Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa növbəti dəfə paytaxt şəhəri kimi

Şuşa növbəti dəfə paytaxt şəhəri kimi

07.10.2023 [12:00]

2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı olacaq

İşğaldan azad olunan kimi Qarabağda dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərzində orada turizm inkişaf edəcək və bu sahə həmin ərazilərin dirçəlməsində əhəmiyyətli yerlərdən birini tutacaq. Füzuli, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikintisi Şərq-Qərb nəqliyyat dəhlizinin, həmçinin, yükdaşımaların və turizmin inkişafına müsbət təsir göstərəcək. Xüsusilə Şuşa şəhəri həm fəsil, həm də müalicə və unikal memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına malikdir.

Yeri gəlmişkən, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində oktyabrın 4-5-də İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.

İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib. Sonda İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.

Şuşanın turizm tarixi

Öncə Şuşanın turizm tarixinə qısa nəzər salaq:  Tarixi mənbələrə görə, Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Oradakı pansionat isə 1964-cü ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Bütün keçmiş SSRİ-də məşhur olan Şuşa Turşsu turist bazası isə 1970-ci ildən fəaliyyətə başlayıb və tez bir zamanda SSRİ məkanında məşhurlaşıb.

1971-ci ildə fəaliyyətə başlamış Xankəndi Səyahətlər və Ekskursiyalar Bürosu (SEB) və 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası da bu obyektlər sırasındadır. Turizm və Ekskursiyalar Şurası Qarabağda turizm təyinatlı obyektlərin tikintisini, bütövlükdə bölgənin turizm potensialından istifadə olunması prosesini sonralar yüksələn xətlə davam etdirib. Ardıcıl olaraq 1984-cü ildə Şuşa Səyahətlər və

Ekskursiyalar Bürosu, 1986-cı ildə Ağdam Səyahətlər və Ekskursiyalar Bürosu, 1988-ci ildə isə Ağdam “Şahbulaq” Turizm Bazası məhz bu şuranın balansında yaradılıb.

Şuranın rəsmi rəqəmlərinə görə, təkcə 1990-cı ildə Şuşa Turist Bazası 1.178.910 rubl, Şuşa SEB 106.357 rubl, Ağdam Turizm Bazası 1.904 rubl, Ağdam SEB 103.789 rubl həcmində turizm-ekskursiya xidməti göstərib.

Şuşada “Ev turizmi”

Şuşada respublika və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə tabeli 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşirdi. Ən böyük şəhərlərdə belə bu sayda məktəb düşərgələri olmayıb. Şuşanın təkrarsız təbiəti, təmiz havası düşərgə layihələrinin buraya salınmasında əhəmiyyətli rol oynayıb.

21-ci əsrdə “Ev turizmi” anlayışı Azərbaycanın bölgələrində yeni-yeni təşəkkül tapsa da, Şuşada “Ev turizmi” hələ ötən əsrin ortalarından mövcud olub. Şuşa şəhəri, eləcə də rayonun Xəlfəli və Turşsu kəndlərində təxminən 2 min ailədən artıq rayon sakini mənzillərini turistlərə kirayəyə verirmiş...

Şuşa SSRİ-nin əsas turizm mərkəzlərindən biri kimi

Şuşanın infrastrukturu elə qurulmuşdu ki, gələn turist orada hərtərəfli istirahətini təmin edə bilirdi. Şəhərdə geniş yay kinoteatrı fəaliyyət göstərirdi. Təbii ki, Şuşaya həm də müalicə məqsədilə gəlirdilər. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsiz idi. O cümlədən, şəhərin mərkəzinə yaxın Turşsu müalicəvi suyu Şuşaya gələnlərin sevimli yeri idi.

Şuşanın əsas gəlir mənbəyi də turizm biznesi hesab olunurdu. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və təmiz havası ilə bütün S?Rİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu.

Təəssüf ki, 1990-cı illərin əvvəlləri bədxah qonşularımızın Azərbaycana qarşı mənfur niyyəti və işğalçılıq siyasəti nəticəsində bütün bu imkanlar məhv edildi. 30 ilə yaxın işğal dövründə Şuşa başda olmaqla, Dağlıq Qarabağ və ətraf rayonlar talan edildi. Tarixi, mədəni abidələr, eləcə də təbii resurslar tamamilə yağmalandı.

Nəhayət, düz 28 ildən sonra ilahiədalət qalib gəldi - Azərbaycan Ordusu yağı düşməni Qarabağdan, eləcə də onun tacı olan Şuşadan qovdu. Artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Şuşa başda olmaqla, işğaldan azad olunan şəhər, rayon və kəndlərimizdə çox sürətlə tikinti-bərpa işləri aparılır.

Şuşa, eləcə də işğaldan azad edilən bütün ərazilər gözümüzün önündə dirçəlir. Şəhər tarixi simasını saxlamaqla ən müasir formada sürətlə bərpa edilir. Burada müasir turizm infrastrukturu yaradılır. Xüsusən də modern memarlıq nümunəsi olacaq yeni məscidin tikilməsi Şuşanın yaxın gələcəkdəki heyrətamiz simasının işartılarıdır.

Günel ABBAS

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31