Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Suriyada ara qarışır...

Suriyada ara qarışır...

16.08.2023 [12:05]

SADİQ

Xarici KİV-lərin yazdığına görə, ötən ayın sonundan bəri İŞİD hücrələri bölgədə prezident Bəşər Əsədə yaxın qruplara qarşı bir neçə döyüş əməliyyatı həyata keçirib. “Əl-Modon”un Livan nəşri qeyd edir ki, qrup üzvlərinin fəaliyyəti ABŞ ordusunun və onun müttəfiqi olan “Suriya demokratik qüvvələri”nin nəzarətində olan ərazilərdə - kürdlərin üstünlük təşkil etdiyi çoxmillətli ittifaqda özünü büruzə vermir. İŞİD-in əsas zərbə hədəfi hökumət qoşunlarının və onları dəstəkləyən iranpərəst nizamsız dəstələrin mövqeləridir. “Əl-Modon”a müsahibə verən analitiklər əmindirlər ki, “islam xilafəti” yaratmaq istəyən terrorçular möhkəmlənmək və öz ərazi nüvələrini bərpa etmək niyyətindədirlər.

SOHR qurucusu Rami Abdel Rahman deyib ki, İŞİD mümkün qədər çox insanın ölümünə səbəb olmaq üçün son vaxtlar qanlı hücumlarını gücləndirir, çünki bu, Suriyada olan bütün aktorlara terrorçu təşkilatın heç yerə getmədiyi barədə mesaj verməkdir. Terrorçular həm onlara qarşı mübarizənin aktiv mərhələsinin başa çatmış hesab edilməsinə, həm də İŞİD-in ali rəhbərliyinin aradan götürülməsinə cavab verməyə çalışırlar.

Yayılan xəbərlərə görə, xarici güclərin terror qruplaşmasının liderlərinə dəqiq zərbələr endirmək üçün müntəzəm cəhdləri İŞİD-in təbliğatçılarının əlində əsasa çevrilir - artıq bəzi ölkələrdən gənclərin yenidən Suriyaya, “cihad”a cəlb olunması faktları qeydə alınıb. Xatırladaq ki, İŞİD-in yeni “xəlifəsi”  - 2022-ci ilin sonundan vəzifədə olan Əbu əl-Hüseyn əl-Hüseyni əl-Quraşinin öldürülməsi faktını cihadçı təşkilat bu ay yayıb.

Yaxın keçmişə qısa ekskurs etsək, İŞİD-in 2004-cü ildə İraq müharibəsinin başlamasından qısa müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulmasının şahidi olarıq. 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn”dan (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürən radikal terrorçular 2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşib “Mücahidun Şura Konseyi” adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı il oktyabr?? 15-?? tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.

Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra həmin radikal terrorçular Suriyada “Əl-Nusra” Cəbhəsi (“Əl-Qaidə”nin Suriya qanadı) adı altında “peyda oldular”. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında “Əl-Nusra” Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın “İraq və Şam İslam Dövləti” adı altında fəaliyyət göstərəcəyini bildirdi. İŞİD-in törətdiyi qətliamlar, terror aktları haqda geniş məlumat verməyə ehtiyac yoxdur. Bütün dünya tərəfindən terror qruplaşması kimi tanınan bu qruplaşma ayrı-ayrı vaxtlarda Türkiyə, Fransa, Liviya və başqa ölkələrdə yüzlərlə dinc insanın həyatına qəsd edərək terror aktları həyata keçiriblər. 

İŞİD-in ilk ünvanı olan Yaxın-Orta Şərq, daha dəqiq desək, Suriya və İraq əraziləri əsrlərdir ki, müxtəlif dini cərəyanların qisasçılıq zəminində döyüşdüyü bölgədir. Xarici təsirlərin əməyi naticəsində ərsəyə gələn və din pərdəsi altında gizlədilən terrorçu qruplaşmanın həmin regionda yaradılma səbəbləri də buna əsaslanırdı. Dünyanın enerji resurslarının əsas mənbələrindən sayılan İraq, Suriya, Liviya və bu kimi region dövlətləri üçün “baş ağrısına” çevrilən İŞİD-in qısa müddətdə ən müasir texnikalar, səhra avtomobilləri, silahlar və pulla təmin edilməsi ortaya bir xeyli suallar çıxarmışdı. Düzdür, “France Presse” agentliyinin reportyoru, amerikalı James Foleyi, Amerikanın “Time” və “Foreign Policy” jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffu, yaponiyalı jurnalistlər Haruna Yukavanı və

Kendzi Qotonu edam edən İŞİD bu kimi “tryuklarla” Qərbə də “düşmən olduğunu” nümayiş etdirməyə çalıssa da, hədəf və nəticə dəyişmədi - Yaxın Orta Şərqin enerji resursları “xilaskar güclərin” nəzarətinə keçdi. Proses başa çatan kimi isə İŞİD-in liderləri məhv edildi, qruplaşma ləğv olundu, “tör-töküntüsü”, daha doğrusu on minlərlə potensial qatil Afrika ölkələri başda olmaqla dünyanın əksər hissələrinə göndərildi. Əldə olunan nəticə onu göstərirdi ki, İŞİD qarşıya qoyulan vəzifəni ən yüksək səviyyədə yerinə yetirmişdi. Regiondakı hərbi gücünü yumşaq güclə əvəz etməyə başlayan Qərb təsisatları “demokratik mənzərəyə” xələl gətirən İŞİD-i asan şəkildə proseslərdən kənarlaşdırdılar.

İndiki halda, İŞİD-in yenidən aktuallaşdırılması bir daha onu göstərir ki, Afrikanın şimalı ilə bağlı yeni planlar mövcuddur. Bu isə bölgədə illərdir ki, sülhə doğru görülən işlərin hamısını boşa çıxarır...

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31