Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ümumxalq partiyasına çevrilən YAP...

Ümumxalq partiyasına çevrilən YAP...

03.11.2022 [11:23]

Həmrəylik və əhalinin sosial mənafeyindən çıxış edir

Cəbi Quliyev        

Milli Məclisin deputatı,

YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü

Çoxəsrlik tarixə, qədim və zəngin keçmişə malik Azərbaycan xalqı tarix boyu öz müstəqil dövlətini yaratmaq, onu qorumaq, inkişaf etdirmək amalı ilə daim mübarizə aparmışdır. Xalqın qəhrəmanlıq ənənələrini özündə əks etdirən bu mübarizə ağır sınaqlardan keçmişdir. Zəngin dövlətçilik ənənələrini özündə yaşadan xalqımız, nəhayət, ötən əsrin 90-cı illərində öz müstəqilliyinə yenidən qovuşdu. Lakin müstəqilliyi əldə etmək nə qədər zəruridirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək bundan daha vacib, çətin və şərəfli işdir.

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlləri dünya siyasi arenasında dəyişikliklər dövrü kimi düşmüşdür. SSRİ-nin süqut etməsi beynəlxalq münasibətlər sistemində yeni aktorların meydana gəlməsinə səbəb olmuşdur. Beynəlxalq münasibətlər sistemində baş verən bu dəyişikliklər bizim regionumuzdan da yan keçmədi. Azərbaycan xalqının uzun illərdir alovlanan azadlıq və müstəqillik arzusu böyük əziyyətlərlə Azərbaycanı yenidən müstəqil dövət kimi dünya arenasına çıxarmış oldu.

Müstəqilliyin ilk illəri SSRİ-dən ayrılan digər dövlətlərlə nisbətdə Azərbaycan üçün daha ağrılı keçdi. Ölkədə qəsbkar Ermənistanla müharibənin başlaması, iqtisadi-sosial tənəzzülün, siyasi xaosun baş verməsi müstəqilliyi təhlükə altına almışdı.

Ölkənin düşdüyü bu xaotik vəziyyətin əksinə Naxçıvan MR-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə cəbhədə düşmənə qarşı uğurlu əməliyyatlar aparılır, blokada vəziyyətində olmasına baxmayaraq sosial-iqtisadi inkişafın təməlləri atırılır, qonşu dövlətlərlə münasibətlər qurulurdu. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunmuşdur. Dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoymuşdur. Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması da bu yolda qəbul edilən ən mühüm qərarlardan idi.

Azərbaycan tarixinin mürəkkəb və təlatümlü dövründə, böhran vəziyyətindən ölkəni güclü lider və mütəşəkkil siyasi qüvvə çıxara bilərdi. 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək, ümummilli lider Heydər Əliyevə “Səs” qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyinin qorunub-saxlanılması strategiyasını açıqladı. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkənin bütün bölgələrindən yüzlərlə şəxsin iştirakı ilə  şanlı tariximizin ən əlamətdar təqvimlərindən birinə çevrilən həmin gün Yeni Azərbaycan Partiyası yaradıldı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni dövrün əsasını qoydu. Həmin tarixdən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvəyə çevrilərək ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başladı. Keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası namizədlərinin üstünlük qazanmaları partiyaya olan ümumxalq inamını bir daha təsdiqləmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın nüfuzlu siyasi təşkilatına çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında dayanan vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Odur ki, demokratik prinsiplər və ideyalara sadiq qalan partiya daim həmrəylik və əhalinin sosial mənafeyindən çıxış etmək baxımından ümumxalq partiyasına çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, Azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.

Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin liderlik amili mühüm rol oynayır. Azərbaycan xalqının ölkə başçısı ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inamı gücləndirib. Cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının üzərində yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern idarəetmə platforması formalaşdırıb. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal idarəetmə formulu müəyyən edib.

Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi-siyasi qələbə xalqımızın çox­əsrlik tarixinin ən böyük zəfəridir. Bu müharibənin qalibləri Ali Baş Komandan cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Ən əsası isə Yeni Azərbaycan Partiyasının təməl prinsipi olan xalq-lider-ordu birliyi bu şanlı Qələbəni təmin etdi.

2021-ci ilin mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirildi. Qazanılan tarixi qələbənin fonunda bu qurultay ölkəmizin siyasi tarixində mühüm yer tutmuşdur. Bu Qurultay həm də Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqlar dövrünə təsadüf edir. Həmin qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə öndə olan hakim partiya yeni dövrə daha fəal, yeniləşmiş formatda qədəm qoyur. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı... İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.

Bu günlərdə Azərbaycan siyasi tarixində ən mühüm yerlərdən birini tutan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyini qeyd edəcəyik. Bu gün biz əminliklə deyə bilərik ki, qurucusu Azərbaycan xalqının Ümummilli Lideri olan Yeni Azərbaycan Partiyası öz fəaliyyətində dahi lider Heydər Əliyev ideyaları və arzularını yaşadır. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyası kimi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin hər tərəfli inkişafına, demokratik dəyərlərə və Heydər Əliyev ideyalarına sadiq qalacaq, hər daim dövlətçiliyimizin tərəqqisində əsas aparıcı qüvvə olacaqdır.

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31