Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gələcəyə böyük inamla...

Gələcəyə böyük inamla...

01.09.2023 [12:00]

104 yaşlı Bakı Dövlət Universitetində tələbə xatirələri

Günel ABBASOVA

Bu gün Azərbaycan təhsilinin flaqmanı, xalqımızın tarixində müstəsna yeri və rolu olan Bakı Dövlət Universitetinin yaranmasından 104 il ötür.

1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti uzun və gərgin müzakirələrdən sonra Bakı Dövlət Universitetinin (BDU) yaradılması haqqında qanun qəbul etdi. 1919-1920-ci tədris ilindən Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başlayan universitetdə noyabrın 15-də ilk mühazirə oxundu. Beləliklə, sonralar inkişafına və tərəqqisinə əvəzsiz töhfələr vermiş ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universiteti fəaliyyətə başladı.

BDU Xalq Cümhuriyyəti dövründə çox qısa zaman ərzində fəaliyyət göstərsə də, xalqımızın maariflənməsinə mühüm töhfələr verdi, elm və təhsilimizin çırağını əbədi yandırdı. Sovet hakimiyyəti illərində hər cür təzyiq və basqılara rəğmən universitet ölkəmizdə elm və təhsilin mərkəzi, xüsusilə milli ruhun daşıyıcısı olmağı şərəflə bacardı. Məhz bu missiyasına görə repressiyaların tüğyan etdiyi 30-cu illərdə universitetin fəaliyyəti dayandırıldı. Lakin fədakar ziyalılarımızın səyləri ilə universitet yenidən şərəfli yoluna davam etməyə müvəffəq oldu.

Bu gün fəxr, qürur və sonsuz ehtiram hissi ilə deyirik ki, 1969-cu ildən - ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra BDU-nun həyatında yeni mərhələ başladı. Bu tarixdən sonra BDU Azərbaycan elminin və təhsilinin flaqmanı kimi ölkədə və ittifaq respublikalarının təhsil və elm ocaqları arasında böyük nüfuz qazandı. Həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısı sayəsində universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.

Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Əsgər İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, BDU-da təhsil almaq uşaqlıq xəyalı olub: “Bu gün ölkənin aparıcı universitetlərindən biri olan BDU-da təhsil almaq çox qürurvericidir. Dönüb ötən illərə baxdığım zaman hər anını doya-doya yaşadığımın fərqinə varıram. Universitetimizin tələbəsi və məzunu olan hər kəsə, xüsusilə jurnalist ixtisasını bitirənlərə hər yerdə “yaşıl işıq” yanır. Bu illər ərzində hər zaman oxuyaraq, çalışaraq, müəllimlərimin nümunə göstərdiyi məsuliyyətli tələbələrdən biri olaraq başa vurmuşam. Hər semestrdə özüm-özümlə yarışır, imtahan nəticələrimi yüksək tutmağa, akademik göstəricilərimdə hər zaman irəliləyiş əldə etməyə çalışıram”.

Ə.İsmayılov qeyd edib ki, ixtisasıyla bağlı hər zaman uğur qazanıb: “Fakültəmizdə mütəmadi şəkildə tədbirlər, seminarlar, təlimlər təşkil olunur. Peşəkar media nümayəndələri ilə tez-tez bir araya gəlir, onlardan yeni-yeni biliklər öyrənirik. Jurnalistika fakültəsinin təşkilatçılığı ilə bu cür tədbirlər və seminarlar çox keçirilir”.

BDU-nun mətbuat tarixi kafedrasının magistrantı Sahilə Abbasova bildirib ki, qəbul olacağı universiteti və gələcək tələbəlik həyatını düşünərkən hər zaman BDU-nu xəyal edib: “BDU mənə ixtisasım üzrə lazımi bilik və təcrübə verir. Professor-müəllim kollektivinin əhatəsində öyrənmək fürsəti yaratdı, yaxşı dostlar qazandırır. Təhsil aldığımız ixtisas üzrə bu ildən etibarən bir neçə müəssisədə təcrübədə olacağıq. Bunun özü də bizim üçün həyəcan və maraq doğurur. Universitetdə, kitabxanalarda təşkil olunan konfranslarda, seminarlarda iştirak edərək ixtisasım üzrə  məlumatlar əldə etmişəm. Fakültəmizdə tədris olunan biliklərin həm nəzəri, həm təcrübi tərəfini öyrənmişəm. Debatlar, yarışmalar, özəl günlərlə bağlı keçirilmiş tədbirlər universitet həyatımızı daha da rəngarəng edir. Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk edirik, oxuyuruq, öyrənirik, imtahanları uğurla başa vurduqda sevincdən yerə-göyə sığmırıq. Bu mənada qürur hissi ilə deyə bilərəm ki, 104 yaşlı Bakı Dövlət Universitetinin tələbəsiyəm”.

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının magistrantı Lalə Paşayevanın sözlərinə görə, unudulmaz tələbəlik illərini BDU-da keçirmək çox sevindiricidir: “Təhsil aldığım ixtisasın bütün sirlərini, dərinliklərini öyrənmək həvəsi mənim bu nailiyyətə çatmağımda əsas rol oynadı. Universitetdə yaradılan imkanlar, müəllim kollektivi və qrup yoldaşlarımızla rəqabət mühiti oxumağa daha da həvəsləndirir. Tələbələrin əksəriyyəti kimi seminarlara, imtahanlara hazırlaşmaq, sərbəst işlər yazmaq üçün çox çalışmışam. Ötən il ərzində Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişəm. Növbəti ili də bu cür başa vurmağı planlayıram. Mən hər zaman fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.

Yaxşı tələbə olmaq üçün gündəlik dərslərdə iştirak edib, standart tapşırıqları həll etmək kifayət etməz. Mən də bir tələbə kimi tədris müddətində mümkün qədər çox bilik əldə etmişəm, konfranslarda, elmi seminarlarda iştiraka yönəlmişəm. Bütün bu sadaladığım uğurlarımda BDU-nun rolu danılmazdır. BDU bu illər ərzində mənə mükəmməl dostluq münasibəti, məzun olduqdan sonra da ünsiyyətimizin davam edəcəyi müəllimlər və auditoriya qarşısında çıxış etmək qabiliyyəti qazandırıb. Məlumdur ki, çəkilən əziyyət heç zaman yerdə qalmır. Çox şanslıyam ki, BDU-nun məzunuyam.”

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31