Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ayların ən gözəli Ramazan!

Ayların ən gözəli Ramazan!

21.04.2023 [09:50]

Bu bayram Allahın insanlara bir lütfüdürRamazan ayı İslam dinində uca və müqəddəs qəbul edilən aydır. Müqəddəsliyi və fəziləti Quran ilə təsbit edilən Ramazan ayı on bir ayın sultanı kimi qəbul edilir. Bərəkət və əfvlə dolu, ictimai həyatda sosial yardım və həmrəyliyin gücləndiyi, ibadət həyatımızın zənginləşdiyi Ramazan ayının “əvvəli rəhmət, ortaları bağışlanma, sonu cəhənnəmdən qurtuluş”dur.

Ramazan ayı qəlblərin dirildiyi, könüllərin nurlandığı, insani keyfiyyətlərin yenidən xatırlandığı, mənəvi hisslərin ən üst mərtəbəyə qalxdığı bir aydır. Bu mənada Ramazan ayı Allahın möminlərə bəxş etdiyi böyük bir lütf və nemətdir. İslamda mühüm yeri olan Ramazan ayını digər aylardan fərqləndirən, daha fəzilətli və üstün edən bir sıra xüsusiyyətlər və mənəvi gözəlliklər də var.

Bəşəriyyəti qaranlıq mühitindən nura çıxaran müqəddəs kitabımız Quran bu ayda nazil olub. Bu mənada şübhəsiz ki, Ramazan ayının dini və ictimai həyatımızda digər ay və dövrlərlə müqayisədə böyük əhəmiyyəti və yeri var.

Bu ayda sevimli peyğəmbərimizin simasında bütün bəşəriyyətə göndərilən Qurani-Kərimin universal mesajları ilə bəşəriyyətin üfüqlərini qaraldan cəhalət və vəhşilik buludları dağılıb, cəhalət elmlə əvəzlənib. Ədalətsizliyin yerini ədalət, düşmənçiliyin yerini isə sevgi və sülh alıb. Qurani-Kərimdə də Quranın məhz bu ayda nazil edildiyi bildirilir: “Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayıran açıq-aşkar dəlillər olaraq Quranın nazil edildiyi aydır”. (Baccarat, 2/185)

Bəli, Ramazan bu mənada həm də Quran ayıdır. Qəlblərə nur, şəfa, möminlərə rəhmət və bütün bəşəriyyətə hidayət gətirən Quran bu ayın Qədr gecəsində nazil olub. İnsanlığın üfüqündə heç vaxt batmayan günəş kimi doğan bu ülvi kitab dünya durduqca insanlığı işıqlandırmağa davam edəcək.

Yaradılanların ən şərəflisi, Allahın ən sevimli qulu, bəşəriyyətin ən yüksək və kamil əxlaq nümunəsi, Allahın aləmlərə rəhmət olaraq göndərdiyi peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbərə (s.a.s) bu mübarək ayda peyğəmbərlik vəzifəsi verilib. Ona bu müqəddəs vəzifənin verildiyi Ramazan ayı, şübhəsiz, bəşəriyyət üçün dönüş nöqtəsi olub. Çünki məhz sonuncu peyğəmbər sayəsində insanlar zülmətdən nura qovuşublar.

İslamın beş şərtindən biri olan və möminləri mənəvi cəhətdən təmizləyən oruc da bu ayda tutulur. Deyirlər ki,  Ramazan ayında cənnət qapıları açılır, cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlənir...

İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda rəbbimizə sevgi dolu olduğumuz, Quranın ayını yola salırıq: “Bizi əxlaqa, ədəbə çağıran, gördüyümüz əməlləri Allahın dərgahına yüksəltməyə yönələn bir ayı sonlandırırıq, onun vida mərasimindəyik. Sevgili Peyğəmbərimiz bir hədisində deyir ki, siz Ramazan ayının nə qədər fəzilətli olduğunu bilsəydiniz, bütün ayların Ramazan olmasını dilərdiniz. Bu baxımdan rəhmət, sevgi, tövbə, dua və zikr ayını doğru şəkildə yaşamağa ehtiyacımız var. Bayram da buna görədir. Kim Ramazan ayında orucu ruhuna görə tutubsa, bayramı da o cür dəyərləndirəcək. Kim bu ayda sadəcə mədə orucu tutubsa, bayramı da o şəkildə dəyərləndirəcək. Çünki Ramazanın içərisindəki dərin məna aləmi insanı bayrama qədər formalaşdırır. Biz bayramı Ramazan ayının bitməsi münasibətilə qeyd etmirik. Əslində, inanırıq ki, Allah yer üzərindəki adəm nəslini bağışladı və bu bağışlanmaya görə bayramı qeyd edirik.

Bayramın xüsusi bir mənası və yeri var: “Bayram Allahın yer üzündəki qullarına bir lütfüdür. Bu elə bir lütfdür ki, bütün yandırdığımız körpülərimizi, yenidən təmirinə ehtiyacımız var. Bu bayramın içərisində bir insanın dininə, Allahına, ailəsi içərisindəki fərdlərə, qohumlara, cəmiyyətə və ümumiyyətlə, bütün ümmətə olan münasibətinin qorunması var. Ona görə də bu bayram İslam üçün sıradan bir hal deyil. Bir bədənin əzası, bir ağız, bir ürək, bir dirək olmaq günüdür. Ona görə də, bayramda insanlar çalışır ki, halallaşma olsun. Qul haqqından sıyrılıb çıxaq ki, Allah bizi bağışlasın. Başda şəhid ailələri, qazilərimiz olmaqla, bütün xalqımızın bayramını təbrik edirik. Arzumuz odur ki, gələn il müqəddəs Ramazan bayramını Xankəndidə qeyd edək!”

Günel ABBASOVA

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31