Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Reklam üzərindən dələduzluq

Reklam üzərindən dələduzluq

24.09.2022 [11:13]

Nicat PAŞA

Texnologiyanın inkişafı, müasir avadanlıqlardan, alətlərdən geniş istifadə insanların həyatını sözün bütün mənalarında asanlaşdırır. İşıq sürətilə irəliləyən bu sahədə hər gün yeni kəşflərin edildiyinə şahidlik edirik. Özü də bu qədər geniş imkanlardan istifadə etmək üçün kiçik bir elektron cihaza - smartfona sahib olmaq yetərlidir. Bütün mövcud imkanlardan yararlanaraq, cəmi bir neçə sadə proseduru həyata keçirməklə istədiyiniz xidmətdən yararlana bilərsiniz.

Təbii ki, belə olan halda bazara xeyli sayda şirkətlər daxil olur. Hər biri də fərqli şüarlar, təkliflər ilə ön sıralara çıxmaq üçün bütün imkanlarını səfərbər edirlər. İstifadəçilər isə təbii ki, ən ucuz, ən yaxşı məhsulu tapmaq üçün çalışırlar. Elə ona görə də bu və ya digər xidmətdən yararlanmaq, hansısa məhsulu almaq üçün bəzən günlərlə axtarış etmək lazım gəlir. Hətta müəyyən hallarda araşdırmaların nəticələri gözləntiləri doğrultmaya da bilər. Çünki dələduzlar reputasiyalarının aşağı düşməməsi üçün hansı tədbirlərin görülməli olduğunu da yaxşı bilirlər. İnternetin bizə verdiyi imkanlardan “məharət”lə yararlanmağa çalışan, insanların etibarından, etimadından sui-istifadə edərək onları aldadan, vəsaitlərini mənimsəyən işbazlar üçün bu, sözün əsl mənasında, əsl fürsətdir. Çünki əgər bir neçə il öncə hüquq-mühafizə orqanlarından çəkindiyinə görə çox az sayda dələduzluq əməlləri törədirdilərsə, indi virtual məkan onlar üçün sərhədsiz meydana çevrilib.

Təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizdə də bu cür xoşagəlməz halların sayı günbəgün artır. Nəticədə nisbətən az, səthi biliklərə sahib olan vətəndaşlarımız bu kimi şəxslərin qurbanlarından birinə çevrilirlər. İnternet üzərindən dələduzluq etməyin yolları çoxdur. Necə deyərlər, yetər ki, bir az kreativliyin olsun, bu işdə də “birinci”yə çevrilə bilərsən. Hansısa məhsul və ya xidmət təklif edən dələduzlar müxtəlif vaxtlarda gündəmin əsas mövzularından birinə çevrilib. Əsasən işsiz və ya aylıq qazancı digərlərindən bir qədər aşağı olan şəxslər dələduzların əsas qurbanlarıdır. Etiraf edək ki, bir neçə yerə iş üçün müraciət etmiş, lakin aylardır bir nəticə əldə edə bilməyən hansısa bir vətəndaş üçün iş və xidmət təklifinin gəlməsi göydəndüşmə bir hadisə olur. Özü də heç yerə getmədən, heç bir fiziki iş görmədən - öz evindən, kompüter masasının arxasından.

Bu gün isə dələduzlar daha fərqli yollardan istifadə edirlər. Artıq fırıldaqçılar üçün əziyyət çəkib hansısa saxta şirkət yaratmağa, montaj proqramları ilə sənədlər hazırlamağa, saatlarla xidmət təklif etməyə ehtiyac qalmayıb. Çünki indi yalnız və yalnız “yatırım”lar etmək kifayətdir. Virtual məkanda demək olar ki, hər gün bu kateqoriyadan olan reklamlarla rastlaşırıq. Hər biri də fərqli faiz və limitlərlə özlərinə müştəri cəlb etmək üçün o ki var çalışırlar. İnsanları tam inandırmaq üçün əvvəlcə müğənnilərə, sənət adamlarına məxsus olan fotoşəkillərdən istifadə edərək reklamlar yaradan fırıldaqçılar indi də müxtəlif dövlət qurumlarının adından saxtakarlıq edirlər. Montajı çox yüksək səviyyədə etdiklərindən reklamların inandırıcılıq dərəcəsi yüksəlir və nəticədə qurbanların sayı bir qədər də artmış olur.

Dələduzlar həmişə olub, olacaq da. Narahatlıq doğuran məqam isə sosial şəbəkələr tərəfindən qabaqlayıcı tədbirlərin görülməməsidir. Çünki bu, sosial şəbəkə rəhbərləri üçün heç də çətin bir proses deyil. Sadəcə, mexanizmə bir qədər düzəliş etmək kifayətdir ki, bu tip reklamlara qadağa tətbiq olunsun. Lakin görünən odur ki, ya dələduzlar durmadan artırlar, ya da...

Bəs çıxış yolu nədir? Nələrə diqqət yetirilməlidir? Qurbana çevrilməmək üçün nələri bilməliyik?

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə Azərbaycan İnternet Forumunun prezidenti, İT mütəxəssisi Osman Gündüz istifadəçiləri diqqətli olmağa səsləyib: “Sosial şəbəkələrin gəlir yeri reklamdır. Bu cür resurslar yalnız reklamlar hesabına yaşayır. Reklamlardan sui-istifadə, dələduzluq bütün dünyada var. Aidiyyəti qurumlar belə hallara qarşı daim mübarizə aparmalıdır. Adi istifadəçilər diqqətli olmalıdırlar. İstər mütəxəssislər, istərsə də aidiyyəti qurumlar tərəfindən dəfələrlə deyilir ki, ehtiyatlı davranmaq lazımdır. Çünki bu, virtual, açıq məkandır və burada dələduzlar da var, fırıldaqçılar da var, cinayət məqsədləri üçün istifadə edənlər var. Diqqət yetirilməli olan yeganə məqam odur ki, istifadəçilər özləri ehtiyatlı olsunlar ki, bu cür xoşagəlməz hallarla üzləşməsinlər, aldanmasınlar. Əgər belə hal baş veribsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.

O.Gündüz deyir ki, bu kimi paylaşımları kütləvi şəkildə şikayət edərək bloklanmasına nail ola bilərik: “Hesab edirəm ki, bizim aidiyyəti qurumlar bu sosial medianı monitorinq etməlidirlər. Bəzən nüfuzlu dövlət və media qurumlarının, özəl sektorun adından istifadə edirlər. Yaxşı olar ki, bu cür qurumlar da monitorinq aparsınlar. Sosial mediada şikayət (report) etmək imkanı var. Sosial medianın administrasiyasına məlumat vermək, qanun pozuntuları barədə faktları onların diqqətinə çatdırmaq da hesab edirəm ki, faydalıdır. Şikayətlər çox olduğu halda sosial media onları bağlayır. Özləri bu işlə məşğul olmaq istəmirlər. Gərəkdir ki, buna münasibət bildirilsin, çoxsaylı şikayətlər olsun. Belə olduğu halda dələduzluqla məşğul olan şəxslərin sosial media hesablarına məhdudiyyətlər tətbiq edilir, həmin istifadəçilər bloklanır”.

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

06 Dekabr 10:20

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31