Yaxın Şərqdə yeni münaqişə...
18.07.2025 [09:47]
Son günlər Suriya ilə İsrail arasında gərginlik artıb. Buna səbəb Suriyanın yeni hakimiyyət qüvvələri ilə ölkənin cənubunda yaşayan druz icması arasında toqquşmaların baş verməsidir. Xatırladaq ki, Suriyanın cənubunda druzların kompakt yaşadığı Suveyda vilayətində bir neçə gün davam edən döyüşlərdən sonra yeni hökumətin hərbi qüvvələri vilayətin mərkəzi olan Əs-Suveyda şəhərinə daxil olub. İyulun 15-də müdafiə naziri Məhraf Əbu Qəsra bəyan etmişdi ki, Suveydada vəziyyət nəzarət altına alınıb. Bundan sonra isə İsrail druzları müdafiə etmək üçün hücumlara başlayıb və Dəməşqin hərbi qüvvələrinə zərbələr endirir.
Druz problemi İsrail ilə Suriya arasında münasibətləri pozur
İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq niyyətindədir
İsrailin müdafiə naziri İsrael Kats iyulun 16-da bildirmişdi ki, Müdafiə Ordusu (IDF) Dəməşqin druzların çoxluq təşkil etdiyi Əs-Suveyda şəhərini tərk etməyəcəyi təqdirdə, Suriyanın hökumət qüvvələrinə zərbələr endirməyə davam edəcək: “Suriya hökuməti çoxluq təşkil edən druzları rahat buraxmalı və öz qoşunlarını çıxarmalıdır. Biz bunu aydın şəkildə bildirdik və xəbərdarlıq etdik. İsrail Suriyadakı druzları yalnız qoymayacaq və Suriyanın demilitarizasiyası siyasətini həyata keçirəcək. Nə qədər ki, rejim qüvvələri bu ərazini tərk etməyib, İsrail Müdafiə Ordusu zərbələr endirməyə davam edəcək”.
İsrail aviasiyası Əs-Suveyda ilə yanaşı, Suriyanın digər ərazilərində hərbi obyektləri hədəfə alıb. Suriya KİV-nin məlumatına görə, hədəflər arasında Dəməşq şəhəri, o cümlədən, Prezident Sarayı və Müdafiə Nazirliyi də var. Hərbi əməliyyatlar nəticəsində çoxlu sayda ölən və yaralananlar var.
İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi brifinqdə deyib ki, İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq və onun sərhədlərində təhlükəsizliyi təmin etmək niyyətindədir. O vurğulayıb ki, İsrailin Suriyada maraqlarının hər hansı formada pozulması cavabsız qala bilməz: “Bizim Suriyadakı maraqlarımız bəlli, məhdud və aydındır. İlk növbədə, Suriyanın cənubunda, sərhədimizə yaxın ərazidə status-kvonu saxlamaq və bu sahədə İsrailə qarşı təhdidlərin qarşısını almaq. İkincisi, güclü və davamlı əlaqəmiz olan druz icmasına zərərin qarşısını almaqdır”.
Beynəlxalq ictimaiyyət narahatdır
İyulun 16-da axşam saatlarında tərəflər arasında atəşkəsin əldə olunduğu bildirilsə də, bu razılaşma yalnız bir neçə saat davam edib. ABŞ Prezidenti Donald Trampın administrasiyası isə İsrailə müraciət edərək Suriyaya hava hücumlarını dayandırmağa və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa başlamağa çağırıb.
Yaranmış vəziyyətdən Türkiyə də narahatdır. Xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əş-Şibani ilə telefon danışığında Suriyanın işlərinə kənardan müdaxiləyə qısa zamanda son qoymağın və ölkədə sabitliyin təmin edilməsinin vacibliyini bildirib. Fidan İsrailin Suriyanın cənubuna və Dəməşqə zərbələr endirməsindən narahatlığını ifadə edərək, bu cür hərəkətlərin regional təhlükəsizliyi təhdid etdiyini və vəziyyətin nizamlanması səylərinə mane olduğunu vurğulayıb.
Daha sonra o, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla söhbətində də İsrailin hücumları ilə bağlı vəziyyəti müzakirə edib və onların dayandırılmasının vacibliyini qeyd edib.
BMT-nin Baş katibi Antonio Quterreş də İsrailin Suriya ərazisinə endirdiyi hava hücumlarını pisləyib, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa çağırıb. Bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. Onun sözlərinə görə, Baş katib İsrailin Əs-Suveyda, Suriyanın paytaxtı Dəməşqə artan hava hücumlarını, həmçinin Colan təpələrində qüvvələrini yenidən yerləşdirilməsi barədə məlumatı pisləyir: “O, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün pozuntulara dərhal son qoymağa çağırır”.
