olunan enerji mənbələrindən istehsal edilən hidrogen) boru kəmərləri vasitəsilə ölkələr arasında daşınmasını, kegional enerji bazarlarının inteqrasiyasını nəzərdə tutur. Layihədə Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Almaniyanın iştirakı gözlənilir. Dəhlizin formalaşdırılmasında məqsəd Baltik ölkələrinin enerji sistemlərini Avropa ilə daha sıx inteqrasiya etmək, fosil yanacaqlardan asılılığı azaltmaq, sənaye və nəqliyyat sektorunda dekarbonizasiyanı sürətləndirmək, Avropada vahid hidrogen bazarının formalaşmasına töhfə verməkdir.

Martda bəyannamə imzalanacaq...

Strategiyanın digər bir prioriteti rəqəmsal bağlantının təşviqi və nəqliyyat şəbəkələrinin, o cümlədən ikili təyinatlı yolların, dəmir yollarının və liman infrastrukturunun, eləcə də Ukrayna və Moldova ilə sərhədyanı əlaqələrin modernləşdirilməsidir. Bundan əlavə, Avropa Komissiyası izah edir ki, sərhəd bölgələrini gücləndirmək planı əhalinin azalması və işçi qüvvəsi çatışmazlığı problemlərinin həllini hədəfləyir. Bunun üçün təhsildən məşğulluğa proqramları və Medianın Davamlılığı və Dezinformasiyaya Qarşı Mübarizə Proqramları çərçivəsində yerli icmaların gücləndirilməsi nəzərdə tutulur.

Vurğulayaq ki, fevralın 26-da Avropa Komissiyası Aİ-nin Rusiya, Belarus və Ukrayna ilə həmsərhəd olan şərq bölgələrini dəstəkləmək üçün yeni strategiya üzrə yüksək səviyyəli siyasi dialoq keçirəcək. Mart ayında keçiriləcək iclasda isə maliyyə qurumları “EastInvest” mexanizminin işə salınması barədə bəyannamə imzalayacaqlar. Bəyyannamənin məqsədi adıçəkilən regionda iqtisadi artımı təşviq etmək və onların maliyyəyə çıxışını yaxşılaşdırmaq məqsədi daşıyır. Kreditlər Avropa İnvestisiya Bankı və digər beynəlxalq maliyyə qurumları, eləcə də bir neçə milli və regional inkişaf bankı tərəfindən təmin ediləcək. Aİ həmçinin bu investisiya üçün Dünya Bankı ilə əməkdaşlığı planlaşdırır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28