Druz-Dəməşq probleminin səbəbi nədir?
Xatırladaq ki, druzlar vətəndaş müharibəsi dövründə Bəşər Əsəd hakimiyyətinə qarşı çıxmasalar da, faktiki olaraq icma qaydaları ilə idarə olunub və hökumətlə məsafəli davranıb. Bəşər Əsədin devrilməsindən sonra da druzlar yeni hakimiyyətə qarşı məsafəli davranıb və faktiki olaraq Dəməşqi qəbul etməyib. Bu ilin yazında yerli druz silahlıları ilə hökumət qüvvələri arasında qısamüddətli toqquşmalar baş verib. Ancaq beynəlxalq təşkilatların, yerli druz ağsaqqalları və Dəməşq rəsmiləri arasında danışıqlardan sonra uzlaşma əldə olunmuşdu.
Bəs druzlar kimdir? Druzlar şiə-ismaili icmasını təmsil edən ərəblərdir. Druz xalqı əsasən Yaxın Şərqin 3 ölkəsində - Suriya, Livan və İsraildə yaşayır. Ən böyük druz icması təxminən 700 min nəfər Suriyada, əsasən də Suveyda vilayətində yaşayır. 150 minə yaxın druz isə Livanda yaşayır. Ən kiçik druz icması isə İsraildə, əsasən də Colan təpələri bölgəsində yerləşir. Druzlarla yəhudi icması arasında yaxınlıq var və bu səbəbdən də druzlar İsrail cəmiyyətinə inteqrasiya olunub, İsrail ordusunda ayrıca elit Colani briqadası var ki, onlar druzlardan ibarətdir. Suriyada Bəşər Əsədin devrilməsindən sonra druzlarla İsrail arasında əlaqə daha da dərinləşib. Druz icması yeni islamçı Dəməşq hökumətinə qarşı İsrailin timsalında özünə müdafiəçi axtarır, İsrail isə druzları Suriya və İsrail arasında bufer zona olaraq görür və bu səbəbdən də druz icmasına hərbi, siyasi və maliyyə dəstəyi verir.
Əhməd əş-Şəraa müharibədən qorxmadığını bəyan edib
Hazırda faktiki olaraq Suriya mərkəzi hökumətinə tabe olmayan iki bölgə var: şimal-şərqdə kürdlər, cənub-qərbdə isə druzlar. Suriyanın yeni hakimiyyəti üçün druz amili, xüsusən də İsraillə yeni danışıqlar fonunda ciddi maneəyə çevrilib. Hadisələr fonunda Livan druzlarının liderlərindən biri Vəlid Cunbulat İsrailin Dəməşqə son hücumlarını pisləyib, onu Suriyanın milli təhlükəsizliyinə açıq təcavüz adlandırıb. Suriyanın SANA agentliyinin məlumatına görə, Cunbulat Suriyanın mərkəzi dövlət institutlarının druzların sıx məskunlaşdığı Cəbəl əl-Arabda sabitliyin yaradılmasında rolunun vacibliyini vurğulayıb.
Suriya hökumətinə qarşı çıxan bəzi yerli druz liderlərini ehtiyatlı olmağa səsləyən Cunbulat problemlərin zor gücü ilə deyil, müzakirə masasında Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini qeyd edib: “İsrail Suveydada druzları himayə etmir. Baxmayaraq ki, bunu iddia edir. Əksinə, öz müdaxilələrini həyata keçirmək üçün bəzi yerli liderlərdən istifadə edir”. Suveyda vilayətində baş verən son hadisələrə toxunan druz lideri böhranın həqiqi milli barışıq və razılıq əsasında islahatların aparılmasında həll edilə biləcəyinə inamını ifadə edib.
Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa isə İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib. “Biz bütün həyatımız boyu çağırışlarla mübarizə aparırıq və xalqımızı müdafiə edirik. Ancaq biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutduq. Suriya xalqı müharibədən qor?mur və əgər onun ləyaqətinə təhdid yaranarsa, mübarizə aparmağa hazırdır”, deyə, əş-Şəraa vurğulayıb.
Bütövlükdə, Yaxın Şərqdə yeni bir münaqişənin alovlanması region xalqları üçün arzuolunan deyil. Ona görə də, beynəlxalq ictimaiyyət tərəflər arasında münaqişənin sonlandırılması üçün təşəbbüslərini gücləndirməlidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

